Şəkildə gördüyünüz 92 yaşını bu yaxınlarda qeyd edən nur çöhrəli xanım Abbas Səhhətin nəvəsi Qəmər xanım Mehdiyevadır. İllərdir qapı-qapı soraqlaşaraq sonunda isti nəfəsini illər öncə necə bağrıma basmışdımsa eləscə qoxulaşdıq...Yəqin ki, elə ilk cümlədən "Abbas Səhətin nəvəsi" kəlməsi sizi çaşdırdı. Mənəvi sərvətimizin önəmli isimlərindən olan, yaradıcılığında başdan-ayağa insanlığa, bəşəriyyətə sonsuz sevgi bəsləyən böyük ədibimiz, eyni zamanda ictimai xadim Abbas Səhhət haqqında bilgisi olmayan çətin tapılsın. Mən də sizlər kimi bu vaxta qədər A.Səhhətin çox gənc 44 yaşında dünyasını dəyişdiyini və övladı olmadığını bilirdim...
Bu gün sizə bilmədiyiniz, heç bir mənbədə göstərilməyən məlumatlarla tanış edəcəm. Bəli, məhz Qəmər xanımın açıqlamasında.

Qəmər xanım uşaqlığımın şirin-kövrək xatirələrlə zəngin canlı ensklopediyası...həm də ata ocağımla canbir dost olub. Həməşə bu evdə A.Səhhətin adının böyük məhəbbətlə çəkildiyinin şahidi olmuşam. Yazıçı Əzizə xaım Cəfərzadənin də bu ailəyə tez-tez gəlib bu nəsil haqda roman yazdığı üçün material topladığını ("Yad et məni" romanı) dəfələrlə valideynlərimdən eşidirdim. Müəyyən səbəblərdən Qəmər xanım yeganə oğlu Fikrəti evləndirəndən sonra qonşuluqdan köçdü. Bizə ana qədər qayğı göstərən (anamızı çox erkən itirmişdik) bu bənzərsiz xanımı uzun illər idi axtarırdım. Qardaşım Ələsgərın səyi nəticəsində yenidən qovuşduğum Qəmər xanımı ziyarət etdik.. Və yenə də ürəklə mən Abbas Səhhətin nəvəsiyəm məqamına qayıtdıq. Xahış etdim ki, bu haqda danışsın. Yaşının bu çağında çarpayısının dörd bir tərəfi kitablarla əhatə olunmuş Qəmər xanımın yaddaşına, səsindəki pozitiv notlara heyran olmamaq qeyri- mümkündür. Buyurun dəyərli dostlar, siz də tanış olun...

"Jalə xanım (nə qədər təkid etsəm də məni hər zaman belə çağırır) ana nənəm Ceyran xanımın dörd qız iki oğul öladı olur. Abbas Səhhət İranda həkimlik təhsilini başa vurduqdan sonra ən böyük xalamla - Soltannisə xanmla evlənir. İki il övladları olmayan ailə anam Dostuxanımı evin ən kiçiyini (Dostuxanım iki yaşında olur) qızlığa götürür və bütün sənədlərdə anam Dostuxanım A.Səhhətin qızı kimi sənədləşdirilir. On ildən sonra Abbas Səhhətın üzü gülür, bir qız övladı dünyaya gəlir. Abbas Səhhət qızına anasının adını verir - Ruqiyyə soltan. Artıq anamın on səkkiz yaşı Ruqiyyəsoltanın da on yaşı var idi. Birdən Şamaxıya elə bil ildırım çaxır. 1918 ci ilin qanlı qadalı günləri, erməni daşnaqlarının hücumu başlayır. Gecəynən əhali qaçmağa başlayır. Ermənilər əhaliyə divan tutur.. Şamaxının ən böyük Cuma məscidi ağzınacan əhaliylə doldurulub yandırılır. Misli görünməmiş vəhşilik əhalini ayaqyalın-başıaçıq qaçmağa vadar edir. Bu qaçhaqaçda Abbas Səhhətin evi də yandırılır və əsərlərinin çoxu yoxa çıxır. Sonra məlum olacaq ki, əllərində qalan külliyyatının hardasa üçdən biri olub ya olmayıb..(bu yerdə Qəmər xalanın gözləri yol çəkir və doluxsunur) Üz tuturlar Gəncəyə sarı.. Xəbər gəlir ki, Abbas Səhhətin böyük qardaşı tifdən rəhmətə gedib.Təcili dəfn edib evə qayıdarkən yolun yarısında baxır ki, atası yoxdu. Abbas Səhhətin atası savadlı ruhani olub. Evində pulsuz dini təhsil verərmiş. Səksən yaşlı atasını yolun xeyli hissəsini qucağında gətirsə də arada yorulduğu üçün yerə qoyur. Bir də baxırlar zarıltı səsi gəlir. Nəhayət yaxınlıqdakı ağzıaçıq quyuların birinə yıxılan atasını tapıb qucağına alsa da artıq gec olur. Canını qəbirstanılqda tapşıran atanı da dəfn edirlər. Və hər tərəfdən qarğa-quzğun kimi hücüm çəkən ermənilərin əlinə keçməmək üçün kəfən dalınca getmək, ədəli-dədəli dəfn etmək qeyri-mümkün idi. Elə oradaca anamın çarşabını kəfən edib Abbas Səhhətin atasını elə oğlunun yanındaca dəfn edirlər.
Bu minvalla cəmi bir ayın içində A.Səhhət demək olar ki, bütün əzizlərini - 9 yaşlı qızı Ruqiyyəsoltanı, xanımı Soltannisəni, qardaşını, atasını itirir. Rəsmi sənədlərlə qızlığa götürdüyü anamı 18 yaşlı yeganə sağ qalan Dostuxanımı yaşanan bu qədər faciələrdən sonra xalasının əri Bakıya aparır. Bir müddətdən sonra anam Dostuxanımı elə öz qohumlarından olan Nəcəfqulu adlı kişiylə ailə qurur və mən yəni sənin Qəmərxanım xalan dünyaya gəlir. Mənim də taleyimdə bir daha A.Səhhətin əsil-nəcabətinə qarışmaq var imiş, Jalə xanım. Axı bilirsən ki həyat yoldaşım Mehdi Məmmədrza oğlu Mehdiyev A.Səhhətin dost-doğmaca qardaşıoğlu idi.. İndi bildin ay qurban olum, niyə deyirəm nəvəsiyəm? Anam Dostuxanım on səkkiz il A.Səhhətin bütün sənədlərdə qızı kimi qeyd olunub və düz on altı il anama atalıq edib... bax belə""
Yerı gəlmişkən, Qəmər xanım Mehdiyevanın həyat yoldaşı A.Səhhətin qardaşıoğlu Mehdi Mehdiyev tibb sahəsində sayılan-seçilən elm adamı olub. Ömrünün sonuna qədər Tibb Universitetində ümumi cərrahiyyədən dərs deyib, cərrah bıçağı saysız-hesabsız ailələrə sevinc bəxş edib.....
P.S. Yazdım ki, belə şəxsiyyətləri unutmağa, tanımamağa mənəvi haqqımız yoxdur. Bu insanlar milli kimliyimizin göstəriciləridir...

Jalə Cəfərova,
Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri,
filologiya üzrə fəlsəfə doktoru
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































