Medianı söyən direktorla bağlı - Sensasiya

Medianı söyən direktorla bağlı - Sensasiya

Alimin jurnalisti təhqir etməsi ikiqat biabırçılıqdır. Azərbaycan mediası bu cür hallara qarşı öz ciddi mövqeyini ortaya qoymalıdır. Çünki ölkənin bütün jurnalistlərinə hörmətsizlik nümayiş olunub.

Bu sözləri "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədovun ölkə mediasında çalışan bütün jurnalistləri təhqir etməsi, jurnalistləri "bezdarnı", savadsız adlandırmasına münasibət bildirərkən deyib.

A.Camalqızı hesab edir ki, professor Ramiz Məmmədovun açıqlaması, sadəcə olaraq, biabırçılıqdır:

"Mən Ramiz Məmədovun jurnalistləri təhqir etməsi ilə mediadan tanış oldum. Sadəcə olaraq, biabrçılıqdır. Həm də ona görə ki, təqhir edən şəxs elmi institutun rəhbəridir, yəni, alimdir. Alimin jurnalisti təhqir etməsi ikiqat biabırçılıqdır. Jurnalistin vəzifəsi informasiya almaq və yaymaqdır, bu, qanunlarımızla tənzimlənir. Alimin bu addımı həm də qanun pozuntusu deməkdir".

A.Camalqızı bu cür təhqirlərə qarşı ölkə mətbuatını birlik nümayiş etdirməyə çağırıb: "Düşünürəm ki, Azərbaycan mediası bu cür hallara qarşı öz ciddi mövqeyini ortaya qoymalıdır. Çünki bu cür hallarla Azərbaycan mediasına hörmətsizlik nümayiş olunur. Halbuki, jurnalistika və jurnalistlər bütün dünyada vətənləri üçün ən fədakar insanlar kimi qəbul olunur. Müharibələrdə, cəbhə bölgəsində həyatını itirmiş həmkarlarımız var. Düşünürəm ki, Ramiz Məmmədovun bu münasibəti şəhidlərin ruhuna da hörmətsizlikdir. Ona görə də belə hallara qarşı hamımız birlik nümayiş etdirməliyik ki, onlar ifadələrinə diqqət etsinlər. Amma bununla yanaşı, jurnalistlər də müsahiblərinə qarşı təmkinli və son dərəcə diqqətli olmalı, onların fikrini təhrif etməməlidir".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, başqa ölkələrdə buna görə direktor vəzifədən azad edilir:

"Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədovun jurnalistləri söyməsini qınamaq lazımdır. Dünyanın başqa ölkələrində belə hadisə baş versəydi, bu, direktorun istefası ilə nəticələnərdi. Çox təəssüf ki, bizdə mətbuat nümayəndələrini aşağılayanalar öz həyatlarını da, vəzifələrini də sürdürməyə davam edirlər. Buna təəssüf edirəm".

Tanınmış jurnalist Rauf Ağayev də jurnalistləri təhqir edən professorla bağlı sensasiyalı məqamları paylaşıb. R.Ağayev bildirib ki, texniki elmlərin doktoru olan psevdofizik gəlib psevdocoğrafiyaçı olub:

"Əgər bu ölkənin akademiki bu gündədirsə, küçələrdəki avaraların tərbiyəyə dəvət edilməsinə həsr olunmuş seriya verilişlər, yazılar bir çürük qoza da dəyməz.

Ramiz Məmmədov kimdir ki? Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Beş il oxuyub, fizikadan bir şey anlamadığından əlbət və coğrafiydan anlayışı olmasa da, coğrafiya elmi ilə məşqul olmağa başlayıb. Nəhayətdə, texniki elmlərin doktoru olan psevdofizik gəlib olub psevdocoğrafiyaçı və Coğrafiya İnstitunun direktoru. Anası ölsün coğrafiyaçı diplomlu, coğrafiya elmləri doktorlarının. Mənim 4 dəqiqəlik araşdırmam nəticəsində bu məlumatlar ortaya çıxdı. Dərinə getsək, çox şey çıxacaq hələ".

"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov isə Ramiz Məmmədovun jurnalistləri təhqir etməsini tərbiyəsizlik adlandırıb:

"Heç cür jurnalistlərin hamısını o şəkildə ümumiləşdirmək olmaz. Ramiz Məmmədovun hansısa jurnalistin bacarıqsızlığını, yaramazlığını görməsi mümkündür. Amma bununla ümumi bir jurnalist obrazı yaradıb, jurnalistləri təhqir etmək yolverilməzdir. Ayrı-ayrı jurnalistləri təhqir etsəydi, yenə, bunu hardasa başa düşmək olardı ki, bəlkə də onu hansısa jurnalist incidib. Misal üçün, mən durub desəm ki, Azərbaycandakı bütün coğrafiyaçılar yaramazdılar, bu, axı insanlığa sığan bir şey deyil. Təbii ki, mən belə bir şeyi heç vaxt demərəm. Təəssüf edirəm ki, bu cür tərbiyəsiz bir insan instituta rəhbərlik edir".

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu gün efirlərin müğənnilərlə dolu olmasına səbəb məhz onların mediaya açıq olması, professor, alimlərin isə jurnalistlərin suallarını cavanlandırmaması, onları bu cür alçaltmasıdır:

"Müharibə şəraitində jurnalistlər güllə yağışı altında qalır, bizdə söyüş, təhqir altında. Prezident deyir ki, jurnalistlər mənim dostumdur, lakin bəzi məmurlar jurnalistə düşmən kimi davranır. Jurnalistlər peşə fəaliyyəti zamanı çox çətinlik çəkir. Məlumat əldə etmək onlar üçün çox müşkülə çevrilib. Peşə fəaliyyəti zamanı həlak olan, xəsarət alan nə qədər jurnalist var. Bu peşə ən təhlükəli peşələrin ilk sıralarında yer tutur. Biz Azərbaycan və dünyada baş verən hadisələrdən onların sayəsində məlumat alırıq".

Xatırladaq ki, professor R.Məmmədovdan hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistləri təhqir edib.

"Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri "bezdarnı", savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur. Bayaq "küçük" sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər", - deyə bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az