Qədir Rüstəmovun çəkildiyi yeganə film

Qədir Rüstəmovun çəkildiyi yeganə film

Mərhum xalq artisti, ecazkar səsi ilə hamını ovsunayan, məşhur "Sona bülbüllər" ifasının müəllifi olan Qədir Rüstəmov ömrü boyu yalnız bir filmə çəkilib. Həm teatr (opera üçün) həm də kinoda bir çox rollara dəvət alan Qədir Rüstəmov bütün rejissorlara "yox" deyib. Xanəndənin fərqli xarakteri hamıya məlum olduğundan bu səbəbdən israrlı da olmayıblar. Amma onun da saqqızını oğurlayan tapılıb.

Xalq yazıçısı, AYB-nin sədri Anar böyük azərbaycanlı, bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan "Üzeyir ömrü" filmini çəkən zaman Qədir Rüstəmov üçün də rol ayırır. O, daha bir böyük səs sahibi Cabbar Qaryağdıoğlunu canlandırmalı idi.

Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını arxiv sənədləri və konkret faktlar əsasında təsvir edən filmdə, o dövrün bir çox tanınmış şəxslərini də görürük. Burada Həsən bəy Zərdabi (aktyor Əli Zeynalov), Xurşudbanu Natəvan (Nəcibə Məlikova), Əbdürrəhim bəy Haqverdiyev (Rüstəm Rütəmzadə), Hüseyn Ərəblinski (Mikayıl Rəhimov) və başqa tarixi şəxsiyyətlər aktyorların ifasında tamaşaçılara təqdim olunur.

Filmdə aktyorların canlandırdığı tarixi qəhrəmanların hamısı Üzeyir Hacıbəylinin ömür səhifələrində yer alan insanlar olub. Rejissor Anar da təbiiliyi qorumaq üçün bəzi tarixi obrazların peşəsinə uyğun şəxsləri filmə cəlb etmək istəyir. Məsələn, filmdə tarzən Qurban Pirimovu tarzən Ramiz Quliyev canlandırıb.

Filmdə məşhur xanəndə Cabbar Qaryağıoğlunun obrazı yaradılmalı imiş. Başda Anar olmaqla, bütün yaradıcı heyət bu rol üçün Qədir Rüstəmovu uyğun görür. Çünki həm fiziki quruluşu, həm də səs tembri nisbətən Cabbar əmiyə oxşayırmış.

Anar Qədir Rüstəmovu çox böyük çətinliklə razı salır.

Çəkiliş zamanı heyət üzvindən biri zarafatyana rejissora deyir ki, "Qədiri necə tuta bildin?". Bunu o mənada deyir ki, yəni, Qədir Rüstəmovu necə razılığa gətirə bildin. Amma onun ərkyana dediyi söz Qədir Rüstəmovun xoşuna gəlmir. Acıq eləyib çəkiliş meydançasını tərk edir. Sonra birtəhər yenidən onu yola gətirib çəkilişə davam edirlər.

Ömrünün son illərində telekanalların birində barəsində hazırlanan proqramda mərhum Qədir Rüstəmovun özü də bu məqama toxunub: "Gəlib Anara dedilər ki, "Qədiri necə tutdun?". Mənim xoşum gəlımədi. Biz görmüşük ki, ova gedəndə ovu tutarlar da. Adam tülkü zad deyil ki, onu tutsunlar. Heç xoşum gəlmədi o sözdən. Heç adamı da tutarlar? Amma sonra barışdım.

Ondan sonra başqa filmlərə də dəvət etdilər, amma getmədim". Elmin Nuri

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az