1926-cı il... 2017-ci ilin zaman, siyasi, iqtisadi, nəhayət texnologiyalar yüksəkliyindən baxanda, həmin dövrü təsəvvür edə bilirsinizmi?
Gənc Cümhuriyyətimizin formaca yeniləşmiş, amma mahiyyətcə istilaçı imperiya kimi qalan bolşevik-kommunist Rusiyası tərəfindən devrilməsindən düz 6 il ötürdü. Qırmızı terror tüğyan edirdi. Cümhuriyyət liderlərinin, görkəmli şəxslərin, hərbçilərin bəziləri Nargin adasında güllələnmiş və ya özü Rusiyanın həbsində olan Sibirin, başqa əyalətlərin müxtəlif məhbəslərinə yerləşdirilmiş, dıgərləri mühacirətə yollanmışdılar. Əhalisinin əksəriyyəti yoxsulluq və savadsızlıq məngənəsində çarpışan Azərbaycanın paytaxtı Bakı şəhəri isə ağır yaşam mücadiləsini davam etdirirdi...
Belə bir zamanda – noyabrın 6-da – Bakı Radiosu (indiki Azərbaycan Radiosu) yaradıldı. Bunun o dönəmdə nə demək olduğunu xəyalınıza gətirirsinizmi?
Paytaxtın əhalisi və qonaqları küçələrdə qurulmuş reproduktorlardan "Danışır Bakı!" kəlməsini bir möcüzə kimi qarşılayaraq, hər məlumata, musiqi nömrəsinə diqqətlə qulaq asırdılar. İctimai-siyasi mühit isə bu barədə xəbəri "mədəni hadisə" kimi dəyərləndirdi.
Azərbaycan Radiosundan, onun studiya otaqlarından tutmuş efirinədək kimlər gəldi, kimlər keçdi!.. Bu radioya dahi Üzeyir Hacıbəyov və Müslüm Maqomayev (baba) nəfəs verib yeni avazlar, səslər gətirdilər... Məşhur radio marşı bəstələndi, notlu xalq çalğı alətləri orkestri təşkil olundu. Korifeylər muğamları, xalq mahnılarını yaşatdılar. Ordubadinin radio teatrı işə düşdü, müqtədir yazıçılar, şairlər öz əsərləri və çıxışları ilə efiri zəngınləşdirdilər, diktorlar, aktyorlar əsrarəngiz səs xəzinəsi yaratdılar...
Radio qəbuledicilərinin evlərə gəlməsi ilə əvvəl Bakı, sonra isə bütün Azərbaycan informasiya selinə büründü. Radio sovet ideologoyasının ruporu kimi, xidmət etsə də, öz ədəbi-bədii və maarifçilik fəaliyyətilə milli şüur və məfkurənin inkişaf etməsi yolunda misilsiz rol oynadı, "Bulaq" kimi qaynadı, "Araz"ı ilə Cənubi Azərbaycana məlhəm oldu, "Axşam görüşləri" ilə könülləri fəth etdi, "Lirika dəftəri" ilə qəzəllərimizin və müğamlarımızın gözəlliyinə bir daha diqqəti çəkdi və sair-sair dəyərli işlər gördü.
1990-cı ilin 20 Yanvar faciəsi zamanı isə Azərbaycan Radiosu televiziya ilə birlikdə vətənpərvərlik nümunəsinə çevrildi. Sovet hərbi təxribat ünsürləri televiziyanın enerji blokunu partlatdıqdan sonra Bakıda baş verən dəhşətləri və xalqın etirazını Vətənə və bütün dünyaya yaymaq missiyası Azərbaycan Radiosunun fədakar əməkdaşlarının üzərinə düşdü...
Azərbaycan Radiosu öz tarixi boyu doğma dilimizi qorudu, rus dilinin hökmranlıq etdiyi dönəmdə ana dilimizin unudulmasına yol vermədi, hətta onun püxtələşməsinə səbəb oldu və 30 ildən sonra bu vətənpərvər ruhu Azərbaycan Televiziyasına da ötürdü. Bu gün Azərbaycan ədəbi dilinin normalarının qorunması barədə danışmaq həm asan, həm də qürurvericidir. Azərbaycan Radiosu 91 il, Azərbaycan Televiziyası isə 61 il öncə bu yola çıxaraq ədəbi dilimizi yaşatmaq və gələcək nəsillərə çatdırmaq vəzifəsinin öhdəsindən böyük bacarıqla, əzmkarlıqla gəldi və gəlməkdədir.
Sovet dövründə Azərbaycan Radiosunun yaranma tarixi də "kölgə"də qalmışdı. İllər uzunu Azərbaycan teleradioçuları mayın 7-ni – rus radiosunun yaranma gününü – bayram kimi qeyd edirdilər.
Azərbaycanda milli-azadlıq hərəkatının qələbəsi bu yanlışlığı da aradan qaldırdı. Məmləkətimizin böyük teleradio ailəsi öz doğma bayramına qovuşdu. Noyabrın 6-sında Azərbaycan televiziya və radiosu işçilərinin peşə bayramı qeyd edilməyə başlandı. Bu gün əminliklə demək olar ki, bu bayram bütün millətimizin bayramına çevrilib. Çünki Dövlətimizə və Millətimizə xidmət edən Azərbaycan Televiziyası və Radiosu evlərimizin əziz, arzu olunan müsafiridir və bizə yaşadılan əsrarəngiz anların arxasında teleradio ailəsinin hər bir üzvünün böyük zəhməti dayanır.
Bayramınız mübarək, əziz dostlar!
P.S. Hazırkı yazıda Azərbaycan Televiziyası və Radiosunun əməkdaşlarının adları sadalanmadı. Amma hər kəs yaxşı bilir: bu məbəddə elə şəxslər fəaliyyət göstərib ki, onların adları nəinki teleməkanımızın, eləcə də dövlətimizin tarixinə qızıl hərflərlə yazılıb. Onlardan biri də bu ərəfədə dünyasını dəyişmiş Rafiq Hüseynovdur. Təsəllimiz – əfsanəvi diktorumuzdan bizə qalan maraqlı verilişlər və onun Azərbaycan Televiziyasında və Radiosunda çalışan yetirmələridir. Allah rəhmət eləsin! Axar.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































