Rusiya 18 ton pomidoru geri qaytardı; daxili bazarda ucuzlaşma olacaq, amma...
Rusiya ilə Türkiyə arasında pomidor məsələsində razılıq əldə olunduqdan sonra Rusiya Azərbaycan pomidorunu sıxışdırmağa başlayıb. Belə ki, bu ölkə 18 ton pomidoru Azərbaycana qaytarıb. Səbəb olaraq, məhsulun müvafiq sənədlərinin saxta olması göstərilib. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin sözlərinə görə, sahibkar sertifikatda düzəliş etdirməli olduğu halda məsuliyyətsizliyə yol verib. Rusiya tərəfi sertifikatda göstərilən nömrə ilə yük maşınının nömrəsinin uyğun gəlmədiyini gördükdə məhsulu geri göndərib.
Aydın məsələdir ki, sərhəddən qayıdan 18 ton məhsul daxili bazarlara çıxarılacaq. Bəs bu vəziyyət daxili bazarda pomidorun qiymətinə necə təsir edəcək?
Bundan əlavə, Azərbaycan öz kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapa bilməsə və ixracla bağlı Rusiyadan asılılıq davam etsə, bu, fermerlərin işinə əngəl törədəcək. Bu baxımdan, hökumət tezliklə yeni bazarların axtarışına çıxmalıdır.
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Rusiya bütün qonşu ölkələrə, xüsusən də təzyiq etmək istədiyi ölkələrə bu qaydanı tətbiq edir: "Rusiya gömrük -tibb məntəqələrində hər hansı ölkənin məhsullarının idxalına maneə yaratmaqla təzyiq mexanizmi kimi bu alətdən istifadə edir. Dəfələrlə biz bunun şahidi olmuşuq. Azərbaycanla da bağlı belə bir təzyiq mexanizminin olması ehtimalı çox yüksəkdir. Rusiyanın hər hansı bir ölkədən, o cümlədən Azərbaycandan müəyyən tələbləri və gözləntiləri olduqda bu tipli təzyiq vasitələrinə əl atır. Azərbaycanın da problemi ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti, az qala 90 faizi məhz Rusiyaya ixrac olunur. Birtərəfli bir kanal yaranıb ki, bundan da Rusiya ciddi təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycan çoxşaxəli ixracat modelinə keçə bilmədiyinə görə Rusiya bu amildən çox ciddi istifadə edir. Təkcə pomidor ixracı ilə bağlı deyil, meyvələrin ixracında da biz eyni halla rastlaşmışıq. Hətta kartofla bağlı da problem yaşanıb və geri qaytarılıb. Bu, Azərbaycanın çoxşaxəli ixrac modelinə keçməyinin zəruriliyini bir daha sübut edir. Rusiyadan asılı olacağıqsa, bu model həmişə işləyəcək və belə bir təzyiq vasitəsi olacaq".
Ölkənin pomidor ixracı ilə bağlı potensialına gəldikdə isə iqtisadçı bildirdi ki, Azərbaycan son 9 ayda 135 milyon dollarlıq pomidor ixrac etmişdi ki , bu da bizim tarixdə bir rekord idi: "Bu ixracatın da 90 faizə yaxını Rusiyaya idi. Bu baxımdan başqa bazarlara çıxış imkanları mütləq tapılmalıdır. Ətraf bazarlarda bizim rəqiblərimiz də var. Ancaq məhsulumuzu sata biləcəyimiz bazarlar da az deyil. Əsas rəqibimiz təbii ki, Türkiyədir. Çünki güclü istehsalı var və böyük həcmdə ixracat potensialına malikdir. Ancaq bizim tanıdığımız bazarlar da var. Bu, Orta Asiya bazarları, Qazaxıstan, Ukrayna, Belarusiya bazarları ola bilər. İxracatın çoxşaxəli modelə keçməsi üçün yaxın ətrafımızda xeyli bazarlar var. Azərbaycan hökuməti mütləq şəkildə bununla bağlı müəyyən addımlar atmalı və bizim istehsalçıları başqa bazarlara yönləndirmək üçün təşviq etməlidirlər. Lojistik dəstək göstərməlidirlər ki, təkcə Rusiya bazarından asılı vəziyyətə düşməyək".
N.Cəfərli vurğuladı ki, Qazaxıstan, Ukrayna və Belarus Azərbaycanın pomidor məhsullarını çıxara biləcəyi ən yaxın və ən əlverişli bazarlardır və onların kifayət qədər böyük potensialı var: "Bu ölkələr həm ərazi olaraq, həm əhali olaraq çox böyük bazar hesab olunur, onlara çıxış imkanları da kifayət qədərdir".
Azərbaycanın pomidor istehsalı ilə bağlı statistikaya toxunan Natiq Cəfərli bildirdi ki, bu məsələdə bir qədər problem var: "Ötən ilə nisbətən Azərbaycanda pomidor ixracatı birdən-birə 7 dəfə artdı. Bu isə Rusiya tərəfindən iradların yaranmasına səbəb oldu ki, Azərbaycan Türkiyə pomidorunu yerli məhsul adı ilə Rusiya bazarına çıxararaq belə kəskin artıma nail olub. Hətta Putinin keçirdiyi müşavirələrdən birində Rusiya rəsmiləri Azərbaycanı ittiham etdilər. Buna görə də dəqiq statistika aparmaq çətindir. Lakin Azərbaycanın belə bir potensialı var ki, həm daxili bazarı yerli məhsulla təmin etsin, həm də xaricə ildə ən azı 100 milyon dollardan artıq dəyərdə pomidor çıxartsın. Ancaq biz bir bazardan asılı olacağıqsa, bu, gələcəkdə problemlərə səbəb olacaq. Yeni bazarlar tapılmazsa daxildə qiymətlər ucuzlaşa bilər. Bir də fermerlərin pomidordan imtina edib, başqa məhsulların istehsalına keçidi baş verə bilər".Moderator.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































