Sərvər Kamranlı - "Asılıb qalmışam"

Sərvər Kamranlı - "Asılıb qalmışam"

Sərvər KAMRANLI 12. 03. 1987-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində ziyalı ailəsində doğulmuşdur. Erkən yaşlarından bədii yaradıcılığa başlamışdır.

Müntəzəm olaraq dövrü mətbuatda şeir və hekayələri ilə çıxış edir. Bir çox şeir və hekayələri, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, Cənubi Azərbaycanın və s. ölkələrin mətbuat orqanlarında, həmin ölkələrin dillərinə tərcümə olunaraq nəşr olunub. Azərbaycanın Yazıçılar Birliyinin, Gənc Ədiblər Məktəbinin üzvü və Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvüdür. Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin məzunudur.

İNDİ

Yerdə görən nə görüb,

Hara qaçır adamlar?

Ta bilmir çəkilməyə,

Dara qaçır adamlar.

İndi kimsə kimsəni,

Vurmağa qar düzəltmir.

Vuranlar elə vurur,

Yüz yerdən sar, düzəlmir!

Köhnə damlar altından,

Nağıl səsləri gəlmir.

Nəvələrin bildiyin,

Nənələr indi bilmir.

Eşqlə alışan qəlblər,

Soyuyub buza dönüb.

Neçə qəlbdə neçə qız,

Daha "qar qız"a dönüb.

ASILIB QALMIŞAM

Soyuqluğu necə yaman üşüdür,

Ağladır ruhumu, ağladır, Allah!

Atıb ev-eşiyin o qız gedəndən,

Bağlıdır qapısı, bağlıdır, Allah!

Asılıb qalmışam dərd yaxasından,

Özümdə özümə qənim olmuşam.

Hardadı bəxt yazan, tapıb soruşun,

Görün bu taleyi ondan almışam?

İçimdə oxunmur eşqin nəğməsi,

Yox olub könlümdən sevgili çağlar.

Gəl, qayıt evinə, ay ev yiyəsi,

Nə qədər evinin divarı ağlar.

SƏNİN XƏTRİNƏ

Qızılgül, bənövşə məst etmir məni,

Oxşamır telinin gülüm, ətrinə.

Bilsəm ki, yuxuda görüşəcəyik,

Gündüz də yataram sənin xətrinə!

Sən də mənim kimi göy adamısan,

Sən də bu yerlərdə qəribsən, adam.

Eşqindən dəliyə dönəndən bəri,

Özümə uzağam, özümə yadam.

Bu sazaq adamlar, soyuq adamlar,

Bürüyüb yamanca yerdə hər yanı.

Sevib-sevilənlər yaxşı yanırlar,

Gəl sevək, isinsin dünyanın canı...

GEDİRƏM KƏNDİMƏ

Yenə də yolları geyib əynimə,

Gözüm işlədikcə uzaq, gedirəm.

Hələlik dostlarla sağollaşmışam,

Özümdən özümə qonaq gedirəm!

Ora Vətənimin uca zirvəsi,

Orda ulduzlar da yaxındır yerə...

Orda bir qız ola səni sevəsi,

Hələ gəldiyini yuxuda görə.

...Özümü unudub, bənzəyib yada,

Xəyalım yol alıb, dərəyə, dağa.

Çəkdiyim qayğını qoyub Bakıda,

Gedirəm kəndimə uşaqlaşmağa.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az