Əməkdar mədəniyyət işçisi, peşəkar aşıq, müğənni Solmaz Kosayeva 45 ildir ki, Azərbaycan aşıq sənətinə, musiqimizə dəyərli, səviyyəli töhfələr bəxş edir. Şəxsiyyət olaraq hər zaman mənliyini uca tutan, özünə dəyər verən xanım sənətkarın "Dünya" TV-nin "Bu sabah" verilişində sənət yaradıcılığının 45 illiyinə həsr olunmuş benefis gecəsi keçirildi (25.11.2016). Benefis gecəsindən öncə Solmaz xanımla görüşərək onu keçdiyi mənalı, nümunəvi həyat və sənət yoluna bərabər işıq salmağı qərara aldıq. Aşıq-müğənninin "Mediainfo.az" a söylədikləri:
– Qazaxda ziyalı ailəsində anadan olmuşam. Atam Qorçu bəy 56 il Yol tikinti idarəsində anbar müdiri vəzifəsində çalışıb, anam Telli xanım isə müəllimə kimi fəaliyyət göstərib. Bir-birilərini dəlicəsinə seviblər, hətta 1994-cü ildə mən onların qızıl toylarını da etmişəm. Atam 78 yaşının tamamına 10 gün qalmış dünyasını dəyişdi. Martda dünyaya gəldi, martda da bu dünyadan köçdü. 2004-cü ildə atamı, 1999-cu ildə isə anamı itirdim. Ailədə 5 uşaq olmuşuq. Dördüncü uşaq mənəm. Qardaşım Çərkəz gözəl saz çalıb oxuyurdu. Mənə böyük dəstək olan qardaşım Knyaz isə polis işçisi idi. Solaxay olduğundan musiqi alətlərində ifa edə bilmirdi. Bütün sevgisini mənə yönəltmişdi. Hətta mən Bakıya gələndə hər gəlişimdə məni oxudar, oxuduqlarımı bir kasetə yazar, mən qayıdana qədər o kasetə qulaq asardı. Atamın ən böyük arzusu o idi ki, mən fəxri ada layiq görülüm. Təəssüf ki, atam o xoş günümü görə bilmədi, ancaq atamın illərlə gizli saxladığı niyyətini qardaşım çin etdi. Mən fəxri ad alan gün qardaşım qurban kəsdi, bütün qohum-əqrəbanı yığdı, atamın istəyini, arzusunu yerinə yetirdi. Həmin gün çox kövrəldim, çünki atam bu barədə mənə heç nə deməmişdi.
1972-ci ildən professional səhnədəyəm. İlk çıxışım 6 yaşımda Qazaxda Pionerlər evində olub. "Paşa köçdü" aşıq mahnısı ilə sənətə gəlmişəm. Səkkizinci sinifdə oxuyanda mən həmin mədəniyyət ocağında özüm həm solo, həm də xor dərnəyi yaradaraq istedadlı gəncləri öz ətrafıma toplamağa başladım. 1973-75-ci illərdə təhsilimi Bakıda Mədəni-maarif kollecində qiyabi olaraq davam etdirdim. Konsertlərin birində çıxışım zamanı ifamı bəyənib məni Ordubad xalq teatrına aktrisa-müğənni kimi dəvət etdilər. Üç qızdan yalnız məni seçdilər. 7-8 ay həmin teatrda çalışdım. Məhsul bayramlarının birində Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Vahid müəllim məni gördü, çıxışımdan məmnun qaldığımı söyləyərək məni Naxçıvan Dövlət Filarmoniyasına solist kimi qəbul etdi. 1972-ci ildə mən artıq "Turac təranələri" festivalında birinci dərəcəli diploma layiq görülmüşdüm.
1978-ci ildə yenidən Bakıya qayıtdım. Görkəmli sənətkarımız İslam Rzayev məni öz ansamblına dəvət etdi. İlk dəfə Ağadadaş Ağayevin solo konsertində çıxış etdim. Sonda "Cəlili" aşıq mahnısını ifa edərək zili "Şikəsteyi-farsla" bitirdim, iyirmi dəqiqə susmaq bilməyən alqışlar gördüm. İslam müəllim bu çıxışımdan heyrətlənərək məni birbaşa ansambla solist qəbul etdi və Azərbaycan Dövlət Filarmoniyasında müntəzəm çıxışlarım başladı. 1984-cü ildə isə məni aşıqların dördüncü qurultayına dəvət etdilər. Aşıq Rəhilə Həsənovadan sonra ilk qadın mən idim ki, bu qurultayda iştirak edirdim. Həmin qurultayda mən aşıq Hacı Abdiyevlə "Cəlili" aşıq havasını ifa etdim. Mədəniyyət nazirimiz Zakir Bağırov həmin qurultaydan sonra məni müntəzəm olaraq dövlət konsertlərində iştirakımın təminatını yaratdı. Hətta konsertə iki gün qalmış mənə görə afişaları dəyişdirib adımı saldırdı.
İllər ötdü Azərbaycan qastrol konsert birliyinin rəhbəri İldırım Qasımov məni rəhbərlik etdiyi quruma müğənni-aşıq kimi işə qəbul etdi. 1984-cü il idi. Bütün qastrol səfərlərində iştirakım olurdu. 1985-ci ildə kapitalist ölkələrinə səfərə çıxan ilk xanım aşıq oldum. "Avstriya folklor festivalına" qatıldım. Qalib oldum. Bundan öncə isə mən Moskvada "İrs" folklor ansamblı ilə XII Ümumdünya Gənclər festivalında iştirak edərək I dərəcəli diploma layiq görülmüşdüm. Bundan başqa Gürcüstanın Xobi şəhərində keçirilən Dünya folklor festivalında "Mahirlər" ansamblı ilə çıxış edərək I dərəcəli diploma layiq görüldüm. Meksika, Nikaraqua, Belçika, Almaniyanın otuzdan çox şəhərində, Əfqanıstan, İraq, İran, İrlandiya, İsveçrə, Norveç, Türkiyə, Rusiya vilayətində çıxışlarım oldu, hətta Vladivostok şəhərinə qədər gedib müsabiqələrdə iştirak edərək uğurlar qazanmışam. Dörd kompakt diskim işıq üzü görüb. Səbuhi studiyası tərəfindən buraxılan "Gilanar" adlı kompakt diskim 70000 tirajlı satılıb. Bir həqiqəti deyim ki, həmin diski mən birbaşa iki saata yazmışam. Bu disk mənə böyük uğur gətirdi. Çox sevinirəm ki, el şənliklərində həmişə görkəmli ustad Habil Əliyevlə bərabər çıxış etmişəm, Habil Əliyev məktəbi görmüşəm.
- Solmaz xanım, heç zaman açıq-saçıq geymədiniz. Niyə?
– Bir dəfə qolu açıq paltar geyinmişdim. Atam bunu gördü, əsəbiləşdi, bahalı paltarımı özünün düzəltdiyi bıçaqla ilə tikə-tikə doğradı. Dedi ki, qadının naməhrəm yerləri görünməməlidir. Sən tamaşaçıya sənət göstər, onda sənin qiymətin olacaq. Bədən nümayiş etdirməklə sənətkar olmaq olmaz. Ondan sonra mən bir daha açıq-saçıq paltarlara müraciət etmədim. Və həmin paltarlara nöqtə qoydum. Aytən, Ülkər adlı övladlarımın anasıyam, dörd nəvəm var. Nəvələrimlə nəfəs alıram.
2015-ci ildə Mədəniyyət nazirliyi tərəfindən "Fəxri mədəniyyət işçisi" adına layiq görüldüm. 2016-cı ildə isə ölkə prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə "Respublikanın əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldüm. Bunun üçün ölkə prezidentimizə və Azərbaycan Aşıqlar Birliyinin sədri dəyərli alimimiz, professor Məhərrəm Qasımlıya sonsuz təşəkkürümü bildirirəm. Bu fəxri ad mənə böyük stimul verdi. Sanki ölmüş ruhumu dincəltdi. İndi mən tamam başqa Solmaz Kosayevayam. Dövlətimi çox sevirəm. Dövlətimin verdiyi bu qiymət üçün, mənə dəyər verən bütün şəxslərə və təbii ki, məni sevən tamaşaçılara minnətdarlığımı bildirirəm. Həyatımda ilk dəfə "Dünya" TV mənə yaradıcılıq gecəsi keçirdi. Mən bunu başqa telekanallardan da gözləyirdim. Təəssüf. Sağ olsun "Dünya" TV bu addımı atdı. Başda əməkdar jurnalist Ramiz Hüseynov olmaqla "Dünya" TV ailəsinə sonsuz təşəkkürümü bildirirəm.

Solmaz xanıma həyat yoldaşından niyə ayrıldığının səbəbini soruşanda heç bir söz demədi. Bircə kəlmə dedi: o, mənim övladlarımın atasıdır. Budur qadın qəlbinin böyüklüyü, budur Azərbaycan xanımının müdrikliyi. Hər zaman efir, səhnə mədəniyyəti ilə seçilən elimizin fəxri, xalqımızın ərən qızı Solmaz xanıma uğurlar arzulayır, onun 45 illik yaradıcılıq benefisini ürəkdən təbrik edirik. Yaşa, yarat, xalqımın dəyərli, sənətkar qızı, heç zaman solmayan və heç zaman solmayacaq Solmazımız.
Alim Nəbioğlu
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































