Şahməmməd Şahməmmədov 5 seçilmiş əsərlərin, 31 kitabın müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. "Araz ali ədəbi", "Qızıl qələm" və "Zərdabi" mükafatlarına layiq görülmüşdür. 1947-ci ildə Ağsu rayonunun Ləngəbiz kəndində anadan olmuşdur. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu, ADU-nin hüquq fakültəsini, SSRİ DİN-nin Akademiyasını (əyani) bitirmişdir. Respublikamızda bir sıra müxtəlif məsul vəzifələrdə çalışmışdır. Şeirləri Rus, fars və başqa dillərdə çap olunmuşdur. Hal-hazırda "Azərbaycan polisi" jurnalının baş redaktorudur.
QAYĞI GÖNDƏR
Göstərdiyim qayğıların,
Kölgəsini gəzirəm mən.
Taleyimə düşən yarım!
Onu bil ki, bir dənəsən!..
Səndən qayğı istəmirəm,
Bəxş edirsən onu özün.
Bəs o zalım susur, nədən?
Cığırlarda qalıb gözüm.
Bir istəyib beş vermişəm,
Əvəz üçün tapılmır söz.
Daş istəyib daş vermişəm,
İndi qəlbim deyir ki, döz.
Bir salama dəymirəm mən?
Xatirələr didir məni...
Gəl nökər ol! demirəm mən,
Ağrıdırmı vicdan səni!
Yaşın ötür, gəzmə ləkə,
Yadda saxla sözlərimi.
Çıxarıb verərdim bəlkə,
İstəsəydim gözlərimi.
Görəcəksən bu günləri,
Dolaşacaq əl ayağın.
Qırma, qırma könülləri,
Qayğı göndər, bircə yığım...
UŞAQLAR BABA ÇAĞIRIRLAR MƏNİ
Baba deyib çağırırlar,
Daşısan da şair yükün.
Üzdə, başda ağaran qar,
Qırışları büküm-büküm.
Baba nağıl, baba şirin,
İşıqlıdır qardaş bu ad.
Baba bilir ərzin sirrin,
Baba-dayaq, baba-murad.
Uşaqlarçün baba əziz,
Şair kimdir?.. bilmir onlar…
Uşaqlara baba dəniz,
Hər bir yaşın öz adı var.
Şair oldum mən çox çətin,
Baba oldum min ağızda.
Şair oldum kasıb, yetim,
Baba oldum bir payızda.
Baba olmaq deyil asan,
Hər yazandan şair olmur.
Əgərləri baba olsan,
Ürəklərdə parlayar nur.
Məni baba çağırsalar,
Bu ad böyük bir adadır.
Ay uşaqlar bir şair var -
Sizin üçün o babadır!
O KÜÇƏDƏ...
Əlli ildir itirmişəm mən o qızı,
Nə o küsdü, nə mən küsdüm bu taledən.
Əlli ildir itirmişəm qışı, yazı,
Bu illərdə ağarıbdır saçım dən-dən.
Əlli ildir görüşmürük o küçədə,
O küçədə... məhəbbətin ilk sorağı.
Bizi gəzir yəqin indi o küçədə...
Daşa dönüb ömrümüzün qaynar çağı!
Nə o küsdü, nə mən küsdüm, ayrıldıq biz,
Ayrıldıq ki, qovuşarıq, qovuşmadıq...
İlk sevgini bir-birinə bağlayan iz,
Yetim qalıb, havasını çalır aşıq.
Yuxumu da çəkir ərşə qara gözlər,
Yəqin o da yuxularda görür məni.
Soyumayır intizarda qalan közlər,
Soyumayır, istisinə qatır səni.
Niyə belə yazılıbdır bizim yazı?
Niyə oldu intizarın yolu uzun?
Bircə əlcə məktub göndər zalım qızı,
Bu ağrını, bu kədəri kimə yazım?
Sevəcəyəm gözəl səni, əlli ildə,
Bil bu sevgi qara sevgi olan deyil.
İlk sevginin daşı ağır olsa belə,
İlk sevginin çiçəkləri solan deyil.
TƏK OLANDA
Tək olanda daş olursan,
Danışmağa olmur bir kəs.
Tək olanda qış olursan,
Çaylar kimi donur nəfəs.
Kövrəlirsən qələminlə,
Donur ürək, donur baxış.
Nə danışım qələmimlə?..
Yer gəzirəm qarış-qarış...
Bir ev olur, bir də ki, sən,
Pəncərəndən baxır ruhlar.
Xatirələr yağır göydən,
Uzaqlarda qalır bahar.
Düyünlənir, yollar, izlər,
Külək döyür qapıları.
Bulud kimi dolur gözlər,
Hara uçdu dağ baharı?
Kösöv kimi göynəyirsən,
Basır daşa tüstü səni.
Heç bilmirsən kimsən, nəsən,
Boğur yerin üstü səni.
İnsan gərək tək olmasın,
Dərdə qılınc çəkmək olmur.
Tək yaşamaq olmur asan,
Fikir yükün çəkmək olmur.
Tək olanda daş olursan,
Danışmağa olmur bir kəs.
Tək olanda qış olursan,
Çaylar kimi donur nəfəs.
SABAH İŞƏ ÇIXACAQ O
(Dünəni sabaha aparan gənclədir)
Sabah işə çıxacaq o,
Keçmişlərdən fərqli-fərqli.
Sabah işə çıxacaq o
Dəyişəcək zehni, əqli.
Danışacaq köhnə başla,
Yeni başın, yeni səsi.
Haray çəkir dağla-daşla,
Yeni gəncin ifadəsi.
Alışacaq susan ocaq,
Boğmayacaq tüstü bizi.
Təzə sözlər qucaq-qucaq,
İsidəcək isti bizi.
Addımlar da dəyişəcək,
Dəyişəcək adamlar da.
Bir-biriylə döyüşəcək,
Əlimizdə "yox" da "var" da.
Gələcəyin insanları,
Sevməyəcək köhnələri.
Unutmayın o baharı,
Unutmayın köhnə nəri...
Sabah işə çıxacaq o,
Keçmişlərdən fərqli-fərqli.
Sabah işə çıxacaq o,
Dəyişəcək zehni, əqli.
QOCALIQ ŞƏRƏFDİR
Qocalıq bir ömrün üfüqündə dan...
Arı yuvasında bir şaha bənzər.
Qaranlıq gecədə nəğmə deyən şam,
İşığı ağarmış saçını bəzər.
İnsan bu yaşında olur bir nağıl,
Cavanlıq illəri köklü xatirə.
Sanın ki, yenidən doğulur ağıl,
Oxşayır gedişin axan lal kürə.
Ömrün zirvəsindən baxır, nə etsin,
Qolda güc azalır, dizlərdə taqət.
Azalır ürəkdə bircə-bircə sim,
Bax budur işıqdan qopan həqiqət.
İnsanla yanaşı qocalır eşqi,
Fəlsəfə donunu geyir gileylər.
Qaynayır içində qocalıq məşqi,
Hanı o çiçəklər, hanı o illər?
Yüngül bir ağrıdan əssə də ürək,
Uzaqdan qartala bənzəri olur!
Nə qədər toz-torpaq aparır külək,
Dünyada qocanın şöhrəti qalır.
Ya məni yaxın bil, ya da ki, yan dur,
Bir insan ömrünün şərbətiyəm mən.
İstəyirsən məni alovda yandır,
Deyirəm ömrümün dövlətiyəm mən!
YETİM QALIB...
(İsa bulağı Şuşa dağlarında bu gün mənsizdir)
Bulaq da qalarmış yetim,
Yetim qalıb dağda bulaq.
Bu dərd ilə hara gedim?
Yetim qalıb dağda bulaq.
Xatirələr boğur məni,
Giley-güzar sıxır məni.
Tək qoymuşam dağda səni...
Yetim qalıb dağda bulaq.
Neçə vaxtdır üzüm gülmür,
Arzum da sönmüş kömür.
Günlərini sayır ömür...
Yetim qalıb dağda bulaq.
Sönüb qəlbinin çırağı,
Dəymir gözümə ocağı.
Daş olub ürəyin yağı,
Yetim qalıb dağda bulaq.
Gələsiyəm yanına mən,
Səbirli ol, eləmə qəm.
Onu bil ki, içimdəsən...
Yetim qalıb dağda bulaq...
Yetim qalıb dağda bulaq...
XATİRƏLƏR YUXUSU
Yatdım bir dünyalıq xatirə gördüm,
Çiçəyi belimdən, qarı dizimdən.
Ağac yarpaqların saçıma hördüm,
Bir vaxt gördüklərim keçdi gözümdən.
O, qızla danışdım, kövrəldi ürək,
Arılar yapışıb çəkdi dilimdən.
Qara qayalara çırpıldı külək,
Səpildi dünyaya yarpaqlar dən-dən.
Bir dəstə gül yığdım dağ yamacından,
Çatdıra bilmədim ünvanına mən.
Bulandı, duruldu, cana gəldi can,
Küsdüm, dağ otları tutdu əlimdən.
Ayıldım yuxudan uçdu yuxular,
Görən onların da varmı evləri?
Əl atıb sinəmdən tutdu qorxular,
Dənizli, dəryalı iridən-iri.
Deyirəm yaxşı ki, qalır yuxular,
Əlin çatmayana çatdırır səni.
Gəlin xatirələr qurbanlarım var,
Gəlin adınıza kəsəsiyəm mən...
MƏHƏBBƏTİ SƏN DƏ, MƏN DƏ
Bir səs yayıldı aləmə,
Dəymişiylə, qorasıyla.
Axıb doldun piyaləmə,
Gözlərimin qarasıyla.
Qanad açdın çırağımda,
Qara saçlar buruq-buruq.
Dodaq izin yanağımda,
Biz sevgiyə yuva qurduq.
Sevgini də sən öyrətdin,
Bilməz idim bu sirr nədi.
Düşdün toruna heyrətin,
Qəlb sevgisiz viranədi.
Sözdən ocaq qaladıq biz,
Odu sənin, közü mənim.
Ömrü-ömrə caladıq biz,
Əllərindən tutdu əlim.
Xatirədi düzüm-düzüm,
Xatirələr bir qaldı.
İzinə qovuşdu izim,
Budur sevgimizin adı.
İllər ötür, yaşayırıq,
Bir sevginin mənzilində.
Zirvələrə daşayırıq,
Məhəbbəti sən də, mən də.
Yanvar, fevral, mart 2016-cı il
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































