ŞAHMƏMMƏD YARADICILIĞININ BUGÜNKÜ RƏNGLƏRİ

ŞAHMƏMMƏD YARADICILIĞININ BUGÜNKÜ RƏNGLƏRİ

Şahməmməd Şahməmmədov 5 seçilmiş əsərlərin, 31 kitabın müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. "Araz ali ədəbi", "Qızıl qələm" və "Zərdabi" mükafatlarına layiq görülmüşdür. 1947-ci ildə Ağsu rayonunun Ləngəbiz kəndində anadan olmuşdur. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu, ADU-nin hüquq fakültəsini, SSRİ DİN-nin Akademiyasını (əyani) bitirmişdir. Respublikamızda bir sıra müxtəlif məsul vəzifələrdə çalışmışdır. Şeirləri Rus, fars və başqa dillərdə çap olunmuşdur. Hal-hazırda "Azərbaycan polisi" jurnalının baş redaktorudur.

AZƏRBAYCAN BAŞ ÖLKƏDİR

(Vətənim Şərqlə Qərbin arasında körpüdür)

Od püskürür damarında,

Şərqlə, Qərblə əl-ələdir.

Qafqaz adlı bir məkanda,

Azərbaycan Baş ölkədir.

Azərbaycan doğub oddan,

Qanadları küləklərdir.

Necə doyum mən bu addan?

Qoruyanı mələklərdir…

Azərbaycan sən doğmasan,

Saf sulardan içmişik biz.

Sən də insan, mən də insan,

Zəlzələlər keçmişik biz.

Azərbaycan qanadlıdır,

Sağı qitə, solu qitə.

Azərbaycan inadlıdır,

Arzulara yetə-yetə.

Azərbaycan, yaşa, yaşa,

Qitələri yaşat, yaşat...

Söz mülkünü daşa, daşa,

Yuya bilməz səni gurşad.

Od püskürür damarında,

Şərqlə, Qərblə əl-ələdir.

Qafqaz adlı bir məkanda,

Azərbaycan Baş ölkədir.

YEL ÇƏRŞƏNBƏSİ

Niyə yoxa çıxıb göyərçin ilim,

Bu səsi dünyaya yayın a Yellər...

Bölməyək yer üzün biz dilim-dilim,

Bu səsi dünyaya yayın a Yellər...

Üçüncü çərşənbə - Yel çərşənbəsi,

Lələyi qızıldan dağlar laləsi.

Bu səs ürəyimin çırpınan səsi,

Bu səsi dünyaya yayın a Yellər...

Ümidlər ümidə bələnib qalıb,

Səsim də torpağa ələnib qalıb.

Ocaqda xoş anlar küllənib... qalıb,

Bu səsi dünyaya yayın a Yellər...

Çaparı görünmür, izi görünmür,

Alnına yazılmış yazı görünmür.

Bəs niyə görünmür axırın ömür?..

Bu səsi dünyaya yayın a Yellər...

Hərdən zəlzələlər qopur içimdə,

Hərdən yaşayıram durna köçündə.

Sizə yalvarıram sevinc içində,

Bu səsi dünyaya yayın a Yellər...

YAŞIDLARIM

Başqa bir zamanın uşaqlarıydıq,

Yumurta gəzərdik quş yuvasında.

Qızıl ilanların "vaşaqlarıydıq",

Nağıllar asardıq ot yabasından.

Zamanla yanaşı dəyişirdik biz,

Görərdik qaralan, ağaran nədir.

Açardı sevgisin bəzən birimiz,

Seçərdik qızları qızlardan bir-bir.

Necə də itibdir gördüklərimiz,

Başqa cür olmuşuq köhnə yaşıdlar.

Hərdən görüşürük ayaqüstü biz,

Nə qış yada düşür, nə də ki, bahar.

Hərdən itən günlər tutur əllərdən,

Keçmiş xatirələr isidir bizi.

Kövrəlir yaşıdlar, kövrəlirəm mən,

Baxır gözümüzdən sevgimin izi.

Yaşın xəlbirində ələnirik biz,

Simlərin üstündə qırışlar qalır.

Tale yazanlara bələnirik biz,

Ömrün təkərləri salır cırhacır.

Qayıda bilmirik ötən günlərə,

Qayıtmaq doğrusu yada da düşmür.

Qalır uzaqlarda doğma dağ, dərə,

Sayırıq günləri, sayırıq bir-bir...

ÖZÜM DƏ BİLMİRƏM...

Boğuluram problemlər içində,

Bircə əlcə daşa gücüm çatmayır.

Doğuluram problemlər içindən,

Ürəyim, içində günləri sayır.

Baxıram uzaqdan gülüşə həsrət,

Baxıram gözümün ocağı yanır.

Həyat başdan-başa olarmış heyrət,

Nə mən anlayıram, nə həyat anır.

Bölüşə bilmirəm yaxın dostumla,

Onun da qayğısı başından aşır.

Arvad göz ağardır, qışqırır: "mumla"!..

Əllərim sinəmdə çarpaz dolaşır.

Beynimin içini alt-üst edirəm,

Qaranlıq içində işıq tapılmır.

Özüm də bilmirəm hara gedirəm,

Dərdimi oxuyan aşıq tapılmır.

Anımda qırışlar şivən qoparır,

Yaşın töhfəsidir bəlkə də bunlar?

Mələklər əlimdən tutub aparır,

Bəlkə bir yuxudur bütün olanlar?..

Üstümə su tökün qoymayın yanım,

Çoxunun dünyada ümidgahıyam.

Qoymayın ağarsın qızarmış qanım,

Doğan ağrıların mən günahıyam?..

ACI XƏBƏRLƏR

(Yaxşı ki, internet, radio, televizor var indi)

Acı xəbərlərin ardı kəsilmir,

Terroru, terrora calaq ediblər.

Torpaq da titrəyir, torpaq da əsir,

Bugünkü dünyada artıb hədələr.

Söndürmək olmayır odu, alovu,

Oynadır dağları çovğun, zəlzələ.

Çıxıbdır əllərdən atın cilovu,

Böyük ölkələrə qurulur tələ.

Mənim buludlara yazığım gəlir,

Adı yağış olub yağmır göylərdən.

Bağrımın başını yaralar dəlir,

Ağarır kökündən saçlarım dən-dən.

Acı xəbərləri qıra bilmirəm,

Nərgiz çiçəkləri ölür əlimdə.

Gedirik insanlar, hara? Bilmirəm...

Quruyur, qarsıyır sözlər dilimdə.

Şirin xəbərlərin səsi azalıb,

Veribdir yerini şərə, şeytana.

Dəmir qurğuların nəyi azalıb?

Tökülür göylərdən dərd yana-yana...

Görmək istəyirəm dünyanı təmiz,

Gözümün yaşını lalələr silir.

Bu qara illəri necə öpək biz?

Dərdimi dünyada bilənlər bilir...

QONAQ OLDUM...

Məni qonaq çağırdılar Ləngəbizdə,

Doğma kəndin havasıyla uçdu ürək.

Qonaq oldum çiçəklərə, dağa, düzə,

Yamaclarda əllərimdən tutdu külək!

Qayaların kölgəsində bardaş qurdum,

Ocaqların tüstüsünü içdi gözlər.

Mənim üçün nağıl oldu, doğma yurdum,

Qələmimdən yağış kimi yağdı sözlər.

Məst elədi məni qardaş, torpaq ətri,

Lay-lay oldu buludları başım üstə.

Al bir Günəş birləşdirdi Göyü, Yeri,

Süfrəmizdə ayaq açdı badam, püstə...

Sərin sular bulaq olub dilə gəldi,

Dilə gəldi, məndən uzaq günahlarım.

Uzaq idim bu yerlərdən neçə ildi,

Kövrək-kövrək dindi dağlar, əziz yarım.

Qanad verdi uçmaq üçün mənə quşlar,

Dözüm aldı ayaqlarım dolaylardan.

İlham verdi ürəyimə qədim daşlar,

Tale yaman ayırmışdı yarı yardan!..

Gəzdim yurdun güneyini, quzeyini,

Qonaq üçün "Cəngi"sini çaldı bahar.

Bir vaxt burda itirmişdim üzüyümü...

Yadımdadır, onda məni yoldu bahar...

Məni qonaq çağırdılar Ləngəbizə,

Doğma kəndin havasyla uçdu ürək.

Qonaq oldum çiçəklərə, dağa, düzə,

Yamaclarda əllərimdən tutdu külək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az