Qızını və həyat yoldaşını öldürən ata: “Mənim ailəmin əxlaqı və namusu hamıdan üstündür”

Qızını və həyat yoldaşını öldürən ata: “Mənim ailəmin əxlaqı və namusu hamıdan üstündür”

Sevinc - hər bir insana arzulanan və həyatda ən çox ehtiyac duyulan şeydir. Bu səbəbdən ölkəmizdə ailələr dünyaya qız övladı gəldikdə onun adını çox vaxt Sevinc qoyurlar. İki gün öncə isə bu sevinclərdən biri jurnalist həmkarımız Sevincin ölümü bütün Azərbaycanı kədərə boğdu. Sevinclə 4 il bir qrupda – BDU Jurnalistika fakültəsində təhsil almışıq. Sevinc bəlkə də yeganə insanlardan idi ki, kədərli, qəmli olanda da, hər zaman gülürdü, üzündən heç zaman Sevinc əskik olmurdu. Onun haqda keçmiş zamanda yazmaq çox çətindir və bu səbəbdən dostumuz haqda yazı yazmaq da istəmirdim. Çünki heç bir söz, heç bir təsəlli onu bizə qaytarmayacaq. Amma çox təəssüf ki, dünən sosial şəbəkələrdə və saytlarda oxuduğum bəzi şərhlər məni bu yazını yazmağa məcbur etdi.

Çox təəssüf ki, bizim ölkədə öldürülən hər bir qadının arxasına qısqanclıq və xəyanət yazılır. İnsanlar məsələnin təfərrüatlarına varmadan, xəbəri oxumadan artıq şərh yazırlar. Dünən bu şərhlər jurnalist həmkarımız Sevincdən də yan ötmədi. Elə bu səbəbdən istərdim ki, Sevincin və anasının qətli ilə bağlı bir neçə kəlmə yazım.
İlk olaraq qeyd edim ki, hadisə 2 gün öncə səhər saatlarında baş verib. Mərdəkan qəsəbəsi Qardaşxan Aslanov küçəsi dalan 3 ünvanında yaşayan 1949-cu il təvəllüdlü Mənsim Mənsimov həyat yoldaşı 1963-cü il təvəllüdlü Zemfira Mənsimova və qızı 1990-cı il təvəllüdlü Sevinc Mənsimlini baltalayaraq qətlə yetirib. Daha sonra isə 63 yaşlı Mənsim Mənsimov özünü asıb.
Dünən Zərdab rayonunda ailə üzvləri ilə söhbət zamanı hadisənin səbəbini öyrənə bildim. Özünü asan Mənsim Mənsimov neçə illər imiş ki, şizofreniya xəstəliyindən əziyyət çəkirmiş. Bilməyənlər üçün deyim ki, bu xəstələrdə ətrafa, cəmiyyətə, insanlara maraq azalır. Şizofrenik xəstələr tənha yaşamağa, fikirləri ilə baş-başa qalmağa can atırlar. Çox vaxt heç kimlə danışmırlar amma bəzən bu insanların yaxınlarına olan marağı daha da artır.
Qohumlarının dediyinə görə, atanın da son günlər ailə üzvlərinə qarşı marağı artıbmış. Belə ki, o bir gün öncə ərdə olan qızını və qızının həyat yoldaşını evlərinə dəvət edibmiş. Amma bu maraqda pis niyyət gizlənirmiş.
O həyat yoldaşı və 21 yaşlı qızıyla bərabər digər qızıyla kürəkənini də öldürməyi planlaşdırıb. Ancaq onlar həmin gün ata evində qalmayıblar və bununla ölümdən yaxa qurtarıblar.
Sevincin bacısı Aytən bu haqda deyir:
"Atam evdə heç kəsi dindirmirdi. Sanki bizdən ayrı bir həyatı var idi. Mən avqust ayında ailə həyatı qurduqdan sonra, anam onun vəziyyətinin daha da ağırlaşdığını və dözülməz hala gəldiyini söyləyirdi.
Hətta atam anama tez-tez deyibmiş ki, Aytənin toyunda elə bir hadisə törədəcəyəm ki, bunu bütün Azərbaycan biləcək. Onun əslində planında təkcə Sevinclə anamı öldürmək olmayıb. O, məni və yoldaşımı da öldürmək istəyirmiş. Bunu indi anlayıram.
Çünki həmin gecə mən onlarda qalmalı idim. Sadəcə yoldaşım özünü pis hiss etdiyini dedi və biz evə getdik. Atam isə bizi evə aparmaq istəmirdi. Təkidlə onlarda qalmağımızı istəyirdi".
Bu günün səhəri isə ata qızını və həyat yoldaşını yatan yerdə baltalayıb. Cinayəti törətdikdən sonra isə Sevincin dayısına zəng edərək deyib:
"Bacını və bacın qızını öldürdüm. Gəlib, onları apara bilərsiz".
Bundan sonra isə o məktub yazıb. Qızı bu haqda deyir:
"Anamla, bacımı öldürdükdən sonra o məktubunda yazıb ki, mənim ailəm əxlaqına və namusuna görə hamıdan üstündür. Bundan başqa 20 il öncə olan hadisələr barəsində xatirəsini yazıb. Sonra isə kömürlə divara bir iki şeir yazıb və hamama gedib. Yuyunub çıxdıqdan sonra yeni almış kostyumunu geyinib və dayıma zəng edib deyib ki, gəl bacınla, bacın qızını götür, onları öldürmüşəm. Daha sonra telefonları söndürüb və özünü asıb".
Sevincin bacısı Aytən deyir ki, mərhumun ən böyük arzusu gəlinlik geyinmək idi:
"Mənim o gözəl bacımı necə qıydılar axı? Axı, onun günahı nə idi? Bir ata öz qızını necə baltalaya bilər axı? Mən bundan sonra nə üçün və kimin üçün yaşayım.
Səhər saatlarında namaz üstündə olduğum dəqiqələrdə atam anam və bacımı baltalayır, həyatda bundan böyük acı ola bilməz. Bacım Sevincin ən böyük arzusu gəlinlik paltarı geyinmək idi. Bu gün isə onu kəfənlə yola saldım. O həyatında nə olurdusa hər şeyi mənə danışırdı. Hətta Yeni İldə iş yoldaşlarıyla birgə Gürcüstana getmək istəyirdi. Bunun üçün özünə yeni paltarlar da almışdı. İşini çox sevirdi, həyatı çox sevirdi".
Bax belə. 4 il üzünü gördüyün, bir parta arxasında əyləşdiyin bir insanın faciəsini qələmə almaq qədər acılı və kədərli heç nə ola bilməz. Yazımı Sevincin ən yaxın rəfiqəsi olan Çinarənin sözləri ilə bitirmək istərdim:
"Mələyim, bu sənin üçün yazdığım son sözlərdir. Kimlər üçünsə heç bir mənası olmayan sözlər və hərflər çoxluğu... Amma sənə bərk-bərk yapışdığım son şəkli xatırlayıram, bir qoluna mən, bir qoluna isə dünyalar qədər sevdiyin insan girmişdi, bərk-bərk yapışmışdıq səndən. Həqiqətən bu günə qədər yaşadığım ən böyük faciədir bu. Hamı gülür, hamı öz halındadır. Amma sənin öldürüldüyün o çarpayı mənim ağlımdan çıxmır, ilk dəfə sizə gələndə bax mənim "kravat"ım budur, üstündəki yaşıl örtüyü də öz zövqümlə almışam demişdin. Mən də çəhrayı rəngi sevirdim deyə, dedim gərək çəhrayı alardın, "pink" olardı kravatın. Sən o çox sevdiyin, bəh-bəhlə danışdığın örtüklü kravatında yatarkən baltalandın, həm də bu qədər xəyalların varkən..."
Hacıbəy Heydərli
O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az