QEYRİ-ADİ FAKT
Bildiyiniz kimi, II Dünya müharibəsi rəsmən 1945-ci ilin 9 may günündə bitib. Doğrudur, Sovet qoşunları Yaponiya ilə 1946-cı ilədək vuruşublar. Lakin faşizmin kapitulyasiyası məhz 1945-ci ilin yazına təsadüf edir. Bununla belə, Vermaxtın desantçıları 50-ci illərin ortalarına qədər döyüşüblər. Bəli, səhv duymadınız. O Vermaxtın ki, faşist Almaniyasının ən güclü hərbçilərindən sayılırdı.
QEYRİ-ADİ ÇIXIŞ YOLU
Ötən əsrin 50-ci illərinin əvvəllərində Fransa imperiyası dağılmağa başladı. İlk olaraq, Vyetnam partizanları ayağa qalxdılar. Onlar işğalçı orduya bir neçə güclü zərbələr endirdilər. Ümumiyyətlə, II Dünya Müharibəsindən sonra SSRİ və Çin vyetnamlıları silah-sursatla təmin etməyə başlamışdılar. Məqsəd 1858-ci ildən Fransanın tərkibində olan Vyetnamı azad etmək idi. Uzaq şərqin azadlıq fədailəri tezliklə etimadı doğrultdular. Bir-birinin ardınca iri rayonlar işğaldan azad olundu. Fransa Ekspedisiya Korpusu adlanan ordu dalbadal sarsıdıcı zərbələrə tuş gəldi. Belə ki, silah-sursatla bərabər təcrübəli əsgərlərin çatışmazlığı da kəskin surətdə özünü göstərirdi. Bu, onunla əlaqədar idi ki, Fransa iri ordu kontingentini Əlcəzairdə, Yaxın Şərqdə və qərbi Afrikada saxlamaq məcburiyyətində qalmışdı. Çünki oralarda da işğalçı qoşunlara qarşı qiyam baş qaldırmışdı.
Məhz bu çətin anda hərbi kəşfiyyatın rəisi general Rene Plevenin ağlına qəribə fikir gəldi. O, böyük təcrübəyə malik olan köhnə alman əsgərlərini döyüşlərə cəlb etməyi qərara aldı. Rene Pleven deyirdi: "Almanların qüvvəsindən istifadə etsək, biz evi və bəzi mebelləri xilas edə bilərik." Ev və mebel dedikdə, o, nəzarətdə olan əraziləri, oranın təbii sərvətlərini nəzərdə tuturdu.
KƏMİYYƏT KEYFİYYƏT DEMƏK DEYİL
Ümumiyyətlə, Hitlerin hərbi hava qüvvələri (HHQ) Avropada ən güclü qoşun növü sayılırdı. Bir faktı nəzərinizə çatdırmaq istərdik. Hələ 1941-ci ilin mayında Almaniyanın HHQ-i qarşısında belə bir vəzifə qoyulmuşdu, nə yolla olursa olsun, Krit adasını işğal etmək. Döyüşlərə 35000 peşəkar desant cəlb olundu. Adanı müdafiə edən 42500 nəfərlik İngilis-Yunan qoşunları gözlənilməz zərbə qarşısında aciz qaldılar. Belə ki, müxtəlif yerlərə atılan desantlar tezliklə magistral yolları və aerodromu nəzarətə aldılar. Bundan sonra döyüş zonasına təyyarələrlə atıcılar gətirildilər. Nəticədə, müdafiəçilər mühasirəyə alınaraq, darmadağın oldular. İngilislər 15000 nəfər, yunanlar isə 14000 nəfər itki verdilər. Almanlarınsa itkisi cəmi-cümlətanı 6600 canlı qüvvə və 200 təyyarə oldu. Halbuki, faşistlər rəqiblərindən sayca və texnikanın miqdarına görə xeyli az idilər. Buna baxmayaraq, peşəkarlar öz sözlərini dedilər. Bu döyüşdən sonra Almaniya HHQ-i Narvik, Monte-Kassino və Arnemdə də uğurlu əməliyyatlar apardılar. Tezliklə bu qoşun növünün məğlubedilməzliyi haqda rəqiblərdə fikir yarandı. 1945-ci ildə faşist Almaniyası süqut etdi. Hərbi Hava Qüvvələrinin sağ qalmış heyəti tamlıqla əsir düşdü. 1950-ci ildə Almaniya Federativ Dövlətinin yaranması ilə hər kəs azadlığa buraxıldı. Peşəkar desantçılar başqa işlərlə məşğul olmaq məcburiyyətində qaldılar.
VERBOVKA - ÖZ TƏRƏFİNƏ ÇƏKMƏ
50-ci illərin əvvəllərində Almaniyada iqtisadi vəziyyət ürəkaçan deyildi. İnsanlar bir qarın çörəyi güclə tapırdılar. Bəziləri isə ona da möhtac qalmışdılar. Qonşu ölkədə vəziyyətin gərgin olmasından istifadə edən Fransa kəşfiyyatı köhnə alman əsgərlərini öz tərəfinə çəkməyə başladı. Razılaşmayanlar şantaj edildilər. Son nəticədə, 5000 nəfər desant Fransa legionuna cəlb olundu. Bu adamlar II Dünya Müharibəsi adlı çətin sınaqdan keçmiş 30-35 yaşlı peşəkarlar idilər.
ARDICIL UĞURLAR
Üç ay təlimdən sonra Alman əsgərlərinə Fransa qoşunlarının paltarlarını geyindirdilər. Lakin onları özlərinin bələd olduğu Alman silahları ilə təchiz etdilər. Bu, məşhur "Şmayser" avtomatları və "MQ-42" pulemyotları idi. Muzdluların qarşısına şimali Vyetnamda kiçik bir yeri işğal etmək və oradan ətrafa yayılmaq məqsədi qoyulmuşdu. 1954-cü ilin 13 mart günü onlar Dyenbyenfu şəhərciyinə atıldılar. Qısa müddətə mərkəzi yolları nəzarət altına alıb, hərbi düşərgə yaratdılar. Düşərgə 49 hərbi bazadan və "Şimal", "Mərkəz", "Cənub" adlı sektorlardan təşkil olunmuşdu. Hər sektor bir hissəsini nəzarət altında saxlayırdı. Demək olar ki, Vyetnam partizanlarının bir-biri ilə əlaqələri kəsilmişdi. Vəziyyət bu cür davam edə bilməzdi. Fransa qoşunlarının ardıcıl uğurundan qəzəblənən SSRİ və Çin Xalq Respublikası Vyetnam kommunistlərinə fəal kömək etməyə başladılar. Partizanlar həmin ölkələrin ərazisində hərbi təlimlərə cəlb olundu. Onlara ən müasir silahlarla rəftar etmək öyrədildi. Əks hücum planı təcrübəli generallar tərəfindən hazırlandı.
"QARIŞQA YUVASI"
Vyetnamın coğrafiyası ilə az-çox tanış olanlar bilirlər ki, orada çoxsaylı zirzəmi-tunellər var. Bu tunellərin girişi çox kiçik olduğundan ora yalnız balacaboy vyetnamlılar yerləşə bilir. Həmin yeraltı keçidlər iki və ya üç mərtəbədən ibarət zirzəmilərə açılır. Vyetnamlılar orada istirahət edir və növbəti hücuma hazırlaşırdılar. Onu da qeyd edək ki, bu tunellərin üzəri yarpaqlarla örtüldüyündən onların varlığını ayırd etmək mümkün deyil. Bu isə düşmənin arxasına keçmək və ona gözlənilməz zərbə vurmaq imkanı yaradır. Yeri gəlmişkən, çox sonralar vyetnamlılar ABŞ-la müharibədə də həmin tunellərdən istifadə edərək, qələbə qazanacaqdılar. Göründüyü kimi, partizanlar yüzlərlə kilometr ərazini yerin altı ilə qət etmək imkanına malik idilər. Başqa sözlə desək, işğalçılar onları mühasirəyə alır, onlarsa qəflətən yoxa çıxaraq, arxadan zərbələr endirirdilər. Məhz bu amil fransızlarla müharibədə onların köməyinə çatdı. 65 gün ərzində əks hücum planı həyata keçirildi. Gözlənilməz zərbələrdən özünü itirən muzdluların köməyinə 11000 nəfərlik Fransa əsgəri gəlsə də, vyetnamlılar onları məğlub edə bildilər. Əvvəlcə "Şimal" sektoru nəzarət altına alındı. Hava dəhlizi tutuldu. İşğalçılar hərbi sursatın və ərzağın təminatından məhrum oldular. Daha sonra "Mərkəz" sektoru darmadağın edildi. Fransızlar döyüş yerini tərk edərək, "Cənub" sektorunu qoruyan almanları zərbə altında qoydular. Nəticədə, muzdlular mühasirəyə alındılar. Onlar nə qədər müqavimət göstərsələr də, ərzaq və texnika qıtlığı tezliklə öz sözünü dedi.
YENİDƏN ƏSİRLİK HƏYATI
Yenidən əsirlik həyatını yaşamalı olan almanlar işgəncələrə məruz qaldılar. Vyetnam dövləti onları o biri əsirlərlə dəyişməkdən imtina etdi. Belə ki, almanlar muzdlu qatillər sayılırdı. Onların bir qismi kommunist ideologiyası ilə razılaşıb, Federativ Almaniyaya deyil, Almaniya Demokratik Respublikasına qayıtdı. Nəzərinizə çatdıraq ki, bu dövlət də SSRİ-nin nəzarəti altında idi və sosialist quruluşu ilə idarə olunurdu. Yerdə qalan əsirlərsə yalnız 1956-cı ildə azadlığa buraxıldılar. Deyilənə görə, bu işdə onlara şəxsən SSRİ rəhbəri Nikita Xruşov kömək etmişdi. O, hər dəfə siyasi görüşlər ərəfəsində kansler Adenauerə "hədiyyələr" etməyi xoşlayırdı. Bunun müqabilində isə əks tərəf SSRİ-dən küllü miqdarda ərzaq almaq haqda sazişlərə imza atırdı.
SON SÖZ ƏVƏZİ:
Almanların şücaəti bununla bitmir. Bu millətin nümayəndələri nə qədər soyuqqanlı və qəddar görünsələr də, dəqiqliyi sevirlər. Onlar qarşılarına qoyulan tapşırığı canla-başla icra etməyi xoşlayırlar. Məhz bunun nəticəsidir ki, Almaniya Federativ Dövləti qısa müddət ərzində inkişaf edib, ən qabaqcıl ölkələr sırasına daxil oldu. Gəlin biz də onların təcrübəsindən istifadə edək. Hansı işdə çalışmağımızdan asılı olmayaraq, öz peşəmizi sevək. Hər zaman dəqiq və zəhmətkeş olaq. İnanın ki, bu halda uğur qaçılmazdır, istər Qarabağ məsələsində, istərsə də digər sahələrdə.
Mayıl İsmayılov
O.M.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































