Dünya möcüzələrlə doludur. Onlardan biri də Orta Asiyada yerləşən "İblis" quyusudur. Fərqanə vadisinin cənubunda yerləşən bu quyu ağzınacan su ilə doludur. O, ilk baxışdan qeyri-adi görkəmə malik olmasa da, yerli əhalinin və şahidlərin ifadələrinə görə, möcüzələr törətməklə məşğuldur. Belə ki, quyuya düşən hər bir əşya, hətta kibrit çöpü də sürətlə suyun dibinə dartılaraq, yoxa çıxır. "İblis" quyusu Türküstan dağ silsiləsinin çökəyində yerləşir. Təxminən 120 metr hündürlükdə yerləşən sıldırımdan aşağı baxdıqda, ilk əvvəl Ağsu gölünü görmək olar. Bu gölün ətrafında 100 evlik "Ağ Leylək" adlı yaşayış məntəqəsi var. Yerli əhali öz kəndlərini iri çay daşları ilə mühasirəyə alıblar. İlk baxışdan hər şey adi görünsə də, məsələnin dərinliyinə vardıqda, bunun məcburi addım olduğunu anlayırsan. Başqa sözlə desək, Ağ Leylək camaatı özünü "İblis" quyusundan təcrid etməyə çalışır. Belə ki, kəndin arxasında yerləşən bu quyu indiyədək minlərlə adamın qeybə çəkilməsinə səbəb olub. Yerli əhalinin etirafına görə, qədim zamanlarda intihara cəhd göstərən adamlar ora gedib, özlərini suya atırdılar. Bununla da ömürlük dərinliklərə qərq olurdular. Göründüyü kimi, "İblis" quyusu ağuşuna atılmış hər bir şeyi udmağa qadirdir. Bu səbəbdən insanlar nəinki ona yaxınlaşmağa, həmin quyunun adını belə çəkməyə ehtiyat edirlər. Çünki "İblis" qızışanda hətta ətrafdakı daşları da özünə tərəf çəkib, yoxa çıxara bilir. Kəndin sürüsünün kütləvi surətdə qeyb olmasını da onunla bağlayırlar. Belə ki, nəzarətdən kənarda qalan heyvanlar sanki şeytanın çağırışı ilə "İblis" quyusuna doğru gedib, özlərini suya atırlar. Çobansa onların ardınca getməyə cürət etmədiyi üçün daşın arxasına keçmiş heyvanları taleyin ixtiyarına buraxmaq məcburiyyətində qalır. Şahidlərin dediyinə görə, bəzən "İblis" quyusunun üzərində gül dəstələri görünür. Üzə çıxmış bu güllər yaxın ərazilərdə bitmədiyi üçün hadisəni şeytan əməli ilə bağlayırlar. Başqa sözlə desək, "İblis" qurbanlarını özünə cəlb etmək üçün onlara tələ qurur. Çox vaxt bu tələyə kəndə gəlmiş qonaqlar və ya körpə uşaqlar düşür. Onlar təhlükədən xəbərsiz olduqları üçün gülü götürməyə cəhd göstərirlər. Bu zaman "İblis" onları udur.
Sovet dövründə diqqətdən kənarda qalan fenomen son zamanlar alimlərin marağına səbəb olmuşdur. Faktı araşdıran ABŞ-ın "Qeyri-adi hadisələr üzrə elmi mərkəzi"nin vitse-prezidenti Stiven Makkenli bunları söyləmişdir: "Biz oraya yeddi nəfərlik ekspedisiya qrupu ilə gəlmişdik. Aramızda seysmoloqlar, astroloqlar, geoloqlar və həkimlər var idi. Yüksək təcrübəyə malik olan bu alimlər "İblis" quyusunun adi bir göl olduğunu zənn edirdilər. Lakin birinci təcrübə göstərdi ki, bu belə deyil. Biz quyunun ətrafında toplaşmışdıq. Su nədənsə qara rəngdə idi. Əvvəlcə mən əlimdəki kişmiş dənəsini ora atdım. O, bir neçə saniyə üzdə qalsa da, gözlənilmədən ətrafında burulğan yarandı və kişmiş bir göz qırpımında aşağı dartıldı. Dərhal exolotu (dərinliyi ölçən cihazı) zəncirə bağlayıb, suya buraxdıq. O da geri qayıtmadı. Halbuki, zəncirin digər ucunu yoğun bir ağaca bağlamışdıq. Burulğan yaranan zaman zəncir dartılmağa başladı. Ağac yerindən oynadı. Nəticədə, zəncir qırıldı və exolot suya qərq oldu. Bununla da dərinliyi ölçmək cəhdimiz boşa çıxdı. Daha sonra yerin təkinə ultrabənövşəyi şüalar göndərdik. Təcrübəmiz heç bir nəticə vermədi. Belə ki, quru ərazidən suyun təkini müəyyən etmək mümkün olmadı. Səhəri gün növbəti təcrübəni həyata keçirdik. Qaldırıcı kranın köməyi ilə cihazı havaya qaldırıb, oradan suyun dibinə şüa buraxdıq. Bayaqdan durğun olan "İblis" gölünün suları bunu hiss edirmiş kimi, bir növ qaynamağa başladı. Həmkarlarımdan bir neçəsi qorxuya düşərək, təcrübəni yarımçıq saxlamağı təklif etdi. Belə ki, göl sözün həqiqi mənasında qızışmışdı. Sanki sirrini heç kimə vermək istəmirdi. Böyük sürətlə yırğalanan suyun səsi ətrafdakı daşlarda əks-səda verərək, vahiməli səslər çıxarırdı. Buna baxmayaraq, təcrübəni davam etdirdik. Diametri üç metrdən artıq olan gölün hər tərəfini yoxladıq. Suyun dərinliyi çox yerdə eyni olsa da, mərkəzdə kəskin surətdə dəyişirdi. Elə bil ortalıqda yer aralanır və quyu daha dərin bir su hövzəsinə açılırdı. Məhz burulğanının yaranmasına da səbəb bu idi. Lakin nə qədər çalışsaq da, aşağı qatdakı suyun dərinliyini və diametrini ölçə bilmədik. Buna quyunun şıltaqlığı imkan vermədi. Daha dəqiq desək, havaya qalxan su maqnit tək cihazı özünə çəkərək, yerindən qopardı. Əldə etdiyimiz məlumatlarla kifayətlənib, təcrübəmizi yarımçıq kəsməli olduq."
Amerikalı alimlərin açıqlamaları bütün elm aləmini dəhşətə gətirdi. Bu barədə İngiltərənin "The Times" qəzetinin 2005-ci il avqust sayında belə yazılırdı: "Təbiətdə möcüzəvi heç nə ola bilməz. Mövcud faktı yalnız süxurların yerdəyişməsi nəticəsində yer təkinin aralanması ilə izah etmək lazımdır. "İblis" quyusunun yerləşdiyi ərazi də seysmik cəhətdən aktiv zona sayılır, yəni orada tez-tez zəlzələlər baş verir. Məhz buna görə də yerin təkində çatlar və yarıqlar yaranır. O ki qaldı burulğana, bunu suyun dibindəki təzyiq fərqi ilə izah etmək olar."
Həmin məqalədə məsələyə müəyyən qədər aydınlıq gətirilsə də, bəzi suallar cavabsız olaraq qalmaqdadır. Məsələn, alimlər heç cür aydınlaşdıra bilmirlər ki, "İblis" gölünün dərinliyindəki yarıq hansı gölə açılır? Əgər ikinci qatda yeraltı göl varsa, o, hara tökülür? Axı itmiş əşyalar və ya canlılar yeraltı su yolları vasitəsilə hansısa su hövzəsinə tökülməli idilər? Digər tərəfdən, üzə çıxan gül dəstələri haradan bu su kanalına düşür və niyə təravətini itirməmiş olur? Axı həmin güllər yaxın min kilometr həndəvərindəki heç bir ərazidə yetişmir? Suallar çoxdur, cavablarsa hələ axtarılır. Hal-hazırda təkcə o, məlumdur ki, dünyada Bermud üçbucağı kimi sirli ərazilər vardır. Onlardan biri də "İblis" quyusudur. Digəri isə Nevada ştatındakı qoruqların birində yerləşən başqa göldür. Bu adsız göldə də qeyri-adi hadisələr baş verir. Oranın suları da ağuşuna aldığı hər şeyi udur. Doğrudur, bu ərazi dövlət nəzarətində olduğundan mümkün təhlükələrin qarşısı alınıb. Daha dəqiq desək, gölü seyr etməyə gələn turistlər üçün xüsusi yerlər ayrılıb. Bu yerlər suların şıltaqlıq dairəsindən xeyli aralıda yerləşir. Ona görə də xoşagəlməz hallar müşayiət olunmur. Digər tərəfdən, gölə yalnız xüsusi hazırlıq görmüş mütəxəssislər yaxınlaşır və möcüzəvi yoxolmalar onların iştirakı ilə baş verir. Başqa sözlə, yalnız onlar əllərindəki əşyaları suya ataraq, gölün fövqəladə bacarığını insanlara nümayiş etdirmiş olurlar. Qəribəsi odur ki, zaman-zaman gölün səthində iri çay daşlarına rast gəlinir. Alimlər əmindirlər ki, gözlənilmədən üzə çıxan bu daşlar Orta Asiya təbiətinin bir nümunəsidir. Onda belə bir sual ortalığa çıxır, bəlkə "İblis" quyusu ilə Nevadadakı gölün arasında yeraltı əlaqə vardır? Elm hələlik bu sual qarşısında aciz qalsa da, mistik mövzuları araşdıran mütəxəssislər buna tam əmindirlər. Məsələn, "Paranormal hadisələr institutu"nun professoru Ceyk Stolbekin iddialarına görə, Yerdə Mələklər olduğu kimi İblislər də mövcuddur. Sadəcə, biz onları gözlə görə bilmirik. İnsanları dəhşətə gətirən sirli göllər İblislərin daimi məskənidir.
SON SÖZ ƏVƏZİ:
Dünya başdan-başa möcüzədir. Bu möcüzələrin ən böyüyü isə insanın özüdür. O insan ki, Tanrının hökmü ilə məhəbbətdən yaranıb. Gəlin kainatın və onun möcüzələrinin yaradıcısı olan Ulu Yaradana tapınaq. Onda O da biz insanları gözəl möcüzələri ilə sevindirər. Məgər yaşamaq, sağlam cana, ruzi-bərəkətə malik olmaq, sevib-sevilmək Tanrının bizlərə bəxş etdiyi möcüzə deyilmi?! Şükür məsləhətinə!
Könül Aypara
O.M.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































