Mediainfo.az məşhur kəşfiyyatçı Kim Filbi haqqında yazını təqdim edir
Indi də onun adı çəkiləndə Böyük Britaniyada çoxları başını aşağı salır. Çünki o, bir vaxtlar doğma vətəni olan Böyük Britaniyaya qarşı bu ölkə tarixində heç vaxt görünməyən bir xəyanətə əl atıb. Daha deqiq desək, o, doğma vətənini ruslara sataraq, ingilislərə zərbələr vurub. Amma o,ölkəsinə xəyanət etsə də, adını dünyanın ən məşhur kəşfiyyatyyatçılarından biri kimi tarixə salıb. Əslində o, Ceyms
Bondun qəhrəmanlığını başqa müstəvidə davam etdirib. Onun haqqında danışarkən : "O, nadir kəşfiyyatçılardandır və onun qədər gizli məlumatları məharətlə əldə edən bir kəşfiyyatçı tapmaq çətindir. O, anadangəlmə kəşfıyyatçıdır," - deyirlər. Söhbət
bir vaxtlar ingilis kəşfiyyatını barmağına dolayaraq, 35 il ərzində Moskvaya Londonun ən gizli məlumatlarını ötürməyi bacaran Kim Filbidən gedir.
Kim Filbi 1912-ci il yanvar ayının 1-də Hindistanda anadan olub. Onun atası Böyük Britaniyanın Hindistandakı mülki xidmət idarəsinin əməkdaşlarından biri və ərəb tarixinin, ərəb dünyasının ən mahir bilicilərindən biri sayılırdı. 1929-cü ilde Filbi Kembricdəki Trini kollecinə daxil olur. O vaxt bütün tələbələr, demək olar marksizmlə maraqlanır və onu gizlincə öyrənirdilər. Filbi də tələbə ikən marksizmlə tanış olur və tezliklə bu ideyanın təbliğatçısına çevrilir. Bele güman etmək olar ki, o elə o vaxtdan da dostları Q. Bercess, D. Makinlə birlikdə sovet kəşfiyyatı tərəfindən ələ alınır. Sonralar Filbi xatırlayırdı ki, o, tərəddüd etmədən sovet kəşfiyyatina işləməyə razılıq vermiş bunun da səbəbini dünyada ilk dəfə haqq və ədaləti müdafiə edən SSRİ-yə yardım etmək istəyilə əlaqələndirmişdi. Sovet kəşfiyyatının tapşıırığına əsasən o, 1933- cü Avropa ölkələrinə səyahətə çıxır. Burada isə o özü bilmədən heç vaxt xilas ola bilməyəcəyi bir tora düşür. SSRİ kəşfiyyatı Filbini əldə saxlamaq niyyətilə onu özünün casus qadınlarından biri olan alman kommunist Alisa Fridlə tanış edir. Bu "təsadü"fi tanışlıq sonralar alovlu bir məhəbbətə çevrilir və onlar evlənirlər. Bir müddət həyat yoldaşından ayrıla bilməyən Filbi sovet kəşfiyyatının tapşırığı ilə Avstriya və Macarıstan arasında kuryer fəaliyyətini həyata keçirir. Amma artıq onun belə bir vəzifədə işləməsi sovet kəşfiyyatını razı salmırdı. Moskvaya Londonda mühüm tapşırıqları yerinə yetirməyə qadir olan bir kəşfiyyatçı lazım idi. Çünki həmin dövrdə Avropada bir sıra mühüm hadisələr baş verirdi. Hitlerin hakimiyyətə gəlməsindən sonra Avropada vəziyyət gərginləşməyə başlamışdı. Hitlerin atdığı addımlara qarşı Londonun hansı qərarlar qəbul edəcəyini bilmək və bundan vaxtında xəbər tutmaq Moskva üçün xüsusi əhəmiyyət kəsb etməyə başlamışdı. Ona görə də Moskva xüsusi tapşırıqla Filbini Londona göndərdi. Ona ingilis kəşfiyyatı sıralarına daxil olmaq və baş verən hadisələr barədə Moskvaya müntəzəm məlumat vermək tapşırılmışdı. İngiltərəyə qayıdan Filbi, əvvəlcə, liberal baxışları ilə tanınan "Revyu of revyus" jurnalının redaktoru vəzifəsində işləyir. Sonra isə o, "İngilis-alman qardaşlığı" cəmiyyətinin tapşırığı ilə SSRİ haqqında gizli informasiyalar toplamağa başlayır. Qeyd edək ki, adı çəkilən cəmiyyət Hitler Almaniyası ilə dostluğun və xoş münasibətlər qurmağın tərəfdarı idi və bu ideyaları da
əhali arasında təbliğ edirdi. İspaniyada baş verən vətəndaş müharibəsi zamanı Filbi "Tayms" qəzetinin müxbiri kimi general Frankonun qərargahında işləyir. 1940-ci ildə Filbi, nəhayət, sovet kəşfiyyatının onun qarşısına qoyduğu mühüm bir vəzifəni həyata
keçirməyi bacarır. O, dostu Bercessin köməyi ilə İngiltərənin məşhur kəşfiyyat orqanı olan SİS-də işə düzəlir. Ona kəşfiyyat idarəsinin Pireneydəki əks-kəşfiyyat xidmətinə rəhbərlik etmək tapşırılır. Həmin dövtdə o, bu vəzifədə Moskvanın ən mühüm tapşırıqlarından birini yerinə yetirir. Moskvadan aldığı təlimata əsasən, Filbi Polşanın mühacirətdə olan hökumətinin baş naziri, general Sikorskiyə qarşı terror əməliyyatını həyata keçirir. O, Sikorskinin mindiyi təyyarəyə partladıcı qurğu yerləşdirir. Nəticədə, təyyarə havada partlayaraq Hibraltar körfəzinə düşür və general Sikorski həlak olur. Amma bu işə görə ondan şübhələnən olmur. 1944-cü ildə Filbi Mİ-6-da (ingilis əks-kəşfiyyatı) sovet kəşfiyyatına qarşı mübarizə şöbəsinə rəhbərlik etməyə başlayır. Beləliklə o, ingilislərin məqsədləri və ən gizli planları barədə Moskvaya daha operativ məlumat verməyə imkan tapır. Ancaq bu vəzifədə işlədiyi ilk illərdə o az qala ifşa olunacaqdı. Belə ki, Filbi İstanbulda İngiltərə səfirliyinə pənah gətirən və Londondan sığınacaq istəyən sovet kəşfiyyatçısı Volkovu dindirmək üçün Türkiyəyə gedir. Sovet əks-kəşfiyyatı dərhal bundan istifadə edərək, Filbinin vasitəsilə Volkovu qaçırır. Əvvəlcə, ingilis kəşfiyyatı bu işdə Filbidən şübhələnir, amma onu bu işdə günahlandırmaq üçün fakt ortaya qoya bilmirlər. Nəticədə, təhlükə Filbidən sovuşur. 1947-ci ildə Filbi İstanbuldakı Böyük Britaniya səfirliyinin birinci katibi təyin edilir. O, burada Türkiyədəki ABŞ hərbi bazaları barədə Moskvaya bir-birinin ardınca 100-ə yaxın gizli informasiya göndərir. Həmin məlumatlar o qədər əhəmiyyətli idi ki, hətta onları Stalin şəxsən özü oxuyurdu. İki ildən sonra Filbini Vaşinqtona göndərdilər. O, ABŞ və Böyük Britaniya kəşfiyyatçıları arasında qarşılıqlı əlaqəni təmin etməli idi. Tezliklə Vaşinqtona Filbinin silahdaşı və casus dostu Bercess də gəldi. O, ingilis səfirliyinin ikinci katibi təyin edilmişdi. Bercess həm də jurnalistika fəaliyyətilə məşğul olurdu. Müharibənin əvvəllərində o da Filbi kimi ingilis kəşfiyyatında işə cəlb edilmişdi. Sonra isə onu Xarici İşlər Nazirliyinə işləməyə göndərdilər. O, burada xüsusi təyinatlı şöbədə işlədi. Bu vəzifədə özünü göstərə bildiyi üçün onu bu dəfə Vaşinqtona səfirliyin ikinci katibi vəzifəsində işə göndərdilər. 1951-ci ilin əvvəllərində Filbiyə məlum oldu ki, ifşa edilən sovet kəşfiyyatçılarının əlaqələrini araşdıran ingilis və amerikan kəşfiyyatı Bercess və Maklini nəzarət altına götürüblər. O dərhal bu barədə Maklinə və Bercessə məlumat verdi. Bercess isə şübhədən yaxa qurtarmaq məqsədilə bir neçə dəfə bilərəkdən yol hərəkəti qaydalarını pozur. Nəticədə, onu geriyə – İngiltərəyə göndərirlər. O, burada Maklinlə qaçmaq barədə plan hazırlayır. 1951- ci il may ayının 25-də Bercess və Maklin Parisə gəlirlər və buradan Praqaya, oradan da Moskvaya qaçırlar. Bu qaçış Londonda böyük əks-sədaya səbəb olur. Bu dəfə də Filbidən dərhal şübhələnirlər. Çünki Filbi onların hər ikisi ilə yaxından dost idi və onların izlənməsi barədə məlumata malik olan bir neçə adamdan biri idi. Filbini işində yol verdiyi nöqsanlara görə dərhal geriyə -Londona göndərirlər. Lakin burada onun günahını sübuta yetirmək mümkün olmur. Çünki ingilis kəşfiyyatının əlində məsələ ilə bağlı tutarlı fakt yox idi. Buna baxmayaraq, Filbini kəşfiyyatdan xaric edirlər və o bir müddət Beyrutdakı qəzetin müxbiri vəzifəsində işləməli olur.
1954-cü ildə sovet kəşfiyyatçısı V. Petrov gizli sənədlərlə Londona qaçır. O, ingilis kəşfiyyatına məlumat verir ki, Filbini bir neçə dəfə Maklin və Bercesslə bir yerdə görüb və onlara gizli məlumat olan qovluq verib. Buna cavab olaraq, Bercess və Maklin Moskvada mətbuat konfransı keçirərək bəyan edirlər ki, onlar SSRİ-yə marksizm ideyalarına sadiq olduqları üçün qaçıblar. 1962-ci ilin sonlarında daha bir sovet kəşfiyyatçısı Qolitsin Londona qaçdı. Qolitsinin gətirdiyi gizli sənədlərdə Filbinin sovet kəşfiyyatına işləməsi barədə bəzi faktar var idi və bütün bunlar onun artıq həbs edilməsi üçün yetərli idi. Onu ingilis kəşfiyyatı dərhal Beyrutda sorğu-suala tutur. İstintaq zamanı Filbi bəzi faktlar barədə məlumat verir və iddia edir ki, bunlarda gizli elementlər yoxdur. Amma o, SSRİ kəşfiyyatına işlədiyini danır. Vəziyyətin artıq çıxılmaz olduğunu və addımbaşı izləndiyini görən Filbi onu izləyənləri məharətlə aldadaraq, özünü Beyrut limanındakı sovet teploxoduna yetirir. 1963-cü il iyul ayının 1-də "İzvestiya" qəzeti məlumat verir ki, Filbi Moskvadan siyasi sığınacaq istəyib. Həmin vaxtdan da o, SSRİ kəşfiyyatında İngiltərə üzrə məsləhətçi işləməyə başlayır. 1965-ci ildə o göstərdiyi xidmətlərə görə, Qırmızı Bayraq ordeni, sonralar isə Lenin ordeni ilə təltif edilir. 1988-ci ildə dünyanın ən məşhur kəşfiyyatçılarından biri hesab edilən Filbi vəfat edir. Bir daha qeyd edək ki, o, Böyük Britaniyada güclü kəşfiyyat seti yaratmışdı və oraya yüzlərlə adam cəlb etmişdi. Sonralar bu kəşfiyyatçılardan bəzilərini ingilis kəşfiyyatı həbs etdi. O zaman məlum oldu ki, Filbinin casusluq fəaliyyətinin və onun qurduğu bu şəbəkənin açılması üçün on illərlə vaxt lazım gələcək. Bir cox xarici ölkələrin kəşfiyyat xidmətinin əməkdaşları hələ də Filbinin qurduğu casus şəbəkəsini üzə çıxarmaqla məşğuldurlar. Amma bu olduqca çətindir. Çünki bu casusların bir hissəsi öz fəaliyyətini dayandırıb, digər hissəsi isə ölkədən qaçıb. Filbi haqqında söhbətimizi bitirərkən bir faktla oxucularımızı tanış etməyi özümüzə borc bilirik. Məşhur kəşfiyyatçı Alan Dalles Filbi haqqında belə deyib: "O, 20-ci əsrin ən ölməz kəşfiyyatçılarındandır və düşmənə işləsə də, onun qeyri-adi istedadı qarşısında baş əyirəm".
Əziz Mustafa-Medianfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































