Azərbaycanın sanksiya siyahısı yeniləndi

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidməti məlumat yayıb.

Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-ci maddəsinə və BMT Təhlükəsizlik Şurasının İŞİD və Əl-Qaidə Sanksiya Komitəsinin 2023-cü il yanvarın 16-da qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilib.

Sanksiya siyahılarına Azərbaycan məhkəmələrinin qərarları əsasında ölkədaxili siyahıya, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiya komitələrinin qərarları əsasında beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslər və qurumlar daxildir.

Ölkədaxili və beynəlxalq sanksiya siyahılarının yenilənmiş versiyaları Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Qanunvericiliyə əsasən, öhdəlik daşıyan şəxslər sanksiya tətbiq edilməli şəxslərin və qurumların aktivlərini dərhal dondurmalıdırlar.

Bu tələb həmin şəxslərin birbaşa və ya dolayı yolla, təkbaşına və ya başqaları ilə birlikdə sahib olduqları və ya nəzarət etdikləri aktivlərə, eləcə də bu aktivlərdən əldə olunan digər vəsaitlərə şamil edilir.

Eyni zamanda, sanksiya tətbiq edilməli şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri, həmçinin həmin şəxslərin birbaşa və ya dolayı mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri də dondurulmalıdır.

Aktivlərin dondurulması sanksiya tətbiq edilən şəxslərə əvvəlcədən xəbərdarlıq edilmədən və gecikdirilmədən həyata keçirilməlidir.

Öhdəlik daşıyan şəxslər aktivlərin dondurulması barədə dərhal Dövlət Təhlükəsizliyi Xidmətinə və Maliyyə Monitorinqi Xidmətinə internet səhifəsi vasitəsilə məlumat verməlidirlər.

Qeyd edək ki, hədəfli maliyyə sanksiyalarının tətbiqi sanksiya siyahısına daxil edilmiş şəxslərin və qurumların maliyyə vəsaitlərinə və iqtisadi resurslarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.29

2026.10.28

2026.10.27

2026.10.26

2026.10.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az