Nuru Paşanın zabiti xalqı soyan Çar məmurunu rüsvay etdi

Nuru Paşanın zabiti xalqı soyan Çar məmurunu rüsvay etdi

1918-ci ilin payızı… Bakı yadellilərdən, başda daşnak-bolşevik birləşmələrindən tamamilə xilas olunub. Amma yenə də dövlətçilik institutunun tam bərkiməməsi, çar dövründən qalan məmurların özbaşınalığına şərait yaradırdı.

Moderator.az xəbər verir ki, məhz belə ərəfədə Bakıda nizam-intizam qurmaq istəyən Qafqaz İslam Ordusunun zabit və əsgərləri şəhəri məhəllə-məhəllə, küçə-küçə gəzir, olub-keçənlərdən xəbər tuturdular. Nuru Paşa onlara buradakı asayişi bərpa etmək əmri verilmişdi. Odur ki, hər küçəyə təhkim olunan bir türk çavuşu və iki türk əsgəri yaşanan pis hadisələrin qarşısını almaq istəyirdilər.

Belə hadisələrdən biri də köhnə qəsəbələrin birində baş verir. Bir qəsəbəyə, bir zabit, bir çavuş, və beş nəfər türk əsgəri gəlir. Camaatı təngə gətirmiş yaxın kənddə yaşayan çar dövrünün baş strajnikindən şikayət edirlər ki, adamları incidir, dükanlardan istədiyi şeyləri götürür, pul vermir, danışanı da döyür, tüfənglə hədələyir. Türk zabiti soruşur: "Yahu, xırsız hərifin ismi nə?" Ağsaqqallardan biri cavab verir ki, "Telli Hüseyn"...

Zabit təəccüblə xəbər alır: "Yahu, zinazadəmi?"

Aqsaqqallar dinmir. Zabit onların sualı başa düşmədiyini anlayıb əlavə edir: - "Haramzadəmi?"

Ağsaqqallar birdən: "Bəli, bəli, haramzadə, özü də lap yamanından. Sən allah dərdimizə çarə elə".

Zabit deyir:

-Pək iyi, nə zaman köyə varsa, bana haber verərsiz, xırsızı yakalatdırıb cəzalandıraram. Bir girvəngə də bal gətirərsiz!

-Ağa, bir girvəngə balın maliyyəti nədir, lap bir pud (16 kiloqram) bal gətirərik, - deyə ağsaqqal balın nə üçün istənildiyini başa düşmür.

- Bir girgənkə,- zabit onu sözünü qurtarmağa qoymur, -bir girvəngə kafi. İzafəyə hacət yox. Haydı bakalım!

İki gündən sonra Telli Hüseyn gəlir, aşxanada oturur plov yeməyə. Bir nəfər özünü çatdırıb türk zabitinə xəbər verir ki, hərif qəsəbədədir. Zabit çavuşa tapşırır ki, yürü, pəzəvəng xırsızı yakala!

Çavuş bazara tərəf gedəndə xəbər gətirən adam deyir:

-Silahsız hara gedirsiz, onun tüfəngi var, qılıncı var...

Çavuş əhəmiyyət vermir: -Fərq etməz, yavrum, - deyə əlavə edir,- sən tək yürü. Bənimlə bərabər görsə hərif duyuq düşüb, fərar edər.

Aşxanaya çatanda Telli Hüseyn naharı qurtarıb səkiyə çıxır. Çavuşa him edirlər. O da dal tərəfdən yaxınlaşıb, strajnikin əllərini qamarlayıb, tüfəngli-şaşkalı yük təki qaldırıb yola düşür, hərif ha əlləşir, ha vurnuxur, güc vurur, bir şey çıxmır.

Tərksilah edib salırlar tövləyə. Zabit üç gündən sonra, meydanda adamboyu bir dirək basdırtdırıb altına bir qutu qoydurur. Telli Hüseyni gətirdib, oturdur qutunun üstündə. Zabit ağsaqqallara əmr edir:

-Yahu, bir bərbər səsləyin!

Dəllək çağırırlar. Hüseynin başını, saqqalını ülgüclə qırxdırır, qurşağa qədər soyundururlar. Kəndirlə qollarını, əllərini və ayaqlarını kənara, özünü dirəyə bənd edirlər. Çavuş qabdakı balı başlayır Telli Hüseynin bədəninə, belindən yuxarı, başına, boynuna, üzünə, qollarına sürtməyə, elə bil suvaq çəkirdi. Özləri gedib kölgədə, çinar ağacı altında oturub, başlayırlar nahar edib çay içməyə. Nə qədər ətrafda cücü, arı, mığmığa, milçək, itarısı, eşşəkarısı var, bal iyinə axışıb gəlir. Daraşırlar Telli Hüseynin canına. Çox keçmir başlayır üzü, başı, qolları, kürəyi, döşü, qarnı, bir sözlə qurşaqdan yuxarı bütün əzaları şişməyə.

Gözləri görünmür, burun pərələrindən, dodaqlarından qan sızılır. Axşam düşəndə kəndə adam göndərib araba gətizdirir. Telli Hüseyni yarımcan saman üstünə uzadıb yola salırlar.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az