Moderator.az XX əsrin əvvəllərindəki 11 Bakı milyonçusundan biri olan Ağa Musa Nağılyev haqqında kiçik bir tarixi epizodu təqdim edir. Mənbəmiz kifayət qədər etibarlı bir mənbədir: O dövrün ən mahir bilicisi olan Manaf Süleymanovun xatirələri... Yazıçı-araşdırmaçı bu qeydlərini "Ağa Musa Nağıyev"adlı kiçikhəcmli kitabında verib.
Bir məqamı da xatırladaq ki, orada Ağa Musa həddindən artıq xəsis insan kimi göstərilib. Lakin milyonçunun nəvəsi Dilarə xanımın vaxtilə bu sətirlərin müəllifinə verdiyi müsahibəsində Nağıyevin qətiyyən xəsis olmadığını, ən çox bina tikən milyonçunun məhz o olduğunu demişdi.
Adını çəkdiyimiz mənbədə isə bir əhavalat əsl həqiqəti bizə söyləmiş olur:
"Musa Nağıyevin oğlu Ağa İsmayıl vərəm azarına tutulmuşdu. Şəhərdə Vartapetov adlı məşhur həkim Bakı milyonçularının ailələrini müalicə edirdi. Ağa İsmayılı müayinədən keçirəndən sonra Ağa Musa Nağıyevə deyir ki, oğlanın halı çox ağırdır, tez tədbir görülməsə, tələf ola bilər. Əlli min manata qədər xərci var. Ağa İsmayılı özüm İsveçrəyə aparıb, bir il ərzində müalicə etdirib gətirrəm.
Musa Nağıyev deyir ki, on min manat verərəm. Söhbət bununla bitir. Ağa İsmayılın halı doğrudan da gündən-günə ağırlaşır. Axırda Ağa Musa oğlunun müalicəsi üçün əlli min manat verməyə razı olur. Həkim xəstəni yoxlayandan sonra xəbər verir ki, iş işdən keçib, indi heç onu yüz min manatla da xilas etmək mümkün deyil.
Hacı Zeynalabdin Tağıyevin xahişi ilə doktor Məhəmməd Rza Vəkilov xəstə oğlanı İsveçrəyə aparır, müalicədən sonra halı yaxşılaşır. Lakin o, çox yaşamır.
Tağıyev hər il Novruz bayramı münasibətilə qız məktəbinin "Ərəbkari salonu"nda stollar düzdürüb süfrə açardı və üç gün hər kəs gəlib şirin çay içər, şəkərbura, paxlava, şəkərçörəyi və digər şirniyyat yeyərdi. Ağa İsmayıl öləndən sonra Novruz bayramında Hacı bir neçə məşhur axund, qazı və ağsaqqal, o cümlədən Mir Məhəmməd Kərim, Axund Mir Abuturabla məsləhətləşib qərara gəlirlər ki, Ağa Musa gələndə cəmiyyəti xeyriyyə üçün bina tikdirməyi onun boynuna qoysunlar. Hacı qazı Mirməhəmməd Kərimə deyir ki, elə ki Musa razılaşdı, sən başlarsan dua oxumağa, hamımız da Ağa Musanı təbrik edərik, boyun qaçırmağa macal vermərik. Ağa Musa gəlir, ordan-burdan söhbət edirlər, Hacı Zeynalabdin birdən soruşur:
-Ağa Musa, Allah rəhmət eləsin, oğlun Ağa İsmayılın istəyirsən camaat arasında adı çıxsın? Əbədiləşsin?
-Əlbəttə istəyirəm,-Ağa Musa cavab verir.
Hacı Zeynalabdin deyir:
-Cəmiyyəti-xeyriyyənin mülkü, binası yoxdur, odur, mənim açdığım qız məktəbinin alt tərəfində "Qapan dibi" boşdur, orada bir mülk tikdir, adını qoyaq "İsmailiyyə", heç olmazsa, yazığın adı yaddan çıxmasın. İstəyirsən, Ağa Musa?
Ağa Musa deyir:
-Əlbəttə, istəyirəm.
-Hə, istəyir. Allah razı olsun. Allah mübarək eləsin, -deyə Hacı qazıya göz vurur ki, məqamdır, başla, xeyir-dua verməyə, fürsəti əldən vermə. Mir Məhəmməd Kərim əllərini qaldırıb dua oxuyur. Ağa Musanın valideynlərinə rəhmət deyir. Hamı Ağa Musanı təbrik edir.
Səhəri gün Ağa Musa başılovlu səhər tezdən gəlir Tağıyevin evinə, başlayır giley-güzara:
-Ay Zeynalabdin, bu nə işdi sən mənim başıma gətirdin?.. Məni müflis edib, boynuma torba taxıb, küçələrə salmaq istəyirsən? Sınıq çıxarmaq istəyirsən?
Hacı təəccüblə soruşur:
-Nə olub axı, açıq danış.
-Atam-atan, daha nə olacaq, o bina bir neçə yüz min manata başa gələcək... Məndə o tanxa hardan?
Hacı deyir:
-Ağa Musa, varidatına iki milyon verirəm. Sat alım.
Ağa Musa coşur:
-Atam-atam, mənim əlli milyon manatlıq varidatımı iki milyona almaq istəyirsən?
-Yox, almaq istəmirəm. Sən deyirsən ki, oğluvun yolunda, adını ucaltmaq üçün xərcin öhdəsindən gələ bilmirsən.
Sabahı gün Tağıyev "Kaspi" qəzetində elan verdirir ki, Ağa Musa Nağıyevin gələcəkdə bankda pulu olmasa, "İsmailiyyə" binasının xərcini ödəməyi boynuma alıram".
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































