1979-cu il inqilabının edam dosyesi açıldı - İran dərhal nota verdi

1979-cu il inqilabının edam dosyesi açıldı - İran dərhal nota verdi

İsveçin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Mediainfo.az xəbər verir ki, XİN Stokholm məhkəməsinin İranın keçmiş prokuroru Həmid Nuri ilə bağlı ömürlük həbs qərarına rəsmi etirazını isveçli diplomata təqdim edib.

Məhkəmənin İran və ölkənin məhkəmə sistemi əleyhinə açıqlamalarına kəskin etiraz edən nazirlik Nuriyə verilən cəzanı “beynəlxalq hüquq standartlarına zidd” adlandırıb.

İran XİN İsveç hökumətindən Nuriyə verilən cəzanın ləğv edilməsini, dərhal azadlığa buraxılmasını, zərərlərinin kompensasiya edilməsi yolu ilə gələcəkdə belə davranışlara yol verilməməsini istəyib.

İddiaya görə, hazırkı İran hakimiyyəti vaxtilə şah rejiminə qarşı birgə hərəkət etdiyi sosialist-kommunist qrupları sonrakı dönəmdə ölkə rəhbərliyinə qarşı fəaliyyətlərinə görə ləğvetmə prosesinə başlamışdı. 1979-cu il inqilabından sonra İran-İraq müharibəsi dövrünə təsadüf edən bu dönəmdə İraq tərəfində İrana qarşı vuruşan Xalq Mücahidləri Təşkilatının üzvləri edam edilmişdi. İranda fəaliyyət göstərən sosialist təşkilatları və kommunist partiyalarının üzvləri də daxil olmaqla, ən azı 3000 məhbusun “ölüm komitəsi” adlanan 4 nəfərlik məhkəmə heyətinin qərarları ilə kollektiv şəkildə edam edildiyi bildirilir. Hazırkı İran Prezidenti İbrahim Rəisinin də həbsdə olan rejim müxaliflərinin edamına qərar verən 4 nəfərlik heyətin üzvü olduğu iddia olunur. Rəisi isə bu edamlarla hər hansı əlaqəsini inkar edir.

İranlı din xadimi Əhməd Müntəzəri 2016-cı ildə kütləvi edamlara dair müddəalarla bağlı inqilabın aparıcı simalarından olan atası Ayətullah Hüseyn Əli Müntəzərinin səsyazısını sosial şəbəkədə paylaşıb. Ayətullah Müntəzəri səs yazısında sözügedən edamların İslam şəriətinə uyğun olmadığını bildirib və bunları “İran İslam Respublikasının ən böyük cinayəti” adlandırıb.

İranın keçmiş prokuroru Həmid Nuri isə 2019-cu ilin noyabrında gəldiyi İsveçdə həbs edilib. Nurinin edamlar zamanı Kərəc şəhərindəki Gövdəthərdəşy həbsxanasında prokuror müavini vəzifəsində çalışarkən siyasi məhbusların dara çəkilməsində iştirak etdiyi iddia olunur. Nuri isə ona qarşı irəli sürülən ittihamları rədd edir.

Aprelin 28-də keçirilən iclasda İsveç Prokurorluğu Nuriyə “müharibə cinayətləri”, “beynəlxalq hüququn pozulması” və “qəsdən adam öldürmə” ittihamları ilə ömürlük həbs cəzası istəyib. Stokholm məhkəməsi dünənki iclasında İranın keçmiş prokurorunu “beynəlxalq hüquqa zidd ağır cinayət törətmək” və “qəsdən adam öldürmək” ittihamları ilə ömürlük həbs cəzasına məhkum edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az