Horadiz əməliyyatından 26 il ötür

Horadiz əməliyyatından 26 il ötür

Azərbaycan Ordusunun Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 26 il ötür. Bu münasibətlə Horadiz şəhərində Heydər Əliyev parkında rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələrinin "N" saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, Horadiz əməliyyatında iştirak edən keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilib.

Füzuli RİH-dən Mediainfo.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev prospekti ilə yürüş edib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 1990-cı illərin əvvəllərində ölkədə yaranmış hərbi-siyasi vəziyyətdən, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzdən, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.

Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 21 yaşayış məntəqəsi Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib: "Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş, 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə ermənilər böyük itkilər verib".

Alı Alıyev vurğulayıb ki, 2016-cı ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında baş tutan aprel döyüşləri məhz Horadiz əməliyyatının davamı olaraq qiymətləndirilməlidir.

Alı Alıyev bildirib ki, Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başlayıb, sosial obyektlər, dağıdılıb və yandırılmış infrastruktur bərpa olunub, füzulililər doğma yurdlarına qayıdıblar. Prezident İlham Əliyevin Sərəncamları ilə rayon ərazisində məcburi köçkün ailələri üçün 11 Qayıdış, 5 Zobucuq və 400 evlik yeni qəsəbələr salınıb, hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşaraq yaşayır. Ölkə başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları tam ödənilib.

Alı Alıyev Horadiz və işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrdən danışıb, Heydər Əliyev Fondunun Füzuli rayonuna və füzulililərə olan diqqət və qayğısından bəhs edib.

Digər çıxış edənlər Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildirilib ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərib.

Qeyd olunub ki, cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzulililər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona inanır və dəstəkləyirlər. İnanırlar ki, cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Füzuliyə, işğal altında olan torpaqlara qayıdacaqlar.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az