Üzeyir Cəfərov: "Onlar Dağlıq Qarabağ ərazisində yerləşəcəklərsə, sabah çox rahatlıqla ölkəmizə qarşı müxtəlif terror əməlləri də həyata keçirə bilərlər"
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ər "Yeni Müsavat"a son müsahibəsində Azərbaycan xalqına və dövlətinə çağırış edib. Diplomat Türkiyədə PKK-ya qarşı aparılan genişmiqyaslı əməliyyatlardan bəhs edərkən deyib ki, terrorçular indi də sığınmaq üçün yeni məkan axtarır və bu ünvanlardan biri də Azərbaycanın işğal altındakı əraziləridir.
T.Ər Azərbaycan hakimiyyətinə, siyasi partiyalara, vətəndaş cəmiyyəti təşkilatlarına və ümumiyyətlə, Azərbaycan toplumuna xitabən deyib: "Lütfən, ayıq olun, kürdçülərin əl-ayağını yığışdırın! PKK sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı hər gün boş şəhər və kəndlərə köçür, yeni binalar inşa edirlər. Kəlbəcərdə "Kızıl Kürdistan"ı quranlar və onun toxumları ermənilərlə işbirliyi içərisindədirlər. Bu, Azərbaycan üçün böyük bir məsələdir, gec olmadan tədbirlər görülməlidir. Yoxsa sonra Azərbaycan bu problemin altından çıxa bilməz".
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu həyəcanlı çağırışa ciddi reaksiya verilməli olduğu qənaətindədir: "Həqiqətən də uzun müddət PKK və bu tip terror və bölücülük siyasəti aparan digər təşkilatlara dünya dövlətlərinin o qədər də ciddi əhəmiyyət verməməsinin nəticəsidir ki, bu gün demək olar ki, yer kürəsinin hər yerində milyonlarla insani və maddi resurslar cəlb olunub ki, bu faciəvi, insanlıqdan kənar hərəkətləri ilə daha da azğınlaşan bəladan dünyanı xilas etsinlər. Və "gec olsun, güc olsun" prinsipindən çıxış edən dünya gücləri PKK və digər terrorçu qüvvələrə qarşı nəhayət ki, praktiki tədbirlərə keçdilər. Xüsusən də son vaxtlar çox ciddi zərbələr alan PKK-çılar indi canlarını qurtarmaq üçün müxtəlif yollar arayırlar. Onların bir qisminin hətta Azərbaycanın işğal altında olan, erməni vandalları tərəfindən dağıntılara məruz qoyulan Dağlıq Qarabağ bölgəsinə və rayonlarına yerləşdirilməsi ilə bağlı məlumatlar da artıq heç kimdə təəccüb doğurmur".
Ü.Cəfərov qeyd etdi ki, prinsipcə PKK-nın da, ermənilərin də eyni mərkəzdən idarə edildiyi sirr deyil:"Amma bu yaramazların Qarabağ ərazisində kütləvi şəkildə yerləşdirilməsinə və qərarlaşmasına əsla yol vermək olmaz! Unutmamalıyıq ki, PKK döyüşçüləri arasında xeyli sayda milliyyətcə erməni olan şəxslər də olub və var. İndi onlar Dağlıq Qarabağ ərazisində yerləşəcəklərsə, sabah çox rahatlıqla ölkəmizə qarşı müxtəlif terror əməlləri də həyata keçirə bilərlər. Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri, Azərbaycanda kifayət qədər yaxşı tanınan Turqut Ərin gündəmə gətirdiyi və həyəcan təbili kimi qəbul olunmalı olan bu məsələ sıradan adi bir məsələ sayılmamlıdır. Mən də o fikri bölüşürəm ki, həm hakimiyyət, həm də bütövlükdə siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, Azərbaycan toplumu "Kürdçülərin əl-ayağını yığışdırın!" çağırışına hərtərəfli dəstək verməlidirlər. PKK-nın sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı hər gün boş şəhər və kəndlərə köçməsi prosesinə sərt təpki göstərilməzsə, yaxın gələcəkdə biz çox ciddi problemlərlə baş-başa qalacağıq. Bunu unutmamağımız lazım. Erməni-PKK birgə fəaliyyəti bizim üçün daha ağır və fəlakətli vəziyyət yarada bilər".
Hərbi ekspert "Yeni Müsavat"a dedi ki, məsələ ilə bağlı konkret addımların atılmasını zəruri sayır: "Hesab edirəm ki, Türkiyənin son vaxtlar PKK-ya qarşı həm öz ərazisində, həm də Suriya və İraqda vurduğu sarsıdıcı zərbələrdən sonra sağ qalıb dünyanın ayrı-ayrı nöqtələrinə qaçmağa, canlarını salamat qurtarmağa çalışan terrorçularla, onların yaxın tərəfdarları ilə bağlı məlumatlar Azərbaycan təhlükəsizlik orqanlarına, müvafiq qurumlara da verilməlidir ki, həm bu şəxslər ciddi nəzarət altında saxlanılsınlar, eyni zamanda onların fiziki məhvi istiqamətində işlər həyata keçirilsın. Bu işlər birgə koordinasiya olunmalı və təxirəsalınmaz işlər görülməlidir. Sözsüz ki, Ermənistanın PKK-çıları Qarabağ ərazisində məskunlaşdırmaq fəaliyyəti ilə bağlı beynəlxalq qurumlardan da ciddi şəkildə tələb edilməlidir ki, bu özbaşınalığa son qoyulsun".
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































