Bu günlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Ağdam rayonunun işğalı, ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli və Cəbrayıl, rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. Vahid hərbi əməliyyat planına malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin təxribatçı hərəkətləri də az rol oynamadı. Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olundu. Amansız düşmənlə üz-üzə müdafiəsiz vəziyyətdə qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu. Bu rayonların müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının, noyabrın 12-də isə Zəngilan rayonunun işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etdi. Lakin əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilmədi. Sonda rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qeyd etdi ki, biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində Azərbaycanın işğal altında olan torpaqları erməni işğalçıları tərəfində azad ediləcək köçkün düşmüş qardaş və bacılarımız öz doğma el-obalarına qayıdacaqlar bu günün elədə uzaqda olmadığını diqqətə çatdırdı.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Müşfiq Qurbanov, fəal gənclərdən Cümşüd Müzəffərli və başqaları çıxış edərək Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, canlarını qurtarmaq istəyən qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən söhbət açaraq bildirilmişdir ki, biz gənclər hər an əldə silah vətənin keşiyində dayanmağa Azərbaycanın işğal olunmuş torpaqlarını erməni işğalçılarından azad etməyə hazırıq.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış Füzuli və Cəbrayıl rayonları ilə bağlı bukletlər paylanılmışdır.
...1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində əks hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal etdilər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəlilədi. Məqsəd regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsinin ələ keçirilməsi idi. Horadizin işğalı, eləcə də, Əhmədbəyli kəndi istiqamətində "Dörd yol" deyilən əraziyə çıxmaqla düşmən o zaman işğal olunmamış Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını faktiki olaraq blokadaya salırdı. Horadiz qəsəbəsinin müdafiəsini sərhəd qoşunlarının burada yerləşən komendantlığı təşkil etmişdi. Bir neçə gün davam edən döyüşdən sonra qüvvələrin qeyri-bərabər olması səbəbindən sərhəd zastavası mövqelərini tərk edərək geri çəkilir. Ermənilər Horadiz qəsəbəsini və İranla sərhəddə yerləşən su anbarı üzərindəki körpünü tutur. Qəsəbədəki bütün inzibati və yaşayış binaları, neft bazası, dəmir yolu vağzalı və s. yandırılır. Qeyd edildiyi kimi, Horadizin işğalı ilə digər rayonlar faktiki olaraq blokadaya düşür. Araz boyunca Beyləqana doğru irəliləyən düşmən qüvvələri Arayatlı, Babı, Əhmədalılar, Kərimbəyli, Araz Yağlıvənd kəndlərini işğal edir. 1993-cü il noyabrın 7-də ermənilər 400 nəfərə yaxın canlı qüvvə, 30-a yaxın tank və zirehli transportyorun iştirakı ilə rayonun ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndinə hücuma keçir. Kəndin bir hissəsini işğal edən düşmən qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin ciddi müqaviməti ilə qarşılaşır. Bu kənddə yerləşən sərhəd zastavasının 30 nəfər şəxsi heyəti qəhrəmanlıq nümayiş etdirərək 2 gün ərzində düşmənin bütün hücumlarını dəf edir. Düşmən xeyli sayda canlı qüvvəsini bu döyüşlərdə itirir. Sərhədçilər də bir neçə şəhid verir. İki aya yaxın davam edən qanlı döyüşlər zamanı ermənilər Böyük Bəhmənli kəndinin bir hissəsini işğal etsələr də, kəndi tam ələ keçirməyə nail olmurlar. Dekabr ayında yenidən hücum edən düşmən bu dəfə Daxili Qoşunların müqaviməti ilə qarşılaşır. Daxili Qoşunların 5 əsgəri düşmən tankı ilə qeyri-bərabər döyüşdə geri çəkilməyərək həlak olur. Düşmən də bir neçə texnikasını itirərək yenidən geri çəkilməyə məcbur olur. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Ümummilli lider, Ali Baş Komandan Heydər Əliyevin orduda apardığı islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri Araz boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks hücuma keçir. İki gün davam edən döyüşlərdə Azərbaycan Ordusu Horadiz qəsəbəsini və ətraf kəndləri düşməndən təmizləyir. Ermənilər bir neçə yüz nəfər canlı qüvvə itirir. Lakin kənd Horadiz istiqamətində düşmənin müqavimətini yarmaq mümkün olmur və qüvvələr müdafiə mövqeyinə keçir. Alxanlı istiqamətində hücum edən qüvvələrimiz isə Qaraxanbəyli, Qorqan kəndlərinədək irəliləməyə nail olur.
Bu uğursuzluqdan sonra düşmən nəhayət atəşkəs sazişini imzalamağa məcbur olur və 1994-cü il mayın 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanır və o zamandan cəbhə xəttinin digər hissələrində olduğu kimi, Füzuli rayonunda da "nə hərb, nə sülh" vəziyyəti hökm sürür. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi, Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb. Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində - 9 milyon kvadratmetr ərazidə partlamamış hərbi sursat var.
Azərbaycan bu gün çox güclüdür və Ermənistan bizimlə güc dili ilə danışa bilməz...
Əlihüseyn ŞÜKÜROV
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































