Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Azərbaycan xalqının çoxəsrlik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın gələcəyinin müəyyənləşməsində həlledici rol oynayıb. Belə şəxsiyyətlər xalqın taleyüklü məqamlarında ortaya çıxaraq öz müdrikliyi, siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə dövlətini ağır sınaqlardan çıxarıb, milli birliyi təmin edib və gələcək inkişafın möhkəm təməlini qoyublar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə nadir tarixi şəxsiyyətlərdən biridir. Onun həyat yolu, dövlətçilik fəaliyyəti və zəngin siyasi irsi müasir Azərbaycanın formalaşması və inkişafı tarixinin ayrılmaz hissəsidir.

Azərbaycanpolisi.az AZƏRTAC-a istinadən Ulu Öndər Heydər Əliyevin dərin dövlətçilik irsinə nəzər salır.

Xilaskar missiya

Ötən əsrin 90-cı illərinin əvvəllərində xaos və anarxiya girdabında boğulan Azərbaycanda dövlət müstəqilliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət idarəçiliyində yaranan boşluqlar, siyasi təcrübəsizlik, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü ölkəni dərin böhrana sürükləmişdi. Belə ki, 1991-1993-cü illər ölkədə ictimai-siyasi sabitlik demək olar ki, tamamilə pozulmuş, dövlət institutları zəifləmiş, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Digər tərəfdən isə müharibədəki uğursuzluqlar, torpaqların işğalı və bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi vəziyyəti daha da ağırlaşdırdı. Belə bir taleyüklü məqamda xalq öz nicatını yalnız Ulu Öndərin qayıdışında görürdü. Ümummilli Lideri Bakıya gətirən təyyarənin 1993-cü il iyunun 9-da Binə Hava Limanına eniş etməsi xalqın böyük ümid və sonsuz sevincinə səbəb oldu.

Qısa müddət sonra - 1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi həkk olundu. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İyunun 24-də isə Milli Məclisin qərarı ilə Prezident səlahiyyətlərini icra etməyə başladı.

Ulu Öndər Heydər Əliyev həmin il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz bu hadisə dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcı oldu.

Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası

Prezident kimi fəaliyyətə başladığı ilk gündən Ulu Öndər Heydər Əliyev qarşısına Azərbaycanın müstəqilliyini qorumaq, dövlət institutlarını möhkəmləndirmək, ölkədə qanunun aliliyini təmin etmək və iqtisadi inkişaf üçün əlverişli şərait yaratmaq məqsədlərini qoydu. Onun uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, silahlı qarşıdurmalar dayandırıldı və Azərbaycan parçalanmaq təhlükəsindən xilas edildi. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri də ordu quruculuğu idi. O dövrdə nizamsız silahlı birləşmələrin vahid komandanlıq altında birləşdirilməsi, peşəkar ordunun formalaşdırılması və dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Bu siyasət sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün möhkəm zəmin yaratdı.

Ümummilli Liderin iqtisadi sahədə həyata keçirdiyi islahatlar Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. O, bazar iqtisadiyyatına keçidi sürətləndirdi, özəlləşdirmə proqramlarının həyata keçirilməsinə, sahibkarlığın inkişafına və xarici investisiyaların cəlb olunmasına xüsusi diqqət yetirdi. Məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı enerji şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu və ölkəyə milyardlarla dollar həcmində xarici investisiyanın cəlb edilməsinə imkan yaratdı.

Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Supsa və Bakı-Tbilisi-Ərzurum kimi mühüm enerji layihələri reallaşdırıldı. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ölkəmizin geosiyasi əhəmiyyətini də xeyli dərəcədə artırdı. Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanındı və regionun aparıcı dövlətlərindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasəti yalnız enerji sektoru ilə məhdudlaşmırdı. Aqrar islahatlar nəticəsində torpaq islahatı həyata keçirildi, kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradıldı, sahibkarlığa dövlət dəstəyi göstərildi və özəl sektorun formalaşması sürətləndirildi. Bu islahatlar ölkədə bazar iqtisadiyyatının əsaslarını möhkəmləndirdi və uzunmüddətli iqtisadi inkişafın təməlini qoydu.

Ulu Öndərin müəyyən etdiyi inkişaf kursunun məntiqi nəticəsi – Müasir, güclü Azərbaycan

Dövlət quruculuğu istiqamətində atılan addımlar da Azərbaycanın gələcək inkişafında mühüm rol oynadı. Ümumxalq səsverməsi ilə 1995-ci ildə qəbul edilən yeni Konstitusiya hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsasını təşkil etdi. Bu sənəddə insan hüquq və azadlıqlarının müdafiəsi, hakimiyyət bölgüsü prinsipi, qanunun aliliyi və demokratik idarəetmə mexanizmləri öz əksini tapdı. Ulu Öndərin rəhbərliyi ilə hüquq sistemində genişmiqyaslı islahatlar aparıldı. Konstitusiya Məhkəməsinin yaradılması, Ombudsman institutunun təsis edilməsi, ölüm hökmünün ləğvi, senzuranın aradan qaldırılması və söz azadlığının təmin olunması Azərbaycanın demokratik inkişaf yolunda mühüm addımlar idi. Bu islahatlar ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə və hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə ciddi töhfə verdi.

Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursu milli maraqların qorunmasına, balanslaşdırılmış diplomatiyanın həyata keçirilməsinə və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə əsaslanırdı. Onun diplomatik fəaliyyəti sonrakı illərdə Azərbaycanın siyasi mövqeyinin güclənməsində mühüm rol oynadı.

Heydər Əliyev yalnız siyasətçi deyil, həm də milli ideologiyanın müəllifi idi. Onun formalaşdırdığı azərbaycançılıq məfkurəsi milli birliyin, dövlətçiliyin və vətənpərvərliyin əsas ideoloji platformasına çevrildi. Azərbaycançılıq ideyası xalqın milli-mənəvi dəyərlərini, dilini, mədəniyyətini və tarixini qorumağı əsas məqsəd kimi müəyyənləşdirirdi. Bu ideologiya müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid Azərbaycan dövləti ətrafında birləşməsinə xidmət etdi.

Bu gün müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Ulu Öndər Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa olunması Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan güclü dövlətçilik modelinin uğurlu nəticəsidir. Müasir Azərbaycan iqtisadi gücü, siyasi sabitliyi, beynəlxalq nüfuzu və qüdrətli ordusu ilə regionun lider dövlətlərindən birinə çevrilib. Bütün bunlar uzun illər əvvəl Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun məntiqi nəticəsidir.

Ulu Öndər Heydər Əliyev yalnız bir dövrün Prezidenti deyil, müasir Azərbaycan dövlətinin memarı, milli dövlətçilik ideologiyasının banisi və xalqının xilaskarıdır. Onun zəngin siyasi irsi, uzaqgörən dövlətçilik fəlsəfəsi və xalqa xidmət nümunəsi gələcək nəsillər üçün əbədi örnəkdir. Azərbaycan xalqı Ümummilli Liderin əziz xatirəsini hər zaman dərin ehtiramla yad edir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.03

2026.10.02

2026.10.01

2026.09.30

2026.09.29

2026.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az