Sovet dövrü Azərbaycan tarixinin altını üstünə çevirməyə ehtiyac var

Sovet dövrü Azərbaycan tarixinin altını üstünə çevirməyə ehtiyac var

AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi-alim Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, Sovet dövrü Azərbaycan tarixinin yenidən yazılmasının tərəfdarıdır. O hesab edir ki, bu dövrdə tariximiz total şəkildə saxtalaşdırmaya məruz qalıb və tarixi şəxsiyyətlərimiz, dövlət xadimlərimiz düşmən kimi təqdim edilib. "Sovet dövründə Azərbaycanın dövlətçilik tariximizlə, tarixi dövlət xadimlərimizlə bağlı məlumatlar saxtalaşdırılıb. Sovet dövrü Azərbaycan tarixi yenidən yazılmalıdır. Artıq Sovet ideologiyasının təsirindən qurtarıb tariximizi milli ruhda yazmalıyıq. Çox təəssüflər ki, hələ də bir çoxu Sovet dövrünün təlqin etdiyi psixologiyadan və onun ideologiyasından tam xilas ola bilməyib. Məsələn, bu gün VII cildlik "Azərbaycan tarixi" kitabı var. Bu kitabın 6 cildi keçən əsrin 70-80-ci illərində yazılıb. Ancaq bu kitabın ilk cildi 90-cı illərin əvvəllərində nəşr edildi. O kitaba baxsanız görərsiniz ki, orada elə də böyük dəyişikliklər edilməyib. Orada da yenə Nadir şah Əfşar və Ağa Məhəmməd şah Qacar "başkəsən", "qaniçən" kimi təqdim olunur. Halbuki, belə olmalı deyil. Son dövrlər akademik Ramiz Mehdiyevin istər Nadir şahla, İstər Şah İsmayıl Xətai, istərsə də Ağaməhəmməd şah Qacarla bağlı yazdığı kitablarda bu yanaşmanı o da tənqid edir ki, artıq o dövrdən qurtulmaq və yeni milli ruhda yazmaq lazmdır. Ramiz Mehdiyevin kitablarında Nadir şah da, Qacar da, Abbas Mirzə də, onların qurduqları dövlətlər də müsbət istiqamətdə təqdim olunub və onlar türk ruhlu şəxsiyyətlər kimi verilib. Ancaq akademik səviyyədə nəşr olunan VII cildlik Azərbaycan tarixini oxuyarkən görürük ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və onların qurduqları dövlətlər mənfi planda verilib. Yəni demək istəyirəm ki, bu məsələlərə yeni yanaşma lazımdır. O VII cildlik "Azərbaycan tarixi" yığışdırılmalı və milli, obyektiv ruhlu yeni VII cildlik yazılmalıdır. Bu kitabı oxuyan tələbə və şagirdlər birinci cilddə oxuyurlar ki, Azərbaycan xalqı irandillidir, o birində isə Qafqazkökənli olduğu bildirilir. Üçüncü cilddə yazılır ki, Nadir şah və Qacar "başkəsən", "qaniçəndir". VII cildlik təəssüf ki, tədrisdədir. Bu kitabın 6 cildi 1997-1998-ci illərdə kiril əlifbası ilə çap olunub. Digər təəssüfləndirici hal ondan ibarətdir ki, 2007-2008-ci illərdə nəşrdə heç bir dəyişiklik edilmədən yenidən 25 min tirajla latın əlifbası ilə nəşr edilib. Mənə məlumat verdilər ki, VII cildlik latın əlifbası ilə nəşr edilən zaman Akademiyanın Tarix İnstitutuna çox qısa vaxt veriblər ki, dəyişiklik edib latın əlifbası ilə çapa buraxsınlar. Kiril əlifbası ilə çap olunan variant üzərində heç bir dəyişiklik edilmədən bu şəkildə çap edilib. 25 min nüsxə ilə çap edilən nəşr isə bütün ali məktəblərdə, kitabxanalarda var. BDU-da və digər ali məktəblərdə akademik səviyyədə çap olunan VII cildlikdən istifadə olunur. Eləcə də orta məktəblərdə. Bu nəşrləri oxuyan Azərbaycan xalqının övladı özünü orada tapa bilməz. Necə ola bilər ki, Nadir şahı, Qacarı, Abbas Mirzəni "qaniçən", "başkəsən" kimi təqdim edilsin? Bu sırf Sovet dövrünün təsiri ilə yazılan məqamlardır. Hesab edirəm ki, Sovet dövründə ciddi təhriflərə, saxtalaşdırmaya məruz qalan Azərbaycan tarixi yenidən yazılmalı və bütün məsələlərlə bağlı aydın mövqe ortaya qoyulmalıdır" - deyə müsahibimiz vurğuladı.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az