Mən sənin yanına qışda gəlirdim…

Mən sənin yanına qışda gəlirdim…

Səssiz, səmirsiz…

O, yazı da sevir, yayı da, qışı da, payızı da. Ancaq yaz ömrümüzü sənətdən getməsi ilə qış etdi… Axtardıq, çox axtardıq o səsi, o sənətkarı. İllərlə görmək istəsək də, görə bilmədik. Bizləri o uzun illər nurani üzünə, bənzərsiz səsinə həsrət qoydu. Sənətdən uzaqlaşdı, efirdən uzaqlaşdı. Səssiz, səmirsiz… Səbəbini də heç kimə açıqlamadı. Özünə qapandı, bizlərdən uzaq gəzdi… Ancaq dövlətindən, dövlətçiliyindən uzaq düşmədi, dövlət qulluqçusu kimi çalışdı, fəaliyyət göstərdi. Nəğmə ilə döyünən ürəyi susdu, ürəyində oxudu. Nədənsə o səsi gizlətdi. Hamıdan gizlətdi. Hamı o səsi axtardı. Yazda da, qışda da. Ancaq o illərdən sonra qışda görüşümüzə gəldi, qışda qayıtdı. Gülsüz… Qarda gül tapmayıb dibçəkdəki güllə görüşümüzə qayıtdı. Dönüşü ilə musiqimizi gülə qərq etdi. Qışda sənətimiz gül yağışına qərq oldu. Çünki o qayıtdı, illərdən sonra qayıtdı. Səssiz, səmirsiz. Axtardıqmı onu? İzinə düşdükmü? Bəlkə küsmüşdü? Deməli, günah bizdədir, biz onu axtarmadıq, biz onu tapmadıq. Nəhayət ki, onun sənətini sevənlər illərdən sonra onu bizlərlə görüşdürdü. Söhbət ustad sənətkar, dəyərli şəxsiyyət Azad Zamanovdan gedir. Görüşümüzə qışın soyuğunda gələn Azad Zamanovdu.

Sənsiz yollarda qalıb gözlərim…

O bizim gözlərimizi yolda qoydu. Ancaq sənətdə möhürlədiyi "İntizar" mahnısıyla oxumuşdu gələcək sənət yolunu. Bəlkə duymuşdu ki, intizar nəsibi və nəsibimiz olacaq? Ona görə "İntizardayam, gəl" deyirmiş… O bizi özünə, biz özümüz də ona intizar qaldıq. İllər sonra sevilən teleaparıcı Ülvira Qarayeva onu "Evdəyik" verilişinə dəvət etməklə intizarımıza son qoydu. Davamlı oldu bu dəvət. Kamran Həsənli onu "Günəbaxan"a, İradə İsaq "Səbəbkar"a dəvət etdi. Nostalji duyğular boğmuşdu tamaşaçıları Azad müəllimi görəndə. O Azad dəyişmişdi, saçlar bəyazlaşmışdı, bir də gözlərini eynək bürümüşdü. Səs isə həmin səs, baxımlılıq həmin baxımlılıq, ağayanalıq həmin ağayanalıq, kişilik, müdriklik də öz yerində. Həyatmı onun saçını bəyazlaşdırmışdı, haqsızlıqmı, zamanmı? Heç bir sualımıza cavab vermədi, yalnız oxudu. "Mən müğənniyəm, mənimki oxumaqdı, danışmaq mənlik deyil" – deyərək çox suallardan yayındı. Yazıya bax, ilahi! "Evdəyik" verilişinə çəkilən günü Həcc ziyarətinə yollandı, Hacı oldu. Maraqlıdır, illərdən sonra çəkildiyi verilişə müqəddəs Həcc ziyarətində baxa bildi. Budu saflıq, budu Allaha bağlılıq. Allah evində illərdən sonra səsinə qovuşdu Azad Zamanov. Əli səxavətli, dostcanlı, son tikəsini dostuyla, kasıbla bölən Hacı, sənətkar. Murad Arifin "Solo"suna rəng qatdı, Mətanətin, Zaurun, Aygün Bəylərin verilişləri ilə sənətini nümayiş etdirdi, sübut etdi ki, o, elə həmin Azad Zamanovdu, hər zaman geyimləri, səhnə mədəniyyəti, sənəti dəyişilməz siması ilə yaddaşlarda qalan Azad Zamanov kimi.

Nigaranam…

Bənzərsiz Kamalın "Nigaranam" mahnısına yeni ruh, yeni nəfəs qatıb illərin ayrılıq nigarançılığına son qoydu. O, yalnız pərəstişkarlarından nigaran idi. İllər sonra vüsal sevincini pərəstişkarlarına yaşatdı. Bu yaşam, bu qayıdış, bu qovuşma sənətkar üçün nə qədər ağır idisə də, o qədər də sevincli idi, çünki o illərdən sonra onun səsi ilə böyüyən minlərlə ondan nigaran qalan tamaşaçı ordusunun nigarançılığına son qoydu. Azadlı bir musiqili dünyanın sakini oldu səsinə həsrət qalan tamaşaçılar. Beynəlxalq münasibətlər, hüquq fakültələrini bitirən Azad Zamanov üç ali təhsili olan yeganə müğənnidir, sənətkardır. Bu gün o, həm də hüquqşünas kimi fəaliyyət göstərir. Səslə insanları, onların xarakterlərini təyin edir, üzlərini görməsə belə. Güclü psixoloqdur.

İntizar…

Oxucuları da intizarda qoymuşdu Azad müəllim. İncəsənət İnstitutunda dekan müavini işlədiyi illərdə bu gün "xalq artisti" olan yüzlərlə müğənniyə, aktrisaya dərs demişdir. Çoxları Azad müəllimin sənətindən bəhrələniblər. Oxumağı məhz bu pedaqoqdan öyrənərək, sənətdə sözlərini deyiblər. Həyatdır, nə demək olar? Bu gün Azad müəllimin adını onların arasında çəkənləri də var, çəkməyənləri də. Nə isə… Elza İbrahimova, Asiya Potina, Qulu Əsgərov, İslam Rzayevdən dərs alan sənətkar əsas lirik mahnıların ifaçısı kimi sevilib, el şənliklərinin aparıcı müğənnisi kimi minlərlə bəy-gəlinə xeyir-dua verib. Konsert salonlarının bəzəyi, sevimliliyi ilə kassaya işləyən kassa müğənnisi, hər konserti anşlaqla keçən Azad müəllim bu gün də yorulmadan öz üzərində çalışır, yeni mahnılar lentə aldırır, el şənliklərinə, konsertlərə dəvətlər alır. Əsgərlər qarşısında çıxışa hazırlaşır, qəlbi yenə 70 -80-ci illərdəki Azad Zamanov kimi döyünür. Həyatındakı axarlı itkilər, acılar onun ürəyinə zərbələr vurub. Çoxlu acılar yaşasa da, qəlbi yenə yaşamaq eşqi ilə döyünür. Ürək bir parça ətdir, bu qədər itkilərə dözmək çətindir, ata, ana, qardaş itkisi. Neynəsin ürək? Ağrımasın, sızlamasın, yanmasın, neynəsin? Hələ o ürək yaxşıdır ki, dözür. Həmişə ürəyiniz döyünsün, sənətkar. O ürəyin döyüntüsünə hər birimizin ehtiyacı var. Axı, o ürəyin genişliyindən hər kəsdə yoxdur.

Sən yadıma düşəndə...

Картинки по запросу azad zamanov

Orta məktəb illərindən o səsin sehrinə düşmüşdüm. Bakıya dönəndə yeganə arzum həmin sənətkarı görmək, onunla ünsiyyətdə olmaq istəyi məni rahat buraxmırdı. Efirdə gördüyüm sənətkarı saçlarının bəyazlanmış vaxtında gördüm. Bir qədər heyfsiləndim. Zamanı da qınadım. Qınadım ki, niyə amansız oldun. Niyə illərlə o səsi bizə həsrət etdin. Bu gün bir az ucuzlaşan sənətimizdə axı Azad Zamanovun səsinə ehtiyacımız var. Gəlin sənətkara vaxtında qiymət verək. Sənəti olan sənətkarları unutmayaq, onları incitməyək, könüllərinə məlhəm olaq. Axı, onlar illərlə bu sənətdə külüng vurub konsertlər veriblər. Xarici dövlətlərdə, Rusiya vilayətlərində, kənd və şəhərlərimizdə insanların ruhuna qida veriblər. Gəlin onları unutmayaq, dönüb keçmişə baxaq. Axı, dünəni unutmaq olmaz, çünki dünən də, bu gün də Azad Zamanov adlı sənətkarımız var, yaşayır, yaradır. Məncə düşünməyə dəyər. Biz düşündük, düşünərək, bilərək yazdıq.

Alim Nəbioğlu,

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az