QƏLƏBƏ - 70: Yetmiş ildir hələ də gözləri yolda qalan var...

QƏLƏBƏ - 70: Yetmiş ildir hələ də gözləri yolda qalan var...

...Kim nə deyir desin, Böyük Vətən müharibəsi də Qarabağ kimi neçə-neçə ürəyə dağ çəkib, gözləri yolda qoyub. Yetmiş il ötməsinə baxmayaraq, hələ də gözləri yolda qalan var. Axtarışlar zamanı həmvətənlimiz tapılır, sahibinə məlumat verilir... İrqindən, mənsubiyyətindən asılı olmayaraq dünya qurulandan müharibələr heç kimə xeyir gətirməyib. Böyük Vətən müharibəsinin ağrı-acılarını öz taleyimdə görmüşəm. Doğma ərazimizdən, kəndlərimizdən müharibəyə gedib qayıtmayanların yolunu gözləyən anaların, bacıların, nişanlı qızların için-için ağladığının şahidi olmuşam. Mənim uşaq dünyama yazılan müharibə etüdü böyüyənədək müşahidə olunub və görmüşəm ki, hər gün səhər, axşam ağlayan bir qoca qarı "Oğlum, hey!" deyib , ağlayıb həzin-həzin... elə-belə də işıqlı dünyanı tərk edib, indi həyatda yoxdur, heç oğlunun "qara kağızı" da gəlmədi... Hər vaxt ağlaşma səsi gələndə o qoca qadını düşünür, bu acı duyğudan əl çəkə bilmirəm. Nə yaxşı ki, heç kim və heç nə unudulmur, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən silsilə tədbirlər davam edir. Növbəti belə tədbir Masallı rayonunda təşkil olunub.
Uşaq, böyük əlindən tərpənmək olmurdu. Hamı elə biləsən böyük el şənliyinə tələsirdi. Şənbə günü Masallı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Masallı rayon İcra Hakimiyyəti ilə birlikdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarına əsasən "Xalq və ordu birdir" devizi altında keçirilən bədii-təşviqat marafonunun növbəti mərhələsinə - mərasimə həsr olunmuş kütləvi vətənpərvərlik tədbirinə toplaşırdılar. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, əsgər və zabitlər, Böyük Vətən müharibəsi, arxa cəbhə və Qarabağ müharibəsi veteranları , əsgər valideyinləri YAP Masallı rayon təşkilatı və YAP Masallı rayon təşkilatı Gənclər Birliyi, hərbi xidmətçilər, gənclərin nümayəndələrinin yaxından iştirak etdiyi tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
İzdihamlı mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, telejurnalist Məleykə Alıqızı və başqaları İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında Azərbaycan respublikasının və Azərbaycan xalqının müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd edilib ki, 1939-cu il sentyabrın 1-də başlanan müharibə iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920 -ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.
İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci Dünya Müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə müharibənin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.
Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.
1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.
1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad , Kiyev , Stalinqrad , Ukrayna , Belorusiya , Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirə bilmişdi göstərdiyi şücaətə görə ölümündən sonra o, döyüş ordeninə layiq görüldü. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər.
1941-1945-ci illər Böyük Vətən Müharibəsi. SSRİ-də yaşayan xalqların, o cümlədən azərbaycanlıların 1941-1945-ci illərdə dünyanı bürüməkdə olan faşizmə qarşı apardığı savaş tarixə bu adla düşüb. Düz 70 il əvvəl başlanan və 1418 gün davam edən döyüşlər dünyanın faşizm bəlasından xilas olunması ilə nəticələndi. Bu müharibədə qazanılmış qələbədə Azərbaycan xalqının övladlarının da özünəməxsus payı danılmazdır.
Azərbaycanın müasir ordu quruculuğundakı nailiyyətləri diqqətə çatdırılıb. Bildirilib ki, bu cür tədbirlər, xalq və ordunun monolit birliyinin nəticəsidir.
1945-ci ildə faşizm üzərində qələbənin qazanılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə çalacaqdır. Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin yüksək döyüş ruhu və ordu ilə xalqın birliyi sayəsində ordumuz işğal altındakı torpaqlarımızı azad edəcəkdir. Çıxışlarda Dağlıq Qarabağ torpaqlarının tezliklə düşmən tapdağından azad ediləcəyi və belə bir möhtəşəm qələbə tədbirinin orada keçiriləcəyi və Azərbaycan bayrağının Azərbaycanın heç vaxt ayrılmaz hissəsi olan Dağlıq Qarabağda - Xankəndində ucaldılacağı ifadə olunub.
Masallının tarix, etnoqrafiya və mədəniyyəti barədə danışaraq Böyük Vətən müharibəsi illərində 100 mindən çox rayon sakininin cəbhəyə yollandığını, onlardan 5000 nəfərinin həlak olduğunu da mərasimdə diqqətə çatdırıblar.
5000 nəfər!!!
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Masallı rayon İcra Hakimiyyəti ilə birlikdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarına əsasən "Xalq və ordu birdir" devizi altında keçirilən bədii-təşviqat marafonunda həmçinin son illər Azərbaycanda ordu quruculuğu və Böyük Vətən müharibəsi veteranlarına göstərilən qayğıdan söhbət gedib.
Tədbirdə Mərkəzi Zabitlər evinin mahnı və rəqs ansamblının, tanınmış incəsənət ustalarının - Azərbaycanın Xalq artistləri Zümrüd Məmmədova və Zaur Rzayev, Masallının məşhur "Halay" folklor qrupu və başqa ifaçıların ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər təqdim edilib.
Böyük Vətən müharibəsinin başlanması, Azərbaycan oğullarının cəbhəyə yollanması kompozisiya və səhnəciklərlə canlandırılıb.
Sonra müharibə veteranlarının iştirakı ilə meydana 1945-ci ildəki qələbə bayrağı gətirilib. Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib.
Mərasimdə Böyük Vətən müharibəsinin iştirakçıları Reyxstağa sancılan qələbə bayrağını bugünkü nəslin nümayəndələrinə təqdim ediblər.
Respublika Veteranlar Şurasının sədr müavini, əslən Masallı rayonunun Köçəkli kəndindən olan Cəlil Xəlilov şuranın təsis etdiyi "Veteran həmrəyliyi" medalını və "Veteranların qayğıkeşi" diplomunu Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova təqdim edib.
Müharibə vetarenı Atabala Hacıyev və Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsumovaya "Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi" medalları təqdim olunub.
İzdihamlı mərasim Qələbə marşı ilə başa çatıb...
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Masallı rayon İcra Hakimiyyəti ilə birlikdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarına əsasən "Xalq və ordu birdir" devizi altında keçirilən bədii-təşviqat marafonu Qələbə marşı ilə başa çatıb. Amma, mənim ürəyimə çalın-çarpaz yazılan o xatirə göz önümdədir: Böyük Vətən müharibəsinin ağrı-acılarını öz taleyimdə görmüşəm. Doğma ərazimizdən, kəndlərimizdən müharibəyə gedib qayıtmayanların yolunu gözləyən anaların, bacıların, nişanlı qızların için-için ağladığının şahidi olmuşam. Mənim uşaq dünyama yazılan müharibə etüdü böyüyənədək müşahidə olunub və görmüşəm ki, hər gün səhər, axşam ağlayan bir qoca qarı "Oğlum, hey!" deyib , ağlayıb həzin-həzin... elə-belə də işıqlı dünyanı tərk edib, indi həyatda yoxdur, heç oğlunun qara kağızı da gəlmədi... Hə vaxt ağlaşma səsi gələndə o qoca qadını düşünürəm, bu acı duyğudan əl çəkə bilmirəm. Nə yaxşı ki, heç kim, heç nə unudulmur, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən silsilə tədbirlər davam edir. Növbəti belə tədbir Masallı rayonunda təşkil olunub. ..
Əlihüseyn ŞÜKÜROV
AJB-nin və Rusiya Jurnalistlər İttifaqının üzvü

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az