"CESD-nin sosial istiqamətdə hansı islahatların aparılmasını ilə bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edirik. Hazırda ən çox müraciət edilən, eləcə də müzakirə edilən sosial proqram ünvanlı sosial yardım proqramıdır. Bizim qiymətləndirmə də göstərir ki, ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsinə ehtiyac var. Təklif edirik ki, proqramın re-brendinqi həyata keçirilsin. Monitorinqlərimiz göstərir ki, vətəndaşlar arasında da ünvanlı sosial yardım proqramına "şeş-qoşa" adı verilib. Çünki bu proqram icra edilməyə başlayan zaman, uzun müddət ünvanlı sosial yardım proqramı çərçivəsində 6 ay məmurun, 6 ay ünvanlı sosial yardım alacaq vətəndaşın prinsipi, yəni "6-6" prinsipi ilə əlaqəlidir. Doğrudur, artıq bu problemlər aradan qaldırılıb. Amma bu sözügedən proqrama olan inamın formalaşmasına səbəb olmur".
Mediainfo.az xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib: "Hazırda da ünvanlı sosial yardım proqramının ictimaiyyət arasındakı reputasiyası kifayət qədər pisdir: "Ümumiyyətlə, bu adı dəyişmədən həmin proqram çərçivəsində islahatların aparılması praktiki olaraq mümkünsüzdür. Eyni zamanda proqram çərçivəsində müraciət mexanizmin asanlaşdırılması və müraciət edənlərinin sayının artırılması önəmlidir. Məsələn, mobil telefonu üçün ailənin adambaşına son 12 ay ərzində xərcinin orta aylıq məbləğinin nə üçün nəzərə alınması anlaşıqlı deyil. Xüsusən, kommunal xidmətlər ilə bağlı dəyişikliklər aparılmalıdır. Eyni zamanda kommunal xidmətlərin payının da dəyişdirilməsinə və ünvanlı sosial yardımdan istifadə edəcək vətəndaşlarımızın sayının artırılmasına, bununla yanaşı, məbləğə baxılmasına və artırılmasına ehtiyac var. Çünki minimum əmək haqqı artırıldıqdan sonra ünvanlı sosial yardım proqramı çərçivəsində vəsaitin də həcminin minimum istehlak meyarına deyil, minimum əmək haqqına uyğunlaşdırılması vacibdir ki, daha çox vətəndaşımız məhz ünvanlı sosial yardım proqramından faydalana bilsin. Və proqram çərçivəsində vətəndaşa ödənilən vəsaiti artırmaq mümkün olsun".
Özünüməşğulluq proqramının təkmilləşdirilməsinə ehtiyac var
"Əvvəlki dövrlərdə, xüsusən mal-qaranın ucuz alıb, baha rəsmiləşdirilməsi ilə bağlı xeyli faktlar mətbuata təqdim olunmuşdur. Bu da onun göstərir ki, məşğulluq proqramının da təkmilləşdirilməsinə ehtiyac var. Bu proqramda iştirak edən vətəndaşlar kənd təsərrüfatı ilə məşğul olmaq istəyərlərsə, onlara lazım olan vəsaitlərinin özlərinin alınmasına imkan yaradılmalıdır", - deyən ekspert əlavə edib ki, həmin şəxs heyvandarlıq və ya digər kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğuldursa, özü birbaşa satıcı ilə razılaşmalıdır, dövlət isə həmin pulu satıcıya ödəməlidir: "Nəticədə bu da dövriyyə vəsaitlərinin qiymətlərinin şişirdilməsi ilə bağlı şübhələri aradan qaldıracaq və imkan verəcək ki, öz biznesini qurmaq istəyən şəxs özü seçim etsin. Digər tərəfdən, özünüməşğulluq proqramı çərçivəsində yalnız mal-qaranın alınması deyil, həm də digər istiqamətlərə daha çox vəsaitin ayrılması və ödəniləcək vəsaitlərlə bağlı limitlərin artırılmasına ehtiyac var. Düzdür, hazırda aqrar sektordan başqa istiqamətlərə də vəsait ayrılır. Amma bunun da sistemləşdirilməsinə ehtiyac var. Xüsusən də payız aylarında mal-qara alan vətəndaşlarımız üçün əlavə xərclər yaranır. Mal-qaranın təbii artımı adətən zaman tələb edir. Bir neçə ay ərzində onun yemə və digər xərcinin ödənilməsinə ehtiyac var ki, bu da xüsusən də ünvanlı sosial yardım alan, maliyyə imkanları güclü olmayan vətəndaşlarımız üçün əlavə xərcdir. Bununla yanaşı, digər istiqamətlərə, xüsusən də sənətkarlığa da vəsaitlərin ayrılmasına ehtiyac var ki, məşğulluq proqramı daha çox aqrar sektor üzrə köklənməsin".
Pensiya islahatlar üzrə "Amerikan modeli" tətbiq edilsin
V. Bayramovun sözlərinə görə, pensiya islahatlarının davam etdirilməsi də vacib amillərdəndir: "Pensiya islahatları üzrə "Amerikan modeli"ni təklif edirik. Belə ki, elə vətəndaşlarımız var ki, onların pensiya kapitalı kifayət qədər böyükdür. Bəzi hallarda hətta 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlarımız var. "Amerikan modeli"ndə olduğu kimi, həmin vətəndaşlarımıza daha tez pensiyaya çıxmaq və buna uyğun olaraq da kapitalların bir hissəsini 65 yaşına çatmadan istifadə etmək hüquqi verilməlidir. Biz təklif edirik ki, minimum pensiya kapitalı ilə yanaşı, həm də orta pensiya kapitalı anlayışı da qanunvericiliyə daxil edilsin. Orta pensiya kapitalı çox olan vətəndaşlarımız 65 yaşı tamam olmadan pensiyaya çıxmaq hüququ əldə etsin. Məsələn, bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədən qonşu Rusiyada olduğu kimi əmək pensiyası yaşa görə pensiyaya çıxma vaxtlarının fərqləndirilməsinə ehtiyac var. Vətəndaşa imkan verilməlidir ki, yaşa görə pensiyaya daha tez çıxsın. Bizim pensiya qanunvericiliyində pensiya üzrə müavinətlərin daha tez, əmək pensiya yaşından tez müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu da imkan verəcək ki, yaşa görə pensiya əmək pensiyası ilə müqayisədə daha tez müəyyənləşsin, vətəndaş daha tez yaşa görə pensiyadan istifadə edə bilsin. Azərbaycanda əmək pensiyası hüququ olmayan vətəndaşlarımız 67 yaşında müavinətlər almağa başlayır. Biz bu rəqəmin dəyişdirilməsi, vətəndaşa 63 yaşı tamam olduqdan sonra qocalıq müavinəti almaq hüququnun verilməsini təklif edirik. Eyni zamanda minimum pensiya artıqdan sonra tələb edilən minimum pensiya kapitalında da artımlar var və buna baxılmasına, həmin minimumların da tənzimlənməsinə ehtiyac var. Minimum pensiya məbləği artıqdan sonra dövlətin müəyyən hissəni öz hesabına kompensasiya etməsi məqsədə uyğundur. O baxımdan biz təklif edirik ki, minimum pensiya kapitalı ilə bağlı rəqəmlərə baxılması və dəyişdirilməsi vacibdir ki, daha çox vətəndaşlarımız əmək pensiyasından istifadə edə bilsin".
Ekspert əlavə edib ki, orta yaş müddəti uzun deyil: "Bəzi hallarda vətəndaşlarımız pensiyaya çıxmadan öncə dünyasını dəyişirlər. Bu da onlara o yığımlardan istifadə etməyə imkan vermir. Pensiya yığımlarında varisliyin tətbiqi də önəmlidir. Bəzi hallarda vətəndaşlarımız yığım edirlər, amma, pensiya yaşı tamam olmadan dünyalarını dəyişirlər. Həmin vətəndaşlarımızın yığımlarının onların varisləri tərəfindən istifadə edilməsinə imkan yaradılmalıdır. Digər tərəfdən xüsusən əlillik dərəcəsi olan vətəndaşlarımız üçün müavinətlərin məbləğinə baxılmasına və artırılmasına ehtiyac var. Bu il birinci paketdə həmin müavinətlərin artırılması ilə bağlı qərar qəbul edilib. Bu prosesin davamlı olmasına və xüsusən də birinci qrup əlillər üçün sosial müavinətin məbləğinin artırılaraq ən azı minimum əmək haqqı səviyyəsinə çatdırılmasına ehtiyac var ki, həmin vətəndaşlarımızın sosial təminatı ilə bağlı hər hansı bir çətinlik olmasın. O baxımdan minimum pensiya, minimum əmək haqqı ilə yanaşı, xüsusən də əlillik dərəcələri üzrə sosial müavinət məbləğlərinin artırılması prioritet olmalıdır. Nəticə etibarilə növbəti aylarda bu istiqamətdə addımların atılmasına ehtiyac var. Özəl pensiya fondunun yaradılması prosesinin sürətləndirilməsi və vətəndaşlarımıza özəl pensiya fondlarında yığım imkanı verilməsinə də ehtiyac var. Eyni zamanda həmin fondlarda yığılacaq vəsaitin xarici valyutalara indeksasiyası önəmlidir ki, gələcəkdə məzənnədəki dəyişikliklər yaranarsa fondakı yığımlara birbaşa təsir göstərməsin və onların dəyərsizləşdirilməsinə gətirib çıxarmasın".
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































