Həyatın əbədi anı - İlk məhəbbət...

Həyatın əbədi anı - İlk məhəbbət...
Müəlliminə duyduğu məhəbbət hələ də onun qəlbindədir

Müəllim - bu şəxs böyük hörmətə və ehtirama layiqdir. Belə ki, təhsilə başladığımız ilk andan bəri yalnız o, bizim əlimizdən tutub, elmin yüksəkliklərinə doğru aparır. Həyatın da bir məktəb olduğunu nəzərə alsaq, müəllimin rolunun böyük olduğunu anlaya bilərik. Heç təsadüfi deyil ki, bizim cəmiyyətdə ən hörmətli adama "müəllim" adı ilə müraciət edirlər. Göründüyü kimi, bu şəxs bizim həyatımızın ayrılmaz bir tərkib hissəsidir. Bəlkə elə buna görədir ki, biz ona hörmət edir, məhəbbətlə yanaşırıq, özümüzə ideal seçirik? Bəzən şəxsiyyətinə olan məhəbbətimiz daha da dərinlərə gedərək, sevgiyə çevrilir. Bu isə təbii haldır.

Hər bir insan ömründə heç olmasa bir dəfə öz müəlliminə vurulur. Aranızda bunu inkar edən varsa, demək, nəyə görəsə xatırlamaq istəmir. Tələbələrin müəllimlərə və ya əksinə, müəllimlərin tələbələrə qarşı sevgi hissləri günümüzdə də geniş yayılmaqdadır. Qeyri-normal münasibətləri nəzərə almasaq, subaylar arasında məhəbbət romanlarının yaşanmasını təqdir etmək olar. Cəmiyyətimizdə xoşbəxt nikahla nəticələnən bu cür ilişgilər çox olmuşdur. Lakin nə yazıq ki, faciəyə səbəb olan münasibətlərin mövcudluğunu da qəbul etməliyik.

Sevda Məmmədovanı mən ilk dəfə idi ki, redaksiyada görürdüm. Zahirən müasir bir xanıma bənzəyirdi. Söhbət zamanı başa düşdüm ki, daxili aləmi də zəngindir. O, mənim yazılarımın daimi oxucusu kimi birbaşa yanıma yaxınlaşdı. Özü barədə məlumat verib, ürəyini açdı. Gəlişinin məqsədi illər öncə sevib-seçdiyi və sonradan itirdiyi müəlliminə yenidən qovuşmaq istəyi idi. Gənc qızın dediklərini kiçik ixtisarlarla sizlərə çatdırıram.

"Təxminən on il əvvəl olardı. Futurologiya institutunda oxuyurdum. Bir gün institutumuzun binasında cavan bir oğlanın gəzişdiyini gördüm. Ağ eynəkli, orta boylu, arıq, lakin zövqlə geyinmiş gənc idi. İlk əvvəl elə zənn etdim ki, tələbədir. Ancaq qızlardan onun müəllim olduğunu öyrəndikdə, aramızda altı-yeddi yaş fərqin olduğunu anladım. O biri qızlar kimi mən də ona göz qoymuşdum. Mənim müəllimim olmasa da, bir neçə dəfə icazə alıb, dərslərində oturdum. Hər dəfə işarələrlə başa salmağa çalışırdım ki, ona qarşı biganə deyiləm. O isə nəinki mənə, heç bir qıza gözünün ucu ilə də baxmırdı. Onun laqeydliyi məni bərk əsəbiləşdirmişdi. Axırda dözməyib, onu təklikdə tutdum. Sinif otağının qapısını içəridən örtüb, yanına getdim. Nə qədər çətin olsa da, ona ürəyimi açdım. Gözlədiyim kimi, mənim məhəbbətimi inkar etdi və onun tərəfindən bu cür əlaqələrin yolverilməz olduğunu dedi. Ömrümdə birinci dəfə idi ki, bu cür alçaldılmışdım. Çünki institutda çox oğlanlar mənimlə əlaqə qurmaq üçün dəridən-qabıqdan çıxırdılar. Mənimsə qəlbimdə yalnız ona yer var idi. Gözlərim dolmuşdu. Güllə tək otaqdan çıxdım.

O gündən sonra onu institutda görəndə üzümü yana çevirirdim. Ancaq bir gün hiss etdim ki, onsuz yaşaya bilmirəm. Onunla görüşmək üçün institutun avtobusuna minməyə başladım. Çalışırdım hər dəfə onun yanında əyləşim. Belə bir imkan düşməyəndə söhbət etməyə can atırdım. Yavaş-yavaş o da mənə isinişirdi. Artıq eyni avtobusla gedib gəlirdik. İnstitutda da saatlarla söhbət edirdik. Onu qızlara qısqanırdım. Rəfiqələrimi aldatmışdım ki, guya o da məni sevir. Əslində isə onunla bu barədə danışmağa cürətim çatmırdı. Çünki hər dəfə söhbətin mövzusunu dəyişirdi. Bir gün İqtisadiyyat kafedrasından onun ev nömrəsini öyrəndim. Cəsarətimi toplayıb, onlara zəng vurdum. Gözlədiyimin əksinə olaraq, mənə acıqlandı. Bu nömrəyə bir daha zəng vurmamağımı tapşırdı. Həmin hadisədən təxminən iki-üç ay sonra o işdən çıxdı. Bir daha onu görə bilmədim. Ev nömrələrini də nədənsə dəyişdilər.

Qəlbimdə ilk sevgimin nisgili ilə həyatıma davam edirdim. Hər yerdə gözüm onu axtarırdı. Müəllimimi yalnız xəyallarımda görə bilirdim. Çünki bir an belə olsun, əksi gözlərim önündən çəkilmirdi. Çox vaxt aşırma taxan, əlində çanta gəzdirən süzgün gözlü müəllimim əbədiyyən qəlbimdə məskən salmışdı. İnstitutu bitirdikdən sonra ailəmin təkidi ilə sevmədiyim bir oğlana ərə getdim. Nikahım uğursuz alındı. Beş ildən sonra boşandıq. Artıq bir oğul anasıyam. Ancaq hələ də o insanı unuda bilmirəm. Başa düşürəm ki, o da ailəli ola bilər. Ona görə də narahat etmək istəmirəm. Buna baxmayaraq, heç olmasa bir dəfə onu yaxından görmək istəyirəm."

Müəyyən səbəblərdən həmsöhbətimin bəhs etdiyi müəllimin adını və soyadını yazmadım. Yəqin ki, doxsanıncı illərin ortalarında Futurologiya Fasiləsiz Təhsil Mərkəzində oxuyanlar onu yaxşı tanıdılar. Elə isə təktərəfli sevgi romanı barədə fikir yürütməyi sizin öhdənizə buraxıram, əziz oxucular. Mənə isə bir şeyi söyləmək qalır, sevgi bir xəstəlikdir. Onun nə vaxt gələcəyi heç kimə bəlli deyil, eynən dərmanı tapılmadığı kimi...

Qələmə aldı: Mayıl İsmayılov

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az