Onlar gürcü olduqları qədər də azərbaycanlı və müsəlmandırlar

Onlar gürcü olduqları qədər də azərbaycanlı və müsəlmandırlar
Özümüzü tanıyaq və tanıdaq

Milli liderin xeyir-duası

Əziz həmvətənlər!

Azərbaycanda yaşayan gürcülərin milli-mədəni təşkilatını yaratmaq məqsədi ilə Bakıda keçirilən toplantınızı ürəkdən salamlayır, təsis etməkdə olduğunuz gürcü icması təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıram.

Qafqazın ən qədim xalqlarından olan azərbaycanlıları və gürcüləri bir-birinə həmişə səmimi dostluq və mehriban qonşuluq münasibətləri bağlamışdır. Xalqlarımız min illər boyu eyni coğrafi məkanda yaşayaraq bu diyarın acılı-şirinli bütün taleyini bölüşmüşlər. Cənubi Qafqazın çoxəsrlik tarixində xalqlarımızın sarsılmaz dostluğuna və əməkdaşlığına şahidlik edən şərəfli səhifələr çoxdur. Uzaqgörən ulu əcdadlarımızdan bizə miras qalmış bu şanlı ənənələri inkişaf etdirmək və onu gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs vəzifəsidir. Qlobal siyasi hadisələrlə zəngin olmuş iyirminci yüzilliyin sonlarında Azərbaycan və Gürcüstan yenidən dövlət müstəqilliyi əldə etmiş, xalqlarımızın tarixi haqqı olan azad və suveren respublika müstəqil daxili və xarici siyasət yeridir, beynəlxalq aləmdə xalqlarımızın mənafe və maraqlarını layiqincə təmsil edir. Yaşadığımız son dərəcə məsuliyyətli tarixi mərhələdə Gürcüstanın azərbaycanlı əhalisi və Azərbaycanda yaşayan gürcülər vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər. Bu gün hüquqi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən milli azlıqların hüquq və azadlıqları beynəlxalq normalara uyğun şəkildə təmin edilmişdir. Respublikada yaşayan gürcülər də ölkə Konstitusiyasında təsbit edilmiş insan haqlarına sahib olmaqla Azərbaycanın tam və bərabər hüquqlu vətəndaşlarıdır. Hazırda müstəqil Azərbaycan və Gürcüstan dövlətləri ictimai-siyasi, iqtisadi, elmi-mədəni sahələrdə hərtərəfli əməkdaşlıq edərək ölkələrimizin xoşbəxt gələcəyi naminə strateji tərəfdaşlıq nümayiş etdirdilər. Bu işdə, şübhəsiz ki, xalq diplomatiyasının, insanlar və xalqlar arasında mehriban dostluq və qonşuluq münasibətlərinin də rolu danılmazdır. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın gürcü icması və əsasını qoyduğunuz milli-mədəni təşkilat xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşmasına, zəngin tarixi köklərə malik əlaqələrimizin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir.

Əziz həmvətənlər!

Hamınıza xoşbəxtlik, əmin-amanlıq arzularımı yetirir, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Azərbaycan və gürcü xalqlarının sarsılmaz dostluğu naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm.

Özümüzü tanıyaq və tanıdaq

Məqaləni təsadüfən ulu öndərin sözləri ilə başlamadıq. O, Azərbaycanda yaşayan kiçik xalqların, o cümlədən gürcülərin milli-mənəvi dəyərlərini, adət-ənənələrini qorumaq naminə onların təşkilatlanmasında xalqımızın və dövlətimizin rolunu yüksək qiymətləndirib. Milli lider bununla bir daha sübut edib ki, ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənəsi müasir dövrdə də davam etdirilir, özü də ən yüksək səviyyədə. Bəli, biz vətənimizi, dövlətçiliyimizi sevən, ona hörmət bəsləyən hər bir insana eyni münasibəti göstəririk. Məhz bu səbəbdən də biz ölkəmizi özünə vətən seçmiş milli azlıqları milli zənginliyimiz hesab edir, onların tarixini, mədəniyyətini öyrənir və təbliğ edirik. Heç təsadüfi deyil ki, sizə təqdim etdiyimiz məqalə bütövlükdə Azərbaycanda yaşayan gürcülərə, o cümlədən müsəlman gürcülər olan ingiloylara həsr olunur. Onlar cəmiyyətimizin ayrılmaz parçalarıdır. Deməli, biz Azərbaycan gürcüləri haqda bəhs etdikdə, elə özümüzü tanıtmış oluruq.

Bu yerdə ulu öndər Heydər Əliyevin milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirdiyi digər bir fikri nəzərinizə çatdırırıq: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar…Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşdür…"

Birgə tariximiz

İngiloylar 26 qədim alban tayfasından biri olan gellərdir, "gel" sözü də "ingiloy" sözünün ikinci hecasında "gil" kimi öz əksini tapıb. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların əsas məşğuliyyəti tütünçülük, taxılçılıq, üzümçülük, meyvəçilik və heyvandarlıqdır. Onlar əsasən Azərbaycanın Qax və Zaqatala rayonlarının ərazisində yaşayırlar. İngiloylar müsəlmanlığı I Şah Abbasın dövründə qəbul ediblər. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. İngiloyların dili gürcü dilinə yaxın (gürcü dilinin cənub dialekti) olduğu üçün onları gürcüdən dönmə hesab edirlər. İngiloyların əcdadları olan gellər orta əsrlərdə dilləri gürcüləşmiş alban tayfaları olmuşlar.

Sıralarımızı artıran insanlar

Etnik, psixoloji, mədəniyyət və s. cəhətlərinə görə azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan ingiloylar yaşadıqları cəmiyyətə sıx inteqrasiya olunmaları ilə seçilirlər. Sonralar ərazi qonşu Gürcüstanın təsirinə düşdüyündən öz dilini itirib. İngiloyların yaranma tarixi barədə müxtəlif fərziyyələr mövcud olsa da, fakt odur ki, onlar Azərbaycan diyarının vətəndaşlarıdır. Deməli, mənşəyindən asılı olmayaraq, onlar azərbaycanlıdır. Dövlət Statistika Komitəsinin məlumatında ümumən Azərbaycanda yaşayan gürcülərin sayı barədə məlumatlar verilir. Bu da yəqin ki, ingiloyların gürcü mənşəli olmaları ilə bağlıdır. Azərbaycanda yaşayan gürcülərin ümumi sayı 14 900 nəfərdir ki, onların da 12 000 nəfəri ingiloydur.

Mədəniyyət və İncəsənət

İngiloyların milli adət-ənənələrinin qorunub saxlanması sayəsində dövlət tərəfindən bir sıra işlər görülüb. İngiloyların yaşadıqları rayonlarda əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, burada digər azsaylı xalqların nümayəndələri də yaşayırlar. Bu bölgələrdə azərbaycanlılarla yanaşı, həm də azsaylı xalqların nümayəndələri ilə bağlı tədbirlər keçirirlər. Azərbaycan şairlərinin yubileyləri ilə yanaşı, gürcü xalqlarının nümayəndələri İ.Çavçavadezinin, Ş.Rustavelinin yubileyləri qeyd edilib. Milli tərkibindən asılı olmayaraq Əlibəyli kənd mədəniyyət evinin gürcü xoru, xalq teatrı, Qaxbaş, Qax-gürcü kənd mədəniyyət evlərinin gürcü xoru və rəqs qrupu, Qəbələ rayonunda fəaliyyət göstərən folklor kollektivləri, kəndirbazlar qrupu, zurnaçılar dəstəsi, "zopu-zopu" xalq kollektivi həmin bölgədə milli adət-ənənələrin təbliğində mühüm rol oynayırlar. Rayon mərkəzlərində keçirilən xeyriyyə marafonları, 20 yanvar və Gürcüstanda baş vermiş 9 aprel faciələrinin qeyd olunması həm də milli azlıqların adət-ənənələrinin təbliğinə xidmət göstərir. Qax rayon Tarix-Diyarşünaslıq Muzeyində milli adət-ənənələri əks etdirən sərgilər təşkil edilmiş, bölgədə yaşayan azsaylı xalqların mədəniyyətinin təbliğinə diqqət yetirilmişdir. Azsaylı xalqların bir çox bədii özfəaliyyət kollektivlərinin rəhbərlərinə fəxri adlar verilmişdir. Bu sırada gürcü Z.Poladaşvili "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülmüşdür. Milli azlıqları bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət Nazirliyinin də fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, musiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar. Qaxda Gürcü Teatrı fəaliyyət göstərir. Eyni zamanda milli azlıqların vokal instrumental ansamblı da onların istifadəsindədir. Azərbaycanda hal-hazırda gürcü dilində 5 orta məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə ümumilikdə 51 sinifdə 2641 nəfər şagird təhsil alır.

Son söz əvəzi:

Gürcülərin müdrik bir atalar sözü var: "İp uzun olanda, danışıq qısa olanda yaxşıdır". Odur ki, biz də bu atalar sözünə uyğun olaraq məqaləni yekunlaşdırırıq. Sonda təkcə onu deyə bilərik ki, azərbaycanlılarla gürcülər arasında olan dostluq, qohumluq, əməkdaşlıq əlaqələri uzun iplərlə bir-birinə bağlıdır. Bu ipin ucu tarixin dərinliklərinə doğru uzanır. Onun adı tolerantlıqdır.

Hazırladı: Könül Aypara (KİVDF üçün)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az