Bu il Braziliyanın Rio De Janeyro şəhərində keçirilən Olimpiya Oyunlarını demək olar ki, bütün dünya maraqla izləməkdədir. Doğrudur, Azərbaycan yığmalarından hələ ki, yüksək nailiyyət (qızıl medal) əldə edilməyib. Halbuki, Azərbaycan idmançıları ötən Olimpiya Oyunlarında qeyri-adi çıxışları ilə yadda qalmışdılar (Elnur Məmmədlini misal çəkmək olar).
Bu il medal sıralamasında Azərbaycan hələ ki, 54-cü yerdədir: 0 qızıl, 2 – gümüş, 3 – bürünc. Cəmi 5 medal...
Bu müddət ərzində idmançılarımız arasında ən yadda qalan oyun isə Yunan-Roma güləşçisi Rəsul Çunayevin çıxışı oldu. Təəssüf içində bildirim ki, söhbət yarımfinalda erməni rəqibi Miqran Arutyunyana məğlub olan idmançıdan gedir.
Hazırda Rəsulun bu məğlubiyyəti sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Onu da əlavə edim ki, həmyerlimiz çoxları tərəfindən qınağa tuş gəlir. Hətta azərbaycanlıların müəyyən qismi güləşçimizin bürünc medalını belə qəbul etmədiyini açıq-aşkar bildirir. Hansı ki, bəlkə də Azərbaycan üçün bu vaxta kimi daşı daş üstə belə qoya bilməyib. Ki, qolunun gücünün hesabına nəinki Azərbaycanın, hətta Türkiyə bayrağını belə "Rio-2016"da qaldıran birisini klavyatura arxasında rahatca əyləşərək, bəlkə də çay içə-içə qınamaqdan. ələ salmaqdan, lağa qoymaqdan çəkinmir.
Doğrudur, insanların aqresiyasını anlamaq lazımdır. Bəlkə də R.Çunayev başqa bir millətin güləşçisinə məğlub olsaydı, bu cür odlu-alovlu qarşılanmazdı. Güləşçimizin özü də bunu etiraf edib:
- Rioya qızıl medal üçün gəlmişdim, ancaq təəssüflər olsun ki, bunu bacarmadım. Məni dəstəkləyən hər kəsə çox minnətdarlığımı bildirirəm. Mən də istərdim ki, onları sevindirim. Tənqid edənləri də başa düşürəm. Miqran Arutyunyana uduzmuşam. Ancaq bilin ki, hamıdan çox özüm qələbə qazanmaq istəyirdim. Bu dəfə alınmadı.
Mən uzun müddətdir 66 kq çəkidə çıxış etmirdim. Olimpiadaya düşmək üçün çəkimi salmalı oldum. Bu amil məğlubiyyətimdə çox böyük rol oynadı. Püşküm də çətin düşmüşdü. 1/8 finalda Olimpiya çempionu ilə qarşılaşdım. Sonuncu rəqibim koreyalı güləşçi dünya çempionu idi. Ancaq qalib gəlmək istəyirsənsə, gərək güclü idmançını yolundan kənarlaşdırasan. Yalnız yarımfinalda səhvə yol verdim.
Yəni... Adam özü də anlayır ki, səhvə yol verib, gərək daha çox əzmkarlıq göstərərdi. Daha çox çaba nümayiş etdirərdi. Ki, özünəməxsus əsgər salamını başqasına "kaptırmazdı"... Bundan əlavə, axı millətimizin xüsusiyyətinə bələddir. Bilirdi ki, oyundan dərhal sonra "vedrə bağlayanlar" dedi-qoduya, qeybətə, qarğışa başlayacaqlar. Bilirdi ki, tez bir zamanda üzünə gülənlər arxasınca danışacaqlar. Uğuruna (bürünc medalı nəzərdə tutulur – K.A.) sevinməyənlər olacaq.
Ancaq bu da qismət imiş. Hər cür həyasızlığa əl atan rəqibi Miqran Arutyunyanın da bütün canfəşanlığına baxmayaraq, yenə də birincilik əldə edə bilməyəcəyi qismətdən qaçmaq olmaz... (Yeri gəlmişkən, oyundan sonra qızıl medal sahibi ola bilmədiyinə görə aqressiv hərəkətləri ilə, göz yaşları ilə seçilən Aqran medalların təltifolunma mərasimindən sonra Çunayevi qucaqladı. Amma həmyerlimiz soyuqqanlıqla onun münasibətinə cavab verdi. Həmin an diqqətlərdən yayınmadı K.A.).
... Hə... Sosial şəbəkələrdə, xüsusilə də bəzi yerli sayt manşetlərində Rəsulun məhz məğlubiyyəti müzakirə obyektinə çevrilib. Gündəmdə məhz budur! "Rəsul hansı haqla erməni rəqibinə məğlub oldu?!"
Onun Azərbaycana bürünc medal gətirməsi, bu medala görə sonuncu rəqibinə necə asanlıqla qələbə çalması, yaddaqalan oyunu haqda bütün dünya mediasına səs salması, Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağını da qaldırmaqla iki ölkənin qardaşlığını dünyaya göstərməsi və s. bu kimi uğurları tamamilə arxa planda qalıb. Qabardılmır. Qabardan adam da tapılmır axı. Çünki hələlik baş azərbaycansayağı xasiyyətimizi nümayiş etdirməyə qarışıb: qınaq, qeybət, tənqid, təhqir, söyüşlər və s.
Necə deyərlər, müsəlmanın sonrakı ağlı. Bizə görə güləşçimizin uğuru bir neçə ildən sonra yada düşəcək.
Yada düşəcək demişkən, bilirsiniz, yadıma nə düşdü? Bir il əvvəl – 2015-ci ildə Rəsul Çunayevin Özbəkistanda keçirilən böyüklər arasında güləş üzrə Dünya Çempionatındakı çıxışı. Yox, möhtəşəm çıxışı... Yunan-Roma güləş növü üzrə həlledici görüşdə onun erməni rəqibi Baronyanı tam üstünlüklə məğlubiyyətə uğratması. Rəsul nə az, nə çox, düz 23 saniyəyə rəqibinin kürəyini yerə vurmağı bacarmışdı. O zaman ondan gözlənilən uğur heç də bugünkü qədər səs-küyə səbəb olmamışdı. Nədənsə... Daha doğrusu, heç "çox sağ ol" deyən də tapılmamışdı...
P.S. İdmanda belə bir fraza var: "Oyunda udarlar da, uduzarlar da". Bizim dillə desək, bunun bu günü, sabahı da var. Hörmət isə hər zaman olmalıdır. Bir az insanların zəhmətinə hörmətiniz olsun. O, bizlərə. Vətəninə hörmət edib, üçrəngli bayrağı çiyninə saldı axı. O ağır yükü çiyinlərində daşıdı axı...
Hazırladı: Könül Aypara
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































