Damağımdakı tapança dadı - Romandan bir parça

Damağımdakı tapança dadı - Romandan bir parça
(Sevilən və kübar müğənnimiz Roza Zərgərlinin «Sibir çiçəyi» bioqrafik romanından bir fəsil)

"Gəlin qaya" şadlıq sarayında ağır bir toy məclisini idarə edib evə qayıdırdım. Doğrusu, çox yorğun idim. Yatıb dincəlmək istədim. Ancaq gözümə yuxu getmədi. Yazı masamın üstündəki çox sevdiyim, dəyər verdiyim, səmimiyyəti ilə qəlbimə köçən, özünə dəyər verən, səhnəmizin kübar xanımı, teleaparıcı, fəlsəfi duyumlu Roza Zərgərlinin "Sibir çiçəyi" kitabını vərəqləməyə başladım. Gecə saat 02.00 idi. Kitabı oxumağa başladım. İlahi, bu nə tale, bu nə yazı, bu nə qələm… Oxuduqca göz yaşlarımı saxlaya bilmirdim. Həm taleyin, həm də qələmin tilsiminə düşmüşdüm. Doğrusu, son zamanlar bəzi naşı yazarların qələminin ucbatından korlanmış zövqüm təzələndi, ruhum dincəldi. Yazarın qələminin hərəkət dinamikası, düzü düz, əyrini əyri yazması, açıq etiraflar məndə Roza xanıma qarşı olan sevgini birə yüz artırdı, onu daha çox sevməyə başladım, sanki onu təzədən kəşf etdim. Zövqüm, baxışım təzələnərək ruhuma bir qida verdi, illərin həsrət buzunu əritdim. Nəhayət ki, dəyərli bir əsərin oxucusu oldum. Bu, mənim ən böyük tapıntım idi. Bu tapıntı üçün Roza xanıma bir Alim Nəbioğlu olaraq minnətdarlığımı bildirirəm. Ondan daha gözəl əsərlər gözləyirəm. Bu əsərlərə, bu qələmə ehtiyacımsız var. Saf, təmiz, riyakarlıqdan uzaq qələm…

...Həmin gün o, həmişəkindən tez gəlmişdi evə. Kiminləsə telefonla danışdı. Söhbətini bitirəndən sonra isə mənə sarı dönüb soruşdu:

- Bu gün həyətdə kiminlə danışmısan?

- Heç kimlə.

- Yalan deyirsən, kiminlə danışmısan?

- Heç kimlə danışmamışam.

Yataq otağına keçib yenə kiminləsə telefonda danışırdı. Amma mən qorxudan yaxınlaşıb onun kiminlə və nə danışdığını belə dinləyə bilmirdim. Ancaq bir şey haqqında düşünürdüm. Əgər mənə hücum eləsə, özümü necə müdafiə etməliyəm? Hara qaçmalıyam, harada gizlənməliyəm ki, mənə daha çox xəsarət yetirməsin. Yaxınlaşıb bir də soruşdu:

- Dəqiq heç kimlə danışmamısan?

- Danışmamışam.

- Yaxşı, get yat.

Onun "get yat" sözləri artıq canıma qorxu salmışdı. Yatağa uzansam da, gözümə yuxu getmirdi. Nəyəsə ancaq məni öldürəcəyi haqqında düşünürdüm. Bir azdan yataq otağına girdi. Otaq qaranlıq idi. Qaranlıqda silahın çaxmaq səsini eşitdim. Başımı yastıqdan qaldırmağa macal tapmamış üstümə çöküb saçımdan tutdu və silahı ağzıma dayadı:

- Ağzını aç!

- Niyə?

- Dedim ki, sənə aç!

- Nə olub axı, Yaqub?

- Sənin ananı... Dedim ki, ağzını aç!

Mən ağzımı açdım... O silahı ağzıma soxub dedi:

- Bax, bu ağzını partladaram! Sən axı nə ixtiyarla mənim pullarımı kiməsə dağıdırsan? Səni öldürərəm! Eşitdin məni?

Mən başımla "hə" işarəsi bildirdim. Ağzıma dirənən soyuq silahın dəmir və pas qoxusu isə sanki bütün ciyərlərimə dolmuşdu. Qorxudan bütün bədənim əsirdi. Həm də nə baş verdiyini anlamağa çalışırdım. Bu gün nə etdiyimi, kiminlə danışdığımı xatırlamağa cəhd edirdim. Bunun səbəbini bilməsəm də, hər halda ağzıma silah dirənəcək qədər bir qəbahətim olmadığını da yəqin bilirdim. O, silahı ağzımdan çıxardıb üstümdən durdu. Bu artıq son hədd oldu. Birlikdə yaşadığım adamdan hər an gələ biləcək təhlükəni hiss edərək yaşamaq dəhşətli idi. Demək olar ki, ölümlə üzbəüz dayanmışdım və sanki əcəlim mənimlə yanaşı addımlayırdı. Qorxu və ölüm təhlükəsi altında nə qədər yaşamaq olardı, bilmirəm? Hər an nə isə baş verəcəyinə təbii ki, artıq əmin idim. Yerimdən tərpənə bilmirdim, sanki bir parça buza dönmüşdüm. Bütün gecəni fikirləşdim və nəhayət ki, kiminlə danışdığımı xatırladım... Bir dəfə Bənövşəni həyətə gəzdirməyə aparmışdım. Soyuq və sakit qarlı havaydı. Yanında təxminən altı-yeddi yaşlarında bir qız uşağı olan orta yaşlı qadının həyətimizdəki zibil qutularının içindən nə isə axtardığını gördüm. Qadının əynində tamamilə nimdaşlaşmış palto vardı. Elə yanındakı uşaq da çox köhnə-kürüş geyimdəydi. Qadın zibil qablarmı eşib oradan nəsə tapır və əlindəki torbaya yığırdı. Əslində, bizim şəhər balaca idi, insanlar da orta səviyyədə yaşayırdılar. Çox kasıb yaşayanlarsa dövlətdən yardım alırdılar. Ona görə də belə faktlara nadir hallarda rast gəlmək olardı. Düzü, mən özüm də heç vaxt belə bir mənzərəylə rastlaşmamışdım. Sakitcə yaxınlaşıb qadından rus dilində soruşdum:

- Siz burada nə axtarırsınız, xanım?

Səsimə diksinən qadın təlaşla rus dilində təkrar-təkrar eyni sözü dedi:

- Bilmirəm, bilmirəm, bilmirəm.

Qadın sanki oğurluq üstündə yaxalanmış biri kimi özünü itirmişdi. Yanındakı balaca qız da qorxaraq qadının qolundan yapışdı və Azərbaycan dilində:

- Gedək ana, gedək burdan, - dedi.

Balaca qızcığazın doğma dilimizdə dediyi sözlər məni çox həyəcanlandırdı. Deməli, onlar azərbaycanlı idilər. Gördüyüm mənzərə məni çox sarsıtmışdı. Qadından soruşdum:

- Sən azərbaycanlısan?

- Hə.

- Adın nədir?

- Qənirə.

- Sən burada nə axtarırsan ki?

- Biz yoldaşımla iki aydır ki, bura gəlmişik. Ərimə iş söz vermişdilər, amma alınmadı. Olub-qalan pulumuzu da ev kirayəsinə ödəmişik. Artıq çörək almağa da pulumuz yoxdur, acından ölürük. Buradan kartof qabığı yığıram ki, aparıb qaynadım, yeyək.

Qadının sözləri məni dəhşətə gətirdi. "Əlindəkiləri yerə at, mənimlə gəl" - dedim. Onu özümlə yaşadığım binanın qarşısına gətirdim. Burada gözləməsini tapşırıb evə qalxdım. Evdə olan ərzaqlardan müəyyən miqdarda torbaya yığıb onun yanına qayıtdım. Qadının telefon nömrəsini də aldım və dedim ki, həftədə bir dəfə ona zəng edəcəm ki, gəlib ərzaq aparsın. Ona yoldaşı iş tapana qədər kömək edəcəyimə söz verdim. Qadın dua edə-edə çıxıb getdi. Aradan uzun illər keçəndən sonra mən artıq tanınmış müğənni olacaqdım. Həmin qadın isə yerli televiziya verilişlərimizdən birində məni axtarıb tapacaqdı. Başa düşdüm ki, Yaqubun mənim ağzıma silah dirəməsinin səbəbi də elə o qadına kömək etməyim olub, əziz dost. Kimsə mənim o qadına kömək elədiyimi bilib, bunu Yaquba demişdi. Mənim bu hərəkətim isə qəlbində artıq azacıq da olsa, mərhəmət hissi qalmayan Yaqubun xoşuna gəlməmişdi. Onu da deyim ki, bir müddət sonra Qənirə ilə həyat yoldaşının mənim taleyimdə böyük rolu olacaqdı. Yaxşı və pis anlamda...

Yaqubun sonuncu qəddarlığı isə mənim evdən qaçmağımla nəticələndi. Hadisə isə belə oldu:

Növbəti dəfə Bənövşəni həkim müayinəsinə aparmışdım. Müayinədən sonra həkimlər artıq onun ayaqlarındakı gipsi açıb onu daha yüngül bir gipslə əvəz edəcəklərini dedilər. Bu nə qədər inanılmaz olsa da, Bənövşə artıq sağalırdı. Artıq onun şikəst olmaq qorxusu qalmamışdı. Bənövşənin ömürlük şikəst qalacağını deyən həkim isə böyük təəccüb içində buna necə nail olduğumu soruşurdu. Mən həkimə ətraflı şəkildə istifadə etdiyim bütün üsullardan danışdım. Həkim o qədər təəccüb içindəydi ki, dediyim hər şeyi bütün detalları ilə məndən təkrar-təkrar soruşurdu. Mənsə xoşbəxtcəsinə onun bütün suallarına yorulmadan cavab verirdim. Həkim Bənövşəylə məni maşına qədər yola saldı. Mən çox xoşbəxt idim, yavrum sağalmışdı. Fikirləşdim ki, bu xəbər Yaqubu da çox sevindirəcək. Amma bu sevincli xəbəri ona xoş bir ortamda çatdırmaq istəyirdim. Axşam süfrə açdım və onun evə gəlişini gözlədim. O isə evə qəzəbli gəlmişdi. İçəri girən kimi də hiddətlə qışqırmağa başladı:

- Deməli, qoynumda ilan böyüdürəm, hə? De görüm sən bu gün kiminlə, hara getmisən?

Təəccüb içində dedim:

- Necə yəni hara getmişəm? Bənövşəni Vladimirlə xəstəxanaya aparmışdım. Axı sən özün bizi sürücüylə xəstəxanaya yola salmısan. Mən sənə qızımızın sağalması xəbərini çatdırmaq istəyirəm. Həkim də etiraf edir ki, onun sağalması möcüzədir.

O, istehzayla mənə baxıb:

- Sən indi sübut etmək istəyirsən ki, guya çox ağıllısan?

- Mənim ağıllı olmağımın məsələyə heç bir dəxli yoxdu, bu, həkimin fikridir. Sən ki, mənə dəstək olmamısan. İndi nədə məni günahlandırırsan? Heçmi mərhəmətin, Allahdan qorxun yoxdur sənin?

DAMAĞIMDAKI TAPANÇA DADI

Mənim sözlərim onu daha da özündən çıxardı. İki əliylə başımdan tutub məni mətbəxə sürüdü. Qazı yandırıb bir neçə saniyə gözlədi, sonra başımı qazın isti dəmirlərinin üstünə vurmağa başladı. Sonra divarı qazın hisindən qorumaq üçün nəzərdə tutulan dəmir qapağı götürüb dayanmadan başıma zərbələr vurdu. Onun əlindən çıxmağa gücüm çatmırdı. Sadəcə, müdafıə üçün əllərimlə ətrafda nə isə axtarırdım. Birdən əlimə nəsə keçdi. Bu pivə şüşəsi idi. Mən onu var gücümlə Yaqubun başına vurdum. O bir anlığa sanki süstləşdi, amma sonra daha da vəhşiləşərək məni döyməyə başladı. Onda Bənövşənin ayaığında yüngül gips olduğundan o daha rahat yeriyə bilirdi. Səs-küyümüzə mətbəxə gələn Bənövşə qışqırmağa başladı:

- Vurma, mənim anamı, vurma! Burax onu!

Bu hissin əzəmətini mən heç bir sözlə anlada bilmirəm. Mənim yavrum, cəmi üç yaşlı balam məni xilas etməyə çalışırdı. Ancaq onun bu kiçik yaşında şiddəti anlaması təəssüf doğuran bir gerçəklik idi. Onda mənim bir rus filmi yadıma düşdü. Kimsəsiz və yetim uşaqlan öz himayəsinə götürüb saxlayan bir kişinin həyatından bəhs edən filmin adı "Pomoqite mujiki" ("Kişilər, kömək edin") adlanırdı. Qəhrəmanın himayəsindəki uşaqlardan biri lal və kar idi. Bir gün vəhşi itlər küçədə atalığına hücum edəndə uşağın qorxu və həyəcandan dili açılır və ətrafdakı insanları köməyə çağıraraq: "kişilər, kömək edin"-deyib qışqırmağa başlayır. Bənövşə də demək olar ki, bu hadisəyə qədər danışa bilmirdi, sadəcə, arabir hansısa sözləri qırıq-qırıq deyirdi. Həmin gün Bənövşəmin dili beləcə açıldı. Bu bənzətmə mənə əzab verirdi. Bənövşənin səsini və dediyi sözləri eşidən Yaqub qanrılıb ona güclü bir şillə vurdu. Uşaq bir andaca yuvarlanıb yerə yıxıldı. Zərbənin gücündən onun ayaqlarının havada fırlanaraq bir-birinə dolaşdığını gördüm. Bir anlığa düşündüm ki, bütün əziyyətim hədər getdi və o, doğrudan da, şikəst olacaq. Həmin andaca sanki mənə ilahi bir güc gəldi. Yaqubun üstünə atıldım, onun üzünü, əllərini cırıq-cırıq elədim. İlk dəfə idi ki, onun məndən qorxduğunu duydum. Yaqubun sürətlə yan otağa keçdiyini görəndə isə onun silahı götürməyə getdiyini anladım. Silah isə yerində yox idi. Mən artıq onu gizlətmişdim. Çünki əmin idim, bilirdim ki, bir gün o tapança mənə açıla bilər. Bənövşəni qucağıma götürüb yataq otağıma girdim. Qapını arxadan kilidləyib Yaqubun evdən çıxmasını gözlədik. O səhərə yaxın evdən çıxdı. Artıq qərarımı vermişdim, buradan qaçmalıydım!..

... İki bilet almışdım. Birini qatara, birini isə təyyarəyə. Evə qayıdıb təyyarəyə aldığım biletin iç vərəqini bilərəkdən döşəməyə atdım. Çünki bundan öncə bir neçə dəfə qaçmağa cəhd göstərmişdim, amma Yaqub duyuq düşüb məni geri qaytarmışdı və təbii ki, vəhşicəsinə də döymüşdü. İlk dəfə anam bizə qonaq gələndə də böyük davamız olmuşdu və mübahisə əsnasında o anamı belə təhqir etməkdən çəkinməmişdi. O mübahisədən sonra mən də anamla birlikdə getməyə qərar verdim. Onda Yaqub üzr istəyib yalvardı, məni getməyə qoymadı. Ümid etmişdim ki, səhvini anlayıb. Onda Bənövşə hələ dünyaya gəlməmişdi. Sonradan hər dəfə belə mübahisə və davalar olanda getmədiyimə görə özümü qınayırdım, peşmanlıq hissi keçirirdim. Amma görünür, doğrudan da, hər şərdə bir xeyir varmış. Bu da bir Tanrı naxışı imiş. Mən bütün işgəncələrə rəğmən dözməliydim, dözməliydim ki, yeganə övladım dünyaya gəlsin. Ona görə yeganə deyirəm ki, sonradan mənim artıq övlad dünyaya gətirmək şansım olmayacaqdı.

Həmin gün təyyarəyə bilet olmadığından bileti yalnız iki gün sonraya ala bildim və Qənirəyə zəng vurdum... İki gün Qənirəgildə qaldım. Özümlə, sadəcə, içində zəruri əşyalardan ibarət bir yol çantası, qızıl-zinət əşyalarımı, bir miqdar pul və əl çantamı götürmüşdüm. Qənirəylə həyat yoldaşı məni dəmiryol vağzalına qədər yola saldılar. Vağzalda isə mən Qənirənin ərinə bir bağlama verdim və xahiş etdim ki, onu yalnız mən Azərbaycana çatandan sonra Yaquba çatdırsın. Bu Yaqubun silahı idi. Mən evdən çıxanda onun silahını da özümlə götürmüşdüm. Düşünürdüm ki, o bu silahla özünü öldürər, ya da yaralayar və günahın da məndə olduğunu bildirər. Çünki getdikcə onun psixoloji cəhətdən problemli insana çevrildiyini hiss edirdim. Həm də sırf mənim bədbəxtliyim üçün o bu naqisliyə əl ata bilərdi. Mən Qənirəyə və həyat yoldaşına etdikləri yaxşılığa görə ömrüm boyu minnətdar olacağımı bildirib qatara mindim. Yolboyu da düşünürdüm ki, Allah yaxşılığımı yerdə qoymadı. Amma nə təəssüf ki, Azərbaycana çatanda xeyli pəjmürdə olacaqdım. Evdə yol çantamı açanda bəlli oldu ki, gecə mən yatdıqdan sonra onlar qızıllarımı və pulu götürüblər... Və illər sonra Qənirə yerli televiziyalarda yayımlanan verilişlərdən birinin vasitəsilə məni yenidən tapacaqdı. Onunla söhbətimiz əsnasında isə biləcəkdim ki, mən Azərbaycana gəldikdən bir müddət sonra onun qızı və həyat yoldaşı vəfat edib. Təbii ki, mən buna sevinmirdim, çünki bu bir insan faciəsi idi. Kaş ki, onların hər ikisi də yaşayaydılar. Onlar Qənirənin ən doğma insanları və ümidi idilər. Amma mənim də ümidim o pullara idi. Bu pullar mənə həyatımı yenidən qurmaq üçün çox lazım idi. Amma əlahəzrət zaman özü hər şeyi yerbəyer etməyi bacarır. İllər sonra öz həyatımı öz gücümlə yenidən və istədiyim kimi qura bildim. Qənirənin taleyi isə darmadağın oldu. Deməli, həqiqətən də özgə xoşbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq faydasızdı. Bir gün mütləq bunun əvəzini ödəməli olursan. Məqamı gəldiyinə görə, onu da deyim ki, elə baldızım Təranə də nə vaxtsa mənə qarşı etdiyi haqsızlıqların bədəlini ödədi. Bu faktın gerçəkliyinə illər sonra Təranənin çarəsiz halda mənə zəng edib "vəziyyətim çox ağırdır, mənə öz yanında bir iş ver" deyəndə inanmışdım.

Biz qatarla dörd gün yol gəldik. Bir az ürkək, bir az da xoşbəxt idim. Böyük bir məngənədən, ölümlə mübarizədən həm balamı, həm də özümü götürüb qaçırdım. Çox da yorğun idim. Fiziki işgəncələrdən, mənəvi əzablardan sonra sanki hələ indi bədənimin nə qədər yorğun düşdüyünü hiss edirdim.

Tanrıma bir də ona görə minnətdaram ki, həyatımın ən ağır dönəmlərində qarşıma həmişə yaxşı bir insan çıxarıb. Bilet aldığım vaqonun nömrəsi ümumi idi. Məndən savayı nömrədə dörd nəfər rus qadını, bir nəfər də kişi var idi. Həmin xeyirxah adam uşaqla olduğumu görüb hər dəfə uşaqla üst qatdan enib-düşməyin mənə çətin olacağım düşünmüşdü və təklif etdi ki, biz alt qatda, o isə üst qatda yolumuza davam edək. O, Goranboy rayonundan idi. Mən, ümumiyyətlə, heç vaxt Goranboyda olmamışam və o bölgədən tanışım da yox idi. Amma məhz həmin adama görə Goranboyu çox sevirəm.

Biz Yalamaya çatanda qardaşıma zəng etdim ki, məni qarşılasın. Ancaq Ruslandan xahiş etmişdim ki, gəldiyimi evdəkilərə xəbər verməsin. Ruslansa sadəcə, anamı məsələdən agah edir... Amma sən demə, hələ mən yolda olarkən artıq qayınatam bizə gəlibmiş. Qayınatamın dediyinə görə, guya mən hansısa bir rus kişisinə qoşulub evdən qaçmışam. Sonradan anam mənə söylədi ki, atam ona: "Mən qızımı yaxşı tanıyıram. Bilirəm ki, o belə ləyaqətsiz hərəkət eləməz. Qızım evə gələcək və gəlib gəlinini apararsan" - deyir...

P. S: Alim Nəbioğlu bu kitabı mənə təqdim etməmişdən qabaq Roza xanımın yazıları haqqında deyəndə, düzü elə də fikrinə varmadım. Lakin başlanğıcdan elə bu bölümü oxuyarkən təsirləndiyimdən bir də təkrarən oxudum. Heyrətimi saxlaya bilmədim, qəhərləndim. Çünki bu hansısa bir yazıçının fantaziyası deyil, bir insanın həyatda yaşadığı real hadisələrin özüdür. Həm də ki, qərib bir ölkədə, yaxın və doğmalarından çox-çox uzaqda taleyin belə bir acılarını yaşamaq dözülməzdir. Taleyi ilə mübarizə aparıb həyatında yaxşılığa doğru dönüş yaradaraq həm nəğmələrini, həm də bu cür real əsəri bizlərə ərməğan etdiyi üçün Roza Zərgərlini alqışlayıram. İnanıram ki, bu əsər oxucuların da böyük marağına səbəb olacaq.

Hazırladılar: Alim Nəbioğlu

İsa Rəvan

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az