Tənha anaların və uşaqların problemi həll oluna bilər

Tənha anaların və uşaqların problemi həll oluna bilər
Qəti addımlar atmağın tam zamanıdır

Hər bir insan dünyaya ailədə göz açır. Kimlər üçünsə bu, ata-ananın ilıq nəfəsi ilə qızışan isti yuva, bir başqaları üçün dövlətin qayğısı ilə əhatə olunmuş uşaq evləri, bəxti gətirməyən üçünsə küçələrin soyuq ağuşudur. İstənilən halda insan İlahi təqdirlə həyata vəsiqə alır və başqaları kimi yaşamağa hüquq qazanır (Şükür məsləhətinə!). Lakin Xaliq tərəfindən ona verilən bu hüquq bəzi hallarda insanların yaratdığı sərt həyati qanunların məngənəsində sıxılır. Bu, gəlişigözəl sözlər deyil. Atılmış körpələrin, valideyn qayğısından məhrum olmuş insanların bitib-tükənmək bilməyən faciəsini yada salsaq, həyatın sürprizlərlə dolu çətin bir imtahan olduğunu anlaya bilərik. Biz insanlar sabah nələrlə qarşılaşacağımızı bilməsək də, sabahkı günümüzü təxmin etmək bacarığına malikik və buna görə də hər bir sürprizə hazır olmalıyıq. Ən azı dünənə nəzər salıb sabahımızı bu gündən etibarən inşa etməyi bacarmalıyıq. Cəmiyyət olaraq biz bunu bacarmasaq, varlığımız sual altına alınacaq.

Ağlayan qadın heykəli

Bu günlərdə Yasamal rayon məhkəməsinin qarşısında təsadüfən şahidi olduğum mənzərə məni bir daha bu haqda düşünməyə vadar etdi. Təxminən 24-25 yaşlarında olan qadın iki uşağı ilə birlikdə məhkəməyə gəlmişdi. O, qanunların dilə gəldiyi əzəmətli binaya daxil ola bilməsə də, qızmar günəşin parlaq şəfəqlərinə sığınmışdı. Dərdli olduğu ürkək baxışlarından, qırıq-qırıq nitqindən, uşaqlarının sadə görkəmindən, bir də günəşin şüaları altında bərq vuran bəyaz tellərindən bəlli olurdu. O, göz yaşları içində nə isə deyirdi. Yanından sürətlə ötüb keçən hər kəsdən sanki imdad diləyirdi. Hərdən bir anlıq dərdini unudaraq, qucağındakı körpəsini sakitləşdirir, hərdənsə dərindən köks ötürərək bir növ kədərini təbiətlə paylaşırdı. İstər-istəməz ayaq saxladıq. Sonradan adının Aynurə olduğunu öyrəndiyimiz qadın bizim bu hərəkətimizdən ürəklənirmiş kimi danışığına qaldığı yerdən davam etdi. Bəlli oldu ki, o da minlərlə hüququ tapdanmış qadın kimi sonuncu ümid yerini məhkəmədə axtarır. O da aydın oldu ki, üç il əvvəl ayrıldığı həyat yoldaşı onu iki azyaşlı körpəsi ilə taleyin ixtiyarına buraxıb. Onlara nəinki aliment verməkdən boyun qaçırır, heç itirib axtarmır da. Məhkəmə icraçıları isə bu acınacaqlı mənzərəyə laqeyddirlər.

Gələcəyin iki əsgərini böyüdən ananın tükürpərdici hekayəsi dilə gətirildikcə bitmirdi. O, zərif çiyinlərində özündən qat-qat ağır problemlərin yükünü daşıyırdı və sanki tənha qadınların, atılmış körpələrin haqq səsinə çevrilmişdi. Halbuki, o da digər qadınlar kimi xoşbəxt olmağa layiq idi. İsti yuvasında oturub, istədiyi kimi olmasa da, bacardığı kimi övladlarını böyütməli idi. Amma... Amma indi o, elementar yaşamaq hüququnu təmin etmək üçün, balalarının həyat mübarizəsini qazanmaq üçün məhkəməyə gəlmişdi. Gəlmişdi ki, qalaq-qalaq kağızlara həkk olunmuş qadın problemlərinin birinin həllinə nail olsun. Gəlmişdi ki, heç olmasa bu kağızların biri onun və övladlarının göz yaşını silə bilsin. Bir də ona görə burada idi ki, yatmış vicdanlar oyansın. Axı yazılmış və yazılmamış qanunlara görə, yaşamaq və yaşatmaq onun da haqqı idi.

Bir anlıq düşünək

Boşanmaların səbəbi müxtəlif olsa da, nəticələri əsasən dəyişməz olaraq qalır. İstənilən dağıntı prosesində olduğu kimi boşanmalarda da yeni-yeni fəsadlar yaranır. Boşanmış ailələrin uşaqlarının ən böyük problemləri valideynlərinin ayrılmasında özlərini günahkar saymalarıdır. Bu günahkarlıq psixologiyası ilə intihar edən, ölümləri ilə valideynlərinin yenidən birləşəcəyinə və xoşbəxt olacağına inanan uşaqlar var. Çünki boşanma ərəfəsindəki dava-dalaşlarda istər ata, istər ana tez-tez uşaqlarını bəhanə edərək, qarşı tərəfə psixoloji təsir göstərməyə çalışırlar. Bəlkə də böyüklər boşanıb canını qurtarır, baş verənləri nə vaxtsa unudur, ancaq uşaqlar əsla. Çünki cütlüklər bir-birini nə qədər sevməsələr də, yadlaşsalar da, uşağın valideyni olaraq qalırlar. Körpələr şahidi olduqları dava-dalaşları həyatlarının sonuna qədər unutmurlar və həmişə o qəmli xatirələrin təsiri altında yaşayırlar. Bir sözlə, psixoloji cəhətdən zədə alırlar. Buna maddi problemləri də əlavə etsək, fəlakətin miqyasının geniş olduğunu görə bilərik. Belə ki, bir çox hallarda boşandıqdan sonra kişilər aliment ödəməkdə müxtəlif problemlər yaradırlar. Xüsusən, son illərdə yaranan maliyyə çətinliyi, işsizlik alimentlərin ödənilməsinə mənfi təsir göstərir. Bəzi atalar işləmədiyini bəhanə gətirərək bu məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Onlara elə gəlir ki, verəcəkləri aliment uşaqların anasına çatacaq və qarşı tərəfdən qisas almaq məqsədilə ödənişlərdən bilərəkdən boyun qaçırırlar. Lakin hər hansı bir şəxsin işləməməsi və ya gəlirinin olmaması ona bu haqqı vermir. Qanuna əsasən, hər bir valideyn öz öhdəliklərini yerinə yetirməlidir. Ancaq təəssüflə qeyd etməliyik ki, bəzi hallarda qanunun tələbləri kobud şəkildə pozulur.

Doğrudur, qanunvericilikdə məsuliyyətsiz valideynlərin cəzalandırılması prosedurası nəzərdə tutulub. Hətta ölkəmizdə alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı da artıb. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir. Onun sözlərinə görə, 2015-ci ildə boşanmış ailələrdə alimentlərlə bağlı (alimentin ödənilməsi və ödənilməməsi üzrə işlər birlikdə) işlərin sayı 60565 olub. 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 2174 olub: "Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin sayı təxminən 500 nəfər çoxalıb. Alimentin ödənilməsindən yayınmaya görə inzibati həbs tənbeh növü üzrə də 500-ə yaxın artım olub. Əvvəllər inzibati həbs tənbeh növləri üzrə faktların sayı 1000-ə yaxın olsa da, 2015-ci ildə onların sayı 1499-ə yüksəlib. Ötən il alimentin ödənilməsindən yayınmaya görə barəsində cinayət işi açılan şəxslərin sayı 233 nəfər olub.

Bütün bunlara baxmayaraq, görülən tədbirlər problemin köklü həlli üçün yetərli deyil. Çünki əksər hallarda insanların yazdıqları qanunlar elə onların özləri tərəfindən pozulur. Heç təsadüfi deyil ki, adıçəkilən problem ötən ilin fevral ayında Milli Məclis səviyyəsində müzakirəyə çıxarılıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycanda aliment fondunun yaradılması ilə bağlı qanun layihəsi hazırlanmasını təklif edib. O bildirib ki, parlament bir müddət əvvəl Cinayət Məcəlləsində ataların aliment verməsi ilə bağlı dəyişiklik etsə də, bu, problemin həllinə ciddi təsir etməyib və hazırda bölgələrdə ataların aliment ödəməməsi ilə bağlı real problemlər yaşanır.

Millət vəkilinin təklifindən bir neçə ay sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə rəsmi şəkildə müraciət göndərib. Komitənin sədri Hicran Hüseynova mətbuata açıqlamasında bildirib ki, əksər hallarda borclu şəxslər təyin olunmuş alimenti ödəməkdən boyun qaçırmaq üçün müxtəlif üsullara əl atırlar və bütün bunların əziyyətini uşaqlar çəkir. O, məlumat üçün bildirib ki, təkcə 2013-cü ildə 148, 2014-cü ildə 167, 2015-ci ildə isə 237 alimentin ödənilməməsi ilə bağlı müraciətlər daxil olub. Komitə sədrinin dediyinə görə, "Uşaq hüquqları haqqında" qanunda göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var, lakin mövcud şəraitdə qanunun bu tələbləri vətəndaşlar tərəfindən pozulur: "Təcrübə göstərir ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür. Latviyada alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən Aliment Fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunmağa başlanılıb. Latviyanın Uşaqlar və Ailə İşləri üzrə Nazirliyin təşəbbüsü ilə "Saxlanılma xərclərinin təminatları fondu haqqında" Qanun qəbul edilib, həmin nazirliyin bilavasitə tabeliyində olan uşaqların saxlanılması xərclərinin təminatları Fondu yaradılaraq fəaliyyətə başlayıb. Hesab edirik ki, Azərbaycanda da gələcəkdə bu istiqamətdə işlərin aparılması aliment problemi yaşayan qrupa daxil olan uşaqların mənafelərinin yaxşılaşdırılması sahəsinə əhəmiyyətli təsir göstərə bilər".

Müəllifdən:

Fikrimcə, bir müddət əvvəl müzakirəyə çıxarılmış "Aliment Fondu" haqda məsələni yenidən gündəmə gətirməyin zamanıdır. Belə ki, karbohidrogen ehtiyatlarının qiymətlərinin artdığı müasir dövrdə maliyyə mənbələrini təmin etmək elə də çətin olmayacaq. Necə adlandırılmağından asılı olmayaraq, fəaliyyət göstərəcək həmin Fond ilk növbədə həlli vacib olan sosial problemləri aradan qaldıracaq. Digər tərəfdən, fonda ödəniş etməyə təhkim olunan atalar işləməyə sövq ediləcəklər və bəzi hallarda işlə təmin olunacaqlar. Cəmiyyətdə qayğıya daha çox ehtiyacı olan zümrəyə diqqət və nəzarət artacaq. Məhkəmələrdə və məhkəmə icraçılarında yığılıb qalan problemli işlər həllini tapacaq. Eyni zamanda daha çox pul kütləsi aktiv şəkildə dövriyyəyə buraxılacaq. Bir sözlə, cəmiyyətin dinamik inkişafı və ictimai fəallıq artacaq.

Son söz əvəzi:

Hər bir insanın, o cümlədən uşaqların yaşaması üçün nə quru vədlər, nə ümidlər, nə ictimai müzakirələr, nə kağızlarda yatıb qalan məhkəmə qərarları, nə qanunvericilik aktları, nə də silsilə məqalələr yetərli deyil. Yaşamaq üçün ilk növbədə uşaqlara qidalanmaq, geyinmək, təhsil almaq, qayğı ilə əhatə olunmaq gərəkdir. Nəzərə alsaq ki, biz böyük bir ailənin fərdləriyik, yəni hamımız azərbaycanlıyıq və Azərbaycan bizim ümumi evimizdir, onda hər birimiz üzərimizə düşən vəzifələri anlamalıyıq. Azərbaycançılıq məfkurəsini mənimsəmiş azərbaycanlılar olaraq hamımız dövlətçiliyimizin ətrafında sıx birləşərək, milli-mənəvi dəyərlərimiz əsasında gələcək nəsillərə işıqlı gələcəyi təmin etməliyik. Bunu bizdən zaman tələb edir. Əminəm ki, zamanın sınağından daim üzüağ çıxmağı bacarmış Azərbaycan bu dəfə də zamanın özünə meydan oxuyacaq.

Murad Şahməmmədov

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az