Şair Şahməmmədin (Şahməmməd Şahməmmədovun) 70 illik yubileyi qarşsında)
Şeirləri oxuduqca "Ildırımlar qanadında" fıkir sonsuzluğunun adi düşüncə üçün qapalı olan metafizik məkanının ilahi ritminə köklənmiş şair ilhamının müdrikləşməsi qarşısında, Şahməmmədin göz görə-görə gözəlliyə söz qoşmasından, gözəlliyin sehrinin heyrətinə düşən "filosofa dönməsi" önündə heyrətlənməmək olmur.
Onun hələ "Çaylar geri dönmür" kitabını oxuyanda "Müdrikləşir Azərbaycan poeziyasının Şahməmmədi" yazmışdım. Poetik düşüncəsinin, ilham tərzinin get-gedə keyfiyyət dəyişikliyi keçirdiyini, mütləq gözəlliyin kosmoloji ahəngi olan şair "marağının" aqil "fəhminə" döndüyünü sövq-təbii duymuşdum. Və bunu duymamaq, "görməmək", sadəcə mümkün deyildi. Onun poeziyasının "idrak" tonu Şahməmmədi dünya gözəlliyindən sadəcə olaraq zövq alıb, bu zövqün səfası ilə "xumarlanan" poetik varlıq olmaqdan çıxarıb, get-gedə dünyanın mahiyyəti, zəmanənin gərdişi, həyatın ilahi-kosmoqonik döyüntüləri barəsində aramsız olaraq düşünən müdrikə çevirirdi.
"Ildırımlar qanadında" adlanan kitabın təqdim etdiyi ədəbi faktura bu dönüşün, bu keçidin, bu "teoinformativ təqdirin" artıq "kosmoloji təğyir" olaraq gerçəkləşməsini cisimləndirir. Kitabın böyük bir qismi şair düşüncəsinin ilahi funksionallığının fasiləsiz ritmini inikas etməklə yanaşı, şərdən çıxıb şeir üstünə qalxan, səsin, sözün, fonomelodiyanın zahiri cazibəsindən qopub fıkrin amorf məkanına yüksələn, forma-məzmun ahənginin gözqamaşdıran işığının bəbəyində məna axtaran intellektual düşüncəni bəlirdir. İstər-istəməz düşünməli olursan: şeir hadisəsi qurtarırmı bu şeirlərdə, yoxsa tamam başqa şeirlərdir bunlar?!
Hər şey artıq mizandan asılıdır, necə baxmaq, nədən baxmaqdan asılıdır. Gözəlliyi mənadan ayıranda o, artıq ilahi qaynağından qopmuş olur. Fizioloji yaşantıların şüurda yaratdığı ideya "qrafiklərini" maddənin düzüm məntiqi ilə sıralayanda, təhtəlşüurun teokosmik substratla süslənməmiş materialının poeziya dəzgahının ağzında buraxanda və alınan "məhsul" sənət əsəri sayılanda dəyərləndirmənin əsasında duran meyar belə "şeirüstü" şeirləri də dəyərləndirmək üçün artıq dəyərsiz olur. Və belə şeirlər zahiri gözəlliyində, mənaüstü qılafında uduzur "qılafı" cazibəli poeziyaya. Ancaq axıracan uduzurmu? Bax sual budur! Getmək olacaqmı o şeirlərlə Tanrı dərgahına, Tanrıya dualar olacaqmı o şeirlər? Qəbul edəcəkmi Tanrı onları bizim dualarımız kimi?!
Əlbəttə, hökm vermək olmaz. "Hökm onun hökmüdür, fərman onun fərmanıdır", nəyin necə qiymətləndiriləcəyi də onun hökmündədir. Ancaq bu da dünyanın bəlli həqiqətidir ki, ondan qıraqda olanların onu anmadan, ona güvənmədən "yaradılanlar"ın, onun yaratdığının heyrətinin təcəssümü olmayan, bu heyrəti daşımayan "məhsulat"n alıcısı, dəyərləndiricisi məhz onun özü deyil. Özünün öz əli yaradıb proqramlaşdırdığı məlum antipodudur.
Mən "Ildırımlar qanadında" kitabını oxuyarkən dünyanın ilahi gerçəklərinə yaxnlaşan və yaxınlaşdıqca çaşqınlığı, heyrəti artan bir varlıq gördüm. Şair Şahməmmədlə insan Şahməmmədi ikiləşən gördüm. Bu ruh ilə bədənin ayrılması teokosmik invariantının maddi kosmos səviyyəsində paradiqması idimi, ya nə idi, bilə bilmədim. Ancaq belə çaşqınlıq, belə heyrət, özünü bu heyrətin ağuşuna atıb, zamanın tənələrinə qarşı "dereflektor" (reaksiyasızlıq) durumuna dalan sufı kimi ətrafm fərqində olmamaq bu kitabın "əvvəli" ilə "axırını" oxucuda yaratdığı və asanlıqla müşahidə edə biləcəyi inkarsız bir görüntüdür. "Soyuq başla" yazdığı "müqəddimə"dən görünən Şahməmmədlə ilahi cazibənin dinamikasına könüllə köklənmiş Şahməmməd sanki bir şəxs yox, bir şəxsin fərqi görüntüləridir. "Müqəddimə"də dünyanın sirrindən baş açmadığını, bu sirlərin "ümumiyyətlə" qapalı olduğunu "bəyan edən" Şahməmməd şeirlərində bir özgə "bəyan ilə hal olur", o sirlərin heyrətində olur, ilahi sərməstliyin röyasından ayrılıb "halbahal olduğu" vücudunun fərqində olmaq istəyir...
"Mən "Çaylar geri dönmür" şeirlər toplusunda yazmışdım ki, "insanlar həmişə haqqın, ədalətin yolunu axtarmışlar, bu gün də axtarırlar. Lakin... tapa bilmirlər. Bilməyəcəklər də". Mənim bu fıkirlərimin üstündən illər keçdi. Və mən bir daha söylədiyim fıkrin həqiqət olduğunu dönə-dönə təsdiqləyirəm..."
Bu cümlələr Şahməmmədin öz kitabına yazdığı müqəddimənin ilk sətirləridir. Və bu sətirlərdəcə o, İlahi sirlərini idrak etməyin "acizliyini" ifadə edir. Və bunu etiraf etmək məqamına yüksələn nə birinci, nə də axırıncı insan olur.
Şeirlərində isə biz başqa bir varlığı, dünya heyrətinin sonsuzluğuna köklənmək istəyən, kökləndikcə usanmayan, gerçəkliyin mehini duyduqca müdrikləşən, zərifləşən, kövrəkləşən, ilahi məhəbbətin daşıyıcısına çevrilən şairi görürük:
Bağlaya bilmirəm gözlərimi mən,
Sönmüş ocaqlara, sönmüş şamlara.
Taleyim yapışıb çəkir əlimdən,
Özüm də bilmirəm haradan hara.
Tanrı ona göz verdi ki, görsün, bəsirət gözünü açdı ki, görsün və anlasın. Baxmaya bilmədi, anlamaya bilmədi. Anladığı bu oldu ki, taleyini yaşayır, taleyinə düşəni yaşadır. Və bu da onun taleyidir: Tanrı ona düşünməyi buyurub, düşünməyə dəvəti buyurub:
Bu dünyamn tarazlığı pozulsa,
Əyilərsə bu düııyanın bir üzü.
Talelərə belə yazı yazılsa,
Tərs düşəcək yeri gecə-gündüzün...
Şair insanları Tanrı nizamına, ilahi mizanlara köklənməyə çağırır. Bu həm də ilkinliyə, əzəliyyətə məhəbbətdir. Dünyanın o çağna, o məqamına məhəbbətdir ki, onda insanlar günəşlə durardılar, ayla yatardılar, ağaca, ota, suya, gülə, çiçəyə Tanrı nəfəsinin təcəssümü kimi məhəbbət bəsləyərdilər. İndi isə dünya nizamından çıxıb bilə-bilə, görə-görə demək olar ki, xaosa doğru gedir:
...Mən nə deyim zəlzələyə, daşqına,
Yer kürəsi pəncəmizdə oynayır.
Mən nə deyim bu oyunun adına,
Salxım-salxım kədər dadır, qəm dadır.
Bu dünyada bir ömür yaşayıb, acısından-şirinindən dadıb müdrikləşən, onun insanlarının hər cür sifətinə bələd olan şair yenə də insan oğlunun bəd əməlləri qarşısında heyrətə gəlir:
...Məni düşündürür illərdən bəri,
Gözüm də yaşarır, qəhər də boğur.
Deyirəm, bəlkə də çox kişiləri,
Haradasa analar elə daş doğur...
İnsan isə dünyaya daş olmaq üçün yox, daş kimi olmaq üçün yox, insan olmaq üçün gəlir. Və bu insanlıq dünyanın yaxşı-yamanının anlanmasından, Tanrının onu hansı yüklə "yükləndirməsinin" idrakından keçir:
Mənim deyəcəyim yollar keçibdir,
Mənim deyəcəyim illərdən heykəl.
Qəlbimə Tanrınn adı köçübdür,
Yaxşını, yamanı gəl unutma, gəl...
Şair könlünə Tanrınn qonaq gəlməsi dünyanın ən şərəfli məqamıdır. Könül elə Allahın insan mikrokosmunda şərəfləndiyi sakral məkandır. Şahməmmədin də könlü belə məqamla şərəfləndirilib.
"İldırımlar qanadında" pərvazlanan Şahməmmədin yönü Tanrıya doğrudur. İndi onun poeziyası həmişəkindən daha çox Tanrıya edilən duaları xatırladır. Və bu şeirləri elə gerşəkdən Tanrıya dualar saymaq olar. Bu şeirin ki bütün ruhundan, poetik strukturundan, məna və məzmunundan Tanrı adı keçir, onu ilahi nəfəsli dua saymaq olar. Şairə görə Tanrıdan qıraqda və Tanrısız heç bir varlıq, yaradılış ünsürü ola bilməz:
Yer üzündə
Kim nə iş tutsa,
Xəbərdardır Tanrı.
Əzəldən
Etdiyiniz əməlləri
Ölçüb-biçin barı...
Bu şeir yarpağı "Hər şeyi biləndir O", "Hər şeydən xəbərdardır O" ayələrinin şair mikrokosmu səviyyəsində təcəssümüdür. Bu müqəddəs xəbərdarlıq hələ 1400 il öncə nazil oldu. Və indi nədən şair düşüncəsində poetik möcüzə kimi yenidən doğulur? Bəlkə elə dünyanın mahiyyəti budur?! Dünya elə onun tükənməz gözəlliyinin təkrar-təkrar cilvələnməsindən ibarətdir?! Demir, bizə bunu şair Şahməmməd və biz də bilmirik belədir, ya yox? Ancaq Şahməmmədin əmin olduğu ilahi həqiqətlər var:
Haqqı, Ədaləti bir mən,
Bir də mənim kimilər...,
Bir də Tanrı bilir.
Onun da əli,
Özü doğru,
Sözü doğru
Olanların
Çiynindədir.
Tannnm əli insanlarn çiynindən çəkilən yerdə həqiqət olmur və onun yoxluğu bu dünyanın "faniliyinin" bəd üzü kimi soyuq və acı olur. Bədbinlik yaradır:
Həqiqəti axtarma,
Yoxluğunu
Bilə-bilə.
Tapsan,
Yerini
Mənə də söylə!
Ancaq bu heç də şair həqiqəti deyildir. Əksinə, onun dünyaya iztehzasıdır. Haqqı, həqiqəti olmayan yerdə axtarmazlar. Həqiqət Tanrının əlinin qoyulduğu çiyindədir, onun adının qonaq gəldiyi könüldədir. Ona çatanlar Tanrıdan güc alır, Tanrı iradəsinin daşıyıcısı olaraq cəsarətin simvoluna çevrilir:
Həlak olsan da,
Həqiqəti de.
Qurtuluş budur.
Qorxub-çəkinsən,
Yalaıı
Hər єeyi udur.
Yalandan qurtulmaq, haqsızlıqdan qurtulmaq bəşəriyyətin ilahi harmoniyaya çatmağının yoludur. Çünki O, yaratdığı dünyanı heç vaxt sahibsiz qoymaz. Öz rəhm əlini çiyinlərə qoyduğu kimi, qəzəb əlini də çiyinlərə qoyacaq. Bu şair inamının poetik ifadəsindən daha çox onun müdriklik manifestidir:
Həqiqəti bilib
Cəza verənlərə,
Həqiqət
Özü də güləcək.
Çox heyf...
Onlar
Bilməlidirlər ki,
Gec-tez
Tanrının
Qəzəbinə gələcək.
Tanrını sanki bir möcüzədən ibarət olaraq zənn edənlər onun dünya adlı möcüzəsini sanki görmürlər. Bunun üçün bəlkə də, şair olmaq lazımdır. Ancaq Şahməmməd bununla razı deyil. İnsan olmaq lazımdır bunun üçün. İnsanların alqışını qazanmaq lazımdır, qarğışını yox; Biz öz hisslərimizi istəklərimizə çevirərkən Tanrı iradəsinin teokosmik gücünə tapınmış oluruq. Şahməmməd "müdriklik manifestində" dünyanın Tanrı adlı möcüzəsi onun sadə və ali həqiqətlərinin dərki olaraq ifadə olunub:
Acı da olsa,
Həqiqəti danış.
"Bər-bəzək" vıırnıa,
Sənin də qapını
Döyər qarğış.
O da bir insan kimi bu dünyada öz məqamını anlamağa çalışır. O məqam ki, ona tale olaraq göndərilib, "yazılıb". Və hər bir insan öz taleyini axtarmalıdır. Şahməmməd öz "yazısını" tapmış insanlardandır:
Mən
Əzab və məşəqqət
Vermək
Üçün doğulmamışam.
Gərək
Hər şeyi anım,
Axı mən də insanam...
Bədniyyətlərin
Daxilində
Şeytanlar yuva qurub,
Düşündükcə məni
Qara basır...
Şeytanlar hara,
Mən hara?!
Söküb dağıdasıyam
Bu yuvaları,
Qaranlıqları.
Qoy hamınm ürəyində Bahar olsun, bahar,
Qoy gül kimi tər,
Bir də təmiz böyüsün
Uşaqlar.
O, şeytanlara döyüş elan edir; varlığı ilə ağ dünya və qara dünya arasnda çəpər çəkir. Özünü sipər edib gələcəyin keşiyində durur. Uşaqlığı şeytan fitnəsindən qorumaqla öz varlığınn gələcəyə yönələn ulu karvanının mənəviyyat yükünün paklığını qorumuş olur. Yalmz müdrikləşən, bu dünyanın ulu mahiyyətini başa düşən şəxsiyyətlər bu dünyanın ölümünün və olumunun müvəqqəti olduğunu, olumun da, ölümün də vahid bir hadisə olduğunu idrak edirlər.
Şahməmmədin dünyanı belə qavradığı, "yazı" olaraq anladığı, varlığın ümumiyyətlə, yazının təcəllası olmasını idrak etdiyi onun şeirlərindən açıq şəkildə "boy verir":
Nağıla çevrilib ömür də, gün də,
Nağıla çevrilib əllərin sənin.
Nağıla çevrilib toy da, düyün də,
Nağıla çevrilib illərin sənin...
Ömrün, günün, sevgili əllərinin, toyun, düyünün, illərin nağıla çevrilməsi, ümumiyyətlə, gerçəkliyin yaddaş olaraq, yazı olaraq dərkidir. Yaddaş, yazı informasiyadır. Yaradılış aləmi ilahi substratın informativ çevrilməsi, sublimasiya olunmasıdır. Şahməmədin bu dünyanı bir nağıla "çevirməsi" onun ilham konteksində yaradılışın informativ mahiyyətinə köklənməsi deməkdir:
Nə bilim, bəlkə də nağıl olmusan,
Nağıllar ardınca baş alasıyam.
Qara bulud kimi, gülüm, dolmuşam,
Bir külək toxunsa, boşalasıyam!
Sevginin də nağıl kimi dərk olunması bu dünyanın heç bir hadisəsinin teoinformasiyadan qıraqda olmadığının anlamına gəlir. Nağıl bu dünyanın şirinliyidir, arzuların çin olduğu, ədalətin haqsızlıq üzərində qələbə çaldığı, insanlığın şər qarşısında heç vaxt məğlub olmadığı məkandır. Insanlar öz tekosmik strukturu ilə bu məkana bağlıdır. Nağılın ideala köklənmiş mahiyyəti onda dünyanın ulu, əzəli və ilkin həqiqətlərinin ifadə olunduğunu göstərir. Şahməmmədin ilham anında nağıla "gəlib çıxması" ona qismət edilmiş xoşbəxtlikdir. Bu dünyanın nağıl "yazısını" anlamaq xoşbəxtliyi...
Şahməmməd poeziyasında ilhama gəlmiş elə yarpaqlar var ki, onlar birbaşa olaraq dünyanın informativ mahiyyətindən, yaddaş həqiqətindən soraq verir. "Yazı" və onun derivativ törəmələrində (yazmaq, yazıçı, yazar və s.) ifadə olunan dünya gerçəkliyi şairin yaradıcılığında dünya xronotopunun hərəkət dinamikasının teosubstratı səviyyəsində mənalandırılır; yazmaq ilahi qədər, ilahi tale, yaşamın qutsal qayəsi kimi tərənnüm olunur:
Bildiklərini yaz,
Yazmasa,
Itib-batar.
Bəs mənə,
Ona
Səndən
Nə çatar?
Poetik "vəyh" məqamında dünyanın ən uca həqiqətlərinə yaxınlaşan Şahməmmədin bu həqiqəti "bilik" (bilgi, informasiya, yazı) olaraq "görməsi" onun artıq şairlik kodundan qırağa çıxması, dünyanın fəlsəfi dərki koduna köklənməsi deməkdir:
Soruşsan ki,
Bilik nədir?
Deyərəm ki,
Başdan-başa
Sirdir, sirr.
Insanlar isə Onun
Bircə qətrəsini bilir. Şairə görə dünyanı sonadək dərk etmək qeyri-mümkündür. Tanrı özü bunu istəməyib. Ancaq O, insanlara hüdud bilməyən sezmək hüququ verib. Insan dünyaya sevmək üçün gəlib, gözəlliyi görmək, duymaq, heyrətlənmək üçün gəlib. Və Tanrının yaratdığı dünyanın gözəlliyi sonsuzdur:
Hələ nə gəzmişik bu torpağı biz,
Hələ toy soraqlı günlərimiz var.
Dünyada rəngini görmədiyimiz
Çiçəklərimiz var, güllərimiz var.
Insanın torpağa, yurda bağlılığı onun düşüncəsinə ilahinin qoyduğu "teoimpulsdur". Dünya və onun bütün ünsürləri öz başlanğıcını bu ilahi təkandan götürür. Ona görə də insanın dünyaya vurğunluğu, varlığa vurğunluğu ilahi təbiətli olub, tükənməz sevgi hadisəsini gerçəkləşdirir:
Çəkir torpaq məni, çəkir el məni,
Çəkir sıra dağlar, dərin dərələr.
Sanki qayalara çırpır sel məni,
Sökür yaxasını qızıl lalələr...
Sel olub qayalara çırpılmaq istəyən Şahməmməd üçün artıq bu dünyanın seli-suyu, tufanı-qasırğası bir dəhşət, vəhşət yox, vəhdətdə olduğu ana torpağın sevinci, şən, şux oyanışıdır. Bunu insan qopduğu torpağa ruhən qovuşmaqla, birgələşə bilməklə anlaya bilər:
Deyirəm, obasız, elsiz kiməm mən,
Vətənin nə vaxtsa daş balasıyam.
Vətənsiz bir ovuc soyuq küləm mən,
Meh əssə, göylərə sovralasıyam.
Hər varlıq zərrəsi hansı məqamdan qopubsa, o məqama da qayıtmalıdır. Bu dünyanın nazil olmuş funksionallıq prinsipidir. Varlığın zərrədən azmana qədər hər bir ünsürü materialından, görkəmindən, kimliyindən və nəliyindən asılı olmayaraq, bu funksionallığın ilahi sxeminə tabedir.
Ürəyim çırpınır söz sorağında,
Sözü zərrə-zərrə зəkəsiyəm mən.
Bir həsrət yaşayır könül bağında,
Nə qədər canım var, çəkəsiyəm mən...
Bu həsrətdir, ancaq ilahi həsrətdir. Insan onu bütün ömrü boyu varlığında gəzdirir, həsrətin odu ilə çırpınır, döyünür. Və nə yazıq o kimsələrə ki, içindəki həsrətdən uzaqdır, onu maddiləşdirir, bütləşdirir, dünya malı səviyyəsinə endirir. O da dönür, çatır istədiyinə... Ancaq bu dönüş ilahi mahiyyətə doğru deyil. Onun gözəllik adlanan xoşbəxtliyinə ünvanlanmayıb. Bunun üçün "Ildırımlar qanadında" uçmaq, "sel kimi qayalara çırpılmaq", "səsini küləklərə qatıb dağlara səpmək" lazımdır:
...Düşmüşəm gözümdən, könlümdən tora,
Bura dönəsiyəm uçsam da hara.
Küləklər, səsimi səpin dağlara,
Sinəmi sizinçün sökəsiyəm mən...
Müdrikləşib Azərbaycan poeziyasının Şahməmmədi. Bədii sözü gerçəkliyin universalilərinin qanadlı ifadələrinə döndərib.
Kim udub, kim uduzub bilmirəm. Şeir udub-uduzub bilmirəm. Bilinən odur ki, bu dünyanın Şahməmməd adlı bəndəsi sözün fəlsəfı sehrinə düşüb, bu sehrə çulğaşıb, eşqi ilə məcnun olub...
Seyfəddin RZASOY
Flologiya elmləri doktoru
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































