Cəmiyyətin maarifləndirilməsində televiziyanın mühüm rolu olduğu danılmazdır. İnternet sürətlə inkişaf etsə də, hadisələrin dolğun və geniş təfərrüatı ilə çatdırılması baxımından televiziya geniş imkanlara malikdir. Öz zəngin tarixini aşılayaraq gələcək nəslin milli ruhda yetişməsində televiziya bir növ güclü ideologiyadır. Bu gün Azərbaycanda da yetərincə özəl telekanallar fəaliyyət göstərir. Ancaq bu televiziyaların çatdırdıqları xəbərlər kimi, digər səpkili əksər verilişləri də eyni formatda, eyni mövzudadır. Verilişlərdə qoyulan mövzular cəmiyyətin deyil, telekanalların öz maraq dairəsinə xidmət edir. Bu da efir boşluğunu doldurmaq naminədir. Çünki bəzi özəl telekanallar peşəkar və yaradıcı insanlarla deyil, təcrübə baxımından tam formalaşmayan gənclərlə işləməyə üstünlük verirlər. Bunun da nəticəsində mahiyyət və keyfiyyəti olmayan, yararsız və bayağı verilişlərini tamaşaçıya sırıyırlar. Bu isə həmin telekanalın maliyyə vəsaitinin az xərclənməsinə səbəb olur. Təcrübəli və peşəkar kadrlarının olmamağından elə özəl teleşirkətlər var ki, son neçə illər ərzində öz təxəyyüllərinin məhsulu olan bir normal veriliş belə hazırlamırlar. Ancaq Rusiya, Türkiyə və digər yerli telekanalların verilişlərinin bir-iki formatını dəyişərək özəlləşdirib eyni mövzu ilə göstərirlər. Piratçılığa qarşı mübarizə aparmaq əvəzinə, əksinə, özləri piratçılıqla məşğul olaraq bunu da təbliğ edirlər. Və yaxud həftəiçi gündəlik yayımlanan verilişlərdə də heç bir mahiyyət kəsb etməyən, məramı və məqsədi aydın olmayan məsələlər çözülür. Yuxarıda qeyd etdiyim kimi, bunlar ancaq və ancaq efir boşluğunu doldurmaq xətrinədir. Heç də xalqın gündəlik həyat tərzi ilə səsləşən və tamaşaçının tələbatını ödəyən mövzular deyil.
Bəllidir ki, verilişlər sponsorların dəstəyi ilə yayımlanır. Ədalət naminə deməliyəm ki, verilişin aparıcısı sponsorluq edən firmanın özü və istehsal etdiyi məhsullar haqqında anons halında məlumat verməlidir. Lakin bəzi aparıcılar sponsor haqqında anons məlumatını həddən artıq məddahlıq şəkilində çatdırırlar. Belə ki, onlar verilişə sponsorluq edən firmanın qida məhsulları və digər istehsalı haqqında ağızdolusu danışıb məddahlığın yüksək formasında tərifləyərək hətta özlərinin də evlərində həmin məhsullardan yararlandıqlarını və tamaşaçıya da bu məhsuldan istifadə etməyi məsləhət görürlər. 1-2 aydan sonra başqa sponsor olanda da yenə həmin məddahlıqla eyni fikirləri səsləndirirlər. Bu absurd deyilmi? De-fakto aparıcı sima olaraq yalan danışır və xalqı da öz yalanına inandırmağa çalışır. Əsasən də kişi aparıcılarında bu daha gülünc görünür. Aparıcı aparıcı kimi anons etməlidir, daha yalvarış formasında özünü o dərəcəyə endirməməlidir. Əslində sponsorlar üçün xüsusi reklam bloku var. Digər ölkələrin televiziya verilişlərində sponsorların adları veriliş sonunda titrlə yazılaraq onlara minnətdarlıq edilir.
Özəl telekanallar nəyə xidmət edir?
Konstruktivlik baxımından həm aktual, həm sosial, həm də digər vacib məsələləri önə çəkən, şəhidlərimizi hər dəfə gündəmə gətirməklə qan yaddaşımızı təzələyən verilişlər yox dərəcəsindədir. Kitab, qəzet və jurnallara maraq azaldığı halda, bir o qədər də bayağı verilişlərə maraq çoxalmaqdadır. İldə bir neçə dəfə musiqi və aidiyyəti olmayan SMSli yarışma verilişləri mavi ekran vasitəsilə yayımlanır. Və 1-2 aydan sonra həmin yarışmalar yenidən təşkil olunur. Məgər xalqımız və gənclərimiz ancaq çalıb-oxumaqlamı məşğuldur? Burada əsas məqsəd heç də əsl istedadı tapıb üzə çıxararaq qalib etmək yox, SMSlərdən gələn qazancı əldə etməklə maliyyə vəsaitini artırmaqdır. Çünki gənc qalibi münsiflər və layihə rəhbəri, eyni zamanda xalq deyil, SMS seçir. SMSlər isə hər bir iştirakçının öz ətrafı tərəfindən göndərilir. Bununla da az bir müddət ərzində populyarlıq qazanan "ulduzların" sayı durmadan artdığından Azərbaycan şou-biznesindəki ulduzları sayıb qurtarmaq mümkün deyil. Çünki normal tembr və diapazonu, yarım oktava səsi belə olmayan bir gənc ucuz şou və bayağı verilişlərin hesabına çox az bir müddətdə söz və musiqisi cəfəngiyatdan ibarət olan 1-2 mahnı ilə əlçatmaz ulduza çevrilir. Bu da populyarlıq və ulduz olmaq xəstəliyi məktəbinin təməlini möhkəmləndirir. Aparılan sorğu və müşahidələr göstərir ki, əhalinin əksər qismi əsəblərini korlamamaq üçün Rusiya və Türkiyə telekanallarına baxmağa üstünlük verir.
1 milyondan çox qaçqını, 20 faizdən artıq torpaqları işğal olunmuş bir xalqın məgər şou proqramlarından başqa ağrı-acısı yoxdurmu? Düzdür, bu xalqın da sevinməyə, deyib-gülməyə haqqı var. Ancaq əksər özəl telekanallarda baş alıb gedən ucuz və mənasız şoular xalqın hissiyyat və qüruruna toxunaraq zövqləri korlayır. Yetişməkdə olan gənc nəslə isə qəhrəmanlıq və mübarizlik deyil, şou hissinin marağını aşılayaraq onları da bu sahəyə sövq edir. Səbəbsiz deyil ki, son vaxtlar sənət və yaradıcılıqdan çox-çox uzaq olan bir çox insanlar da ucuz şou eşqi ilə ağıllarına gələn layihə hazırlayıb özəl telekanalları növbə-növbə gəzməkdədirlər. Bu gün əksəriyyət gənclərimiz şəhidlərimiz, tariximiz, elm xadimlərimiz və s. haqda yetərincə məlumata malik deyillər. Ancaq o gənclərin hamısı özəl televiziyaların mavi ekran vasitəsilə yayımladıqları ucuz şouların bütün iştirakçılarını əzbərdən bilirlər. Bəs onda biz gələcək nəsillərə nəyi ötürürük? Və tariximizin bu tarixsiz gedişatında məsuliyyətə qarşı məsuliyyətsizlik edənlər çiyinlərinə hansı yükü götürürlər?
Dünya üzrə qəbul olunmuş televiziya qanunu
Məlumat üçün bildirim ki, televiziyada çəkilən verilişlərin hər birinin ayrı-ayrılıqda xüsusi ayrılmış texniki heyəti olmur. Yəni hər verilişin ayrıca texniki avadanlığı və texniki işçiləri yoxdur. Bütün bunlar televiziyanın öz kurasiyasındadır. Telekanalların proseduru belədir ki, istər rejissor, istər operatorlar, istərsə də montajçı bir neçə verilişlərin çəkilişinə təkim olunur. Bununla belə verilişlərin çoxluğu işçilərin aldıqları məvacibə dəlalət etmir. Bu cür iş rejiminə görə istər-istəməz verilişlərdə nöqsanlar yaranır və qənaətbəxş təsir bağışlamır. Dünya üzrə qəbil olunmuş televiziya qanununa əsasən xarici telekanallar bu cür işləri müsbət müstəvidə həll edirlər. Onlar öz reytinq və davamlı sağlam rəqabətlərini qoruyub saxlamaq üçün yerli prodakşnlarla işləyirlər. Yəni televiziya istədiyi mövzuya aid çəkiliş üçün prodakşna sifariş verir və bu sifarişə görə də pul ödəyir. Təbii ki, prodakşn da bir komanda halında texniki heyəti həmin çəkilişə cəlb edir. Və yaxud prodakşn özü baxımlı veriliş çəkərək sonda öz məhsulunu televiziyaya satır. Həmin televiziya da prodakşndan aldığı baxımlı verilişin efir vaxtında bahalı reklam çarxlarını verərək çəkdiyi xərci artıqlaması ilə götürür. Azərbaycan teleməkanında isə tamamilə əksinədir. Azərbaycanda fəaliyyət göstərən prodakşnlar xərc çəkib veriliş hazırlayırlar və bu verilişin efirdə getməsi üçün üstəlik telekanalın özünə də pul ödəyirlər. Bu dis-balansa görə prodakşn da maya dəyəri ucuz başa gələn veriliş çəkmək məcburiyyətində qalır. Bu səbəbdən də özəl telekanalların verilişlərinin əksəriyyəti şit və bayağı formada olur. Xaricidə verilişə dəvət olunan ekspert və ya dəyərli qonağa ödəniş ödənilir, tamaşaçı qismində gələnlərə də xüsusi diqqət göstərilir. Azərbaycan teleməkanında isə ekspert və qonaqlara deyil, bəzi verilişlərə daim gəlmək üçün tamaşaçıya adam başı 2 – 3 manat pul ödənilir. Bunun üçün fəaliyyət göstərən xüsusi qrup başçıları da var. Bizdə hər cəhətdən teleməkanlar çox geridə qalıbdır. Bunlar bu cür paradoksal hallarla verilişlərinə reytinq qazandırmağa çalışırlar. Reytinq isə ətrafına reklam toplamaq vasitəsindən başqa bir şey deyil. Əslində, reytinq anlamının obyektivliyinə də şübhə var. O, obyektivlikdən çox subyektiv formada göstərilir. Onun respondentləri nə dərəcədə vardır, yoxdur, bəlli deyil. 100-200 evə quraşdırılan cihazlarla ümumi reytinq nəticəsinə gəlmək nə dərəcədə düzdür?
Eyni zamanda özəl telekanallarda tamaşaçı və ekspertlərin iştirakı ilə olan pavilyon çəkilişlərində operatorların da təcrübəsizlikləri özünü qabarıq formada göstərir. Belə ki, tamaşaçı və yaxud qonaq qismində çıxış edən şəxs danışarkən operator onu göstərmək və ya ön plana çəkmək əvəzinə aparıcını önə gətirir. Bu da bir neçə aparıcının " mənəmlik " xəstəliyinə və operatorların peşəkar olmamağına dəlalət edir. Axı pavilyon və ya ümumi televiziya çəkilişləri yüksək texniki avadanlıq və çoxlu sayda operatorların əməyi ilə ərsəyə gəlir. Digər tərəfdən tok-şou adı altında gedən verilişlər forması və tərzinə görə həftə sonu ciddi və qlobal problemlərin həlli yollarının axtarışında olan tamaşaçının ehtiyacını ödəmək iqtidarında olmalıdır. Təəssüf ki, bu məzmunda olan verilişlərdə əksər aparıcılar spikuliyasiya edirlər.
Özəl telekanallarda dramatik və komik adı altında yayımlanan yerli seriallarda da kulminasiya nöqtəsi, süjet xətti olmayan mənasız sözlərdən ibarət səhnələr göstərilir. Satira həm güldürməli, həm də obrazı gülüş hədəfinə çevirərək düşündürməlidir. Təəssüflər olsun ki, seriallarda bunlara rast gəlinmir. Telekanallara da maliyyə baxımından ucuz vəsait hesabına başa gələn bu cür mənasız "komik" serial və ya hazır məhsul sərf eləyir. Təbii ki, serial iştirakçıları da az vəsaitə görə hər hansı bir yaradıcı ssenaristə müraciət etmədən ya özləri serialın həftəlik ardıcıllığını mənasız sözlərlə cızma-qara edir, ya da az xərc hesabına təcrübəsiz yazara həvalə edirlər. Televiziyalarımız sosial əhəmiyyət kəsb edən maarifləndirici mövzulardan çox-çox uzaq olduqlarından, bir-birlərinin bəhsinə musiqi və mətbəx verilişlərini təkrarlayaraq sanki rəqabət aparırlar. Musiqi verilişlərini də etik qaydada deyil, toy ab-havasında təqdim edirlər. Bu səpkili verilişlərin aparıcıları isə bir növ tamada rolunu oynayır. Digər tərəfdən televiziya aparıcısı şivə və ləhcədən kənar, ümumi qrammatik danışıq tərzində, intellektual səviyyədə çıxış etməlidir. Yazıqlar olsun ki, nəinki aparıcılar, hətta xəbərlər proqramında bölgə müxbirləri də öz bölgələrinin şivəsində məlumat çatdırırlar. Bu baxımdan da televiziyaya loyal olmayan sıradan bir neçə nəfər aparıcılıq missiyasını daşıyır. İkrah doğuran bu hallar qəti yolverilməzdir. Bəs onda Milli Televiziya və Radio Şurası nə üçün yaradılıb və bu şura hara baxır?
Xalq və dövlətin televiziyası olan AzTV-də nələr baş verir?
AzTV Azərbaycan teleməkanında ilk yaranan və özəl telekanallarımızın bəhrələndiyi əsas televiziyadır. Dövlətin və xalqın mənafeyinə xidmət edən bu doğma və ana televiziya təbii ki, yuxarıda söylədiyim nöqsanlardan və bayağı verilişlərdən uzaqdır. Lakin bu o demək deyil ki, AzTV müqəddəs ocaq və orada çalışanlar da müqəddəs mələklərdir. Hər zaman fəaliyyətini qüsursuz davam etdirən bu doğma kanal da son zamanlar yayımladığı "Səs Azərbaycan" layihəsilə böyük qüsurlara yol verməkdədir. Düzdür, istedadı və səsi olan gənclərin tanınması, peşəkarlıqlarının artırılması baxımından bu layihə əvəzsizdir. Həmçinin bütün dünyada gedən bu musiqi yarışma layihəsinin uzun illərdən sonra Azərbaycan teleməkanında da yer alması sevindirici haldır. Layihənin tələbinə uyğun olaraq səhnənin işıqlandırılması, dizayn və dekorasiyası, texniki işçilərin operativliyi, səhnəarxası görülən işlər, qısa süjetlər, iştirakçıların özlərinin və doğmalarının dialoqları qənaətbəxşdir. Ancaq layihə təkcə bu müsbət keyfiyyətlərlə zəngin deyil. Fikrimcə, tamaşaçı auditoriyasının göy rəngdə işıqlandırılması texniki cəhətdən nöqsan sayıla bilər. Çünki göy rəngin fonunda tamaşaçıların silueti kölgə şəklində əks olunur. Bu rəngin fonundan məxfi materialların səsləndirilməsində, dramatik və tarixi səhnələrin televariantında və sair çəkilişlərdə istifadə olunur. Bu formatda layihənin işıqlandırılması daha şəffaf olmalıdır. Ən başlıca nöqsan isə yarışmaya qatılan iştirakçıların 95 faizinin xarici mahnı ilə çıxış etmələridir. Qardaş Türkiyə dövlətində yayımlanan "O səs Türkiyə" layihəsinə qatılan azərbaycanlı iştirakçılar Tofiq Quliyevin, Polad Bülbüloğlunun, digər bəstəkarlarımızın bəstələrini və xalq mahnılarımızı ifa edərək əyləşən jüriləri vaxtından tez geri döndərirlər. Və həmin jürilər dillər əzbəri olan bu mahnıların bəstəkarının adını da əzbərdən deyirlər. Digər tərəfdən türkiyəli yarışçıların özlərinin də 90 faizi türk musiqisilə çıxış edirlər. "Səs Azərbaycan" layihəsində isə 95 faiz əksinədir. Bizim bəstəkar və xalq mahnılarımız xarici sərhədləri aşdığı halda, bu cür musiqi auditoriyasında özünə bir yol aça bilmir. Dəhşətlisi də odur ki, nə orada əyləşən jürilər, nə televiziya rəhbərliyi buna heç bir irad bildirmir. Yaxşı olardı ki, heç olmasa layihənin jüriləri bu barədə iştirakçılara tövsiyə edələr. Axı bu yarışmada musiqi baxımından söz demək birbaşa onlara həvalə olunub. Onlar qəti olaraq bu barədə öz fikirlərini bildirməlidirlər ki, gələn iştirakçılara bir həyəcan siqnalı olsun. Milli musiqimizdən bəhrələnməyən hər hansı bir müğənnimiz istər burda, istərsə də xaricidə böyük arenalar fəth edə bilməz.
Peşəkar televiziya və sənət təcrübəmə əsaslanaraq bu iradları söyləməkdə özümü haqlı bilirəm və düşünürəm ki, heç də qərəzli fikirlər səsləndirməmişəm.
Sonda arzu edirəm ki, bütün yerli telekanallar xalqın marağına səbəb olan və geniş izləyici auditoriyası qazanacaq rəngarəng verilişləri ilə sağlam rəqabət ortamı yaratsınlar. Hər bir evin çağırılmamış qonağı olan televiziya verilişləri ekrandan birbaşa tamaşaçıların qəlbinə və zehninə xitab edəcəyi təqdirdə, televiziya verilişlərinin keyfiyyəti ilə yanaşı ictimai mahiyyəti də yüksələr.
İsa Rəvan
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































