ÜZÜ XƏLƏFLİYƏ SÖZ YAĞIŞI, yaxud “həsrətdən üzü bəri...” Daha bir görüş

ÜZÜ XƏLƏFLİYƏ SÖZ YAĞIŞI,  yaxud “həsrətdən üzü bəri...” Daha bir görüş

"Ürək bir xəzinədir, o elə bir xəzinədir ki, nə satılar, nə də satın alınar. O ancaq havayı verilir, bağışlanır."

(Flober)

"Şair dünyada ən qeyri-poetik varlıqdır, çünki onun bənzəri yoxdur. O, daim hər hansı varlığı - Günəşi, Ayı, Dənizi, Kişini, Qadını - yaradır və ona can verir; cəhdlərdən doğulan həmin poetik məxluqlar dəyişməz əlamətlərilə fərqlənirlər. Şairin özündə isə belə əlamət yoxdur. O, heç nəyə bənzəmir. Şair, təbii ki, dünyada bütün yaranmışlar arasında ən qeyri-poetik varlıqdır".

(Con Kits)

"Məntiqli düşünüb məntiqsiz hərəkət etmək insan quruluşunun xüsusiyyətidir."

(Anatol Frans)

Lap əvvəldən başlamaq istəyirəm. Elə, Əli Rza Xələflini tanıdığım vaxtdan. Daha bu imzaya, bu ada şair, yazıçı, publisist, jurnalist, tədqiqatçı adlarını əlavə etmədən. Çünki, Əli Rza Xələfli imzası müasir ədəbi və ictimai mühitdə özünə elə köklü-köməcli yer tutubdur ki, adı çəkilən kimi bunların hamısı yada düşür. Özü də, həqiqət naminə, onu da deyim ki, sıraladığım bu yaradıcılıq sahəsinin hər birində Əli Rza Xələfli özünəməxsus, orjinal bir məqamdadır və elə bunun birilə də məşğul olsayıdı tanınacaqdı, seviləcəkdi, rəğbət doğuracaqdı...

Səhv etmirəmsə, buna yaradıcılıq polufonizmi deyirlər. Başqa sözlə, Əli Rza Xələfli çoxşaxəli yaradıcılıq imkanlarına malik "qələmsiz" qələm adamıdır və mən özüm də elə əvvəldən onu bu cürə tanımışam... "Qələmsiz qələm adamı" ifadəsini də, deyəsən, ilk dəfə mən onun haqqında işlətmişəm, özü də bir əlavə ilə, demişəm ki, Əli Rza Xələfli qədim Roma filosofları kimi, nə yaradırsa, bir əli cibində, bir əlində siqaret tutaraq qələmsiz-kağızsız diktə edir. İndi də fikri imrovizə edərək, əlavə edirəm ki, nə yaradırsa şifahi şəkildə yaradır. Elə ona görə də, onun bütün yaradıcılığı şifahi xalq yaradıcılığı təkin şirin, cazibədar və diqqətçəkəndir...

Bu sözləri də onun haqqında mən yazmışam və təkrar etməkdə məqsədim budur ki, fikrimi gəlişigözəl söz təkin yox, sabit qənaətim təkin irəli sürmüşəm: "Mənim üçün (həmçinin, eləcə də, onu tanıyanlar üçün) heç bir metaforaya sığışmayan bir qələm əhli, ürək və əqidə dostum var - bu, şair, yazıçı, publisist-jurnalist, tədqiqatçı-tənqidçi Əli Rza Xələflidir! Bu adın, bu imzanın özü müasir ədəbi prosesdə həyatı bədii-fəlsəfi dərkin və inikasın bütöv bir sistemini özündə ehtiva etməyə qadirdir!.. Əli Rza Xələfli adı, imzası ədəbi-bədii sferada ülfət və ünsiyyət mücəssəməsidir! Ülfət və ünsiyyət intiqralının bütün kodları onun ürəyinin, qəlbinin döyüntüləri ilə kodirovka ola bilər!.."

İndi bu fikirlərimin davamı və təsdiqi kimi qarşımda onun yeni bir kitabı durur - "Həsrətdən üzü bəri..." şeir, poema, esselərdən ibarət kitabı... Bu kitab ədəbi quraqlıq dövründə, sözə təşnə vaxtımızda mənə yanğımı söndürəcək Xatın bulağının bir ovuc buz suyunu xatırlatdı. Gördüm ki, qədim-qayım kişilərdə olan bir düşüncə dərinliyi var Əli Rzada, amma yeniliklərlə, gənclik enerjisi ilə yoğrulmuş, cilalanmış poetik düşüncə tərzi... Mənə elə gəldi ki, Qarabağsızlığın yaratdığı nisgili, dərdi ac qalmış uşağı ovutmağa çalışan ana həssaslığı ilə dərdimizi sözün gücü ilə ovutmağa çalışır Əli Rza!

Dərdə sozlə, poetik sözün gücü ilə qalib gəlmək, dərdi şeirin ecazı ilə yenmək istəyindən yaranıb bu şeirlərin əksəriyyəti... Nə qədər baş tutub, nə qədər baş tutmayıb, o, başqa məsələdir... Dərdi bölüşdükcə yüngülləşər deyiblər, amma şeirdə belə deyil. Şeirdə dərd bölüşdükcə artır, lap atomun bölünmə sürətilə artır, amma ovuna-ovuna, salehlik tülünə bürünə-bürünə... Burada bədii sözün, özü də poetik bədii sözün təlqin gücü aşkarlanır, özünü aşkar göstərir, müəllifini isə şamana çevirir...

Əli Rza Xələfli ata evindən ər evinə köçən gəlini çırağın başına dolandırdığı kimi, Sözü Dərdin, Dərdi Sözün başına dolandıra-dolandıra Qarabağ boyda dərd, nisgil abidəsi yaradır və burada o, özünü söz memarı kimi təqdim edə bilir! Əli Rza bilir ki, tükənməz vətənsizlik dərdinin əzabının, ağrısının önündə yalnız sözlə - şeirlə dözüm gətirmək olar, çünki, bu dünyada yeganə SÖZ yanmır! SÖZ qalarıdır!..

O, yaşadığı Vaxtı, durduğu, dayandığı Məkanı özüylə sabahlara daşımağı bacaran bir şairdir. Və şeirin söz kərpicləri ilə sanki Xudafərin körpüsü tikir və ayaq izinə, ləpirə həsrət qalan həqiqi Arazüstü Xudafərin körpüsündən fərqli olaraq, Əli Rzanın söz kərpicindən tikdiyi Xudafərin körpüsündən o taydan bu taya, bu taydan o taya dərd yüklü SÖZ Karvanları keçir... Lap "Cəbrayıl" mini-poemasında dediyi kimi:

Adam var ki, danışar, sərhəd qoymaz sözünə,

Həqiqəti deyənin kül üfürər gözünə.

Əli Rza qələm çaldı, sözü tutdu üzünə,

Zaloğlu adın ilə yaşasın qoy, Cəbrayıl!

Zaloğlu Əli Rza Xələfli Sözü üzünə tutan, Sözü urvata mindirən, Sözlə urvata çatan şairlərdəndir.

"Nədənsə şair doğulan, çiynində tabut doğulur" (şair Zakir Fəxrinin "Çiynimdə tabut gəzirəm" şeirindəndir!) misraları yadıma düşdükcə sözün hərəkətverici gücü zəlzələyə dönüb, məni həmişə içimdən silkələyir. Əli Rza Xələfli də, bu kitabındakı şeirləri ilə "çiynində Qarabağ dərdi yüklənmiş tabutu gəzdirən" şairə bənzədi, məndə həmin assosiasiyanı yaratdı...

Əli Rza şeirlərinin havası-yelpiyi ilə dərdə layla çalmır, onu mürgüləməyə qoymur, qoymur dərd mürgü döysün, əksinə içimizdəki, duyğumuzdakı Qarabağ boyda bir əlçim vətənsizlik dərdinin ağrı qorunu üfürüb közərdir... Həmin közərtinin işığı adamın içinə dolur, qaranlıqlara az da olsa aydınlıq gətirir! Əli Rza bir sıra adamlar kimi, dərdə döz demir, dərdə dözümsüz ol, - deyir!

Əl aç Vətən göyünə, üzünü əlaca tut,

Qarabağa bir nicat dərdinə illaca tut,

Xan Çinar qamətini əyilməz tut, uca tut;

Dəyanət, hünər göstər, təpəri gey, Cəbrayıl!

Başı kəsik künbəzin daşa dönmüş canı var,

Daşa dönmüş canların hissi, həyəcanı var;

Əlli milyonluq xalqın bir Azərbaycanı var,

Külək nəğmələrinlə Vətəni öy, Cəbrayıl!

Əli Rzanın "Cəbrayıl" şeiri, əslində, mini - dramatik poemadır. Mənim aləmimdə Əli Rza Xələfli "kiçik həqiqətləri" yaza-yaza "böyük həqiqətlərə" qovuşmaq arzusuyla yaşayan-yazan müəllifdir. Burada da belədir, Cəbrayıl Qarabağ bölgəsi kimi Azərbaycanın bir mikro mühiti olsa da, Azərbaycanın, özü də tarixən bütöv Azərbaycanın - makromühitin simvoludur, obrazıdır!

...Yadına sal kimlərin Arazdan keçməyini,

Tarixin əkməyini, yaddaşın biçməyini.

Kiri yenən Tomrisin son andı içməyini...

Sən də yağı qanından kamınca doy, Cəbrayıl!

Qəlbində od gəzdirən ataların oğulu,

Qorquddan üzü bəri müdriklərin ağılı.

Qaradağı yağılı, Qarabağı dağılı

Dünyaya sipər, səngər ulusu yey, Cəbrayıl!

Qurbaninin sazını zaman əmanət aldı,

Abdullanın mizrabı simlərə tufan saldı.

Yığnaq qurdu oxudu: "Dünya kimlərə qaldı?"

Dillərdə dastan oldu aşıq Humay, Cəbrayıl!

Hər adamı bir dastan - kitab, nağıl, sinədi,

Ağıllara sığmayan həqiqət, əfsanədi,

Yer altında sərvəti tükənməz xəzinədi,

Qızıl, gümüş, qurğuşun, dəmir, qalay, Cəbrayıl!

"Cəbrayıl" mini-dramatik poemasından misal gətirdiyimiz bu dördcə bənd, bütöv Azərbaycanın ta qədimlərdən bu günümüzə qədər ictimai, siyasi, sosial, iqtisadi, mənəvi, mədəni, əxlaqi, psixoloji konturları haqqında aydın təsəvvür yaradır, vətənkeş duyğular oyadır... Deyim ki, mənə görə, bu kitabda təqdim edilən "Azərbaycan", "Cəbrayıl", "Xudafərin", əslində, etnoqrafik-lirik mini poemalardır. Bunlar tarixiliyi, müasirliyi, Qurbani, Aşıq Humay sazının kökündə ötən, havalanan və oxucusunu da havalandıran mini poemalardır - poema-trilogiyadır. Bu əsərləri mən "tənha durna harayı" adlandırardım və ayrıca kitabda poema-trilogiya "janr"ında - formatında təqdim edərdim! Bu əsərlər "bəxti bəndə vurulmuş", "ümid payı, bütövlük, birlik andı" (Əli Rzanın misralarındandır) əlindən alınmış, dilindən qoparılmış bir elatın, qövmün, bölgənin - Qarabağın elegiyasıdır... "Azərbaycan" mini - poemasında olduğu təkin. Bu əsəri oxuyarkən üşənə-üşənə üşüdüm! Bütün "Azərbaycan" şeirlərindən fərqli ruhda, fərqli təqtdə, fərqli ovqatdadır! Öygü deyil, söygüdür!.. İttihamdır, dərddir, kədərdir, bütün tarixlər boyu bizi didən bəlalara, faciələrə güzgü tutur mini, amma mənaca monumental olan bu əsər:

Duman basan, çiskin çökən gözlərimsən, Azərbaycan!

Əyim-əyim, büküm-büküm dizlərimsən, Azərbaycan!

Sazın ruhu inciməsin, hər gələnə saz olmusan,

Hər havaya çalınmısan, sazlarımsan, Azərbaycan!

Qarabağın qara bəxti kösöv təki qaralanda,

Sinəm üstə ocaq yanır, közlərimsən, Azərbaycan!

...Qələm - qələm sınıq düşən Xələflinin ürəyi qan,

Kəlmə-kəlmə qan ağlayan sözlərimsən, Azərbaycan!

Yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyim, dünya miqyaslı yazıçımız Çingiz Hüseynovun təbirincə desək, o, "qələm cihadına və yazıçı cəsarətinə bağlı" qələm əhlindəndir. Qüdrətli yazıçı Çingiz Hüseynov müsahibələrinin birində ürəyimcə olan belə bir fikir ifadə edibdir: "...qeyd etməliyəm ki, həqiqətə, yüksək insanpərvər ideyalara bağlı əsl ədəbiyyat, əli qələm tutan hər bir namuslu yazıçı insanlıq, ədalət naminə cəmiyyətə, mühitə, quruluşa (hələ ki, dünya da, insan da ideal deyil), hətta millətinə, xalqına belə müxalif olmalıdır - insan qul olmasın, ləyaqətini itirməsin, gücə-zora yaltaqlanmasın deyə. Əlbəttə, "donkixotluq" mənasızdır, gülüncdür - qovulacaq, döyüləcək, əziləcək və s. Amma yazıçı ümidini itirməməlidir, mən belə düşünürəm..."

Elə mən də belə düşünürəm və bütün bu sözlərdəkı məna və mətləbləri uzun illərdən bəri yaradıcılığını izlədiyim, şəxsiyyətinə, ən azı, dost qədər bələd olduğum Əli Rza Xələfliyə sidq-ürəkdən şamil edirəm!..

Qarabağ bağlı qapı - kim bağlaya, kim aça?

Doğranır buğum-buğum, kəsilir parça-parça;

Hərə çəkir bir yana - sürüklənir hərraca,

Ölü gözlü Avropa baxır key-key, Cəbrayıl!

Dünya bilyard masası... diqqətdə, maraqdadı,

Güclülər oyundadı, gücsüzlər qıraqdadı,

Qarabağ xallı şardı... güdükdə, marıqdadı

Vurmaq üçün tuşlanıb üstünə kiy, Cəbrayıl!

Buradakı obrazların, təşbihlərin moderniliyini yada salmaqla, deyim ki, Əli Rza ədalət arzuları ilə yaşayan, ümidlərin böhranından uzaq, kosmopolit, nihilist olmayan yüksək titullu vətənpərvərdir, vətənsevərdir. Bu dediyim təzə bir şey deyil! Şair olan vətənpərvər, vətənsevər, millətsevər olmalıdır və bu, aksiomadır! Bu keyfiyyəti yaradıcılıq zirvəsi sayanlar da var! Amma yaxşı məlumdur - zirvədən-zirvəyə yol yoxdur, zirvədən ancaq eniş var. Zirvədən-zirvəyə yol olmadığına görə ora çıxan hər kəsi məyusluq gözləyir. Zirvədə heç nə yoxdur, insanı göylərə çəkən (hansı mənadasa yüksəyə qaldıran) möhtəşəmliyin axırı təəssüfdür. Hər görülən iş "daha nələr edilməyib" sualı yaradır. Əli Rza "daha nələr edilməyib" sualı arxasınca inadla düşən ziyalıdır! Əhsənül-əhsən! Deyilmi?!

Əli Rza bir şair, eləcə də bir yazıçı, bir publisist kimi eyni taktda, eyni ritmdə ayaq döyənlərdən deyil, onun üslubuna, yanaşma tərzlərinə nəzər salsanız, diqqət yetirsəniz fərqli ritmlərlə, taktlarla, döyüntülərlə qarşılaşarsınız ki, bu da onun yaradıcı stixiyasının axtarışlar üstündə köklənməsindən irəli gəlir.

Əli Rzanın yeni kitablarındakı "Poetik məktublar" bölməsi, türklər demiş, xoşuma getdi! Yadıma "Qızıl kəlmələr" ifadəsi düşdü! Mən, bu bölməni elə "Qızıl kəlmələr!" təşbihinə qiyas edərdim! Burada əməlpərvərlikləri ilə əsrinin, dövrünün - Əli Rzanın, eləcə də hamımızın, bütün ictimaiyyətin dərin hörmətini, məhəbbətini qazanmış şəxsiyyətlərə ithaf edilmiş şeirlər cəmlənmişdir. Bunlar sadəcə ithaf şeirləri deyil, xarakterlər şeiridir... Hər bir şeir şəxsiyyətin necə yaranmasını, hansı əxlaqi-mənəvi keyfiyyətlərdən binələnməsini və bu adamlara cəmiyyətin məhəbbətinin nələrdən qaynaqlanmasını zərif poetik duyğu və fikirlərlə biçimləmişdir... Bu şeirlər indi publisistikadan "qovulmuş" oçerk janrının poeziyada təcəssümüdür və bu cəhətdən də nümunədir...

Əli Rzanın poetik hissləri səmimi və olduqca həssasdır, lap sinir ucları kimi... Bu isə onun şeirlərinə canlılıq və təravət gətirir... Onu deyim ki, ədəbiyyatın qiyməti yalnız mövzuların dəbdəbəli və yüksək olması ilə ölçülmür. Hər hansı bir həqiqi hiss əgər yaxşı ifadə edilirsə, həmişə həssas oxucularda öz əks-sədasını tapır. Deyilənə görə - əgər yazar xatirələrindəki tabloları sözlərlə ifadə edə bilirsə, o zaman bu tablolar ədəbiyyatda da öz yerini tutmağa layiq olur. Bu xatirələri yazarın öz tərcümeyi-halını yazmaq təşəbbüsü hesab etmək yanlış olardı. Yazıçı öz zövqünə görə həyatında baş vermiş hadisələrdən bəzilərini kənara tullayır, başqalarını saxlayır.

Kiçik hadisələri o, böyüdə bilər, böyüyü isə kiçildə bilər. Yazıçı ön cərgədə olan hadisələri, azacıq da olsun, tərəddüd etmədən geriyə, arxa cərgədə olanları isə irəliyə çəkə bilər. Əsl yazıçı qarışqadan fil, həmçinin çox asanlıqla da fildən qarışqa düzəltməyi bacarmalıdır. Əsl şair gerçəkliyi yaradıcılıq təxəyyülü kimi təqdim etməyi bacarmalıdır, sanki gercəklik onun öz xəyalının məhsuludur! Onda şeir cəzbedici olur... Şeirin cəzbi isə ən xoş enerjidir, lap intim dünyadakı qədər... Əli Rza xarakter etibarı ilə fürsətçil adam deyil, onun həyatı öz təbii axarındadır, dədə-babadan əxz etdiyi intuitiv axarda!

Amma, şeirdə, mövzuda, poetik fikrin çaxışlarında fürsətin bir anın da fövtə verməz, fikri, hissi, bənzətmələri uyarınca ahənrüba təkin özünə, yəni fikrinə, hissinə, oradan da şeirinə çəkməyi bacarır...

Məndə bir xoş təəssürat da, onda mentalın, yaradıcı mentalitetin güclü bir tərzdə bərqərar olmasıdır və bunun yaradıcılıqda "möhür-bəndli" təsdiqidir. Onun şeirləri gilənar çiçəyi təkin lopa-lopa yağaraq çin-çin olan qar üzərindəki qırmızı qərənfili xatırladır mənə... O gözəlliyi, qar soyuqluğunu isidən o hərarət duyğusunu oyadır təsəvvürümdə... Bu zərif, al qərənfil bəlkə də qar soyuğuna tablamayacaq, amma ürəklərdə, onu görənlərdə bu zərif fədakarlığın istisini, hərarətini və dözümünü aşılayacağına əminəm... "Qoca türkə məktub" şeirində olduğu kimi və onu da deyim ki, Ə.Xələflinin bütün şeirlərində türk ruhu, türkün torpaq, yurd, vətən və dünya sevgisi aydın bir şəkildə proyeksiya olunur, əks etdirilir, Azərbaycan türkcəsində türk ekopoetikasına çevrilir:

Qoca türkə xəbər göndər, Xələfli!

Fələyə bax, çərxi döndər, Xələfli!

Qəzəb ələ, nifrət əndər, Xələfli!

Axır bir gün bu inadı qırası!

...Boz Qurdunu çağırmadı o şaman,

Bu yer üstü, bu göy üzü, ay aman!

Biz bir idik, bikir idik bir zaman,

Aramızdan necə axdı ara su?!

...Qarabağın həsrətində Təbrizim,

Qucaqlaşaq vüsal dəmi, qol bizim.

Doğransaq da rizə-rizə, yol bizim,

Xudafərin körpüsünə varası.

...Sən gəlməsən - bu zülməti yaran yox,

Bu zənciri çeynəyən yox, qıran yox.

Bu yalana, bu doğruya varan yox,

Bir kimsə yox halımızı sorası..

Belə bir şey var - bir var gözəl görünmək üçün əldən-ayaqdan gedəsən, özünə hər cürə bər-bəzək vurasan, bir də var içində, çölündə, ətrafında nə varsa sənin gözəlliyinə yaraşa, sənin gözəlliyin fonunda gözəl görsənə... Yəni, el deyimində olduğu kimi - al da geysən yaraşır, şal da geysən yaraşır! Bu mənada, Əli Rzanın şeirlərində belə bir tamlıq, harmonik təhər-töhür var! Bu şeirlər haradasa gözlərdəki yaş damlasına, dodaqdan çıxan aha, alındakı qırışlara, gözlərin dərinliyindən duman, çiskin kimi qaynayan kədərə-qüssəyə bənzədiyi təkin, uşaq çöhrəsindəki təbəssüm qədər şirinliyə, sevənlərin qaynar gözlərindəki parıltıya, övladı olmuş ananın təbəssümünə, oğlu olmuş atanın qüruruna da eyni dərəcədə bənzəri var! Çünki bu şeirlər, haradasa Əli Rzanın bir şair kimi ürəyinin parıltılarıdır ki, misralarda ehtiva olur!

Onun şeirlərindəki lirik obraz mistik deyil, amma mistik obraz qədər təsirli və bayaq dediyim kimi, cəzbedicidir! Dupduru, təmiz, xəyalpərvər romantikin uydurduğu yalan qədər cazibədar, amma heç cürə yalan olmayan, amma yalanabənzər bir gerçəklik...

Ağladı könlümün quşu,

Taladı ağılı, huşu.

Soyuqdu dağların başı,

Çağla dağlar, çağla dağlar,

Ağla dağlar, ağla dağlar.

Ölümdümü, oldumu bu,

Bir bükülməz qoldumu bu,

Gedər-gəlməz yoldumu bu? -

Bağla dağlar, bağla dağlar;

Ağla dağlar, ağla dağlar!

Məna, məzmun, hiss dərinliyi ilə bahəm, burada bir bayatı şirinliyi, bayatı həzinliyi var... Bayatı dedim, Əli Rzanın bayatıları yadıma düşdü. "Bir bayatı çağırdım" (B., 2013, 192 s.) kitabında toplanıbdır. İndiki kitabındakı şeirlərində olduğu kimi, bu bayatılardan ibarət kitabında da yurd həsrəti, insan, dünya, həyat haqqında poetik-fəlsəfi düşüncələr toplanıb; klassik ənənələr ruhunda tərənnüm edilən aşiqanə duyğular, mərhəm hisslərdə tərənnüm edilir.

Lakin burada da, xoşa gələn mühüm bir cəhət, aparıcı xətt var ki, bu da, lirik mənin həyat yoluna, yaşadığı mühitə və məkana güzgü tutmasıdır. Bu bayatılarda bayatı - ağı havacatında dövrün təzadları, sosial ziddiyyətləri, insanın ruhunu didən, parçalayan həyat hadisələri, ağrılar-acılar bayatı qiyafəsində, bayatı dilində oxucu ürəyinə sirayət eləyir, sındırmır - yaşamağa, yaratmağa, qəvilərlə mübarizəyə ruhlandırır. Burada dağlara müraciətən yazılan bayatılar da var, eynən yuxarıdakı misralardakı kimi. Azərbaycan poeziyasında qədimlərdən gələn ənənədir, dərd güc eləyəndə üzümüzü dağlara tutmuşuq, düşmən qəvi olanda arxamızı dağlara söykəmişik:

Sinəsi dağlı dağlar,

Qaralı, ağlı dağlar -

Şahmarı nakam getdi,

Qapısı bağlı dağlar.

Dağlar yayda aladı,

Hər daşı bir qaladı.

Şahmarsız qalan yurdda

Dərdin qurdu uladı.

Özü ilan dünyadı,

Düzü çalan dünyadı.

Şahmarı saxlamadı

Sözü yalan dünyadı.

Fəsil xəzana qaldı,

Qəbir qazana qaldı,

Şairin nə günahı?

Bəxti yazana qaldı.

Bunlar Qarabağda, Ağdamda doğulub böyümüş, çox ünlü, qeyrətli şairimiz, Çingiz Aytmatov kimi nəhəng yazıçının dostu, dünyadan Qarabağ nisgili ilə köçmüş Vətən sevdalı Şahmar Əkbərzadəyə həsr edilmiş bir silsilə ağı-bayatılardandır. Bu bayatılarda da şair dərdinin qurdu ulayır, dərdimizin qurdu ulayır!

Əli Rza bayatısında işlədib bu ifadəni - "Şahmarsız qalan yurdda, Dərdin qurdu uladı!" El dilindədir bu ifadə. Birinin bəxti gətirəndə deyərlər ki, "filankəsin qurdu ulayır!" Əli Rza bu ifadəni təşbihə çevirir, dərdə qiyas edir! Gör nə çağa gəlmişik ki, bəxtimizin yox, indi dərdimizin qurdu ulayır! Təkcə bu deyim sübut edir ki (Əli Rzada onlarla bu qəbildən deyimlər var) o, elimizə, dilimizə - türk dünyasına mənsub olan və qədimlərdən gələn nə varsa onun əksəriyyətinə bələddir, sinədəfdərdir və yaradıcılığında məqamında işlədə bilir...

Dilçilikdə toponim, etnonim, antroponim, oykonim, hidronim və s. təkin anlayışlar, terminlər işlənir. Əli Rzanın ümumən yaradıcılığında, eləcə də, "Həsrətdən üzü bəri" şeirlər kitabında, demək olar ki, Qarabağın Cəbrayıl bölgəsinin bu anlayışlar sferasında tarixi-etnoqrafik mənzərəsi açılır. Bu mənzərəni cızmaqda məqsəd gələcək nəslə, Cəbrayıldan bir igidin ömrü qədər ayrı düşmüş nəslin yaddaşına tuşlanışdır:

...Sinəsində illərdi - teylənməyən yara var,

Həsrət-həsrət gözləri, boylanmayan hara var?

Ad-ad axtar, soraqla, sıra-sıra ara, var -

Tumas Ata, Güzgədağ, Ziyarət, Tey, Cəbrayıl!

...Xələfli, Yarəhmədli, Gordu Baba dağı var,

Sinəsində dərdinin əlyetməz yaylağı var.

Qoy bilsin gələn nəsil, hər qaranın ağı var,

Sənin də üzün gülər, qurular toy, Cəbrayıl!

Əli Rza bir şair, yaradıcı kimi Azərbaycan türkünün dilini, ana dilini kamil bilənlərdəndir; arxaizmlərdən, dialektizmlərdən, idiomalardan, digər bədii ifadə vasitələrindən bacarıqla istifadə edir, türkəsilli sözün yaradıcısına, bərpaçısına dönür, sözə ehya verir, yeni məna çalarları axtarır və tapır. Məsələn, Əli Rzanın türkəsilli adlar silsiləsi (antroponimlər) yaratması (Cəfər Cabbarlı babası kimi) onu türkəsilli ad yaradıcısına çevirir:

...Amurun yenməz gücü, çağır gəlsin haraya,

Aralın duzlu suyu məlhəmindi yaraya;

Türkün dönməz inadı meydan olsun Araya,

Sıralansın dağları Alay-Alay, Cəbrayıl

...Bir "ay"a arxalanan Turkay, Turçay, Tuncaysan,

Ad axtaran oxusun - Qorqud, Turqud, Turaysan,

Od içində Odaysan, suda yanan Suaysan,

Dənizərsən, Dağərsən, Yelay, Yeray, Cəbrayıl!

Amur, Alur, Atilla, Aral, Aray, Alay, Turkay, Turçay, Tuncay, Qorqud, Turqud, Turay, Oday, Suay, Dənizər, Dağər, Yelay, Yeray və s. şəxs adlarının xeylisi (onu da deyim ki, bu adların əksərini Əli Rza övladlarına, nəvvadələrinə qoyubdur) Əli Rzanın təqdimatındadır...

Əli Rza bir şair, bir ziyalı kimi sözə könül bağlayır və iki "zadın" fikrini, daha doğrusu, xiffətini çəkir: bir Arazboyu Xudafərin körpüsü ilə o tay-bu tayın, bir də əlahəzrət SÖZün!.. Burada isə bir qədim SÖZ yadıma düşdü, xan qızı, şah zövcəsi Ağabəyimin SÖZü. Ağabəyim məşhur qoşqusunda "Tehran cənnət olsa da, Yaddan çıxmaz Qarabağ" söyləmişdi. İndi bizim poeziyamıza da həmişə baş mövzu olan "Cənub mövzusu" elə bil "Qarabağ dərdinin" yanında yaddan çıxıb, elmiləşdirsək - arxa plana keçib. Əli Rzanın poeziya yaradıcılığında isə bu tənasüb pozulmur, Qarabağ dərdi ilə Qaradağ dərdi onun şeirlərində eyni pərsəngdədir, heç birisi yaddan çıxmır!

Elə bilirəm ki, İran İslam Respublikasının da erməni dəyirmanının arxına su axıtması buradan irəli gəlir və onlar elə bilirlər ki, nə qədər Azərbaycan vətənpərvərlərinin başı Qarabağa qarışıb, körpüdən o yana, yəni Qaradağ - Cənubi Azərbaycan o qədər də yada düşməz, gündəmdə olmaz!

Əslində, bu siyasi səciyyə ilə bahəm, həm də bədii funksiyası olan məsələdir. Əli Rzanın təkcə bu kitabda deyil, küllən yaradıcılığı bu funksiyanın öhdəsindən bacarıqla gəlir. Poezyamızın illər boyu əsas mövzularından olan, indi isə yeri görünən Cənubi Azərbaycan mövzusunu yaradıcılığında ovxarda saxlayır. Əminliklə deyim ki, Əli Rza Xələfli sözün övladıdır. Poetik duyğuların tarixi nə zamandan başlamasından asılı olmayaraq şeirin, poeziyanın övladıdır... Görünür, poetik sözün əbədiyyət gücü də bundadır. Əli Rza Xələfli esselərinin birində yazır: "Çiçəklərin daşlara, daşların çiçəklərə bənzəri var. Güllər, çiçəklər daş olub əbədiyyət qazanar. Əbədi solmazlıq qazanar. Söz çiçəklərinin, söz çəmənzarının əbədiyyət gücü elə budur."

Əli Rza Xələflinin poeziya çəmənzarının lövhələri də tez-tez dəyişir. O, bütün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün varlığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt Əli Rza Xələflinin istedadının miqyasını onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairliyinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri, və yaxud bu məziyyətlərin sirri onun istedadının polifoniyasındadır. Yəni poeziya onun istedadının sirlərini özündə ehtiva edən daşıyıcı amildir. Əli Rza Xələfli də istedadın sirrilərini axtaran kəslərdəndir. Belə olmasaydı, "İstedadın sirri" essesini yazmazdı: "Hər bir ədəbi istedadın cəmiyyətdən, onu əhatə edən mühitdən gizli qalan bir sirri var. Bəlkə də, həmin sirr nədirsə, o sirrin özü istedadı daim qıcıqlandırır, onu yazmağa, yaratmağa həvəsləndirir. Bəs bu sirr deyilən nədir? Onun - yəni hər hansı bir müəllifin geyimində, paltarında, davranışında gizlənir bu sirr, yoxsa daha dərin qatlarda onun mahiyyətini axtarmaq lazımdır?

Zənnimcə, insanın - həm də bu yöndən istedadın yaradıcılıq potensialı onun daxili-mənəvi mühitində gizlənən enerjidir. Və bizim üçün - yaradıcı adamın müasiri üçün örtülü olan, bəlkə də, bir çox məqamlarda açıla bilməyən tərəfləri biz "sirr" adlandıraraq o daxili-mənəvi mühitdə gizlənən enerjidə axtarmalıyıq."

Gizli enerjinin aşkarlanması nəzəriyyəsi Ziqmund Freydi yada saldı. Z.Freydin bütün insan həyatını əhatə edən psixososial inkişaf mərhələləri nəzəriyyəsi, əslində, insanın supereqosunda cəmlənən enerji qaynağının aşkarlanması prosesini izah edən psixoanalizlərdən ibarətdir.

Bu enerji qaynağı (Libido) bütün düşüncə proseslərini, qavramanı, təsəvvürü, yaddaşı və digər meylləri əhatə edir. Sonralar Yunq bu nəzəriyyənin mənasını daha da genişləndirib, ona hər cür bioloji, ictimai, mədəni, yaradıcı, zehinsəl və cinsəl, məmnunluq və s. bu təkin faktorlara təkan verən enerji mənasını vermişdir. Əli Rza Xələflinin "Zənnimcə, insanın - həm də bu yöndən istedadın yaradıcılıq potensialı onun daxili-mənəvi mühitində gizlənən enerjidir." fikri, mülahizəsi də, bizim zənnimizcə, bu dahiyanə nəzəriyyənin nəticələri ilə səsləşir və bir şair kimi onun "daxili-mənəvi mühitində gizlənən enerji"ni şeirdə - poeziyada aşkarlayır, neqativ haldan pozitiv hala çevirir...

Yeri gəlmişkən deyim ki, Əli Rzanın yaradıcılığında poetik-fəlsəfi siqləti ilə seçilən esse janrı da təqdirəlayiqdir və "Həsrətdən üzü bəri" kitabının bir bölməsini də onun esseləri təşkil edir. Bu esselərdə düçüncənin dərinliyi, fikrin və hissin birikmiş fəlsəfi tutumu, məna və mahiyyətin horizontal genişliyi sirr olaraq qalmır, aşkarlanır. Görünür, istedadın bir sirri də buna bağlıdır.

Şairin, qələm əhlinin istedadının bir sirri də onun səmimiyyətinin dərəcəsinə bağlıdır. Ümumiyyətlə, səmimi insan bütün pisliklərdən arınmış, təmizlənmiş, ətrafına, mühitinə saflıqla, bir uşaq məsumluğu ilə baxa bilən insanlara Allahın bir töhfəsidir! Səmimi insanda paxıllıq, hətta qibtə hissi belə yoxdur. Əli Rza Xələflinin səmimiyyəti - həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyətdən yoğrulmuşdur. Oxucu, Əli Rza Xələflinin ən poetik səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olur. Onun şeirləri insan qəlbinin dərinliklərindən süzülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir...

Bu mətləb Əli Rzanın "Mənzum məktublar"ında daha qabarıq görsənir. Ümumiyyətlə, Əli Rza, belə demək mümkünsə, "Mənzum-poetik məktublar" formatına bir janr hüququ qazandırmağa müvəffəq olubdur. O, tarixi şəxsiyyətlərə, müəllimlərinə, ustadlarına, qələm dostlarına, ədəbi mühitdə onun əhatəsində olan ziyalılara belə bir səmimiyyət miqyasından baxmağı bacarır. Hələ onun, böyük Azərbaycan sərkərdəsi Babəkin şəninə ünvanlanmış "Azadlığın qanı, yaxud doqquzuncu əsrə məktub" poema-monoloqu, həmçinin böyük şairimiz - vətənpərvər Xalq şairimiz "Söhrab Tahirə məktub" qəsidə-poeması diqqəti cəlb eləmişdi və "mənzum məktub" janrının nümünələri, doqquzuncu əsrə səslənən müasir zamanın sədası, "azadlıq eşqinə çalxanan qan"ın seylabı hesab edilə bilər:

Eheyy, doquzuncu əsr, sənə salam var,

İndiki zamanın, əsrin adından.

Ruhumda, canımda Babək qalam var,

Yəqin ki, çıxmayıb hələ yadından.

...Min iki yüz ilin kədəri, qəmi,

Bəzzin zirvəsində, dağda göynəyər,

Həsrətin zər üstə oynayan nərdi

Araz sularında, tağda göynəyər.

...Səni çağırıram doqquzuncu əsr,

Səsimi eşitdin, niyə dinmədin?!

Təbriz can üstədir, Qarabağ əsir,

Bəs hanı cihadı, niyə susur din?!

Şair, jurnalist-publisist Nəzirməmməd Zöhrablı "Çağdaş ədəbiyyat cəfakeşi - Əli Rza Xələfli" məqaləsində bu poema-qəsidə barəsində, sanki "əmisevərlərin" (Söhrab Tahirə ədəbi mühitdə "Əmi" deyə müraciət edirlər) fikirlərini ümumiləşdirərək yazmışdı:

"Əli Rzanın poeziyasından söhbət açarkən təkcə "Söhrab Tahirə məktub" qəsidə janrlı poemasının adını çəkmək onun yaradıcılığının hansı zirvələrə layiq olduğunu deməyə əsas verir. Bu poemaya Azərbaycan tarixinin, azərbaycançılıq dəyərlərinin kiçik modeli də demək olar. Özü də bütün müsbət və mənfi əlamətli yaddaş çalarlarını əks etdirdiyinə görə. Elə şair də epiqraf yerinə görkəmli ədib Söhrab Tahirin üzündəki Azərbaycan xəritəsinə bənzəyən xalı gördükdən sonra bu poemanı ərsəyə gətirməyə qərar verdiyini yazıb. Yəqin ki, poemanın yaranmasına cənub həsrətli şairin taleyi ilə bağlı məqamlar da səbəb olub. Hər halda, poema çox maraqlı, ictimai əhəmiyyətə malik bir sənət əsəri kimi ədəbiyyat tariximizə daxil olub. Poemada Azərbaycanın tarixi gerçəklikləri - qələbələr, məğlubiyyətlər, hətta atalar sözləri, hikmətli sözlərdə abidələşən dəyərlərimiz, adət-ənənələrimiz öz əksini tapıb."

Nəzirməmməd Zöhrablının bu məqaləsinə rəy - şərh yazan bir oxucu məktubunda səslənən fikirdən də yan keçə bilmədim və mənə elə gəlir ki, yaradıcı adama verilən ən böyük qiymət elə, oxucunun verdiyi qiymətdir: "Əziz qardaşım Nəzirməmməd, Əli Rza müəllim haqqında yazıya görə çox sağ ol. Əli Rza Xələfli çoxlarımızın məhdud fərdi qayğılar girdabında çapaladığı bir zamanda, şair B.Vahabzadə demişkən: "başımızın ucuz qayğılara qarışdığı" vaxtlarda SÖZün keşiyində duran ədəbi simalarımızdan biridir. Onun hər bir yazısı, hər bir sətri böyük ürək yanğısı və yüksək istedadın bəhrəsidir. Əli Rza müəllim o qədər istedadlı və eləcə də qələminə o qədər məsuliyyətlidir ki, bəzən onun yazdıqları haqqında yazdıqlarını kölgədə qoyur. 60 yaşlı Əli Rza müəllimə və onun yubileyini bizlərə xatırladan Nəzirməmməd qardaşıma bir daha təşəkkürlər." (İlham Zeynallı. 04-02-2012.)

"Həsrətdən üzü bəri" kitabında Əli Rzanın "Camal Dədəyə məktub", "Düzün oğlu, sözün oğlu" (tənqidçi Asif Rüstəmliyə), "Yolda görüş" (Nzaməddin Şəmsizadəyə), "Tanrını tanı demişdin" (Çingiz Əlioğlunun yetmiş yaşına yarımistik təbrik məktubu), "Söz" ("Manqal"in müəllifi Elçin Kamala), "Atama məktub", "Sözümü vəsiyyət bil" (Qardaşım oğlu İlkinə məktub), "Damla" (dostum Hümmətin nəvəsi Damlaya), "Xeybər Göyyallıya məktub", "Ağalar Bayrama qəsidə-məktub" mənzumələrini oxuduqca, adam Əli Rza Xələflinin özünün də səmimiyyətinə, dosta, qələm yoldaşına, əsirdaşına yanaşma səmimiyyətinə qibtə edir, onun səmimiyyətdən yoğrulmuş qəlbinin çırpıntılarını səmimiyyət mahnısıının not sədaları kimi eşidir... Bu sözlərin, bu duyğuların, belə bir münasibətin arxasında şübhəsiz ki, böyük ziyalı ürəyi, ziyalı mövqeyi, bütövləşmiş ziyalı dayanır.

Salam, Camal Dədə, uğurun xeyir,

Açılan dan üzü üzünə gülsün.

Dumanlar çəkilir, dağlar baş əyir,

Səhər doğan günəş gözünə gülsün.

Can içində cansan - min canın səsi,

Sinəndə bir xalqın qəlbi döyünür...

İdrak dağlarının ağıl zirvəsi,

Adınla məmləkət, millət öyünür.

...Hər şey keçəridir - ömür də, yaş da

Zaman dişə çəkib yeyib gedəcək.

Qızıldan olsa da divar da, daş da,

Sözə, sənətkara təzim edəcək!

Və yaxud:

Xoş gördük, ay Asif, tənqidçi qardaş,

Nə yaxşı gəlmisən söz bazarıma.

Gəlmisən, olasan bir ortaq - sirdaş,

Mənim öz ağrıma, öz azarıma.

Alnı söz meydanı - saf toxum əkən,

Elmi əməlində - qalalar qurur.

Cəfərin, Müşfiqin qəmini çəkən

Sözü, düşüncəsi - fəxarət, qürur.

...Hər sözə, kəlməyə bir nəzər çəkib,

Nə var, əziz dostum, belə baxırsan?

Bilirəm, bilirsən söz ağrı çəkib,

Qardaşım, ürəyə, dilə baxırsan.

...Tənqidçi qardaşım, əzizim Asif,

İti nəzərlərin görər, oxuyar.

Tale Vətənimin bəxtindən kəsib,

Görürsən ki, təzə Təbriz toxuyar.

Əli Rza Xələfli bu şeirlərində də, şübhəsiz, qələm dostlarının şəxsiyyətləri ilə bahəm öz şəxsiyyətinin bütövlüyünü də ortaya qoymuş olur. Poetik obrazlarını yaratdığı əsrdaş ziyalıların oyatdığı duyğulardan irəli gələn hansısa fövqəltəbii qüvvənin təsiri ilə onu bir şair, bir yaradıcı kimi daxildən sıxan, ona əziyyət və güc verən, sevindirən, sözün fəthindən qürurlanan hisslərini, ədəbi-estetik görüşlərini, ictimai-fəlsəfi düşüncələrini ifadə edir, bəzən fikrin improvizə dalğalarında uyarlı və tutarlı gəzişmələr aparır...

Bu mənada, Əli Rza Xələfli - Əli Rza Zal oğlu portretlərini yaratdığı qələm dostlarını doğru-dürüst anlaya bilir, onların heç kəsin görmədiyi, daha doğrusu, görə bilmədiyi tərəflərini görüb, qədrini-qiymətini bilə bilir! Ancaq şair şairin, ziyalı ziyalının qəlbinin pünhanlarına, gizlinlərinə bu qədər mərhəmliklə əl apara bilər ki, biz bunu Əli Rza Xələflinin "Mənzum-poetik məktublar"ının hər bəndində, hər misrasında gördük, müşahidə etdik...

Bütün bunlar Əli Rza Xələflinin "Həsrətdən üzü bəri" kitabını, doğrudan da həyat haqqında, müasir dünyamız haqqında, müasir poeziyamız və ədəbi-bədii fikrimiz barəsində aydın, düşərli üslubda yazılan dəyərli əsərə çevirir - üzü bəri baxan dağların nisgilli baxışlarını əks eləyir...

Əli Rza Xələflinin şeirləri zərif, fikirləri mənalı, poetik məntiqi inandırıcı, duyğuları təsirlidır. O, günümüzdə, həyatımızda müşahidə etdiyi elə məqamlara toxunur ki, bütün bunlar dövrün ictimai-sosial mahiyyətindən irəli gəlir və onun fərdi poetik stixiyasında parlaq şəkildə əksini tapır.

Əli Rzanın yaradıcılığını fərdiləşdirən, onun poeziyasını müasir şeiriyyətin boz-bulanıq axınından fərqləndirən bir cəhəti mütləq qeyd etmək lazımdır. Bu, onun poeziyasına çökən bir bayatı ovqatıdır... O, sözü, fikri qafiyə xatirinə divana çəkmir. Elə təbii axarla öz ritmində ifadə edir. O, daxilində olan ritmi formaya tabe etməyə cəhd göstərmir. ...Onun daxili aləmində səslənən simfoniya ağır-ağır, təmkinlə, kədərqarışıq bir ovqatla, necə varsa, eləcə də üzə çıxır. Daxili aləmindəki sarsıntılar, psixoloji gərginliklər onun misralarında açıq-aşkar duyulur. Bəzən bu, fəryad şəklində, bəzən də həyatın xoş üzündən ruhlanan, həyat eşqilə alışan bir ürəyin çırpıntıları şəklində... Bu cəhətdən Əli Rza pessimist deyil, praqmatikdir!

Belə ki, Əli Rza Xələflinin poeziyası həyat eşqi ilə alışan bir ürəyin çırpıntılarıdır və müəllifinin mənəvi aləmindəki fırtınaların, təlatümlərin əks-sədasıdır. Əli Rza dövrünün, dövranının lirik qəhramanına məxsus olan cizgiləri açdıqca, proyeksiya etdikcə onun özü də bir lirik qəhrəmana çevrilir, dövrünün-dövranının lirik qəhrəmanına...

Onlar əkiz qardaşlarsayağı əl-ələ tutub Yurd, Vətən, Torpaq adlandırdığımız mehraba doğru ziyarətə qoşaraq belə bir qənaəti ifadə edirlər; esselərinin birində yazdığı kimi: "Zənnimcə, insanın mənəvi pasportu onun mənəvi dünyasını təsdiq edən ən dəyərli sənəd, ən tutarlı şəxsiyyət vəsiqəsi onun kövrək duyğularını ifadə elədiyi sözdə öz əksini tapır. Söz insanın rişəsidir. İnsan danışanda onun kökünü hansı torpaqda bitdiyini, hansı mənəvi münbitlik üstündə boy göstərdiyini təsəvvür etmək olur. Təsadüfi demirlər ki, insan doğulduğu yerə, yurda, torpağa, təbiətə daha çox oxşayır..." Bəli, Əli Rza Xələfli deyir, ifadə edir və inandırır.

Bizim zənnimizdə Əli Rza Xələfli bir yaradıcı şəxsiyyət tipi kimi yurduna, torpağına, doğulduğu yerin təbiətinə oxşayan bir obraz kimi canlanır. Bütün istedadlı şairlər kimi, Əli Rza Xələflinin şairlik mahiyyətini, şairlik kübarlığını da bu oxşarlıqda görürük... Onun yaradıcı şəxsiyyətinin arxasında şübhəsiz ki, böyük ziyalı ürəyi, ziyalı mövqeyi, ziyalı narahatçılığı dayanır.

Məsələ burasındadır ki, Əli Rza Xələflinin yaradıcılığına küllən nəzər salanda görünür ki, onun əsərləri intellektuallığı, obrazlılığı, emosionallığı, canlılığı, obyektivliyi, prinsipiallığı və dəyərləndirmə orijinallığı ilə seçilir, o, heç vaxt yazılarında oxucunu faktlarla yormur, quru mühakimələrlə darıxmağa qoymur, cansıxıcı mülahizələrlə yükləmir, əksinə, ədəbi, ictimai-siyasi, sosial prosesin vacib problemlərinə özünəməxsus yöndən, prizmadan baxır, ən mürəkkəb məsələləri belə, fikir dərinliyi ilə emosionallığın vəhdəti şəklində ifadə etməyə çalışır...

Əli Rza Xələflinin portret cizgiləri üzərində düşünərkən onun fəaliyyətinin çoxşaxəliliyini, müxtəlifliyini və zənginliyini xüsusi qeyd etmək gərəkdir. Belə ki, Əli Rza Xələfli, hər şeydən əvvəl, özünəməxsus yazı üslubu, təhkiyəsi olan bir tənqidçidir; zamanının ictimai münasibətlərini milli düşüncəli məqalələrində inikas etdirən bir publisistdir; ədəbi, bədii, elmi faktlarla nəzəri konsepsiyaları bir-birilə uğurla uzlaşdırmağı bacaran ədəbiyyatşünasdır; bütün varlığı ilə mövcud biliklərini gənc nəslə aşılayan müəllim-mühərrirdir; incə zövqlü, zərif duyumlu, fəlsəfi fikir tutumlu şairdir, erudisiyası, savadı, davranışı, fikir və düşüncə sərbəstliyi və nəhayət zövqlü, səliqəli geyimi və yaraşığı, əxlaqi keyfiyyətləri, insani münasibətləri ilə aristokrat ziyalıdır...

Lakin bu fikirlər belə, Əli Rza Xələflinin şəxsiyyət, yazıçı, şair, publisist, tənqidçi, ziyalı və vətəndaş obrazını bütünlüklə əhatə etmir. Onun əsl obrazını həm də yaşadığı həyat yolunda, çoxşaxəli ədəbi fəaliyyətində, zəngin yaradıcılığında, onu tanıyanların ürəklərində axtarmaq lazım gəlir...

Onun şeirində işıqlı bir kədər axını var və bu axın bahar nəsimi kimi Qarabağın cənub sərhədi olan Araz boyundan, Cəbrayıl yaylalarından əsir... Haradasa belə bir ıfadə oxumuşdum: "Rus ədəbiyyatında Yevtuşenko vətənpərvərliyi!" Doğru ifadədir - bir var ümumən vətənpərvərlik estetik kateqoriyası, bir də var, "vətənpərvərlik" fərdi estetik kateqoriya kimi, yəni, hər müəllifə məxsus olan, onun istedadı səviyyəsində mümkün olan vətənpərvərlik. Bu mənada, Əli Rzanın şeir yaradıcılığında mən bunu gördüm.

İndi tənqiddə intensiv olaraq "kreativ"terminindən istifadə edilir. Əslində bu elə "düşüncə" deməkdir və mən bu anlayışa bir "çevik" təyini də qoşmuşam. Əli Rzada "cevik təfəkkür", "İntensiv təfəkkür" sertifikatı mövcuddur. Bunlar onun publisist yaradıcılığında daha qabarıq özünü göstərir, poeziyasında isə impultiv olsa da, ürək döyüntüsü kimi hiss olunur.

Belə götürəndə, Əli Rzanın ədəbi yaradıcılığında universalizm, hərtərəflilik, polifonizm var və elə ona görə də, o, müxtəlif ədəbi janrlarda gəzişmələr eləyə bilir... Bu mənada o, ədəbi sferaya transprofessional kimi daxil ola bilibdir və strateji ədəbi prinsipləri qoruyanların cərgəsindədir, daha doğrusu, cəbhəsindədir...

O, vizual situasiyaları analitik mövqedən qavrayanlardan və onu bəsirət süzgəcindən keçirərək sözdə ifadə eləməyi, bu situasiyanın enerjisini şeirə ötürməyi bacaranlardandır... Bu isə yaradıcılıq axtarışı tələb edən qabiliyyətin formalarındandır; istər məzmunda, istərsə də mövzu seçimində konservatizm burada əl vermir, bunu ancaq ənənənin potensiyasından istifadə edərək innovativ təfəkkürə malik olanlar bacarırlar.

Bax, burada aktuallaşdırılmış ənənə, başqa sözlə desək, müasirliyə xidmət edən ənənə onun karına gəlir. Əli Rza poetik fikrində dekonstruktiv olsa da, formada konstruktivdir. Burada gerçəyin poetik modelinin təqdiminə üstünlük verilir. (Məsələn, mənzum məktublarında, ithaf şeirlərində - merkantel maraqlara - Salatın-messanat obrazında.) Bu məqamda Əli Rza ədəbi zərurətin çağırışına, "yeni poetik nizama" qoşulmağa daha çox cəhd eləyir, bu da onun şeirlərinə müasirlik statusu qazandırır.

Fikrimizcə, bu statusda, elə məqamlar olur ki, o təkrar-təkrar eyni etnomədəni poetik detallara istinad eləyir, bununla şeirində milli kult layı yaradacağını düşünür ki, bu da həmin poetik detalların emosional təsir gücünü zəiflədir, məsələn Xudafərin körpüsü, Dirili, Araz, Təbriz və s... Əslində, bu istiqamətdə alternativliyi qorumaq mümkündür...

Lakin bütün məqamlarda Əli Rza bir şair kimi sosial ədalətsizliyə, disharmoniyaya qarşı ləyaqətlə - ziyalı ləyaqətilə çıxmağı bacarır və həmişə - baş tutdu-tutmadı, buna cəhd edir. Onun şeirlərinin məğzində tendensiyalı deyil, alt qatda olan sosial polemika, ədalətsizliklə müxalifət cəngü-cidalı var. Bu istiqamətdə, bəlkə də. o, traybalizm fəlsəfəsinə meyillənir və bu onun yaradıcılığının demokratik ruhundan nəşət edir...

Çəlləkdə yaşayan Diogeni xatırladım:

"Diogendən soruşurlar: - Səncə, nəyə görə insanlar əlillərə və dilənçilərə sədəqə verirlər, lakin imkansız filosoflara və müdrik adamlara yardım əlini uzatmırlar?

Filosof cavab verir: - Çünki bilirlər ki, istənilən an əlil və ya dilənçi ola bilərlər, lakin heç vaxt filosof ola bilməyəcəklər."

İstedad, savad, mənəviyyat, insanlıq, ağıl - bir sözlə intellektuallıq onun şəxsiyyət kredosudur... Əli Rza "almanı divin əlindən almağı" bacara bilir. Bunun özü yaradıcılıq igidliyidir, bəli, bəli igidlik, lap cəngavərlik!

Çoxları bilmir ki, yaradıcılıq ruhu azad olan kəslərin işi elə döyüşdə can qoymağa bərabərdir və bu da hünər istəyir. Hamı bilməsə də, torpağı sevənlər bilir ki, "kökü torpağın dərinliyində olan ağac yaxşı bar gətirər, dərinə düşən buğdanı qurd-quş, yel aparmaz, sünbülü sanballı olar". Bunu Əli Rza da yaxşı bilir və əməl edir! Onun yaradıcılığı estetik tutumuna, bədii çəkisinə görə özünəməxsusdur, bənzərsizdir və sanballıdır!..

Əsərlərinin ideyası - bu qloballaşa-qloballaşa cılızlaşan dünyamızı yenidən qurub yaratmaq, daha da gözəlləşdirmək, ulu Tanrının şah əsəri olan insanları sevmək, onlara yaxşılıq etmək, həqiqətin gözünün içinə düz baxmaq, yamanlığı özlərinə həyat prinsipi seçənlərə düz yol göstərməkdən ibarətdir. Əli Rza dərin biliyinə, ensiklopedik savadına, tərbiyəsinə, zəkasına, zəhmətsevərliyinə, ən başlıcası Ulu Tanrının ona bəxş etdiyi vergi hesabına müasir ədəbiyyatımıza öz parlaq imzasını atmış seçmə qələm əhlindəndir.

Əli Rza Xələflini ruhən mənsub olduğu Azərbaycan xalqının taleyüklü problemləri daima narahat edir. Ümumiyyətlə, o, narahat insandır. Əsl sənətkar da elə narahat qəlbli olmalıdır. Bu mənada Əli Rza Xələfli bir nasir, publisist, şair, jirnalist, naşir kimi xalqımızın əsrlər boyu qoruyub saxladığı milli dəyərlərimizin aşınmasına, mənəviyyatımızın cılızlaşmasına, yeni nəslin təhsilinə, əxlaqına, tərbiyəsinə görə narahatlıq keçirən təəssübkeş Azərbaycan ziyalısıdır...

O, aldığı ali təhsildən başqa, bir müdriklik universiteti də bitirmişdir, el ağsaqqalı olan çoban atası Zal kişinin Universitetini...

Qismət olub, Zal kişinin sağlığında onunla görüşmüşəm. Doğma ana dilimizi layiqincə sevən, onun dəyərini bilən "kənd filosofu" idi. Onunla söhbət edəndə mənə elə gəlirdi ki, Azərbaycanın ən ucqar bir rayonunun ən ucqar kəndində yaşayan müdrik ağsaqqalları, köhnə kişilər dediyimiz nurani insanları külli halında görürəm.

O ağsaqqallar ki, bir sözüylə qan davası sovuşardı, hər kəlməsi qanun kimi qəbul olunardı, o ağsaqqallar ki, mərdi namərdin ayağına, haqqı nahaqqa qurban verməzdilər.

Ədalətin bərqərar olması onların həyat tərzi, yaşamaq amalı idi. O ağsaqqallar ki, indi onların sıraları çox seyrəlib, üz tutacağımız, söz deyəcəyimiz o mötəbər ünvanlar azalıb. Əli Rza bütün bunları artıqlaması ilə çinədanına yığıb və indi bədii fikir bazarında zər, gövhər təkin xırıd edir...

İndi "Kredo" qəzetində bərqərarlaşan Əli Rza Xələfli ziyalıların, yazar əhlinin üz tutduğu, ümid, pənah yeri, məsləhət ünvanı saydığı əsl ağsaqqala çevrilibdir. Olduqca sadə, zəhmətkeş, həyatın ağır sınaqlarından mətanətlə çıxan bir insan, azərbaycanlı adını layiqli yüksəkliyə qaldıran əliqələmli, sözə meydan açan, meydan verən ağsaqqala...

Bəzən belə ifadələr işlədilir, özü də, bir az da fəxarətlə - Qərbdən gələn təfəkkür, Şərqlə-Qərbin qovuşüğü və s. Əli Rzanın təfəkkürü onun bütün erudik gücünə baxmayaraq "gəlmə" təfəkkür deyil, öz içindən qaynayan, süzülüb, axıb gələn, kağıza hopan bədii təfəkkürdür. O, idxaldan uzaqdır, zəif, güclü olan poetik ixracatla məşğuldur, özüdür ki, var!

Əli Rzanın bəzi şeirlərinin zəif tərəfi də var. Bu onun şeirlərində olan intonasiyada üzə çıxır. Bəli, onun bir sıra şeirlərində fərqli mövzular, fərqli mənalar, fərqli innovasiyalar, elə bil, eyni intonasiyada, eyni tonda, oxşar ritmdə təqdim edilir. Bu isə, onun belə şeirlərini birnəfəsə oxumağa qoymur, yorur, oxucuda tənginəfəslik yaradır, ona görə də, onun şeirlərini mən özüm də aramla oxumalı oldum! Bəlkə də, bu onun xeyrinədir, şeirlər aramla oxunanda fərqli ovqat, fərqli düşüncə yarada bilir, amma mənə elə gəlir ki, fərqli intonasiyanın olmaması şeiriyyətin ziyanınadır!

Şeir də, muğam kimidir, hər dəstgahın öz ladı, öz kökü var və tar da bu lada köklənir... Bu intonasiya fərqi onun publisistikasında aşkardır, amma şeirində... Onun şeirlərində, bəzən estetik düşüncə stereotiplərinin "adaq-çeçi"sinə də rast gəlirik, bu da şeirlərin problematikasında oxşarlıq yaradır. Müəllif tapdığı orjinal fikrə, təşbihə, ideyaya müxtəlif şeirlərində təkrar-təkrar qayıdır, sanki oxucuya bunları təkrar təlqin eləyir ki, bu da, əlbəttə, təkrarçılıq yaradır, təlqindən çıxır!

İctimai-siyasi və sosial mühitin xaotik vəziyyəti onun əksər şeirlərinin ağrı duyğusudur, xüsusən Qarabağ dərdindən yazanda, daha doğrusu, qarabağsızlıqdan dərd, qüssə çəkəndə... Cəmiyyətdə qloballaşmanın təsiri ilə milli-ənənəvi dəyərlərlə kosmopolit düşüncənin zidiyyətili toqquşması onun şeirlərinin əsas konfliktini təşkil edir.

Yaradıcı adamın mütləq estetik konsepsiyası, kredosu olmalıdır...

Çap imkanının olması heç kəsə zəif əsər yazmağa stimul olmamalıdır. Bədiiyyatı maklaturaya çevirmək olmaz! Mən nə yazıramsa onsuz da, çap edilir tendensiyası, "nənəm mənə kor deyib, gəlib-gedəni vur deyib" deyimindəki psixikadan korluq çəkən obraza bənzəyir. Belə yazıların sabaha yolu yoxdur. "Yazım və ya yazdırım, qoy mənə də yazıçı, şair desinlər" populizmdən başqa bir şey deyildir! Təəssüf ki, bugünkü ədəbi aləmdə bu da var.

Əli Rzanın poetik leksikasında etnoleksik vahidlər tez-tez gözə çarpır. O, "biz sintaksisi laxladırıq" iddiasında olan eqosentiristlərdən uzaqdır. Əli Rza, əksinə, ölmüşləri, yaddan çıxmışları (arxaizmləri) diriltməklə, bərpaçılıqla məşğuldur. Onun poetik dili, üslubu aydın, təmiz, düzgün, ahəngdar, qulağa xoş gələn, ifadəlidir... Onun şeirlərindəki dil-ifadə yeniliyi, özünəməxsusluğu ifadə və təsvir vasitələrində yeni, fərqli fikir, bənzətmə, hiperbolik təşbih kombinasiyaları yaratma bacarığında hiss olunur.

Bütün bunlar konkret bir dünyaduyum təkin ona müasir insan və müasir cəmiyyətin ovqatını ifadə etməyə mane olmur, əksinə, qələmə qüvvət olur... Onun lirik xarakterində zamanla qarşıdurma yoxdur, barışmazlıq yoxdur, zamanın axınında kədərə bürünmüş hərəkət, axar var... Əli Rza həyatdan, gercəklikdən, mühitdən mənfi enerjini almır, müsbət enerjini alıb onu gücləndirərək daha müsbət tərəfə transformasiya edir, yönəldir, yaxşının daha yaxşısını yaradır...

Əli Rza Xələfli ehtiraslı ziyalıdır. Onun xasiyyətində, xarakterində, yaradıcılığında bunu görməmək mümkün deyildir. O, nədən yazırsa, orada Əli Rza ehtirası var! Yazısında, şeirində, çıxışlarında... Onu tribunada qızmış qara nərə bənzədirəm həmişə...

Akademik Kamal Talıbzadənin sözüdür: "O adam xoşbəxtdir ki, sözünü və əməlini, qəlbini və zəkasını xalqının tərəqqisinə, onun hərtərəfli inkişafına həsr edə bilir. Belə adam on illərlə, yüz illərlə nəsillərin, vətən övladlarının xatirəsində yaşayır, bəzən isə milli sərhədləri aşaraq yer üzünün bütün xalqlarının ürəyinə, zehninə yol tapır." Elə bil, bir sıra mənalarda Əli Rza Xələfli barəsində deyibdir!! Bu da, V.Q.Belinskinin sözüdür: "Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi şöhrət var." Əli Rza şairlik missiyasının nədən ibarət olduğunu bilən sənətkardır və bütün yaradıcılığında buna əməl eləməyə yüksək ruhla çalışır...

Əli Rzanın kitablarının adlarına fikir verin: "Həsrət körpüsü", "Dünyanın söz üzü", "Sözə doğru", "Karvan körpüdən keçir", "Oçağımın işığı", "Azadlığın qanı", "Araz ağrısı" və s. şeirlər və poemalar kitabları var. Təkcə adlarına fikir versəniz hamısı da, belə bir estetik fikrin kredo daşıyıcısıdır.

Professor Abbas Hacıyev "Lirik-epik şeirin axarında" adlı məqaləsində çox dəqiqliklə bu məsələləri vurğulayaraq yazır: "Əli Rza Xələfli yeni dünyabaxışlı, müasir duyum və dərkli, orjinal üslublu şair-publisistdir. Ölkədə yaxşı tanınan, şöhrət tapan şair-vətəndaşdır. Onun yüksək şeiriyyətli, səmimiyyətlə dolu epik-lirik poeziyası yayılır, ədəbi mühitdə ciddi maraq oyadır. "Bir Xələfli var imiş", "İçərişəhər: Daşlar-insanlar", "Araz ağrısı", "İnsan, tarix və zaman" və s. onun yaradıcılığında bir qol, bir şaxədir. Bu şaxə kəmiyyət baxımından çox da tutumlu, əhatəli deyildir. Ancaq poemalar ifadəlidir, lövhələrin, mənzərələrin, detalların poetik imkanları yığcamdır, konkretdir, dinamikdir, enerjilidir. Müəyyən detal və lövhələrin təsvirində qan yaddaşına epizodik qayıdışlar xalqın yaşayışına, ruhuna, mənəviyyatına və düşüncəsinə Əli Rza Xələflinin öz nəzəri, öz milli stixiyası ilə baxımı poemaları bir-birinə yaxınlaşdırır; millətin gələcəyinə, qanunauyğun inkişafına keçid onun keçmişindədir - inamı poetikləşir, ideya-estetik pafos təsiri bağışlayır."

Əli Rzanın şeir yaradıcılığında inam, İlahi sevgi, bəsirətlilik, sufiyinə düşüncə tərzi (babaları Dirili Qurbani və Seyid Nigari...) impultiv tərzdə özünü göstərsə də, onda mistisizm yoxdur, bütün bunlar gerçəyin daha gerçək təzahürünə xidmət edir. Bu cəhət, xüsusən onun gətirdiyi təzə-tər məcazlar silsiləsində, məcazlar bolluğunda özünü göstərir, az qala sistemə çevrilir və yaxud sistemə çevrilmək ərəfəsindədir...

Poetik düşüncə, instinkt dərəcəsində poetik duyum Əli Rza Xələflinin həyatının, yaşam tərzinin, deyərdim ki, bir insan kimi taleyinin mahiyyətidir, ürəyinin çırpıntısı, nəbzinin döyüntüsüdür. Qəribə burasındadır ki, o, şeirlə düşünür, şeirlə yaşayır; istəyini, arzularını misralara düzür, danışıq və rəftar tərzində də şamandan dərvişə qədər davam edən jestlər komleksi özünü göstərir. Bu, düşünülmüş şəkildə artistizm deyil, bu təbiətən belədir, impultiv tərzdə olan, üzə çıxan bir məsələdir... Bu, əslində, dediyimiz şair xarakteri, şair əhvalıdır... Elə buna görə də, onun şeirləri səmimidir, inandırıcıdır, düşündürücüdür, ağrının sinir uclarını yurdda - əsirlikdə qalan ocaq daşının ovxarına verir, göz yaşı Ağrı dağının çeşmələrinə dönür, oxucusunu millətin nəfərinə çevirərək millətin düçar olduğu dərdləri ovqata çevirir:

Nə sirdardır, öz sirrindən keçməsin?

Nə zəmidir, oraq onu biçməsin?

Nə bulaqdır, təşnə ondan içməsin?

Mənim çeşməm göz yaşıdır çağlayır,

Qəlbi dağlı bir dəvədir, ağlayır!

Bu bənd "Heydərbabaya salm" üslubunda yazılmış "Bir Xəlfəli var imiş..." poemasından yadımda qalandır və Əli Rzanın (bizlərin) qara ocaq daşlarına dönmüş "dərd"imizin kredosunun dəvə yüklü daşıyıcısıdır.

Onun bir "Həsrət körpüsü" şeiri də var. Həmin şeirin dərc olunduğu kitabı da belə adlanır və "həsrət", "ağrı", "körpü" obrazları (bu mənada onun 33 adda kitabından burada təkcə fikrimizlə səsləşən kitablarının adlarını xatırladıram: "Karvan körpüdən keçir" /(1997/), "Baş daşımın yazıları"/ (1998/), "Həsrət körpüsü" (/2004)/, "Arzulara dəyən güllə" /(2008)/, "Araz ağrısı" /(2009/), "Azadlığın qanı" (2011/), "Ağrı" (/2014)/, indi isə "Həsrətdən üzü bəri" /(2015) onun poeziyasının baş qəhrəmanıdır və özü də həsrətdən yoğrulub, həsrətdən mayalanıb, ağrı yüklü SÖZ karvanlarına çevrilib, həsrət körpülərindən bu yandan - yana, o yandan-bu yana keçib. Və belə olmasaydı bu misralar da yaranmazdı:

Xudəfərin üstə doğulmuşam mən,

Anam ağrısını yəqin unutmaz.

Həsrət arzusuyla yoğrulmuşam mən,

Hər ağri qəlbimi didib qanatmaz.

Bu, Vətəndə Vətənsizlik həsrətidir, bu o taylı-bu taylı, Göyçəli, Zəngəzurlu, Qarabağlı param-parça olmuş, yun əlçimiınə dönərək didim-didim didilmiş Bütöv Azərbaycan həsrətidir ki, Ağrı dağına dönüb ürək təkin asılıb sinəmizdən...

İllər ayrısıyam qərib sahildən,

Araz muştululuğa bir ah gətirib.

Təbriz ağrısına ürəkdən, dildən,

Qarabağ ağrısı pənah gətirib.

Təkcə bu bənddəki məna və mahiyyət "Qarabağ dərdinin" bir ucunun da haradan "pərvaz" etməsinə müdrikcəsinə ictimai-siyasi işarədir. Elə bil ümidimiz Tanrıya qalıb:

Tanrım, yol ver bu körpüdən,

Yolum əzabdan keçib,

Ruhum uçub, boşdu bədən,

Mənimki qəzəbdən keçib!

Demişdim ki, Əli Rza sözün qədrin bilən, sözə sığınan, sözdən keçməzlərə körpü tikən şairlərdəndir və belə olmasaydı bu misralar onun qəlb bulağından süzülməzdi:

...Sözüm alovlanır ürək isinə,

Min külək əssə də, şöləsi sönməz,

Daş dələr inadı, gözləmə sinə,

Şaqqala, nizə vur, - geriyə dönməz.

Sözümün rəngi var - mavi, al-yaşıl,

Yurdumdu, köyümdü, qanımdı mənim.

Sözümün rənginə necə yaraşır;

Bu tale - həyatım, canımdı mənim.

Tamı var, dadı var - acı, ya şirin,

Bu həyatın özü atıb duzunu.

Pusquda girəvə gözləyən şərin,

Sözüm neştər olub tökər gözünü.

Əlavə şərhə ehtiyac yoxdur və sözümü buradaca bitirirəm!

Bu gün Əli Rza Xələflinin poetik yaradıcılığını yenidən gözdən keçirərkən onun poeziyasının son dərəcədə məxsusiliyini və bu məxsusiliyin indiki məqamda unikal bir hadisə olduğunu bir daha özüm üçün təsdiq etdim. Bir daha yəqin etdim ki, Əli Rzanın yaradıcılığı çoxnüanslıdır, dərindir və poeziyası zərifdir.

Əli Rzanın bu növbəti kitabını bəhanə edərək onun şeir yaradıcılığı barəsində bir əlçim söz söylədim, onun poeziya ovlağında söz ovuna çıxdım, bilmirəm ovu gözündən vura bildimmi, yaxud yan otdü... Onu oxucuların ixtiyarına buraxıram... Amma onları Əli Rzanın poeziya çəmənzarına dəvət edirəm, oxusunlar, baxsınlar düz demişəm, ya yox! O, şeirlərinin birində yazır:

Araz ağrısıyam, dağam, Diriyəm,

Demə ki, ötəri xəyala düşdüm.

Həsrət körpüsünün müsafiriyəm,

Səninlə yol üstə belə görüşdüm.

Həsrət körpüsünün müsafiri, SÖZ karvanının sarbanı olan ədəbiyyata və ədəbi nəsillərə xidmət missiyasını uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində "Kredo" qəzetinin baş redaktoru kimi cəfakeşlik nümayiş etdirən şair Əli Rza Xələflinin (Əzizli Əlirza Zal oğlu) "Həsrətdən üzü bəri..." şeirlər kitabı ədəbi-bədii dəyərinə, sağlam-estetik əsaslarına, təfəkkür dərinliyinə, güclü təxəyyül zənginliyinə görə müasir poeziyamıza və əlbəttə ki, müəllifinə, onun poetik qəhrəmanlarına şöhrət qazandıracaq kitablardandır...

Hamımıza uğurlar diləyirəm!.. İmkan olsa, yenə görüşərik...

Mart, 2015

Qurban BAYRAMOV,

tənqidçi ədəbiyyatşünas

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az