Məşəli qədim Atəşgah məbədindən götürülən İlk Avropa oyunları uğurla başa çatıb. Gənc Azərbaycan Respublikası qazandığı medalların sayına görə Avropa nəhəngləri arasında 2-ci yerə layiq görülüb. Bu, təkcə idmanımızın uğuru deyil. Əminliklə qeyd edə bilərik ki, qazandığımız uğur bütün Azərbaycanın və azərbaycançılığın uğurudur. Deməli, qazanılan qələbələrdə hər birimizin payı var. Bacarıqlı təşkilatçılardan, yorulmaz könüllülərdən, qədirbilən tamaşaçılardan tutmuş cəngavər idmançılara qədər hər kəs Azərbaycan bayrağı altında birləşdi və qələbələrimizə yeni qələbələr qatdı. Necə deyərlər, odlar yurdunun sönməz məşəli gözlərimizə nur, qəlblərimizə hərarət gətirdi.
Bu gün həmin qəhrəmanların keçdiyi həyat yolu haqda qısaca bəhs edəcəyik. O qəhrəmanların ki, sevə-sevə Azərbaycanın bir parçasına çevrildilər. O qəhrəmanların ki, dilindən, dinindən, irqindən asılı olmayaraq əsl azərbaycanlı ola bildilər. Üçrəngli bayrağımızı göylərə qaldıraraq, himnimizi bütün dünyaya səsləndirdilər. Onlar Azərbaycanı sevdikləri, tanıtdıqları kimi biz də onları tanıyaraq sevəcəyik.
Doğmalaşan Azərbaycan
1994-cü ilin 25 mart tarixində Zaporojye şəhərində dünyaya göz açan Ukrayna əslli gimnast Oleq Stepko olduqca perspektivli idmançı idi. Ona öz ölkəsinin paytaxtında şəxsi mənzil və aylıq 3500 ABŞ dolları əməkhaqqı vəd etsələr də, gənc atlet 2014-cü ildən Azərbaycana köçmək qərarına gəlib. O, dəfələrlə çıxışlarında atdığı addımdan məmnun qaldığını bildirib və bunu təkcə Azərbaycanda idmana verilən yüksək qiymətlə, yaradılmış şəraitlə əlaqələndirməyib. "Komanda yaxşıdır, hər işdə kömək edirlər. Mən ki Amerikaya və ya Çinə köçməmişəm, burada hər şey tanışdır, insanlar mehribandır", - deyə açıqlama verən Oleq məşqçisi ilə birlikdə Azərbaycanda yaşadıqlarından məmnun olduqlarını bildirib. İlk Avropa Oyunlarında qazandığı qələbədən sonra gimnastımız zəfərini bütün Azərbaycana ithaf etdiyini dilə gətirib: "Birinci Avropa Oyunları zamanı azarkeşlərin dəstəyi məni çox ruhlandırdı. Bu dəstək oyunun çətin məqamlarında köməyimə gəldi. Bu gün də məni dəstəkləyənlərə minnətdarlığımı bildirirəm. Bu, Azərbaycanın uğurudur". Göründüyü kimi, odlar yurdunu özünə vətən seçən hər kəs onun qalib olması üçün çalışır.
Qələbədən qələbəyə doğru irəliləyən əsgər
Milliyyətcə avar olan Rəsul Cunayev 1991-ci ilin 7 yanvar tarixində Balakən rayonunun Qabaqçöl kəndində anadan olub. Vətəninə, xalqına, milli dəyərlərinə duyduğu sonsuz məhəbbəti onun bir idmançı kimi nailiyyətlər qazanmasına şərait yaradıb. Heç təsadüfi deyil ki, 2014-cü ildə Daşkənddə keçirilən Dünya çempionatında erməni güləşçisini məğlub etdikdən sonra Rəsul Qarabağ şəhidlərinə ehtiram əlaməti olaraq Azərbaycan əsgərinin hərbi salamını verib. İlk Avropa Oyunlarında qazandığı möhtəşəm qələbəsinin ardınca o, Ali Baş Komandana hərbi salam verməklə vətəninə, dövlətinə, xalqına bir daha sadiq olduğunu nümayiş etdirib. Onun 2013-cü il Yay Universiadasında Rusiya güləşçisi üzərində qazandığı qələbədən sonra ifa etdiyi Ləzginka rəqsi milli-mədəni irsimizə verdiyi ən yüksək qiymətin təcəssümüdür. Deməli, vətəndaşı vətən daşı olmağa hazır olan Azərbaycanın qələbələri labüddür.
"Azərbaycan bayrağını qaldırdığım üçün çox şadam"
Osetin əsilli güləşçi Xetaq Qazyumov 1983-cü ilin 24 aprelində Şimali Osetiyanın Alagir şəhərində anadan olub. O, qələbələrə imza atdığı Azərbaycanı, onun xalqını sonsuz məhəbbətlə sevdiyini dəfələrlə dilə gətirib. Heç təsadüfi deyil ki, Bakı-2015 yarışmalarına zədəli qatılsa da, bayrağımızı ən yüksəklərə qaldırmaq onun başlıca amalı olub. Məhz bu istək, əzm azərbaycanlı güləşçini qələbəyədək yüksəldib. "Hər birimiz adımızı tarixə yazdıra bilərik. Ələlxüsus, bu, evdə, doğma divarlar arasında, azarkeşlər önündə çıxış edən azərbaycanlı idmançılar üçün əhəmiyyətlidir. Məhz Bakıda qızıl medal qazandığım və Azərbaycan bayrağını qaldırdığım üçün çox şadam" – deyən qalib idmançımız bundan sonra da Azərbaycanın uğurları üçün yorulmadan çalışacağını dilə gətirib. Bu isə o deməkdir ki, Azərbaycanı doğma vətən qəbul edən hər bir şəxs onun düşmənlərinin kürəyini yerə vurmağa qadirdir.
Ey qəhrəman övladın şanlı vətəni
1988-ci ilin 3 iyununda Lvov şəhərində anadan olmuş daha bir Ukrayna əslli azərbaycanlı güləşçi Mariya Stadnik vətəninə sevgisini ardıcıl qələbələri ilə nümayiş etdirməkdən yorulmur. Onun Bakı-2015-in qaliblər kürsüsündə şövqlə oxuduğu Azərbaycan himni vətəninə, xalqına duyduğu sonsuz məhəbbət və hörmət hissindən xəbər verir. "Şadam ki, xalqımızı, mənə inananları məyus etmədim. Bəli, oxudum. Himni oxumaq içimdən gəldi" – deyən güləşçimiz hər açıqlamasında Azərbaycana sıx tellərlə bağlı olduğunu bildirir. Heç şübhəsiz ki, vətəninin bayrağını göylərə qaldıra bilən, onun himnini oxuyan hər bir kəs Azərbaycanın zəfərini daha da yaxınlaşdırır.
1996-cı ildə Odessa şəhərində dünyaya göz açmış İrina Zaretska BƏƏ-nin Dubay şəhərinin karate klubunun üzvü olsa da, Azərbaycanda yaşamaq onun çoxdankı arzusu olub. Məhz buna görə də, 19 yaşlı karateçimiz maddiyyatdan imtina edərək, mənəvi ehtiyaclarını ödəmək üçün 2015-ci ildə Bakıya yollanıb və dərhal millimizin sıralarına daxil edilib. Qəlbindəki Azərbaycan məhəbbəti o qədər böyük olub ki, İrina qısa müddət ərzində dilimizi öyrənməyə başlayıb. Qaliblər kürsüsündə oxuduğu milli himnimiz isə bu sonsuz məhəbbətin təntənəsi idi.
Eyni sözləri 1991-ci ilin 3 mart tarixində İsfahan şəhərində anadan olan milliyyətcə fars taekvondoçumuz Milad Beiqi Harçeqani haqda da demək olar. O, vətəndaşlığını sevə-sevə qəbul etdiyi Azərbaycanı, onun xalqını çox sevdiyini həm qələbəsi, həm də himnimizi ifa etməsi ilə sübuta yetirə bilib. Əmin olun ki, ardıcıl qələbələrlə əks-sədası Avropaya yayılan himnimizin Qarabağda səslənəcəyi günlər uzaqda deyil.
Uğurlar diyarı
1989-cu ilin 26 sentyabrında Mahaçqala şəhərində dünyaya göz açan Radik İsayev də Azərbaycanla sıx tellərlə bağlıdır. Onun Bakı-2015-in taekvondo yarışlarında qazandığı qələbə və bu qələbədən sonra səsləndirdiyi fikirlər Azərbaycana sevgisinin ən yüksək səviyyədə olduğunu bir daha sübut edir. "Hansı hisslər keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan" – deyən çempionumuz Azərbaycanın ona həyatda uğurlar gətirdiyini dönə-dönə dilə gətirməkdən yorulmur.
1985-ci ilin 16 fevralında Kubada doğulan çempion boksçumuz Kollazo Sotomayor da xalqımızdan ağızdolusu danışır. O, çempion olduqdan sonra verdiyi müsahibədə bir daha vurğulayıb ki, mənə çox gözəl münasibət bəsləyən xalq üçün medal qazandığıma görə xoşbəxtəm.
1989-cu ilin noyabr ayının 2-də Kişinyov şəhərində doğulan Anjela Doroqan moldovalıdır. O da idman karyerasında və həyatında ilk böyük uğuru Azərbaycan bayrağı altında qazanıb. Buna görə də vətənimizi öz doğma evi sayır. "Hər şey əladır. Evdə keçirilən turnirdə adam özünü əsl ev sahibi kimi hiss edir. Ev evdi də. Xal götürəndə insanlar bizi dəstəkləyir, alqışlayırlar. Bu, çox gözəl hissdir" – deyən güləşçimiz Azərbaycanı çox sevdiyini, onu heç bir yerə dəyişə bilməyəcəyini etiraf edib. Göründüyü kimi, vətənimiz uğurlarına uğur qatan cəngavərlərlə hələ çox yüksəklikləri fəth edəcək.
Yeri gəlmişkən:
Azərbaycan İlk Avropa oyunlarında ümumilikdə 56 medalla təltif olunub. Bu medalları bizə qazandıran hər bir qəhrəmanın Azərbaycan yolunda gördüyü işləri sadalasaq, nəinki bir məqalə, heç çoxcildlik kitablar belə kifayət etməz. Odur ki, yalnız qızıl medal qazananlar haqda bəhs etməklə kifayətləndik. Hansılar ki, çiyinlərində üçrəngli bayraq qələbə yürüşü etməklə, himnimizi səsləndirməklə, bizə zəfər sevincini yaşatmaqla, bir sözlə, layiqli azərbaycanlı və azərbaycançı olmaqla qəlblərimizdə taxt qura biliblər. Hansılar ki, Abdulqadir Abdullayev, Elvin Məmişzadə, Albert Səlimov, Teymur Məmmədov, Firdovsi Fərzəliyev, Rafael Ağayev, Pərviz Bağırov, Ayxan Tağızadə, Toğrul Əsgərov, İlham Zəkiyev, Ayxan Mamayev və digər qəhrəmanlarımız qədər Azərbaycanı sevirlər.
Yeri gəlmişkən:
Bu yerdə prezidentimiz cənab İlham Əliyevin boks üzrə qaliblərin təqdimetmə mərasimində göstərdiyi tolerantlıq nümunəsini yada salmaq yerinə düşərdi. Xatırlayırsınızsa, cənab prezident erməni millətindən olan ukraynalı boksçu Gevorq Manukyanı təltif edərkən zalda emosiyalar birmənalı deyildi. Lakin onun alicənablığı ilə hər kəs bu mərasimi sürəkli alqışlarla qarşılayıb. Hətta erməni idmançı da azərbaycanlıların bu hərəkətindən razı qaldığını gizlədə bilməyib. "Bu mənim çox xoşuma gəldi. İlham Əliyevin mənə belə münasibət göstərməsi həqiqətən çox yaxşı idi. Azərbaycan prezidenti medal qazandığıma görə də məni təbrik etdi. Həqiqətən bu sevindirici idi" – deyə etiraf edən idmançı Azərbaycan haqda ağızdolusu danışıb: "Avropa Oyunlarını çox bəyəndim. Hər şey gözəl idi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Azərbaycanlılar digər ölkələrdən gələn idmançılara necə münasibət göstərirdilərsə, mənə də elə münasibət göstərirdilər. Bu da məni sevindirdi".
Son söz əvəzi:
Azərbaycan tolerantlıq ənənələrinə malik olan qədim diyardır. Dünyanın aparıcı dövlətlərindən fərqli olaraq odlar yurdunda tolerantlıq problem deyil, əksinə, göstəricidir. Sadə dildə desək, uğurlarımızın nüvəsi bizim birliyimizdədir. Biz başqalarını sevdiyimiz üçün sevilə bilirik.
Natiq Qocaman
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































