Masallının gözəl məkanları - Kalinovka...

Masallının gözəl məkanları - Kalinovka...

MASALLI. Kalinovkada həmişə xoş günlərdə olmuşam. İndi də şirin xatirələrlə gəlmişəm. Uşaq vaxtı beynəlmiləl məktəbə futbol, voleybol oynamağa gələrdik. "Konfortnu" yay klubunda hind filmlərinə baxardıq, yolboyu mahnıları oxuya-oxuya kəndə qayıdardıq. Valideynlərimiz tapşırardı ki, qonşu kənddir, özünüzü yaxşı aparın. Daha deməzdilər ki, orada qeyri millətin adamları yaşayır. Biz də o adamlara məhəbbətlə yanaşardıq, dillərini bilməsək də gözlərindən oxuyardıq... Gəlişimizdə min bir sevinc, qayıdışımızda fərəh olardı. Yenə Kalinovkadaydım, vədələşdiyim adamlarla ərazi nümayəndəliyində görüşdüm. Otaq gül ətrindəydi, masanın üstünə al və qırmızı həmişəbahar qızılgüllər qoyulmuşdu. Bəli, bu kəndin adamları mədəni, müasir, beynəlmiləldir. Ərazi nümayəndəsi Alim Ələmov Azərbaycan Respublikasının multikulturalizmi dövlət siyasəti kimi bəyan etməsindən, Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü işdən, dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycanda əldə olunan əlverişli multikultural və tolerant mühitdən danışdı.

Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Kamal Abdullanın keçən il rayonun ziyalıları və dindarlarla görüşdən, etnik-dini dəyərlərin qorunmasının, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı din və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə söhbət etdi. Kalinovkanın tarixini araşdıran, indi təqaüddə olan rus dili müəllimi İttifaq Rzayev mənbələrə istinadən bildirdi ki, kəndimiz Azərbaycan ərazisində ən qədim malakan kəndidir. Malakan təriqəti Rusiyada XVIII əsrdə yaranmışdır. Onlar ikonanı, məbədi və kilsə hökmranlığı ilə razılaşmırdılar. Rus imperatorlarının malakanların sürgün edilməsi haqda verilən fərmanlara baxmayaraq onlar öz adət-ənənələrini qoruyub saxlayırdılar. Malakanlar başqa protestant qruplarının təsirinə uymur və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyllidirlər. 1820-ci ildən başlayaraq, malakanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər. Azərbaycanda malakanlar əsasən kəndlərdə ayrıca icmalar şəklində məskunlaşmışlar. Onlar öz adət-ənənəsini, dilini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət də qurmuşlar. Rusların ilk məskunları 1828- ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınan ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxı rayonunun Çinarlı 1833-cü ildə köçüb gəlmiş əvvəl üç, sonra otuz malakan sakinlər burada məskunlaşıb. 1837-ci il çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir. 1838-ci ildə Mixail Akinfeyeviç Popovun tərəfdarları Lənkəran qəzasının Qızılağac kənd yaxınlığında yerləşir. Yaşayış ərazisi hər tərəfli yararlı bir məkan idi. 1840-cı ildə Popovun həmfikirlərinin yeni dəstəsi Rusiyadan sürgün edilir və otuz iki malakanlılar bu ərazidə yerləşdirilir. Yeni salınmış ərazi Mixail Popovun şərəfinə Mixaylovka adlandırılır. Sonralar bu ad dəyişdirilib Nikolayevka qoyulur. Malakanlar bu adı qəbul edir. Sürgün edilən malakanlar əsasən Rusiyanın mərkəzindən, Volqaboyundandır. Onların hamısına Popov rəhbərlik edirdi. Malakanlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdu. Sonrakı illər buraya yeni-yeni dəstələr, Popovun tərəfdarları axıb gəlməkdə davam edirdi. Malakanlar özlərinin dini təliminin yeganə mənbəyi kimi Bibliyanı tanıyır. Həm də Bibliya kəlamlarını sərbəst şəkildə izah edir, bəzən onların mənasını tanınmaz dərəcədə təhrif edir. Malakanlar, hal-hazırda, yalnız özlərinin əsl dindarlar olduğunu bildirir, heç bir dini hekayəti, kilsə qərarını qəbul etmir, yalnız Bibliyanın göstərişlərinə əməl edirlər. Onlar kilsədə xüsusi səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını rədd edirlər. Malakanların kilsələri yoxdur, onların ehkamçılıq təlimi "Dini qaydalar" adlı kitablarda təsvir olunur. Onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimini adi evlərdə keçirir. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir. Sovet hakimiyyətinin qələbəsindən sonra kəndin adı Kalininin şərəfinə dəyişdirildi, indiki Kalinovka oldu. Malakanlar suveren Azərbaycanın möhkəmlənməsində fəal iştirak edib, canını fəda edib. Buna misal Yevgeniy Nikolayeviç Belimi göstərmək olar. O, 1970 - ci ildə burada dünyaya göz açmışdı, ana demişdi, məktəb görmüşdü. 1997-ci ldə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1987- ci ildə həmin məktəbi bitirmiş, sonra "1May" sovxozunda fəhlə işləməyə başlamışdı. 1989-1991- ci illərdə RF Xabarovsk şəhərində, Zakarpatyedə hərbi xidmətdə olan Yevgeniy Nikolayeviç bir hərbi mütəxəssis kimi ordudan qayıtmışdı. "1May" sovxozunda çilingər kimi işə başlamışdı. 1993-cü ilin fevralın 26-da o, könüllü olaraq Azərbaycanın bölünməz hissəsi olan Qarabağa göndərilmiş, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Yevgeniy mart ayının 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Yevgeniy Nikolayeviç Kalinovka kəndinin mərkəzində, 20 Yanvar şəhidlər xiyabanında dəfn olunmuş, doğulduğu torpaqda uyuyur. O da çoxları kimi subay idi, heç yadigarı qalmadı. Amma, Kalinovkadan vuruşan Seyran Əliyoldaş oğlu Hacıyev, Fizuli Əlibala oğlu Rzayev, Nazim Nadir oğlu Mehbaliyev, İmran Qulamirzə oğlu İbrahimov, Zahir Cəbrayıl oğlu Bəqəliyev və İslam Ağamalı oğlu Abışov kimi xatirəsi əziz tutulur, ürəklərdə yaşayır.

İttifaq müəllim kənddə ilk məktəbin açılmasından danışır, hamının diqqəti ona dikilib. Əlində tutduğu, saralıb - solmuş, retro şəkilləri göstərir. Fotolardakı insanlar müxtəlif millətin adamıdır, azərbaycanlılarla birlikdə əks olunub. Danışır ki, tarixi faktlara inansaq, Masallı rayonunda ilk təhsil ocağı ( məktəb) 1861- ci ildə məhz Kalinovkada açılmışdır. Təməli hələ XIX - cu əsrin birinci yarısında qoyulmuş hal-hazırkı məktəb, indi də rayonumuzun təhsil sahəsində həmişə ön sıralarda olmuşdur. Neçə-neçə alimlərin, həkimlərin, yüksək çinli zabitlərin yetişməsində məktəbimizin rolu böyük olmuşdur. Məktəbimiz, ümumiyyətlə, kəndimiz keçən əsrin 50-70- ci illərində rayonumuzun mədəniyyət mərkəzi olmuşdur. Həmin illərin məzunlarının indi də məktəblə sıx əlaqəsi var, həmişə onların məktəblə görüşü təşkil olunur. Nina Qriqoryevna Ledyayeva, Nadejda Matveyevna Arenina, Mariya İvanovna Morozova, Vladimir Vasilyeviç Qusev, Yevdakiya İliçna Ulyankina və Mariya Petrovna Qonçarova dünyasını bir az əvvəl dəyişib, onlarçün ayrılmış kənd qəbristanlığında dəfn olunub.Kənddə yaşayan 4 beynəlmiləl ailə ilə tanış olduq: Zoya Aleksandrobna Kunçeviç, Lyudmila Vladimirovna Pirejenko, İnqa Qorbaçova, Anna Georgiyevna Pançenko. Alim müəllim qeyd edir: "Onlar bizdən həmişə razıdır. Kəndçılıkdə də, qonşuluqda da. Gedənlər Kalinovkadan getməyinə çox peşman olub. Həmin mühitdə yaşaya bilməyib vəfat ediblər. Bu kənddən olan qeyri-millətin adamları - ruslar, malakanlar və s. Rusiya Federasiyasının Samara, Krım, Moskva və s. şəhərində əsasən bizneslə məşğuldur. Onlar harda olsalar deyirlər ki, vətənimiz Azərbaycandır. Yay mövsümü bura gəlir, doğmalarını ziyarət edir. Hətta o adamlar bir ayda qalsalar onları növbə ilə qonaq saxlayırıq. Çünki, bu kənd onların anadan olduğu yerdir. Çox ailələr onlarla videogörüntülərlə əlaqə saxlayır. Qonşularla da münasibətim yaxşıdır, bilirlər ki, bayramda onlara plov, konfet, yumurta, şirniyyat pay olunur, xeyir - şərimiz birdir. Kəndimizdə bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənilib. Dini ayrı-seçkilik və ədavətə, dini və milli dözümsüzlüyə qarşı bu gün də ciddi fikir verilir."

Əlbəttə, kalinovkalı malakanlar da öz qonşuları, həmkəndliləri haqqında dediyi xoş sözləri qələmə aldıq. Lyudmila Vladimirovna Pirejenko dedi ki, kəndin bütün adamı ilə əlaqə saxlayıram. Atam Vladimir Vasilyeviç də belə olub, azərbaycanlıların xeyirxahlığından danışıb. O deyərdi ki, müharibədən yaralanıb kəndə gələndə Əlisa müəllimin atası Xanoğlan Qədiyev dəmiryolunda işləməyə köməklik etdi. Müharibənin ağır günləriydi. Aclıq hökm sürürdü... O vaxtdan uzun illər keçir, amma, bizim dostluğumuz qohumluqdan da irəlidir, bu günə kimi yaşadırıq. Mən də Əlisa Qədiyevlə bir yerdə 7 il işlədim, ictimaiyyətçi olduq. Əlisa müəllim bizə ən yaxın insan olub. Yaxşı yadımdadır, keçən əsrin 90-cı ilin yanvarında rus qoşunları Bakıda faciə törətdi. Hər yerdə ruslara qarşı nifrət sədası səslənirdi. Ancaq ağıllı insanlar burada rus xalqının yox, millətçi ermənipərəst Qorbaçovun xəyanətini yaxşı dərk etdi. Onda azərbaycanlıların burda başında Əlisa müəllim kimi ziyalılar dururdu. Faciə baş vermədi. Biz onlarla mehriban yaşamağımızı davam etdiririk. Yaxşı günlərimiz birlikdə, Allah yaman gün göstərməsin, pis günlərimizdə də bir yerdəyik. İndi Əlisa müəllim təqaüddə olan qocaman müəllimdir. Elə mən də artıq təqaüdçüyəm.

Kalinovkaya necə gəlmişdim o hisslərlə də geri qayıtdım. Həmişə mehriban, bir yerdə olasınız. Bu böyük nümunədir. Gələcək nəsil nümunəsi. Necə ruslar deyirlər ki, adamları millətlərə ayırmaq olmaz. Pis millət yox, pis insanlar var...

Əlihüseyn ŞÜKÜROV.
Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az