Allahın şah əsəri - insan
Dünyada olan bütün uğursuzluqlarımızın, hər hansısa bir nailiyyəti əldə edə bilməməyimizin, arzu etdiyimiz, lakin başqalarının çatdığı məqamlara çata bilməməyimizin təməlində əksər hallarda özünə güvənsizlik və inamsızlıq dayanır. Elə bu səbəbdən də bu mövzuda olan gərəkli məlumatları müqəddəs dinimiz olan İslamdan əldə etməliyik.
Özümüzdə inam yaratmaq üçün iki məsələyə diqqət yetirməliyik. Bunlardan birincisi Qurani-Kərimdə insana verilən yüksək qiymətdir. İkincisi isə özümüzün şəxsi istedadımızı və potensialımızı dəyərləndirmək bacarığıdır.
Allahın elçisi - insan
İnsanlıq məqamına gəldikdə, ilk növbədə unutmamalıyıq ki, biz bir insan olaraq Allahın yer üzərindəki nümayəndəsiyik. Bu da o deməkdir ki, bizim yaradılışımızda İlahi qüdrətindən, gücündən, elmindən və hikmətindən qoyulmuşdur. Biz ilahi nümayəndəsiyiksə, deməli, Uca Allah öz tükənməz qüdrətindən insana da ərməğan etmişdir. Bu belədirsə, bizim oxşar xüsusiyyətlərimiz olmalıdır. Bizdə də elm, qüdrət olmalıdır. Allah-Taala bunları bizim zatımıza hədiyyə etmişdir. Deməli, biz insan olaraq özümüzə güvənməliyik.
Mələklərin səcdəgahı - insan
Allah heç bir vaxt özünü tərifləmədi. O, ancaq insanı yaradanda özünə əhsən dedi. Allah-Taalanın mələkləri böyük əzəmətə, həddən artıq gücə, elmə mənsubdurlar. İnsan elə məxluqdur ki, hətta o böyük məqama sahib olan mələklər də ona səcdə etdi. Bu, onu göstərir ki, insan ən ali varlıqdır. Deməli, insan ali varlıq olduğu üçün özünə güvənməlidir.
Digər tərəfdən, özünə inamı olmayan insan tərəddüd keçirən, öz imkanlarına şübhə ilə yanaşandır. Tərəddüdlə şübhə isə şeytanın vəsvəsəsi sayılır.
Bitib tükənməyən istedad – insan
Digər məsələdə isə insan öz potensialına arxalanmalıdır. Hər bir şəxs özünəməxsus istedada, potensiala malikdir. Biri güclü güləşçi olur, digəri isə bacarıqlı bağban, yəni dediyimiz kimi, hər bir şəxs müəyyən sahədə öz bacarığını göstərir. Allah-Taala ədalətlidir. Hərəyə bir cür istedad verib. Yetər ki, bu istedadı uşaq və ya yeniyetmə vaxtlarından müəyyən edib inkişaf etdirərsən.
Allaha təvəkkül edən varlıq - insan
Özünəinam özünü bəyənmək, özündən razı qalmaq kimi mənfi xüsusiyyətlərdən və eyni zamanda təvazökarlıq kimi xüsusiyyətlərdən fərqlidir. Bir insan özünə güvənirsə, bu o demək deyil ki, o, özündənrazıdır, özünü bəyənir. Təkəbbür olduqca pis xüsusiyyətdir. Biz Allaha imanımız olduğu üçün özümüzə güvənirik, çünki Ona təvəkkül edirik. Allah bizim üçün belə potensiallar qoyubsa, deməli, biz bacararıq. Biz Allaha güvəndiyimizə görə özümüzə güvənirik. Biz özümüzdən razı deyilik, özümüzü bəyənmirik, sadəcə Allahın bizə verdiyi potensial imkanlara inanırıq.
Eyni zamanda özünəinam yersiz təvazökarlığı da istisna edir. İnsan heç bir iş görməyərək bunu təvazökarlığın üstünə atmamalıdır. İnsan deməməlidir ki, mən təvazökarlıq edərək heç bir məsuliyyəti üzərimə götürmürəm. Üzərimizə müəyyən məsuliyyət götürməsək, bizdə özünəinam yaranmaz. Biz gərək özümüzə güvənək. Belə etməsək, heç kim bizə güvənməz. Bu xüsusiyyəti aşılamağa ilk növbədə ailədən, uşaqlardan başlamalıyıq. Məsələn: əgər uşaq qaşığı əlinə alıb yeməyi özü yeyirsə, onu anası yedirtməməlidir. Uşaqda özünəinamı yaratmaq üçün ona müəyyən işləri bacardığını göstərməliyik. Uşağa məsuliyyət vermək lazımdır. Müəllimlər də sinifdə uşaqlara məsuliyyət verməlidir ki, onlarda özlərinə etimad hissi, özünəinam yaransın.
Keçmişdən gələcəyə yol - insan
Hər bir şəxs, ailə, cəmiyyət özünə güvənməlidir. Bir millət olaraq və bir müsəlman olaraq biz özümüzə güvənməliyik. Özünəinam olmadığı yerdə heç vaxt inkişaf və irəliləyiş ola bilməz. Buna nümunə olaraq bizim Peyğəmbərimizin (s), imamlarımızın (ə) həyatından da görürük ki, onlar öz övladlarına məsuliyyətli olmağı tapşırırdılar. Hələ cavan yaşlarında oğlan uşaqlarını sərkərdə edirdilər. Müəyyən qoşunların başçılığını onlara həvalə edirdilər. Evdə isə qızlarına təsərrüfata dair işlər tapşırırdılar ki, gələcəyin anaları püxtələşsinlər, özlərinə inana bilsinlər.
Ali məqsəd, yüksək dəyər - insan
Alimlərin, seçilmişlərin, qəhrəmanların, bir sözlə, sözünü demiş şəxsiyyətlərin ömür yolunu araşdırsaq, onların həyatlarının ən gözəl anlarının özlərinə inamlı olduqları anlar olduğunu görərik. Başa düşərik ki, onlar özlərinə inandıqlarına görə belə nailiyyətlərə müvəffəq olublar, uğur əldə ediblər. Əli (ə) buyurur: "Bir insanın dəyəri, qiyməti onun məqsədinin üstünlüyündədir. " İzah: Mənim məqsədim nə qədər üstün olarsa, dəyərim də bir o qədər üstün olar. Məqsədim, amalım kiçik olarsa, deməli, dəyərim də aşağı olar. Məqsədin kiçik olması insanın özünə güvənsizliyindən irəli gəlir. Napoleon gözəl söz demişdir: "Mənim əlimdə olsaydı, bacarmıram sözünü lüğətlərdən yığışdırardım". Tarixə sirr deyil ki, məhz özünəinam Napoleonu Napoleon etmişdir.
Allaha yaxın olan peyğəmbər – insan
Bir yerdə ki şəkk, şübhə var, o yerdə uğur olmayacaq. Hər bir məsələyə inamla, imanla yanaşmaq lazımdır. Peyğəmbərimiz də öz yoluna inanmasaydı, heç vaxt özünə güvənməzdi. İnandı, təbliğ elədi, bu gün dünyada bir milyard yarım müsəlman görürüksə, bu, həmin inamın bəhrəsidir.
Həya, abır simvolu - insan
Bəzən insanda özünəinamsızlığı həya, abır da yaradır. Bu onun utanmağından, nədənsə xəcalət çəkməyindən irəli gəlir. İslamda həyalı olmaq gözəl xüsusiyyət sayılır. Amma yersiz şəkildə xəcalət çəkmək insanda inamsızlıq yaradır. İslam bunu qətiyyətlə pisləyir.
Allahın sevdiyi, inandığı şüurlu varlıq - insan
Vacib məsələlərdən biri də Allah-Taalanın insana güvənməsidir. Allah-Taala bizə güvənməsəydi, bizi hidayət etmək üçün, haqqa yönəltmək üçün peyğəmbərləri, səmavi kitabları göndərməzdi. Bunları bizim inkişafımız üçün, irəliləməyimiz üçün, qabağa getməyimiz üçün göndərib. Deməli, Allah-Taala bizi sevir və bizə inanır. İndi məsələ qalır bizim özümüzün özümüzə inanmağımıza. Özümüz özümüzə mütləq inanmalıyıq, güvənməliyik. Həyatdan dərslər almalıyıq.
İnkişafın mənbəyi - insan
Görürük ki, sağlam insanın elədiyi bir işi xəstə, əlil insan eləyə bilmir. Əgər xəstə insan bir işi görürsə, mən sağlam olaraq o işi daha da yaxşı görə bilərəm. Görə bilməmişəmsə, deməli, özümə inamım olmayıb. Özümə inansam, bütün işlər alınacaq. Hərdən belə də olur ki, bir işi görmək üçün özümüzə inanırıq, lakin bu iş alınmır. Biz gərək məğlubiyyəti təcrübə kimi düşünək. Əgər mən bir işi bacarmadımsa, ilk mərhələdə alınmadısa, gərək "məndə heç nə alınmır" deməyim. əksinə, alınmayıbsa, bundan bir təcrübə almalıyam, bunu məğlubiyyət sayıb həvəsdən düşməməliyəm.
Mükəmməlliyin simvolu - insan
Allah-Taala insana çox güvənir, ona düz yolda olmağı tapşırır. Bir hədisi qüdsidə Allah-Taala buyurur: "Ey mənim bəndəm, əgər mənim buyurduqlarıma əməl etsən, səni özüm kimi eləyərəm. Mən nəyə ol deyirəmsə, olur, sən də nəyə ol desən, olacaq". Burada məsələ budur ki, biz düz yolda olsaq, Allah-Taala bizə o qədər kömək olacaq ki, hər şey öz-özünə alınacaq, öz-özünə yoluna düşəcək, özümüzə inamı bir az da artıracaq. Göründüyü kimi, heç bir işə alınmayacaq demək olmaz. Çətindir demək olar, buna baxmayaraq "öhdəsindən gələrik" demək lazımdır. Allah bizə bunu öyrədir ki, insanın həyatda bacarmadığı bir iş yoxdur. Sadəcə olaraq insan çalışmalıdır. Allah-Taala Qurani-Kərimdə buyurur: "İnsan nə əldə edirsə, çalışmağı ilə qazanır." Deməli, heç bir şey bizim üçün qeyri-mümkün deyil, sadəcə zəhmət çəkməliyik, özümüzə olan inamı artırmalıyıq.
Yaxşıların yaxşısı - insan
Əlbəttə ki, mən özümə güvənməliyəm, amma həqiqəti də düzgün qiymətləndirməyi bacarmalıyam. Görsək ki, bir yerdə bizdən də yaxşısı var, onu insanlara tanıtdırmağa çalışmalıyıq. Özümüzdən yaxşısını insanlara təqdim etməyi bacarmalıyıq. Allah-Taala Qurani-Kərimdə Həzrəti Musaya buyurur: "Get, Fironu haqqa yönəlt!" Həzrəti Musa bunu bacarardı. Amma qardaşı Harunun nitqi daha mükəmməl olduğundan Həzrəti Musa Allah-Taalaya deyir ki, qardaşım Harunun nitqi mənimkindən daha güclüdür, onu mənə köməkçi elə. Allah-Taala da onun bu təklifini qəbul edir, Həzrəti Harunu ona köməkçi edir. Bu, o demək deyil ki, həzrəti Musa özünə güvənmir, sadəcə bilir ki, Harunun nitqi onunkundan daha üstündür, ona görə də onu Allaha təqdim edir.
Allahdan güc alan qüdrət - insan
Gündəlik şahidi olduğumuz stress və depressiya hallarının kökündə də özünə inamsızlıq və tərəddüd durur. Əgər bir insan tez-tez stressə düşüb həyəcanlanırsa və ya tam əksi, ruh düşkünlüyü yaşayıb depressiyaya düşürsə, deməli, həmin insan özünə olan etimadını itirib. Elə bu səbəbdən Qurani-Kərim bu məsələnin üzərində təkidlə dayanır. "Tənbəl və qəmgin olmayın, siz nə qədər ki Allaha inanırsınız, çox üstünsünüz " (Ali İmran 139). Özünəinamsızlığın əsas səbəbi qorxu hissidir ki, İslam dinində Allahdan başqa heç bir şeydən qorxmamaq məsələsi hamıya bəllidir. Ümumiyyətlə insan özünə güvənmədiyi təqdirdə, İlahi nemətlərindən də, dünyanın halal ləzzətlərindən də məhrum qalır. Misal üçün: bir gənc özünə güvənməyib ailə qurmaqdan çəkinirsə, deməli, o, ailə ləzzətindən məhrum qalacaq. Və ya universitetə girməzsə, dərs almağın, elm öyrənməyin ləzzətini dadmayacaq.
Möcüzə obyekti - insan
Özünəinam məsələsi o qədər mühümdür ki, İslam peyğəmbərinə söyləniləndə ki Həzrəti İsanın həvariləri suyun üzərində gəzirdilər, Peyğəmbər buyurdu: "Əgər sizin yəqininiz (iman və inamınız) çox olarsa, havanın üzərində də yol gedə bilərsiniz".
Özünəinamın çərçivəsi – insan
Özünə güvənməyən insanlar adətən bir işi görməkdən ona görə qorxurlar ki, bir qrup insanlar onlardan narazı qalacaqlar. Halbuki dinimizə görə insan doğru bildiyi işi gecikdirmədən inamla yerinə yetirməlidir.
Lakin bu demək deyil ki, özünə inamın sərhədi olmamalıdır. Xüsusilə qeyd etməliyik ki, özünəinam kimi həssas mövzularda sərhədsizlik insanı gözlənilməz uçurumlara yuvarlandıra bilər. Məsələn: Cılız, çəlimsiz insana bir anlıq elə gələ bilər ki, istənilən şəxsdən fiziki cəhətdən güclüdür. Və ya kimlərsə eyni cür düşünə və onu bu cür yanlış bir düşüncəyə inandıra bilər. Zənnimcə, həmin insanın güclü rəqiblə münaqişəyə girərkən başına gələcək oyunları təsəvvür eləmək elə də çətin deyil. Deməli, hər bir maddi varlıqda olduğu kimi özünəinamın da dəqiq konturları, sərhədləri olmalıdır. Bəs onda bu sərhədləri necə müəyyən etmək olar? Çox sadə. İnsan özünü kənardan görə bilmədiyi üçün onu yaxın adamları qədər obyektiv qiymətləndirə bilən tapılmaz. Məhz yaxın qohumların, dostların sənin haqqında dedikləri səmimi fikirləri təhlil edərək öz gücünü düzgün qiymətləndirə bilərsən.
Əlbəttə ki, hər bir halda son sözü insan özü deməlidir. Son sözünüzün hər zaman "Şükür" olması arzusu ilə
İlahiyyatçı alim – Dr. Tofiq Əsədov
O.M.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































