ARAŞDIRMA: İslam dini cavan qalmağın sirrini açıb

ARAŞDIRMA: İslam dini cavan qalmağın sirrini açıb
Min illərdən bəri verilən sualın mütləq cavabı

Gənclik insan həyatında ən qısa, lakin sözün yaxşı mənasında ən yaddaqalan dövrdür. Tibb elmi bioloji gəncliyin dəqiq vaxtını müəyyən etməyə çalışsa da, bəzən yeniyetməlik, gənclik və ya cavanlığın sərhədləri doğru təqdim edilmir. Buna səbəb insanların fərdiliyi, həyat şəraitlərinin, quruluşların müxtəlifliyidir. Məsələn, daim aktiv həyat tərzi sürən, təbiətlə mübarizə şəraitində mətinləşən və əsasən uzun yaşayan dağ xalqlarının nümayəndələri səfil həyat sürən, təbii və sosial problemlər məngənəsində sıxılan afrikalı həmkarlarına nisbətən daha uzun müddət cavan ola bilirlər. Və ya əminliklə deyə bilərik ki, daim diqqət mərkəzində olan, maddi cəhətdən sıxıntı çəkməyən, məhəbbətlə əhatə olunan incəsənət xadimləri daha ciddi peşənin sahiblərinə, xüsusilə maddi və mənəvi problemlərlə əhatə olunan insanlara nisbətən daha gənc görünürlər. Bunu onların zahiri görkəmindən, dünya görüşündən və həyat tərzindən görmək olar. Təbii ki, gənclik dövrü insanın nə qədər yaşaması ilə ölçülmür. İnsan gənc yaşlarında da dünyasını dəyişə bilər və ya ömrü boyu passiv həyat tərzi sürən adam uzun yaşaya bilər. Əgər gəncliyin dəqiq düsturu yoxdursa, ortalığa haqlı suallar çıxır: "Bəs onda kimlər gənc sayıla bilər?" "Gənclik hansı yaşları əhatə edir?" "Özünü gənc hiss eləmək gənc olmaq deməkdirmi?" "Sağlam və aktiv olmaq gəncliyin göstəricisidirmi?" "Gənc qalmağım düsturu varmı?" Bu kimi suallar çoxdur. Cavab isə birmənalı deyil.

Tısbağaların yaşı onların çanağındakı damaların sayından, ağacların yaşı gövdəsindəki qatlardan bilindiyi kimi, təbiətin şah əsəri olan insanların bioloji yaşı onların bioaktivliyi ilə müəyyən edilir. Sadə dildə desək, insan orqanizmi onun yaşını təyin edən ən düzgün göstəricidir. Lakin bu, o demək deyil ki, təsbit olunmuş yaş insanın həyat dövrünü dəqiqliklə əks etdirir. Sadə dildə desək, bəzi insanlar 25 yaşında qocalırlar, bəziləri isə 60 yaşında da cavan qalırlar.

Göründüyü kimi, təbabət elmi düzgün cavabı tapmaq üçün hələ çox cavandır. Odur ki, həqiqətə daha da yaxın olmaq ümidi ilə sonuncu din olan İslama müraciət etmək qərarına gəldik. Görəsən, yerin-göyün xaliqi Allah müqəddəs Quranda bu barədə nə buyurur?!

Mövzunu ilahiyyatçı alim Dr. Hacı Tofiq Əsədov araşdırır:

"Bismillahir-rəhmanir-rəhim. Bu gün İslam dininin gənclərə və cavanlara olan baxışı haqda söhbət açacağıq. Gəncliyin və cavanlığın nə qədər əhəmiyyətli bir dövr olduğundan, məsələnin incəliklərindən danışacağıq. Təbii ki, bunları araşdırmaq üçün İslami hədislərə və Qurana müraciət etməliyik. Gənc kimə deyilir? İlk növbədə bunu bilməliyik. Hansı dövrə gənclik və cavanlıq dövrü deyilir? Tibbi və leksik lüğətlərdə gənc insan şüurlu həyata təzə-təzə qədəm basmış, ömrünü sağlam və enerjili şəkildə sürən şəxs adlanır. O şəxs ki, müstəqil və aktiv həyata başlayıb və həyat təcrübəsi çox deyil. Nəinki şəxsə, hətta əşyalara münasibətdə də cavan və ya gənc kəlməsi işlədilir. Məsələn, hələ uzun ömür sürməmiş ağaca cavan ağac deyilir. Bizim ədəbiyyatda bu kəlmə geniş işlədilir. Gənclik dövrünü müəyyənləşdirmək bütün elmlərdə bir sıra çətinliklər törədir. Psixoloqlar uşaqlıq dövrünü asanlıqla müəyyən edə bilirlər, qocalığı da eyni rahatlıqla təyin edirlər. Cavanlığa gəldikdə isə bir sıra çətinliklərlə üzləşirlər. Ona görə ki, gənclərin psixologiyaları hərdən üst-üstə düşdüyü kimi bəzən bunun tam əksi olur. Uşaqlıq dövrü onun qəyyumu olan dövr, qocalıq isə təqaüdə çıxdığı vaxtdır.

Dünya səviyyəsində 15 yaşdan 24 yaşa qədər insanlara, bir-birinə oxşar cəhətlərin çox olması səbəbindən gənc statusu verilir. Məsələn: bu yaşda olan insanlarda əks cinsin nümayəndələrinə qarşı hədsiz maraq oyanır. Bu maraq onlar üçün bütün maddi və mənəvi nemətlərdən üstün olur. Və ya həmin yaşların nümayəndələrində dünyanı öyrənmək marağı ayrı-ayrı vərdişləri formalaşdırır. Musiqiyə, idmana və ya cinayətə maraq məhz bu yaşlarda formalaşır. Göründüyü kimi, 15-24 yaşlı insanların pozitiv və ya neqativ meylləri, yəni oxşar cəhətləri onları ümumən gənc adlandırmağa əsas verir.

İslam dininə görə, cavanlıq 15-30 yaşlarını əhatə edir. BMT cavanlıq yaş dövrünü İordaniyada 15-29 yaş arasında təyin edib. Bu da onu göstərir ki, dünya səviyyəsində cavanlıq dövrü coğrafiyalara və ölkələrə görə dəyişir. Bəzi ölkələrdə ola bilər ki, təbiətinə görə və yaxud insanların cismani və psixoloji təsir altında olduqları üçün cavanlıqları uzunmüddətli olsun, ola da bilər ki, az olsun. Tarixə görə də insanların ömrü dəyişir. Misal üçün, min illər bundan qabaq insanlar uzunömürlü olublar. Quranda deyildiyinə görə, o vaxtlar insanlar 1000-2000 il ömür sürüblər. Deməli, uzunömürlü insanların gənclik dövrü 15 yaşından təxminən 300 yaşa qədər və daha artıq olub. Ondan sonra yaşlılıq dövrü, daha sonra qocalıq. İslam dinində isə bu dövr 14 əsr bundan öncə olunan rəvayətlərə görə, 15 yaşından 30 yaşına qədərdir.

İmam Sadiqdən (ə) belə rəvayət olunur ki, 15 yaşından 30 yaşına qədər cavanlıq, 30-dan sonra orta yaş, 40-dan sonra isə qocalıqdır. Deməli, həddi-buluğ yaşından 30 yaşına qədər cavanlıq dövrüdür. Qurani-Kərimdə insanın yaş dövrü üçün üç mərhələ göstərilib. Allah Taala insanın ömrünü üç hissəyə bölüb: uşaqlıq, cavanlıq və qocalıq. Burada bir ayəni nəzərinizə çatdıraq: (Rum surəsi, ayə 54) "Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz və qoca edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) bilən və (hər şeyə) qadirdir!" Allah Taala uşaqlıq dövrünü nəzərinizə çatdırır. Yəni ki, uşaq idiniz, hər şeyə ehtiyacınız var idi, özünüz heç bir iş görə bilmirdiniz. O, sizə qüvvət verdi, enerjili, güclü bir hala gəldiniz. Burada artıq insanların gənclik, cavanlıq dövrünə işarə edilir. Allah sizi bu güclü dövrdən sonra yeni bir zamana gətirdi. Bu isə zəiflik və qocalıq dövrüdür. Burada bir mühüm nöqtə var: Allah Taala yaratmağı ancaq özünə mənsub etmişdir. Buyurur: necə ki, sizi yaratmışam, sizin uşaqlıq, cavanlıq və qocalıq (zəiflik) dövrünüzü də yaratmışam.

İmam Əli (ə) möminləri vəsf edərkən deyilən yaş dövründən daha artıq məsələlərə toxunur. Məsələni bir az geniş səviyyədə götürür. Gənc deyəndə hansısa yaş dövrü nəzərə alınmır. Burada enerjinin olmağı nəzərdə tutulur. Əli (ə) buyurur: "Siz mömini elə bir vəziyyətdə görərsiniz ki, tənbəllik ondan uzaq qalıb, enerji, şadlıq və sevinc ona daha yaxındır." Əli (ə)-ın sözündən belə çıxır ki, hər bir insan enerjili olarsa, ona qoca demək olmaz. Əgər bir şəxsin hətta 50-60 yaşı varsa, bununla belə şad və şən görünərsə, dünyaya pozitiv baxarsa, yaxşı işlər görmək üçün rəqabət apararsa və müsbət yolda daim addımlayarsa, ona qoca demək olmaz. Bunun əksinə, cavan bir şəxs tənbəl olarsa, yaxşı işlər görməyə can atmazsa, onun haldan düşmüş qoca ilə heç bir fərqi yoxdur. Deməli, gənclik həm yaşa görə təyin olur, başqa nəzərlə baxsaq, həm də enerji kimi tərif olunur. İmam Sadiq (ə) buyurur: "Hər kəs Allah Taalaya iman gətirərsə, təqvalı olarsa, yəni yaxşı işlər görüb pis işləri tərk edərsə, Allahın halal buyurduqlarına əməl edərsə, haram buyurduqlarını tərk edərsə, o insan cavandır."

Allaha iman gətirən, İslam dininin buyurduqlarına əməl edən hər bir şəxs Allahın onu daim qoruduğuna inanır. O insan heç vaxt ümidsiz olmaz, həyata açıq gözlə baxar, enerjili olar, cavan qalar. Doğrudan da İslam dini insanları yaxşı işlərə sövq edir, yaxşı iş görən adam fərəhlənir, fərəhləndikcə enerjili olur. Deməli, cavan qalır. Məsələn, bir adama yaxşılıq edirəm, o da mənə dua edir. Dua etməyi mənim sağlam qalmağıma səbəb olur. Mənə dua edərkən üzümə təbəssümlə baxır. Mən də onun üzünə təbəssümlə baxıram. Bu təbəssüm məndə enerji yaradır. Bu əməli hər gün davam etsəniz, sözsüz ki, cavan qalarsınız. İslam dini bizi pis işlərdən çəkindirir. Pis yeməklərdən, pis içkilərdən də çəkindirir ki, sağlam olaq və cavan qalaq. Doğrudan da sağlamlığımız bizim üçün önəmlidir. Gəlin Allaha yaxın olaq, İslam dininin buyurduqlarına əməl edək və cavan qalaq. Hamınıza sağlam və cavan olmağı arzu edirəm".

Son söz əvəzi:

Dinimiz gəncliyin, cavanlığın yaş həddini müəyyən etdiyi kimi, gənc qalmağın yollarını da açıq-aydın bəyan edir. Sadə dildə desək, biz haram buyurulan, yəni orqanizmimizə zərərli olan qidaları gündəlik rasionumuzdan çıxarsaq, təbii ki, sağlam olacağıq. Paxıllıq, həsəd, qarğış, oğurluq, pislik kimi bəd əməllərdən uzaq dursaq, həm daxilən hüzur tapacağıq, həm də mümkün xarici zərbələrdən sığortalanmış olacağıq.

Sağlamlıq, daxili rahatlıq, müsbət emosiyalar isə elə gəncliyin özü deməkdir.

Mərdan Qaraisayev

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az