Öz dünyam

Öz dünyam
Oyaq düşüncələrimin izi ilə

Bəzən olur nədən yazacağımı bilmirəm. "Nədən yazım?", "Nə yazım?" bilmirəm. İki günlük bir sükut içərisindəyəm. Tam bir il öncə özümdə eyni vəziyyəti müşahidə etmişdim. Və facebook-da status olaraq paylaşdığım sadəcə bir cümlə olmuşdu: "Bilmirəm nə yazım, əlimdə qələm, sözlər boğazımda düyünlənib". Həqiqətən də sözlər boğazıma düyünlənir. Səbəbli ya səbəbsiz. Əslində, çox şeyin səbəbini bilirəm. Amma... amma yaxşı olmağını özüm istəmirəm, bunu anlayıram. Özümü "depressiya" vəziyyətində göstərmək mənim də xoşuma gəlir, deyəsən. Bir az hər şeydən uzaqlaşmaq. Bilirəm, bu, bir çoxlarında belədir. Amma mən özümü inandırmağa çalışıram. "Mənim əsaslı səbəblərim var!" deyə.
Sonra "yazmalıyam" deyə özümə psixoloji təzyiq göstərərək, qələmi əlimə aldım. Önümdə bəm-bəyaz bir kağız... Qələm və mən saatlarla ağ kağıza baxıb durduq. Qəlbim qırıq idi, amma nəsə yazmaq istədim. Bir dahinin sözləri vardır. Müəllifin kimliyini xatırlamasam da, sözləri illərdir ağlımın bir küncündə dincəlir: "Yazmaq içindən gəldiyi kimi söyləmədir, çünki orada heç kim sənin sözünü kəsə bilməz" Nə qədər də doğru bir fikirdir. Mən də nəsə yazmaq istəyirdim, qəlb qırmadan, incitmədən. Axı danışsam, kimsə anlamaz ki... Bütün səylərimə rəğmən, mən nə yaza bildim, nə də qələm yazmaq istədi. Mən ağladım, o isə sakit durdu və məni izlədi. Göz yaşlarım yanaqlarımdan süzülərək o bəmbəyaz vərəqi islatdı. Və mən yazdım səni sətirlərə. Yazarkən böyük təəssüflə andım. Sözləri bir-bir xatırladım. Xatırlayarkən bəzən güldüm, bəzən dolub qaldım. Mən yazdıqca səni sətirlərə qələm qaraladı sətirlərin üstünü. Səndən bir sətir də qalmasın deyə. Mən yazdım, o qaraladı. Mübarizəmiz gecənin zülmətindən sabahın şəfəqlərinədək davam etdi. Ən sonda mən yoruldum və tək bir cümlə yazdım: "Mən məğlub oldum! O isə sildi və yazdı: "O itirdi, ona dəyməz!"
Bu, məni daha da depressiv hala salarkən "bunu etməməliyəm" deyə düşündüm. Jaketimi, daha sonra idman stilli ayaqqabılarımı geyinərək, gözlərimi insanlardan gizlətmək məqsədi ilə günəş eynəyimi də taxıb, qulaqcıqlarımdakı mahnının müşayiəti ilə evdən çıxdım. Hara, niyə getdiyimi heç düşünmədən. Əslində, insanların simalarına tamaşa etməyi çox sevirəm. Axı insanların üzləri çox şey ifadə edər... Baxar... Elə hey baxar, lakin kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutda, tənhalıq yuxusunda olar... Bəzən heç tanımadığım birinin, həyatımda heç bir zaman, heç bir yerdə görmədiyim birinin gözlərində itib bataram. O gözlərin dərinliyinə dalaram. Bəzən özlüyümdə dünyalar quraram. Bu gözlərin, simanın təsiri ilə bir həyat canlandıraram beynimdə. Dünya qurar, sonra olmaz deyib, o dünyanı yıxıb-yıxıb, yenidən quraram. Ssenarilər yazaram. Bəzən özümü də ora əlavə edər, fərqli-fərqli dünyalarda yaşadaram. Sonra o gözləri heç fərqində belə olmadan, dalğınlıqla insan kütləsinin arasında itirərəm. Və o gözləri itirməmlə qurduğum dünya da yıxılar. Bundan geriyə sadəcə üzümdə qəribə, səbəbsiz, xəfif bir gülümsəmə qalar. Özümə təskinliklə "bu dünyanı mən qurdum, mən də yıxdım" deyərəm. Sonra yıxılmış dünyamın parçaları ilə birgə özümü şəhərin küçələrinə doğru ataram. Vecsizcə, anlamsızca gəzərəm... Qulaqcıqlarımda ritmik bir musiqi. Musiqinin ahəngi ilə irəliləyərəm. Sanki rəqs edirmiş kimi... Musiqinin səsini eşitməyənlər eşidənləri dəli sanarlar, ha... İnsanlar məni də dəli sanar... Amma mən musiqini eşidirəm, hələ üstəlik rəqs edirəm. Bəli, mən dəliyəm. Lakin kənar insanlara görə. Əslində, öz dünyamın sakiniyəm. Mən öz dünyamda yaşayıram. Və bu parça da mənim üçündür, mənim mənə ərməğanımdır. Sonra düşüncələrim, fikirlərim, qarmaqarışıq hisslərim... Hətta əzab verən xatirələrim. Zaman-zaman yıxılmış dünyalarım. Yarım qalmış arzularım. Və məni gözləyən böyük bir həyat, xəbərsiz olduğum gələcəyim. Yaşamaq eşqim. Ağlıma gələnlər, sevdiklərim... Bütün bunların ardından fərqinə vardığım tək bir şey... Saatın yavaş-yavaş irəliləmiş olması və havanın qaralmağa doğru getməsi. Halbuki mən bu şəhərin gecələrini heç sevmirəm. Bu şəhərin gündüzləri daha gözəl və təbii olur. Heç kim məndən inciməsin, Bakı gündüzləri əsl siması ilə gəzib, gecələri daranan, süslənən, bəzənən gözəlçələrə bənzəyir.
02.05.2013
Saat-02:45
Arzudoum Səltənət

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az