Tolerantlıq anarxiya deyil
Ötən sayımızda Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları mövzusuna toxunmuşduq. Bu gün isə ölkəmizdə mövcud olan qeyri-ənənəvi dini təriqətlər və dinlərdən bəhs edəcəyik. Çünki Azərbaycan bütün dinlərin, təriqətlərin, cərəyanların inkişafı üçün ən etibarlı vətəndir. Azərbaycan vicdan azadlığının sığortalandığı tolerant bir ölkədir. Bəzi ölkələrlə müqayisədə tolerantlıq anlamı bizim cəmiyyətdə həm dövlət, həm də mənəvi qanunlarla tənzim olunur. Başqa sözlə desək, Azərbaycan cəmiyyətində hər kəs hüquqlarının bitdiyi, vəzifələrinin başladığı qızıl nöqtəni tanıyır. Biz vətənini sevən, onun qanunlarına hörmətlə yanaşan hər bir fikrə qarşı tolerantlıq, hətta bu fikir müxalif olsa belə. Yetər ki, həmin düşüncə tərzi mənəviyyatımıza və dövlətçiliyimizə xələl gətirməsin. Təəssüf ki, tarix boyun cəmiyyətimizdə formalaşmış tolerantlıq ənənələrindən sui-istifadə edərək, ondan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışanlar da var. Bu halda dövlətimizin qanunları ilə yanaşı, xalqımızın milli-mənəvi dəyərləri, o cümlədən tolerantlıq ənənəsi, həmin şər qüvvələrə qəti sözünü deyə bilir. Təbii ki, bu yanaşma tərzini Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi dinlərin hamısına şamil etmək olmaz. Bugünkü yazıda biz tolerant Azərbaycanda mövcud olan qeyri-ənənəvi dinlər barədə qısa məlumat verəcəyik. Nəticə çıxarmaq isə hər kəsin öz öhdəsinə buraxılır. Axı biz tolerant xalqın nümayəndələriyik.
Azərbaycanda qeyri-ənənəvi dini təriqətlər və dinlər
Azərbaycanda ənənəvi olmayan qeyri-İslam təriqətlərinə protestantlıq, o cümlədən Azərbaycanda tarixən yayılmış və yerli mühitə müəyyən qədər uyğunlaşmış, ekstremizmdən əsasən uzaq olan adventizm, babtizm və ölkənin müstəqillik illərində yaranmış, bir çox hallarda qanuna zidd olaraq dini üstünlük mövqeyindən çıxış edən "Həyatverici lütf (Qreyter Qreys)", "Həyat sözü", "Mədh kilsəsi", "Yehovanın şahidləri" və "Nehamiya" aiddir. Adları ikinci çəkilən dini icma və təriqətlər bu gün Azərbaycanda mövcud dini dözümlülük ənənəsinə laqeyd olan dini icmalar və təriqətlərdir. Ölkəmizdə qeyri-ənənəvi dinlərə isə bəhailik, krişnaizm, munçuluq və ibrahimilik daxildir.
Xristianlıq eramızın III əsrinə qədər müxtəlif dindaxili söz-söhbətlərə baxmayaraq, əsasən bir dini istiqamət kimi fəaliyyət göstərib. Bununla belə, bu hal çox çəkməyib, kilsələrarası ziddiyyətlər və çəkişmələr xristianlığı Şərqi və Qərbi kilsələr birliyi adında iki coğrafi ərazi mühitinə ayırıb. Zaman keçdikcə bu soyuq münasibətlər daha da dərinləşib. ermənilərin Qriqoryanlıq adı ilə xristianlığı qəbul etməsi bu dində ilkin separatçılığın əsasını qoyub və bəzi mənbələrdə onların bu
hərəkətləri çox aparıcı kilsələr tərəfindən tənqid edilməklə yanaşı, həm də lənətlənib. Beləliklə kilsələrarası müqəddəs ittifaqın zəifləməsi və bir-birinə nifrət hissi xristianlığı rəsmən 1054-cü ildən pravoslavlıq və katolikliyə ayırdı. Sonralar – XVI əsrdə isə adıçəkilən patriarxlarla yanaşı. Moskva və Ümumrusiya Patriarxlığı da yarandı. Bununla da xristianlıqda gedən proseslər protestantlığın yaranmasının əsasını qoydu. Yazının əvvəlində dediyimiz kimi, protestantlıq, o cümlədən Azərbaycanda tarixən yayılmış və yerli mühitə müəyyən qədər uyğunlaşmış, ekstremizmdən əsasən uzaq olan adventizm, babtizm və ölkənin müstəqillik illərində yaranmış "Həyatverici lütf" (Qreyter Qreys), "Həyat sözü", "Mədh kilsəsi", "Yehovanın şahidləri" və "Nehamiya" aiddir. Adları ikinci çəkilən dini icma və təriqətlər bu gün Azərbaycanda mövcud dini dözümlülük ənənəsinə laqeyd olan dini icmalar və təriqətlərdir.
Həyatverici lütf. "Həyatverici lütf" kilsəsinə mənsub olanlar özlərini humanist və xeyirxah insanlar kimi qələmə verir, kimsəsiz və yaşlı insanlara yardım göstərirlər. İcma üzvləri təbliğat işini ianə nəzir qutularından toplanmış vəsait hesabına apardıqlarını bildirsələr də, bu, inandırıcı deyil. Çünki ianələr hesabına xeyli sayda insana maddi yardım göstərmək qeyri-mümkündür. Maddi imkanların genişliyinə görə bu icma digər xristian icmalardan fərqlənir. İcma fəaliyyətini əsasən paytaxt Bakıda həyata keçirir.
"Mədh kilsəsi" dini icması isə paytaxt Bakı ilə yanaşı, ölkənin bölgələrində də iş aparır. İcmanın əsas kontingentini orta yaşlı qadınlar təşkil edir. Aparılan müşahidələrin nəticələrinə görə, icmanın rəhbərliyi icma üzvlərinin şəxsi işlərinə, hətta ailə münasibətlərinə də müdaxilə edir. Onlar üçün önəmli olan ailə yox, icma üzvləri arasındakı münasibətlərdir. İcmanın xarakterik xüsusiyyətlərindən biri də odur ki. İcma rəhbərliyi qazanc əldə etmək üçün qalmaqallı məsələlərə müdaxilə edir.
Nehemiya. "İncil"ə iman edən məsihçilərdən "Nehemiya" dini icmasına üzv olanlara milli hislərdən uzaq və tolerantlıq münasibətlərini kəskin şəkildə rədd etmək təlqin olunur. Maddi imkanları geniş olan icma rəhbərliyi üzvlərə, loru dildə desək, tez-tez pul paylayır.
Məhəbbət kilsəsi. Azərbaycanda "Məhəbbət kilsəsi" dini icması rəsmən qeydiyyatdan keçib, lakin 2002-ci ildə bu icmanın qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilib. Buna baxmayaraq, icma hələ də qeyri-qanuni fəaliyyətini sürdürərək qanunazidd fəaliyyət metodlarını davam etdirirlər. Bu icma əsasən azərbaycanlı olan gənc oğlan və qızlarla iş aparır. Bu icmada fala baxma halları geniş yayılıb. "Məhəbbət kilsəsi" icması İslam dininə qarşı yüngül desək, xoşagəlməz münasibətilə də seçilib. Onların 2002-ci ildə dövlət qeydiyyatından silinməsinə səbəb olan amillərdən biri icma üzvlərindən birinin İslamı təhqir etməsi olub.
"Şərqdə ulduz" xristian dini icmasının üzvlərinin əksəriyyətini yaşlı insanlar təşkil edir. Bu icmaya Almaniyadan maliyyə dəstəyi gəlir.
"Yehovanın şahidləri" xristian-sinkretist hərəkatıdır. Hərəkatın əsasını 1896-cı ildə Çarlz Teyz Rassel (1852-1916) qoyub. Hərəkatın adı "İncil"dəki "Siz mənim şahidlərimsiniz – deyir Yehova" cümləsindən götürülüb. Hərəkatın lideri Rassel isə fikirlərinin cəlbedici görünməsinə və özünü ideal göstərməsinə baxmayaraq, qanunazidd hərəkətlərinə görə dəfələrlə mühakimə olunub. O, ilk dəfə 1879-cu ildə ailə qurduğu Mariya Françiz tərəfindən özündənrazılıq, müştəbehlik, qadın düşkünlüyü və əxlaqsızlıqda ittiham olunaraq məhkəməyə verilib. Məhkəmə zamanı Rassel övladlıq qızı olan Roz Boll ilə cinsi münasibətlərini etiraf edib. Lakin bu, heç də hamısı deyil. O, əxlaqsızlığı ilə yanaşı, yalançılıqda da dəfələrlə ittiham olunub. Hətta ittihamlar arasında "həddən artıq bol məhsul verən" bir ovuc "möcüzəvi buğda"nı 60 dollara sadə adamlara satmaqla camaatı aldatmaq kimi ittiham da var. İndiyədək dünyanın müxtəlif ölkələrində əməllərinə görə minlərlə "Yehova şahidləri" həbs edilib, sürgün olunub və öldürülüb. "Yehovanın şahidləri"nin maraqlı psixoloji üsulları və təsir metodları var. Məsələn, qorxu içində saxlamaq, iş və mənfəət qazanmaq üçün şərait yaratmaq, aylıq əməkhaqqı vermək və digər maddi vasitələrlə insanları cəlb etmək və s. Onların inancına görə, Tanrı təkdir və onun adı Yehovadır. Din yalnız "Yehovanın şahidləri"nə məxsusdur, digər dinlər saxtadır. Ağızdan və ya hər hansı başqa yolla bədənə qanın qəbul olunması (hətta, tibbi nöqteyi-nəzərdən qan köçürmək belə) Tanrının qanunlarının pozulması deməkdir. "Yehovanın şahidləri" milli marşı, milli duyğuları, milli sərhədləri qəbul etməzlər və s. Bu adda icma Azərbaycanda 2002-ci ildə dövlət qeydiyyatından keçib. "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərdən sonra isə təkrar qeydiyyatdan keçmədiyindən, hazırda qeydiyyatsız sayılır. Ölkədə onların minlərlə, bəlkə də on minlərlə tərəfdarları var.
Adventizm 1831-ci ildə ABŞ-da Vilyam Miller (1782-1849) adlı fermer tərəfindən qoyulan protestant təmayüllü xristian dini cərəyanıdır. Millerin "hesablamalarına" görə, həzrət İsa 21 mart 1843-cü ildə zühur etməli idi. Ancaq həmin vaxt bu zühur olmasa da, Miller özünü sındırmayaraq deyir: "Axı mən sizə demişdim ki, əgər İsa 1843-cü ildə zühur etməsə, deməli o, növbəti il görüşümüzə gələcək..." Bir ildən sonra isə Miller məyus olur və etiraf edir ki, hesablamaları səhv aparıb, hətta aldanıb. Sonradan adventistlər bir neçə qrupa bölünürlər: "Yevangilist adventistləri", "Allah kilsəsi", "İkinci günün adventistləri", "Yeddinci günün adventistləri" və s. Adıçəkilənlərdən sonuncusu adventizmin ən böyük missioner qolu sayılır. Onlar xristianlıqda ibadət günü hesab edilən bazar günü əvəzinə, ibadət üçün şənbə gününü seçirlər. "Yeddinci günün adventistləri"nin əsas mərkəzi Vaşinqton şəhərində yerləşir, təxmini rəqəmlərə görə dünyada 2,5 milyon tərəfdarı var. Eyniadlı dini icma Azərbaycanda da fəaliyyət göstərir.
Baptizm. Dünyada 30 milyona yaxın olan baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia edirlər. Tarixi qaynaqlara dair faktlar isə baptizmi XVII əsrin əvvəllərində ortaya çıxmış protestantlığın bir
qolu kimi təsbit edir. Baptizmin qurucusu isə Con Smit sayılır. Baptistlərin inancına görə, inanan insanın Allahın varlığına sübut gətirməsinə ehtiyacı yoxdur. Baptistlik XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda yayılmağa başlayıb. 1894-cü ilin sentyabrında çar II Nikolay baptistlərin dövlətçilik üçün təhlükəli olduğunu əsas gətirərək onların ətraf bölgələrə, xüsusən Qafqaza və Azərbaycana sürgün edilməsi haqda qərar qəbul edib. Həmin vaxt sürgün edilənlər əsasən Tərtər, Şuşa və digər rayonlarda məskunlaşıblar. 1899-cu ildə onlar Bakıda böyük baptist icmasını və dua evini qurmağa nail olublar. Hazırda Azərbaycanda 3 baptist dini icması fəaliyyət göstərir. "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə qədər onlardan ikisi dövlət qeydiyyatından keçib.
Qeyri-ənənəvi dinlər
Krişnaizm. "Beynəlxalq Krişna şüuru cəmiyyəti" (Hare Krişna) hinduizm ənənələrinə uyğun Şərq kultudur. Cəmiyyət "İlahi A.Ç.Bxak-tivedanta Svami Prabxupada" (əsl adı Abxai Şaran De) tərəfindən yaradılıb. Bu hərəkat dünyanın bir çox ölkəsində, eləcə də Amerika və Qərbi Avropada geniş yayılıb. Krişnaizm kütləyə hinduizm fəlsəfəsini yeritmək üçün yaradılıb. Hinduizmdə Tanrı simasız və görünməzdir. Krişnaçılar isə Tanrını şəxsləndirib və Krişna adı ilə onun simasına sitayiş edirlər. Krişna tərəfdarlarının həyat tərzi çox sərtdir. Onlar ət, balıq, yumurta yeyə bilməzlər. Daha doğrusu, bərpa olunmayan heç bir canlı ilə qidalana bilməzlər. Bundan başqa, onlara Krişnaya aid olmayan söhbətlər aparmaq da qadağandır. Qəzet və jurnal oxumaq, televizora baxmaq isə ən böyük günahlardan sayılır. Qohumlarla, dostlarla əlaqələr çox nadir hallarda baş verir. Krişnaçının şəxsi mülkü ola bilməz. Şagirdlər məbəd təklif edən yeməkdən və yaşayışdan tam asılıdırlar. Krişnaçılar Hindistandan gətirilmiş palçıqdan bədənlərinə hər gün 13 işarə vururlar. Kişilər peysərində bir dəstə tük saxlayaraq başlarını qırxmalıdırlar və s. Azərbaycanda krişnaçılar "Bakı şüuru" dini icmasında bir araya gəliblər. İcmanın fəaliyyət dairəsi əsasən Bakı şəhərindədir.
Bəhailik. Bəhai dini XIX əsrin ikinci yarısında İranda yaranıb. Seyid Məhəmməd adlı şəxs 12-ci imamın babı (qapısı), yəni nümayəndəsi olduğunu iddia edir. Sonra isə daha da irəli gedərək 12-ci imam – Mehdi olduğunu elan edir. Bab yazdığı "Bəyan" adlı kitabında öz düşüncələrini açıqlayıb. "Həzrət Bab" adı ilə məşhurlaşan Seyid Əli Məhəmməd ətrafına müəyyən qədər tərəfdarlar toplasa da, hakimiyyət tərəfindən kəskin münasibətlə üzləşir. 1842-1852-ci illərdə Babilər üsyanı olur. Üsyan yatırılır və İran hakimiyyəti Seyid Əli Məhəmmədin edamına qərar verir. Sonralar onun sağ qalan davamçıları yolunu davam etdirirlər. Bəhai dinində üç cür namaz mövcuddur, mömin həmin namazlardan birini seçib qılır. Bəhai qibləsi İsraildəki Əkka şəhərində yerləşir. Bəhailər müsəlmanlar kimi oruc tutaraq səhər gün çıxandan axşam gün batana qədər yemir, içmir. Ancaq onlar orucu martın 2-dən 20-dək 19 gün müddətində tutur. Bakı və Sumqayıt da daxil olmaqla ölkədə bəhailərin iki dini icması və bir mərkəzi fəaliyyət göstərir. Hər üç qurum "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə qədər
qeydiyyatdan keçib. Qanuna əlavə və dəyişikliklərdən sonra isə onlardan biri təkrar qeydiyyatdan keçib.
Munçuluq. Rəsmi adı Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh Cəmiyyəti olan və "Vəhdət kilsəsi" kimi tanınan munçuluq bu gün dünyada aktual dini cərəyanlardan birinə çevrilib. Cərəyanın banisi San-Myen Mun 1920-ci ildə Şimali Koreyada kəndli ailəsində dünyaya gəlib. Sonradan – 1950-ci ildə Cənubi Koreyaya gedib. O, Cənubi Koreyada başlatdığı dini hərəkatını yaymaq üçün dünya səyahətinə çıxıb. 1965-ci ildə çıxdığı ilk səyahət 40 ölkəni əhatə edib. İkinci səyahətə isə 1969-cu ildə çıxıb. 1971-ci ildə ABŞ-a köçüb. 1992-ci ildə o, özünü yeni bəşəriyyətin "Həqiqi Atası" adlandırıb. Onun fikrincə, 1993-cü ildən etibarən dünya üçün Mun dövrü gələcək. Cərəyan maddi qaynaq əldə etməkdən ötrü ticarət işinə başlayaraq balıqçılıq və müalicəvi bitki kökləri biznesindən zənginləşmək imkanı əldə edib. 80-ci illərin əvvəllərində isə "Vəhdət kilsəsi" artıq bir çox ölkədə müxtəlif sənaye müəssisələrinə sahib idi. Bu biznes şəbəkəsinə müxtəlif istehsal və xidmət sahələri ilə bağlı müəssisələri birləşdirən 150 korporasiya daxildir. Munçuluq bir tərəfdən sərmayə qazanmaq üçün çalışıb, digər tərəfdən isə elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərib. Ali təhsil tədqiqatları üçün iki "İlahiyyat məktəbi" yaradılıb. Onlar KİV sahəsində də fəaliyyət göstərərək Tokio, Nyu-York və Vaşinqtonda qəzet və jurnallar təsis ediblər, informasiya agentliyi yaradıblar. Munçular xristian terminologiyasını öz dini təlimlərinə uyğunlaşdırıblar. Yəqin buna görədir ki, xristianları birləşdirmək cəhdlərinə baxmayaraq, onlar ənənəvi mənada xristian sayılmırlar. Munun tərəfdarları "təslis" inancını, İsa Məsihin çarmıxa çəkilməsini onun missiyasının iflasa uğraması kimi qiymətləndirirlər. Yazdığı əsərlərin əksəriyyətinin Koreya dilindən Qərb dillərinə tərcümə olunmaması Munun dünyagörüşünü dəqiq tədqiq etməyə mane olur. "Vəhdət hərəkatı" San-Myen Munun fikirlərini yaymaq məqsədi daşıyan və onun yaratdığı bir sıra dini, ictimai-siyasi və mədəni təşkilatların birliyidir. "Vəhdət hərəkatı"na bir sıra fond, təşkilat, federasiya və assosiasiyalarla yanaşı, dəzgahqayırma, gəmiqayırma, balıq emalı, hərbi silah və texnika istehsal edən müəssisələr də daxildir. SSRİ dağıldıqdan sonra munçuların fəaliyyəti digər postsovet məkanlarında olduğu kimi, Azərbaycanda da yayılmağa başlayıb. Azərbaycanda əsasən qocalar, kimsəsizlər və uşaq evlərinə yol tapan munçular keçirdikləri "xeyriyyə tədbirləri" adı altında Mun ideyalarını yaymağa çalışırlar. Munçular əsasən gəncləri öz tərəflərinə çəkməkdən ötrü onları maraqlandıra biləcək seminarlar təşkil edib, müəyyən psixoloji testlər vasitəsilə meyarlarına uyğun gələnləri sıralarına qatırlar.
İbrahimilik. İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Onlar özlərini İbrahim peyğəmbərin davamçıları adlandırıb, Məhəmməd Peyğəmbərin (s.) hədislərini qəbul etməyib, "Qurani-Kərim"ə fərqli təfsir veriblər. Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub.
Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev qoyub. O, hələ Sovetlər dövründə şiə kimi fəaliyyətə başlayıb, sonralar vəhabiliyə meyllənib. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək İbrahimilər adlı qeyri-İslam təriqətini yaradıb. İbrahimilər (sonralar Ələsgər Musayevin adına uyğun olaraq "ələsgərilər" adlandırıblar) ibadətlərini Azərbaycan dilində icra edir, dinlərini İbrahim Peyğəmbərin dini adlandırır, milliyyətcə azərbaycanlı deyil, İbrahim millətindən olduqlarını söyləyirlər. Ələsgər Musayev 1996-cı ildə Suraxanı rayonunun (Bakı) Əmircan qəsəbəsində "Şeyx Nizaməddin" məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra "Dini etiqad azadlığı haqqında" qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib. Daha sonra Ələsgər Musayev özünü peyğəmbər elan edib, ətrafına topladığı həmfikirlərini isə ümmət adlandırıb. Təriqət üzvləri qiblə kimi Məkkəni deyil, Əmircan qəsəbəsində yerləşən "Şeyx Nizaməddin" məscidini seçiblər. Təriqətin əsas dini kitabı Ə.Musayevin Azərbaycan dilinə tərcümə etdiyi "Quran"dır. İcma üzvləri öz qazanclarının beşdə biri qədər zəkat verir, bu isə icmanın büdcəsini formalaşdırır. İbrahimilər çoxarvadlılığı məqbul sayır, 9-10 yaşlı qızlarla ailə qurulmasını təqdir edirlər. Onlar ilin istənilən günündə cəm halında yığışaraq "qədr gecələri" keçirirlər. Bu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə "hədiyyə" edərək, "kütləvi sevişmə" ritualını həyata keçirirlər. Bu və digər səbəblərdən Ələsgər Musayevin fəaliyyəti yerli dindarların hiddətinə səbəb olub, 1998-ci ildə icma üzvləri Əmircan qəsəbəsindən qovulublar. Bundan sonra Ə.Musayev Mərdəkan qəsəbəsindəki bağ evinə köçərək fəaliyyətini orada davam etdirib. O, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmasına və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə bir müddət həbsdə olub. Belə ki, o, yaşadığı qadının qızı da daxil olmaqla, 3 azyaşlı qızla qeyri-rəsmi qaydada evləndikdən sonra tutulub. İstintaq zamanı o, hərəkətini dini baxışları ilə izah etməyə çalışıb (onun "kəbinli arvad" adı altında cinsi əlaqəyə girdiyi qızlardan biri ürək xəstəsi olduğundan ölüb. Həmin qız Ə.Musayevin arvadlarından birinin 11 il əvvəl ölmüş anasının qəbrində basdırılıb). Lakin azadlığa çıxan kimi Ə.Musayev fəaliyyətini yenidən bərpa edib. Ələsgər Musayevin qardaşı oğlu Əlixan Musayev "Nərimanov dindarları" dini icmasının aktiv üzvlərindən olub, sonradan o həm icmadan, həm də "Əbu bəkr" məscidindən uzaqlaşdırılıb.
Hazırda icmanın əsas özəyi Bakıda fəaliyyət göstərir, həmçinin, bölgələrdə, əsasən də Bərdə, Xaçmaz, Salyan və Qubada təbliğat aparırlar. Onların başqa maraqlı özəlliyi də var: ölüyə yas keçirilmir, ağlaşma qadağandır, qəbrin üzərinə ad yazılmır və s.
Qeyd
Ölkəmizdə qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları, ənənəvi olmayan qeyri-İslam təriqətləri və qeyri-ənənəvi dinlər var. Bu yazıda Azərbaycandakı qeyri-ənənəvi təriqət, cərəyan və dinlərin bütün siyahısını təqdim edərək, onlarla bağlı
qısa məlumat verdik. Onlardan ən populyarı olan vəhabilik barədə isə ayrıca yazıda geniş məlumat verəcəyik.
Son söz əvəzi
Cəmiyyət böyük bir ailədir. Onun ağsaqqalları, ağbirçəkləri olduğu kimi ərköyün, ipə-sapa yatmayan övladları da olur. Təbii ki, bu, hər kəsin fərqli dünyagörüşünə malik olmasından irəli gəlir. Lakin hər bir ailədə olduğu kimi cəmiyyətdə də son sözü valideynlər, yəni xalq deyir. O xalq ki, minilliklərlə formalaşan zəngin milli-mənəvi dəyərlərə malikdir. Bu dəyərlərdən biri də tolerantlıq ənənəsidir.
Könül Aypara
O.M.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































