Tolerantlığın sərhədi
Azərbaycan tolerant bir ölkədir. Lakin bəzi inkişaf etməkdə olan ölkələrlə müqayisədə tolerantlıq anlamı bizim cəmiyyətdə həm dövlət, həm də mənəvi qanunlarla tənzim olunur. Başqa sözlə desək, Azərbaycan cəmiyyətində hər kəs hüquqlarının bitdiyi, vəzifələrinin başladığı qızıl nöqtəni tanıyır. Biz vətənini sevən, onun qanunlarına hörmətlə yanaşan hər bir fikrə qarşı tolerantlıq, hətta bu fikir müxalif olsa belə. Yetər ki, həmin düşüncə tərzi mənəviyyatımıza və dövlətçiliyimizə xələl gətirməsin. Təəssüf ki, tarix boyu cəmiyyətimizdə formalaşmış tolerantlıq ənənələrindən sui-istifadə edərək, ondan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışanlar da var. Bu halda dövlətimizin qanunları ilə yanaşı, xalqımızın milli-mənəvi dəyərləri, o cümlədən tolerantlıq ənənəsi, həmin şər qüvvələrə qəti sözünü deyə bilir. Təbii ki, bu yanaşma tərzini Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi dinlərin və ya təriqətlərin hamısına şamil etmək olmaz. Bugünkü yazıda biz tolerant Azərbaycanda mövcud olan qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları barədə qısa məlumat verəcəyik. Nəticə çıxarmaq isə hər kəsin öz öhdəsinə buraxılır. Axı biz tolerant xalqın nümayəndələriyik.
Qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları
Azərbaycanda mövcud olan qeyri-ənənəvi İslam təriqətləri və cərəyanlarına vəhabilik, xaricilik, nurçuluq, süleymançılıq, qadirilik, nəqşibəndilik aiddir. Vəhabilik Azərbaycanda ən geniş yayılmış cərəyan olduğundan onu yaxın saylarımızın birində geniş təhlil edəcəyik. Bugünkü məqaləni isə digər İslam təriqətləri və cərəyanlarına həsr edirik.
Xaricilik. Bu cərəyanın yaranması İslam xilafətində hakimiyyət uğrunda siyasi mübarizənin gücləndiyi, ictimai ziddiyyətlərin kəskinləşdiyi dövrə təsadüf edir. Bu təriqətlə bağlı maraqlı olduğu qədər də ziddiyyətli bir məqam var: xaricilər insanları savadsızlığa dəvət edərək, təhsilə qarşı mübarizə aparır, İslami, yaxud qeyri-İslami universitetləri "Tağut tikililəri" adlandıraraq bu təhsil ocaqlarını "Zərər məscidi"nin tərkib hissəsi sayır, orada oxumağı qadağan edirlər...
Nurçuluq. Banisi Səid Nursi 1873-cü ildə Türkiyənin Bitlis vilayətində anadan olub. O, qeyri-adi yaddaşa və biliklərə malik olub. Ancaq ardıcılları daha da irəli gedərək Səid Nursini müqəddəsləşdirib, onunla Məhəmməd Peyğəmbər (s) arasında nə isə ruhani bir əlaqə, bağlılıq tapmağa çalışıblar. Hətta Nursinin haqqında rəvayətlər də var. Guya o, atının ayağı altında qalaraq ölmüş uşağı suya salıb-çıxararaq dirildir. O, "Risaleyi-Nur" külliyyatının müəllifdir, həmin külliyyatı 23 ilə yazıb. Müxtəlif vaxtlarda həbsxanaya düşən və sürgün edilən, heç vaxt evlənməyən, bütün ömrü boyu tək yaşayan Səid Nursi 24 mart 1960-cı ildə Urfada vəfat edib. Nursi heç vaxt dialoq tərəfdarı olmayıb. Hətta xristianlarla müsəlmanlar arasında bir uçurumun olduğunu və qarşı tərəflə dialoq aparan İslam nümayəndələri üçün "ya həmin uçuruma yuvarlanacaqlar, ya da xaçpərəstlərin tərəfinə keçəcəklər" söyləyib. Səid Nursidən fərqli olaraq onun davamçısı, nurçuların hazırda özlərinə lider kimi qəbul etdiyi Fətullah Gülən dialoq tərəfdarıdır. O, hazırda ABŞ-da yaşayır. Fətullah Gülən qrupu Orta Asiya ölkələrində və Azərbaycanda bir çox liseylərin fəaliyyətini maliyyələşdirir. Azərbaycanda geniş xeyriyyəçilik tədbirləri həyata keçirirlər. Fətullah Gülənin Türkiyədə kütləvi nəşr etdirdiyi "Zaman" qəzeti Moskvada, Kazanda, Ufada, Bakıda və digər yerlərdə çıxır. Fətullah Gülənin xütbə və moizələri, müsahibə və məruzələri yazılmış disklər, kitablar başqa yerlərdə olduğu kimi, Azərbaycanda da yayılır. Azərbaycanın bəzi özəl ali məktəblərində fətullahçı müəllimlər dərs deyir, onlar nurçu ədəbiyyatını yaymaqla da məşğul olurlar. Bu gün Azərbaycanda çalışan türk iş adamları, universitet və lisey müəllimləri, ölkədə təhsil alan türk tələbələr, habelə yerli "Nur" məktəblərindəki minlərlə şagird arasında nurçuluğun daşıyıcıları çoxdur.
Süleymançılıq 1888-ci ildə Osmanlı imperiyasının Silistrə bölgəsinin Fərhadlar kəndində anadan olmuş Süleyman Helmi Tunahanın adı ilə bağlıdır (1959-cu il oktyabrın 17-də İstanbulda vəfat edib). Süleymançılığa görə, qadın-kişi münasibətlərində "bərabərlik"dən danışmaq mənasızdır. Onlara görə, kişilər özləri ilə yanaşı, analarını, bacılarını və xanımlarını himayəsində saxlamağa borcludurlar. Qadınların işləməsinə gəlincə, dinə zidd olmayan hallarda zərif cinsin nümayəndələrinin çalışmasında problem yoxdur. Lakin süleymançılar bu qənaətdədir ki, müasir dövrdə qadınların işləyə biləcəyi mühit yox dərəcəsindədir. Süleymançılar qız uşaqlarının oxumasına da müsbət baxmırlar. Türkiyədə geniş yayılmış süleymançılıq Azərbaycanda əsasən 2000-ci ildən etibarən təbliğ olunmağa başlayıb. Ölkəmizdə qeydiyyatsız fəaliyyət göstərən süleymançılar (onlar əsasən qeydiyyatsız fəaliyyət göstərməyə üstünlük verir) ilk vaxtlardan paytaxt Bakı ilə yanaşı, Şamaxı, Xaçmazda da aktiv olublar. Sonradan isə təbliğat ancaq paytaxt Bakı ilə məhdudlaşıb.
Qadirilik. Bu təriqətin qurucusu böyük İslam alimlərindən hesab olunan Əbdülqadir Geylani 1078-ci ildə İranın Gilan əyalətinin Nif kəndində anadan olub (1116-cı ilə Bağdadda vəfat edib). Qadirilik təriqətinə görə, təsəvvüf səbir, işarə, qürbət, səyahət və suf (yun paltar) geyinmək mənalarını daşıyır. Bu təriqətin ən geniş yayıldığı ərazilər İraq, Türkiyə, Yəmən, Suriya, Hindistan və bəzi Afrika ölkələridir. Azərbaycanda az da olsa bu təriqətin mənsublarına rast gəlmək olar. Yeri gəlmişkən, yazını hazırlayarkən qadirilik təriqətinin radikalizmi dəstəkləyən, yaxud hansısa bir ziyanlı tərəfinin olması ilə bağlı məlumatlara rast gəlmədik.
Nəqşibəndilik. Bu təriqətin banisi Məhəmməd Bəhaəddin Nəqşibənd 718-ci ildə Buxaranın sonralar Kəsfi-Arifan adlanan kəndlərindən birində anadan olub (nəqşibənd - "naxış vuran" deməkdir). Əhli-sünnə məzhəbinə bağlı olan nəqşbəndilik təriqətində müxtəlif elmlərlə məşğul olmağa, moizə və söhbətlər vasitəsilə bu elmləri təbliğ etməyə böyük əhəmiyyət verilir. Elmlə məşğul olmağın, dəqiq elmlərdən, xüsusilə fizika, kimya, biologiya və s. kimi Haqqın qüdrət və əzəmətini dərk etməyə vəsilə olan elmlərdən faydalanmağın bir növ zikr olduğu qəbul edilir. Bu təriqətin mənsubları şəriət əsaslarına riayət etməyə və ona bağlı olmağa da son dərəcə böyük əhəmiyyət verirlər. Vaxtilə Livan, İran, İraq və Misirdə geniş bir əraziyə yayılmış təriqətin qolu olan xalidilik Osmanlı Dövləti və Türkiyə Cümhuriyyətinin siyasi və mədəni həyatında aktiv iştirak edib. Tarixən Azərbaycanda mövcud olmuş nəqşibəndilik hazırda ölkədə nisbətən geniş yayılan təriqətlərdən biridir. Bu təriqətin Azərbaycanda həm mülayim, həm də radikal qanadı fəaliyyət göstərir. Radikal qanadının tərəfdarları çox deyil. Nəqşibəndiliyin mülayim qanadı Bakı ilə yanaşı, Zaqatala, Şəki, Ağdaş, Göyçay, Qəbələ və digər rayonlarda geniş yayılıb.
Son söz əvəzi
Tanrı təkdir, dinlər isə çox. Hətta bir dinin daxilində də müxtəlif təriqətlər və cərəyanlar mövcuddur. Çünki insanlar fərqli dünyagörüşünə, düşüncəyə və fərdi maraqlara malikdirlər. Azərbaycanda da bu belədir. Lakin bizim digər xalqlardan fərqimiz ondan ibarətdir ki, dünyagörüşümüz, düşüncə tərzimiz, maraqlarımız fərdi olduğu kimi də oxşardır. Yəni biz tək olan Yaradanımızı tanıyır, onun bizlərə bəxş etdiyi milli-mənəvi dəyərlərlə yaşayırıq. Yaşadıqca da zəngin mənəviyyatımızı, adət-ənənələrimizi, fərqliliklərimizi yaşadırıq. Şükür məsləhətinə!
Könül Aypara
O.M.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































