Azərbaycan kürdü milli azlıq deyil, dağ vüqarlı azərbaycanlıdır

Azərbaycan kürdü milli azlıq deyil, dağ vüqarlı azərbaycanlıdır
Özümüzü tanıyaq və tanıdaq

Dünya və biz

İnkişaf etmiş dövlətlərdə xalq kəlməsi millət mənasını deyil, cəmiyyət mənasını verir. Məsələn, zənci, ağdərili və ya qıyıq gözlü fransalılar eyni həyat tərzinin, mədəniyyətin daşıyıcılarıdır, eyni maraqlara xidmət edirlər və ortaq mənəvi-hüquqi qanunlarla yaşayırlar. Həmin insanlar irqindən, dinindən və ya etnik mənsubiyyətindən asılı olmayaraq, fransız adlanırlar. Eyni sözləri ingilis və ya amerikan cəmiyyətlərinə də aid etmək olar. Əlbəttə ki, bu halda söhbət inkişaf etmiş dövlətlərin cəmiyyətindən gedir. O cəmiyyətlərdən ki, tolerantlıq ənənələrində arzuolunan zirvələri fəth edə biliblər.

Azərbaycan inkişaf etməkdə olan dövlət olsa da, cəmiyyəti qədim tarixə malik zəngin adət-ənənələrə, milli-mənəvi dəyərlərə malikdir. Heç təsadüfi deyil ki, azərbaycanlıların genofondunu etnik türklərlə yanaşı müxtəlif millətlərin nümayəndələri təşkil edir. Hər biri öz tarixi, milli-mənəvi dəyərləri ilə ümumi Azərbaycan dəyərlərini zənginləşdirir. Belə azsaylı xalqlardan biri də kürdlərdir.

Azərbaycan xalqının ayrılmaz parçası – kürdlər

Azərbaycanda onları milli azlıq adlandırmaq, yumşaq desək, insafsızlıq olardı. Belə ki, Azərbaycan xalqını formalaşdıran etnoslardan biri də məhz elə kürdlərdir. O kürdlər ki, vətən üçün yaranıb, yaradıb, can qoyublar. Göründüyü kimi, ölkəmizdə yaşayan xalqlar arasında tolerantlıq ənənəsi əsrlər boyu onların əməkdaşlığına, işbirliyinə, qohumlaşmasına və nəticə etibarı ilə vahid bir canda, Azərbaycanda birləşməsinə səbəb olub. Bəli, biz hamımız azərbaycanlıyıq və Azərbaycançıyıq.

Bugünkü yazını tolerant xalqımızın ayrılmaz parçası olan kürdlərə həsr edirik. Əlbəttə ki, dünyada kürdlərə qarşı münasibət birmənalı deyil. Onları separatizm meyllərində ittiham edənlər az deyil. Lakin Azərbaycan dünyada yeganə dövlətdir ki, burada yaşayan kürdlər qanuni əsalarla cəmiyyət şəklində təşkilatlanıblar və bu cəmiyyətin strateji xətti Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edir. Digər dövlətlərdə təşkilatlanan kürdlər isə ya bu dövlətin siyasətinə qarşı çıxış edirlər, ya da narazı kütlənin maraqlarını təmsil edirlər. Fikrimcə, təkcə bu amil özü-özlüyündə Azərbaycanın tolerantlıq ənənələrinin ən yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Kürd Mədəniyyət Mərkəzi

Azərbaycanda qanuni əsaslarla fəaliyyət göstərən və yeganə kürd təşkilatı olan "Ronahi" Kürd Mədəniyyət Mərkəzi ilə bağlı yeni bilgilər əldə etmişik. Bu barədə qurumdan verilən açıqlamada bildirilir ki, 2 iyun tarixində mədəniyyət mərkəzinin ümumi yığıncağında Kamil Həsənov daha iki il müddətinə təşkilatın sədri seçilib.
Məlumatda o da qeyd olunub ki, mərkəz sədrinin sağlıq durumu yerindədir:
"Bildiyiniz kimi, "Ronahi" Kürd Mədəniyyət Mərkəzi artıq 22 ildir ki, rəsmi olaraq fəaliyyət göstərir. Bu illər boyu biz həmişə Azərbaycanın yanında olmuşuq və dövlətimizə sədaqətlə xidmət etmişik. Azərbaycan və kürd xalqları naminə, xalqlarımızın sarsılmaz dostluğu naminə çalışmışıq və çalışmaqdayıq.
Kürd Mədəniyyət Mərkəzinin 1993-cü ildən bəri sədri olan Kamil Həsənov cənablarının sağlamlıq durumu yaxşıdır. 2 iyun 2012 il tarixində "Ronahi" tərəfindən çağırılan Azərbaycan kürdlərinin ümumi yığıncağında isə cənab Həsənov yenidən 2 il müddətinə Mərkəzin sədri seçilmişdir. Seçkilər hər iki ildən bir Azərbaycan kürdlərinin ümumi yığıncağında açıq səsvermə yolu ilə keçirilir. "Ronahi" isə həmişə olduğu kimi fəaliyyət göstərir, Mərkəzin mətbu orqanı olan "Denge Kurd" ("Kürdün Səsi") qəzeti ayda bir dəfə işıq üzü görür. Həmçinin kürd dili, kürd milli rəqsləri kursları açılmışdır.
Əziz dostlar!
Azərbaycanda kürdləri təmsil edən yeganə təşkilat – "Ronahi" Kürd Mədəniyyət Mərkəzidir. Biz həmişə Azərbaycanımız naminə, xalqlarımızın dostluğu naminə atılan bütün addımları dəstəkləyirik və əməkdaşlığa hazırıq".

Alim fikri

Bu yerdə Tarix Elmləri Doktoru, professor Rəşid Göyüşovun xatirələrini də yada salmaq yerinə düşərdi: "Mən uşaqlıqdan kürd deyilən camaatın içərisində böyümüşəm. Özüm də tarixçiyəm. Həmişə kürd xalqında sədaqət, etibar, mərdlik, qeyrət görmüşəm. Kürd xalqı Azərbaycanın ən qədim etnoslarından biridir. Sonralar da Azərbaycana az miqdarda kürd gəlmişdir. Bəli, kürd xalqı çoxdan Azərbaycan ərazisində yaşadığına görə qaynayıb-qarışaraq bizimlə doğmalaşıb.
Kürd xalqı Azərbaycanda əsrlər boyu qeyrət, qüvvət timsalı olan dağ cüssəli bir etnos kimi tanınıb. Heç təsadüfi deyil ki, başımızın üstünü qara təhlükə alanda ümumvətən mənafeyi yolunda mən kürd gəncləri ilə digər gənclər arasında heç bir fərq görməmişəm. Qondarma "Dağlıq Qarabağ" problemi ortaya atıldıqda kürdlər doğma Azərbaycana bağlı olduqlarını pak əməlləri ilə sübuta yetirdilər. Onlar erməni qəsbkarlarının fitnəkar təbliğatlarına aldanmadılar. Düşmənin yalançı vədlərini nifrətlə qarşıladılar. Bir nəfər də olsun kürd dönük çıxmadı. Qaynayıb qarışdıqları Azərbaycan xalqına sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Azərbaycan Elmlər Akademiyasının tarix institutunda, mənim rəhbərlik etdiyim şöbədə "kürdlərin" etnoqrafiyasına dair tədqiqat işləri aparılır. Əlbəttə, bu gərəkli və vacibdir. Qardaşlaşdığımız və doğmalaşdığımız kürdlərin tarixini, ədəbiyyatını, folklorunu, mədəniyyətini öyrənmək lazımdır. Uzun dövr ərzində kürdlərin Azərbaycanın içərisində yaşaması hər iki xalqın bir çox adətlərini, mərasimlərini, bir sözlə, etnoqrafiyasını biri-birinə sıx yaxınlaşdırmış və eyniləşdirmişdir.
Məlum olduğu kimi, dünyada çoxlu sayda kürd yaşayır. Biz çalışmalıyıq ki, dünya kürdlərinin Azərbaycana rəğbətini gündən-günə artıraq. Biri-birimizin tarixini, ədəbiyyatını öyrənək. Bu nöqteyi-nəzərdən respublikada yaradılan "Kürd Mədəniyyət Mərkəzi"nin fəaliyyətini də genişləndirmək lazımdır.
Tarixin səhifələrini vərəqlədikdə görürük ki, böyük kürd şairi Həjarın dediyi kimi, azərbaycanlılarla kürdlər düşmənə qarşı bir qılıncın iki ağzı, eyni bir dağın o üz-bu üzü olublar. Biz bu hikmətli sözlərin həyatda qoruyucusu olmalıyıq. Mərhum, görkəmli tənqidçi-alim Qulu Xəlilli çox doğru olaraq yazmışdı ki, kürdlərlə tarix boyu "çörəyimiz bir, suyumuz bir" olmuşdur. Alimin bu kəlamının da keşiyində durmalıyıq.
Kürdlər heç vaxt qaynayıb qarışdıqları Azərbaycandan özünü kənarda hesab etməz. Azərbaycanda Qondarma "Kürd problemi" yaradılmasına onların özləri imkan verməz. Buna görə də ətlə dırnaq arasına girmək istəyən bəzi qüvvələr mütləq arada qalıb çürüyürlər".

Bəli, görkəmli alimin dediyi sözlər tarixi reallıqdır. Azərbaycan kürdü və ya azərbaycanlı kürd adlandırdığımız insanlar öz tarixi və düzgün seçimlərini ediblər.

Tarixə səyahət

Məşhur etnoqraf və iqtisadçı alim Məhəmmədhəsən Vəlili-Baharlı 1921-ci ildə özünün "Azərbaycan: Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat" əsərində yazır: "Azərbaycan millətlərindən ən çox türkləşməyə uyan kürdlərdir. Türkləşmiş olan kürdlər – Pesyan, Gorus, Qaraçorlu və ya Qaracallı, Kürd, Bəxtiyarlı və Bərgüşad qəbilələridir..."
Məhəlli-yerli kürd qəbilələrini sadalayan Vəlili-Baharlı onların aşağıdakı qəzalarda məskunlaşdığını yazır:
"…Zəngəzur qəzası – Qaralar, Qaracallı, Sisyan, Kürdhacı, Qazikürdarlı, Kürdəli, Kürdqala; Qazax qəzası – Qaralar;
Cəbrayıl qəzası – Qaracallı, Kürdmahmudlu, Kürd Mahrızlı, Kürdçapıq, Kürdəfəndilər; Cavanşir qəzası – Bərgüşad, Kürdbarağı, Qazi Kürdəli, Kürdlər, Kürdbirdəamanyan; Gəncə qəzası – Səfikürd;
Şuşa qəzası – Kürdqaradağlı, Kürdlər;
Şərur-Daralagöz qəzası – Pesyan.
Bu türkləşmiş kürdlər öz dillərini tamam unutmuşlar. Bununla belə, qoca kürdlər içində kürd dilini bilənlər də az deyildir. Onları hənuz mövcud kürd tiplərindən, türk dilini xüsusi bir şivə halında işlətdiklərinə əlavə olaraq kürd sözləri istemal etdiklərindən tanımaq olur…Azərbaycan kürdləri iki hissəyə təqsim olunur: yerli kürdlər və gəlmə kürdlər. Birincilər ta qədimdən Azərbaycanın cənub-qərbində yaşamaqda idilər; ikincilərsə müxtəlif vaxtlarda Azərbaycana gəlmişlər…"
Müəllif hələ 20-ci əsrin əvvəllərində qeyd edir ki, "Azərbaycanda olan kürdlər tamamilə türkləşmişlər". Bununla bərabər, Vəlili-Baharlı həmin dövrədək kürdlüklərini qoruyan kəndləri qeyd edir:
"Zəngəzur qəzası – Buzlu, Ağcakəndli, Qaraqışlaq, Əliyanlı, Qazikürdlü;
Naxçıvan qəzası – Pesyanlı, Kəmyük, Buzlu və sairə;
Vedibasar qəzası – Cəlali;
Bunlar öz dillərini saxlamışlarsa da, digər millətlərlə türk dilini istemal edirlər."
Yeri gəlmişkən:

Azərbaycan türkcəsi o qədər zəngindir ki, dünyanın bütün ölkələrində yaşayan kürdlər türkcə danışdıqda, məhz bu ləhcədən istifadə edirlər. Şərqi Anadolu, İraq, İran kürdləri Azərbaycan türkcəsinə yaxşı bələddirlər. Heç təsadüfi deyil ki, bəzi kürd qəbilələri könüllü olaraq Azərbaycan türkcəsini ünsiyyət vasitəsi kimi qəbul ediblər və danışıq dilində ondan istifadə edirlər.

Son söz əvəzi:

Azərbaycan onu vətən seçən, onu sevən hər kəsin doğma yurdudur. Danışdığı dildən, dünya görüşündən, əqidəsindən, adət-ənənələrindən asılı olmayaraq, hamımızın pənah yeridir, bizi birləşdirən isti ocaqdır. Biz bu ocağın istisinə və işığına yığışmışıq. Tüstüsü isə düşmənlərimizin gözünü çıxarır. Bəli, yanılmadınız. Azərbaycanda zaman-zaman "kürd problemi"ni yaratmaq istəyən qüvvələr öz niyyətlərinə yetişməyiblər, heç yetişməyəcəklər də. Çünki Azərbaycan kürdü elə azərbaycanlının özüdür.

Könül Aypara

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az