Qan depolarına kiberhucum edilib

Qan depolarına kiberhucum edilib


Avropada kritik infrastrukturları və təchizat zəncirlərini hədəf alan kiberhücum dalğası təhlükəli həddə çataraq birbaşa səhiyyə sektoruna keçib. Supermarketlərin soyutma sistemlərinə edilən və qida böhranına yol açan bənzər hücumlardan sonra, bu dəfə Fransanın Qan İnstitutunun (EFS) saxlanc obyektləri kiberquldurların hədəfi olub. Noyabrın 2-si gecə həyata keçirilən kiberhucum növbətçi mühəndisin diqqəti sayəsində böyük bir fəlakətlə nəticələnməyib.
Belə ki, xəstəxanalar və müalicə prosesləri üçün həyati əhəmiyyət daşıyan qan nümunələrini və plazma paketlərini mənfi 30 dərəcədə saxlamalı olan sistemlər kənar şəxslər tərəfindən uzaqdan manipulyasiya olunub.
Hücumçular soyutma avadanlıqlarına xidmət göstərən podratçı şirkətin şəbəkəsi üzərindən sistemə daxil olaraq temperatur hədlərini və buzəritmə ayarlarını 110 dərəcəyə qədər qaldıracaq şəkildə yenidən proqramlaşdırıblar.
Hadisənin dağıdıcı fəsadlarının qarşısını alan əsas amil gecə növbəsindəki mühəndisin operativ xəbərdarlığı olub. İzləmə panellərindəki anormal temperatur dəyişikliklərini fərq edən mühəndis vəziyyətə dərhal müdaxilə edilməsini təmin edib.
Fransa Səhiyyə Nazirliyi və EFS tərəfindən yayımlanan rəsmi bəyanatda vaxtında müdaxilə sayəsində heç bir qan ehtiyatının zərər görmədiyi və əməliyyatların fasiləsiz davam etdiyi bildirilib. Lakin EFS-in sədri Frederik Paku (Frédéric Pacoud) təhlükənin ciddiliyini vurğulayaraq qeyd edib: "Məhsulların təhlükəsizliyi pozulmadı, lakin müdaxilə olunmasaydı, xəstələrin müalicəsində istifadə olunacaq qiymətli nümunələri və plazma paketlərini tamamilə itirə bilərdik."
Fransadakı qan depolarına hücum təsadüfi hadisə deyil, son həftələrdə Avropada genişlənən təhdid dalğasının tərkib hissəsi kimi qiymətləndirilir. Bundan əvvəl Belçika, İsveç, İrlandiya, Niderland, Lüksemburq və Estoniyada supermarketlərin soyuducu və dondurucu sistemlərinə oxşar rəqəmsal müdaxilələr qeydə alınmışdı. Temperatur rejiminin uzaqdan dəyişdirilməsi nəticəsində tonlarla qida xarab olmuş və milyonlarla avro maddi ziyan dəymişdi.
Kibertəhlükəsizlik mütəxəssisləri internetə açıq portlar və ya zəif mühafizə olunan idarəetmə panelləri vasitəsilə qoşulmuş sənaye soyutma və havalandırma sistemlərinin (IoT/OT cihazları) böyük risk daşıdığını bildirirlər. Market dondurucularından sonra səhiyyə kimi kritik bir sahənin hədəf alınması dövlət qurumlarını və milli kibertəhlükəsizlik agentliklərini həyəcan siqnalına keçirib.
Fransa Milli Kibertəhlükəsizlik Agentliyi (ANSSI) və Səhiyyə Nazirliyi hücumun mənbəyini, sistemə daxilolma boşluqlarını və cavabdeh şəxsləri müəyyənləşdirmək üçün hərtərəfli təhqiqat aparır. Hücumun arxasında duran qruplaşmanın kimliyi hələlik bəlli olmasa da, ekspertlər kritik infrastruktur operatorlarına şəbəkə təhlükəsizliyini maksimum səviyyəyə qaldırmağı və internetə açıq idarəetmə panellərini dərhal qapatmağı tövsiyə edirlər...

Şahmurad

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.05

2026.11.04

2026.11.03

2026.11.02

2026.11.01

2026.10.31

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az