Məhkəmə Vardanyanın vəsatətini təmin etmədi

Məhkəmə Vardanyanın vəsatətini təmin etmədi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 3-də davam etdirilib.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının surətinin ailəsinə təqdim olunmasını xahiş edib.

R.Vardanyanın vəkili Avraam Berman onun mövqeyini müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, Cinayət Prosessual Məcəlləsinə əsasən, cinayət təqibi zamanı ibtidai araşdırma məlumatları, o cümlədən cinayət işi materialları və ittiham aktında qeyd olunanlar istintaq sirrini təşkil etdiyindən yayılması yolverilməzdir. Həmçinin ittiham aktında cinayət prosesi iştirakçılarının şəxsi və ailə sirrini təşkil edən məlumatlar var ki, bu məlumatların da yayılması qanunvericiliklə yolverilməz hesab edilir.

Bundan başqa, vurğulanıb ki, Cinayət Prosessual Məcəlləsində ittiham aktının və onun surətinin verilməsi mümkün olan şəxslərin siyahısı konkret göstərilib və təqsirləndirilən şəxsin ailə üzvləri həmin siyahıya daxil deyil.

Qeyd edilənləri əsas gətirən ittiham tərəfi vəsatətin təmin olunmamasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların mövqeyi ilə razı olduqlarını bildiriblər.

Ardınca hakimlər kollegiyası yerində müşavirə edərək vəsatətin təmin olunmaması barədə qərar qəbul edib.

Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, cinayət prosessual qanunvericilikdə ittiham aktının surətinin təqdim olunması nəzərdə tutulan şəxslər konkret göstərilib və təqsirləndirilən şəxsin ailə üzvləri buraya daxil deyil.

Məhkəmənin növbəti iclası iyunun 10-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.06.06

2025.06.05

2025.06.04

2025.06.03

2025.06.02

2025.06.01

2025.05.31

2025.05.30

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az