Həyat büsbütün döyüş meydanını xatırladır. İnsan çalışıb vuruşaraq təhsil alır, iş tapır, ailə qurur, çörəkpulu qazanır. Bir sözlə, hər kəs çalışıb vuruşaraq həyatda müəyyən bir mövqeyə sahib olur. Zaman-zaman nəfsinlə, bəzən xəstəliklərinlə, boş vaxtların olanda problemlərinlə döyüşür, xoşbəxt olmağa çalışırsan.
Bugünkü həmsöhbətim də əlbəyaxa döyüş növləri üzrə dünya çempionudur. O, asudə vaxtlarında ilham pəriləri ilə savaşaraq şeir yazır, musiqi ifa edir, bəzənsə seriallarda bədii obrazları canlandırır.
- Özünüz haqqında məlumat verərdiniz.
- Mən Süleymanov Anar 1983-cü ildə Bərdə rayonunda anadan olmuşam. Orta məktəbi bitirib, ali məktəbə daxil olmaq üçün Bakıya gəlmişəm.
- İdmana maraq haradan yaranıb sizdə?
- Uşaq vaxtı xəstə olmuşam. Asma-bronxit idim. Evdən gizlin gedib idmanla məşğul olmağa başladım. Artıq bir ildən sonra evdəkilər bildilər, yarışmalara qatılıram. Atam musiqi xadimidir. Hazırda Bərdədə musiqi məktəbində direktor müavini işləyir. Hətta atamdan gizli musiqi ilə də məşğul olurdum. Qarmonu çox gözəl ifa edirəm. İki dəfə respublika laureatı olmuşam. XI sinifdə oxuyanda musiqini qoydum qırağa, oxudum, ali məktəbə daxil oldum. Onunla yanaşı idmanımı da davam etdirdim. Üç seriala çəkilmişəm. 2009-cu ildə dostum Samir Qulamov mənə təklif etdi ki, serial çəkirik. Məni də dəvət elədi. İncəsənətə marağım olsa da, əvvəl fikirləşdim ki, çətin olar. Amma bir tərəfdən də özümü sınadım, çox gözəl alındı. Əvvəllər verilişlərə idmançı kimi dəvət alırdım. Az-çox tanınırdım.
- İdmanın hansı növü ilə məşğul olursunuz?
- Əlbəyaxa döyüş üzrə ikiqat dünya çempionuyam. İki dəfə də dünya finalçısıyam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuşam. Tələbələrim də var. Hazırda Zığ şosesində "Lider" idman klubunda baş məşqçi işləyirəm. 25-dən çox tələbəm var.
- Sizdə idmana maraq çoxdu, incəsənətə?
- Hazırda maddiyyat az olduğuna görə seriallara üz tutmuşuq. Çəkildiyim seriallardan dolanışıq üçün qonorar alıram. Bir kişi kimi idman mənim üçün simvoldur. İdman həyatımın ən öndə gedən bir hissəsidir. İdmansız özümü təsəvvür edə bilmərəm. Seriallara çəkilirəm. Almaz Ələsgərlinin klipinə də çəkilmişəm.
- Bildiyimə görə şeir də yazırsınız?
- İyirmi-otuz şeirim var. Hər bir insan şeir yaza bilər. Amma hamıya şair demək olmaz.
- Kumiriniz kimdir?
- Mənim konkret bir kumirim yoxdur. Məsələ bir əldə iki qarpız tutmaqda deyil. İdmanda dünya çempionundan yüksəkdə heç kim durmur. Təsəvvür elə, aşağıda olanda kiməsə deyirsən əlçatmazdır. Mənim üçün əlçatmaz insan yoxdur. Aktyorluqda heç kim. Hər şey başqa cürdür. Əvvəlki aktyorlarımızdan görüb-götürmüşük. İndi isə fikirlər tez-tez dəyişir.
- Şeirlərinizi sevgi mesajı adlandıra bilərik?
- Sevgi mesajları çoxdur. Ürəyimdən gəlir, yazıram. Mən yazdığım şeirləri sosial şəbəkələrdə paylaşıram. Bir də görürsən kiminsə xoşuna gəlir, mahnı yazır. On beş gün bundan əvvəl 104. FM-də mənim xəbərim olmadan aparıcı Almaz xanım mənim şeirimi deyib. Heç tanış deyildik, sonra tanış olduq. Çox sağ olsunlar ki, mənim dostlarım şeirlərimə bu qədər qiymət verirlər.
- Uşaqlıq xatirələrindən danışardınız?
- Uşaqlıqda sakit olmuşam. Heç kimə dəyib dolaşmırdım. Bir dəfə on iki yaşımda sinif yoldaşlarım mənim üstümə düşüb döydülər. İdmana gəlməyim maraqlı olub. Məni döydüklərinə görə özümə söz verdim ki, xəstə olsam da, ya öləcəyəm, ya da idmançı olacağam. Prinsip məsələsi ilə idmana gəldim. Xəstəliyimdən də əsər-əlamət qalmayıb.
- Sevdiyiniz insan varmı?
- Hazırda otuz yaşım var. Subayam, sevdiyim hələ ki yoxdu. Karyeramı qurandan sonra ailə quracağam.
- Ümumiyyətlə qısqanc insansınız?
- Çox qısqancam. Hər bir insanın ürəyində qısqanclıq var. Onun xarakterindən asılıdır. İdmançı olanda insanın prinsipləri dəyişir, həyata baxışlarında sərtləşirsən. Nə qədər mülayim olmaq istəyirsən, idman səni dəyişir.
- Seriallara çəkilirsiniz. Az-çox şou-biznesdəsiniz. Sizi qalmaqala salsalar, neyləyərsiniz?
- Birinci, qalmaqal mənim sahəmə uyğun deyil, şou əhli ilə salam, sağ ol münasibətim var. Heç vaxt qalmaqala fikir vermərəm. Heç kimlə şərikli bir işim ola bilməz. Qalmaqala salsalar da, uzaq olaram. Çünki xasiyyətimə uyğun deyil.
- Mənfi və müsbət cəhətiniz nədir?
- Mənfi xasiyyətim odur ki, səbirsizəm, tez əsəbiləşirəm. Ola bilər ki, hörmət xatirinə reaksiya göstərmərəm, amma ürəyimə salaram. Ətrafımda nəsə görəndə sözümü deməsəm də, əsəbiləşirəm.
Müsbət cəhətim isə... əslində, insan özünü tərifləməməlidir. Çalışıram idmançı olduğuma görə istifadə etməyim. Yaxşılıq edirəm. İnsanlara təmənnasız şəkildə yanaşıram.
- İlk müəlliminiz kim olub?
- Bərdədə Nurəddin müəllim olub.
- Hansı müğənniləri dinləyirsiniz?
- Röyanı, şablon sözdü, amma onu dinləyirəm. Emin Rəhmanovu da dinləyirəm.
- İlk məhəbbətiniz neçə yaşında olub?
- İlk məhəbbətim 2005-ci ildə olub. Ali məktəbi bitirib, rayona qayıtmışdım. Bərdə idman kollektivində müavin işləyirdim. O qıza görə atıb gəldim Bakıya, üç il davam etdi münasibətimiz, 2008-ci ildə ayrıldıq. Hara yoxa çıxdı, bilmirəm. Təbii ki, ürəyimdə nisgili qaldı. "Biz bir daha görüşməyəcəyik", "Sənə haram əllər dəymiş" adlı şeirlərim var ki, ilk məhəbbətin nisgilindən qələmə alınıb.
- Hazırda nə işlə məşğul olursunuz?
- 30 mayda dünya kəməri uğrunda döyüşəcəyəm. Seriallarda da çəkilişlər gedir.
- Xəyanətə münasibətiniz necədir?
- Bir gün mənə edilən xəyanəti bağışlamaq istədim. Ancaq onu bağışlaya bilmədiyimə görə ümumiyyətlə bağışlamaqdan vaz keçdim.
- Dost nə deməkdir sizin üçün?
- Dost mənim yaralı yerimdir. Zamanında tanıdığım düzgün insanlar var. İnsanları tanıyıram, seçim edirəm. Artıq fikirləşirəm ki, bu yanımda ola bilər, yoxsa yox.
- Sizi nə qıcıqlandıra bilər?
- Atılan şərlər və xəyanət.
- Yalana münasibətiniz.
- Əsil kişi yalan danışmamalıdır. Səbrimi basar, xanımlara da yanaşanda kişi kimi yaxınlaşıram.
- Nankorluq görmüsünüz?
- Yarışlarda çox olub nankorlar. İnanın, elə idmançılar olub ki, evimdə qalıblar, sonra nankor çıxıblar.
- Kədəri dəf etmək üçün nə edirsiniz?
- Pianinomda musiqi ifa edirəm.
- Təhlükəli qadından özünüzü necə qoruyursunuz?
- Ya dillə, ya gözlərlə, ya da gözəlliklə qoruyuram.
- Qadın gözəlliyi nə deməkdir sizin üçün?
- Təbiətin ən böyük gözəlliyidir. Hər bir insan o gözəlliyə dəyər verə bilmir. Qadın böyük bir varlıqdır. Sizin kimi xanıma baxanda adam gözəlliyi görür, səmimi, gülərüz.
- Həyatda neçə dəfə sevmək olar?
- İki dəfə. Birinci uşaq sevgisidir. Uşaqlıqda olur, ilk sevgi olur. Sonra da sevirsən, ailə qurursan!
- Şəlalə nə deməkdir sizin üçün?
- Həzin bir bulağın axmağıdır. Elə sirlər eşidərsən ki, həzin bulaq kimi axır. Daxilinizə görə, adınıza görə sizə bir şey yazacağam.
- Ürəyinizdə hansı sual qaldı?
- Bütün suallara cavab verdim. Ürəyimdə elə bir sual qalmadı. Bir də Samir Qulamova minnətdaram ki, məni seriallara dəvət edir.
Bu gün onun cavabları mənim suallarımla savaşmadı. Əksinə, birlikdə çalışıb vuruşduq ki, döyüşçü idmançılar haqda formalaşmış yanlış stereotipləri məhv edək.
Şəlalə kənarında görüşənədək...
Şəlalə Nəriman
O.M.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































