Bakı Rəqəmsal İpək Yolu qurur

Bakı Rəqəmsal İpək Yolu qurur

Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin birgə çəkilməsi və istifadəsi üzrə fəaliyyətin təşkilinə dair dövlətlərarası saziş imzalanıb. Sazişə əsasən, kabel xəttinin tikintisini Azərbaycan tərəfdən "AzerTelecom" MMC, Türkmənistan tərəfdən isə "Türkməntelekom" Elektrorabitə Şirkətləri icra edirlər.

Bu sözləri "AzerTelecom" MMC-nin Koorporativ-Komunikasiya şöbəsinin rəhbəri Əlimərdan Sultanov Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel xətti barədə danışarkən deyib. O bildirib ki, kabel xəttinin ümumi uzunluğu təqribən 300 kilometr olacaq:

"Xətt Xəzər dənizinin dibi ilə Siyəzəndən Türkmənistanın Türkmənbaşı şəhərinə çəkiləcək. Bu, Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunun formalaşmasına səbəb olacaq. Hazırda Orta və Cənubi Asiya ölkələrinin, Çinin internet trafikinə olan illik ehtiyacları 60-70 faiz artıb. Bu da həmin ölkələrin alternativ marşrut axtarmasına səbəb olur. Kabel xətti imkan verəcək ki, Türkmənistandan əlavə Əfqanıstan, Pakistan və Hindistan kimi ölkələr də artıq internet trafikini Azərbaycan vasitəsilə əldə etsinlər. Bu, konnektivitet adlanır və faktiki olaraq Avropa ilə Cənubi Asiya arasında Azərbaycandan keçən rəqəmsal kommunikasiya dəhlizidir".

Şöbə rəhbəri vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi Almaniyanın Frankfurt şəhəri ilə Hindistanın Mumbay şəhəri arasında Rəqəmsal İpək Yolunu yaradır:

"Yəni Azərbaycanın bu təşəbbüsü tarixi İpək Yolunun üzərində Rəqəmsal İpək Yolunun formalaşmasına və artıq region ölkələrinin internetə olan ehtiyacının gələcəkdə Azərbaycan vasitəsilə ödənilməsinə imkan verəcək. Bu da Azərbaycanın tranzit ölkə olmasına şərait yaradacaq. Kabel xətləri çəkiləndən sonra məqsəd odur ki, internet region ölkələrinə məhz Azərbaycandan verilsin və ölkəmiz rəqəmsal mərkəzə çevrilsin. Kabel xəttinin gücü təqribən 2-4 terabit/saniyəyə qədər məlumatın ötürülməsinə imkan verəcək. Kabel xəttinin tikintisi təxminən 2022-2023-cü ilə kimi yekunlaşacaq".

Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan səfəri çərçivəsində rabitə operatorları "AzerTelecom" MMC və "Türkməntelekom" Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az