Bu günlərdə Amerikada baş tutan "qara cümə"nin "kitayski" versiyası ölkəmizdə də gerçəkləşdi. Özü də bir yox, bir neçə gün. Bu barədə musavat.com-dakı reportajlarda tanış ola bilərsiz. Amma biz dünyadakı, məmləkətimizdəki endirim kampaniyaları və onun bilinməyən yönləri barədə yazmaq istəyirik.
Məlum, ilin sonu yaxınlaşır, böyük firmalar, mağazalar endirim kampaniyalarına başlayırlar. "70 faizlik" endirimlər, "birini alana biri hədiyyə" kampaniyaları və sair. Dünyada və Azərbaycandakı bu kampaniyaların pərdə arxasına boylanmaq istədik bir qədər. Nə edək, necə edək ki, aldanmayaq? Hansı firma, mağazalar şəbəkəsi alıcıları asanlıqla öz toruna sala bilir?
"Qara cümə" deməyin - bu, kimin üçün qaradır?
Öncə "qara cümə" barədə. ABŞ-da hər il noyabr ayının dördüncü cümə axşamı gün "Şükranlıq günü" (Thanksgiving Day) kimi qeyd olunur. Bu gündən bir gün sonra, yəni cümə günü "Black Friday" yəni "qara cümə" adlandırılır. Həmin gün mağazalar ən azı 20% olmaqla 70%-ədək endirimlər tətbiq etdiklərindən insanlar mağazalara hücum çəkirlər. Bu cümə günü də ABŞ-lı istehlakçılar mağazaların qarşısında uzun növbələr əmələ gətirmişdi. Mağazaya ilk girənlərdən olmaq və istədiyi məhsulu qurtarmadan almaq üçün saatlarla növbə gözləyən amerikalılar, xüsusilə "Moda Prospekti" kimi tanınan "Fifth Aveneu"dakı mağazaların qapısında gözləməyə başlamışdılar.
Bu il "qara cümə" günündən etibarən ilin sonuna kimi 600 milyard dollarlıq alverin ediləcəyi gözlənilir.
Bu alver gününə ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən "Black Friday" adı qoyulub. Buna səbəb olaraqsa o gün Fladelfiada, alış-verişdən ötəri nəqliyyatda yaranan "tıxac"lar və digər çətinliklər göstərilmişdi. Ancaq 1975-ci ildə "Black Friday" üçün başqa mənalar da işlədilməyə başladıldı. Çünki "Black Friday", adındakı "qara" ifadəsinə baxmayaraq, bir çox adam tərəfindən qara deyil "pink" (çəhrayı) hesab edilirdi.
Çünki bu dövrdə bir çox mağaza, ilin ən yaxşı gününü yaşayır və gəlirlərini olduqca yüksəldirlər. O günə qədər il ərzində zərər edən firmalar həmin gün səbəbindən ili böyük qazancla bağlaya bilirlər.
"Black" sözü İngiliscədə eyni zamanda mühasibatlıq termini kimi də tez-tez istifadə edilən bir sözdür. Belə ki, "black" balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də "Black Friday" şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.
Bundan başqa, ABŞ-ın şirkətləri zərərlərini mühasibat hesablarına qırmızı qələmlə yazarlar, qazanc əldə etdikləri nöqtədə qara qələm istifadə edirlər. "Qara cümə", şirkətlərin o gün üçün yalnız qara qələm istifadə etməsinə səbəb olduğundan "Black Friday" belə bir məna da verir.
Bu dövrdə edilən alverə bariz bir nümunə kimi "Wal-Mart" göstərilə bilər. Dünyanın ən böyük pərakəndə mağazalar şəbəkəsi həmin gün milyardlarla dollar gəlir əldə edir.
Bu il də bir çox amerikalı hətta ənənəvi Şükranlıq bayramına hazırlanan şam yeməyini başa vurmamış "Qara cümə" alış-verişi üçün cümə axşamından dükanların önündə növbələrə dayanmağa, çadır quraraq gecələməyə başlayıb.
"Kmart" kimi bəzi dükanlar ənənəni saxlayaraq qapılarını səhər saat 6-da açsa da, bir çox dükan iki gün öncədən açıq olub.
"Macy’s" dükanlar şəbəkəsinin ikonik filialı olan Nyu-York şöbəsi "qara cümə"dən öncə cümə axşamı günü qapılarını alıcılara açıb. Şirkət bildirib ki, cümə axşamı günü saat 5-də açılmamışdan əvvəl növbədə 16 mindən çox insan dayanıb. ABŞ-da "Mall"ların böyük əksəriyyəti ya cümə axşamı gec saatlarda, ya da cümə günü sübh tezdən açılıb. Ancaq bir çox müşahidəçilər ötən illə müqayisədə bu il növbəyə dayananların və alıcıların sayının daha az olduğunu bildirir. Hər il noyabr ayının sonuncu cümə axşamı günü qeyd edilən Şükranlıq Günü həm də Amerika Birləşmiş Ştatlarında bayram alış-veriş mövsümünün başlanğıcı deməkdir.
"Qara cümə" insan ölümünə səbəb oldu - şoppinqdə ölənlər
Bu il bir sıra şirkətlər yüngül sənaye mallarının satışlarında kəskin artımın artıq müşahidə olunduğunu bidirib. Lakin Amerikanın "WalMart", "Target" və "Macy’s" kimi böyük ticarət şirkətləri seçkilərdən sonra istehlakçı davranışında böyük fərqin hiss edilmədiyini qeyd edib.
"Qara cümə" günündə ABŞ-da bir neçə nəfər öldürülüb. Mağazalardakı böyük endirimlərdən yararlanmaq istəyənlərin çoxluğu bir neçə ştatda insidentə səbəb olub. Belə ki, Nevada ştatında avtomobil dayanacağında maşını saxlamağa görə mübahisə düşüb. Nyu-Cersidə isə sıxlıq olan mağazada iki quldur dəstə arasında dava düşüb və cinayətkarların biri atəş açıb. Digər ştatlarda isə mağazalardakı böyük endirimlərlə əlaqədar yaranan izdihamda kütləvi davalar olub.
Ümumilikdə, "qara cümə" günü 2 nəfərin ölümünə, 4 nəfərin isə yaralanmasına səbəb olub.
Ən qəribə kampaniyalar - bir xalça alana altı xalça hədiyyə...
Amma bu günə qədər dünyada çox fərqli kampaniyalar keçirilib. Məsələn, Amerikanın ştatlarından birində məşhur bir otel yenicə evlənən cütlüklər üçün 70 faizlik endirim kampaniyası elan etmişdi. Kök olan, amma son bir ayda 5 kilo ata bilən qadınlar üçün 50 faizlik endirim kampaniyası təklif edən mağazalar da olub. Təbii ki, onlar potensial müştərilərini yoxlayandan sonra onlara bu endirimi həyata keçirirlər.
Yazının motivinə uyğun olaraq, bu günə qədər Türkiyədə keçirilmiş ən ağlasığmaz endirim kampaniyaları barədə yazaq. "Bir mal alana, ikincisi havayı" kampaniyaları bu günə qədər çox yayılıb deyə, barəsində xüsusi danışmağa ehtiyac yoxdur.
Bunlardan birini qovun satıcısı edib. Kampaniya isə belə olub: "Qovunların içində dadsız tapan müştəriyə bir telefon hədiyyə ediləcək". Daha bir xalça satıcısı isə "1 xalça alana, 6 xalça müftə" kampaniyası keçirib. Diqqət çəkən isə həmin satılan xalçanın qiyməti olub. Mağazalardan birində isə "tövsiyə niyyətinə maliyyəsinə satışlar" elanı verilib. Bir mobil telefon mağazası isə "bir nömrə alana, bir şalvar hədiyyə" adlı kampaniya keçirib.
Siz heç kəfən satışında reklam kampaniyası barədə eşitmişdiz? Elan təxminən belə idi.
"Cəhənnəm atəşində dayanıqlı kəfən satılır".
Biz bəlkə də bütün bu proseslərə gülürük. Amma dünyada belə kampaniyaları çılğın kimi izləyənlər ordusu var. İnternetdə bu sayaq saytların daimi izləyiciləri, tez-tez alış-verişə çıxanlardan gedir söhbət. Elmdə bunun adı şoppinq xəstəliyidir. Sözügedən xəstəliyin daşıyıcıları böyük əksəriyyətdə qadınlardır. Onların bu xəstəliyi daşımaları cəmiyyətdə normal qəbul olunur. Bu, təxminən kişilərin birdən artıq qadınla eyni vaxtda münasibət qurmasına bənzəyir. Sonuncu variantda "kişidir, edə bilər" deyilirsə, qadınlara da eyni anlayış göstərilir.
Alimlər onu da müəyyənləşdirib ki, bu xəstəliyə düşməyin də xüsusi səbəbləri var. Bunlardan biri sahib olma ehtirasıdır. Bu xəstəliyin daşıyıcıları "pulum var, ya yox. Ehtiyacım var, yoxsa yox" kimi suallar ətrafında düşünmürlər. Onlar gördükləri, bəyəndikləri hər şeyi satın alırlar. Özlərinə yeni bir şey almayanda isə insanlar özlərini pis hiss edir, sıxıntı keçirir, hətta depressiyaya düşürlər.
Xəstəliyi yaradan ikinci səbəb isə insanda yaranan dəyərsizlik hissidir. Daha dəqiq ifadə etsək, dəyərsizlik, yalqızlıq, acıq, yasaqlanma kimi neqativ duyğular da alış-veriş xəstəliyinə yol aça bilər. Məhz bu səbəbdən bəzi insanlar alış-veriş edərək, özlərini dəyərli hiss edirlər. İnsan satın aldıqlarının ona dəyər qatacağına, güclülük hissi verəcəyinə inanır.
Ancaq istədiyi şeyləri aldığı zaman ilk andakı həzz xaricində xəyal etdiyi hissi yaxalaya bilməyəndə dəyərsizlik hissi bu dəfə daha ağır şəkildə geri qayıdır. Bu zaman vəziyyət daha da qəlizləşir. İnsan o ilk andakı alış-veriş həzzini yenidən yaşamaq üçün gedərək artan bir sürətlə mağazalara hücum edir.
Bu tip xəstələr üçün psixoloqların göstərdikləri yollar aşağıdakılardır:
1. Bəyəndiyiniz bir malı görəndə almayın. Bir az gözləyin və ona həqiqətən ehtiyacınız olub-olmadığını düşünün. Və ya mağaza işçilərindən bəyəndiyiniz malı sizin üçün ayırıb saxlamalarını xahiş edin. Əgər bir neçə gün sonra o malı hələ də almaq istəyirsinizsə, o zaman alın.
2. Özünüzə hər ay bir alış-veriş büdcəsi hazırlayın və büdcəni əsla zorlamayın, aşmayın.
3. İki həftə içində etdiyiniz bütün alış-veriş xərclərini bir kənara yazın. Bu, sizin alış-verişə nə qədər çox pul xərclədiyinizi görmənizə səbəb olacaq.
4. Kredit karınızın(əgər varsa) limitini aşağı salın.
Psixoloqlar düşünür ki, deyilən məsləhətlərə əməl edənlər tez bir zamanda sözügedən xəstəliyin pəncələrindən də qurtula biləcək. Psixoloqlar onu da araşdırıb ki, iri alış-veriş mərkəzləri müştərilərin daha çox cəlb edilməsi üçün xüsusi hiylələr tətbiq edirlər və bu zaman mütəxəssis yardımından istifadə edirlər.
Sonuncular elmi erqonomiya adlı sahəni təmsil edirlər və insanların alış-veriş zamanı necə düşündüyü, necə reaksiya verdiyi barədə dinamikalar üzərində işləyir. İlk təsbit: İnsanların çoxu solaxay olmadıqları üçün alış-veriş mərkəzlərinə girərkən öncə sağ tərəfə yönəlirlər. Buna görə də böyük mağazaların əksəriyyəti sağ tərəfdə yerləşdirilir. 2. Soyunma kabinələrini qəsdən mağazanın sonunda yerləşdirirlər ki, ora çatana qədər müştəri gözünə dəyən bir neçə qiyafəni də geyinmək üçün götürsün. 3. Market arabaları qəsdən böyük hazırlanır ki, insan hər dəfə ona baxdıqca guya az alver etməsi ilə bağlı təəssürata qapılsın.
4. Mağazalarda iri aynaları həm də ona görə qoyurlar ki, alış-veriş etmək istəməyən insan belə orada özünə və ətrafındakı geyim-gecimli insanlara baxıb kompleksə düşsün, nəticədə isə özünə paltar alsın. 5. Reklam kampaniyalarındakı "fürsəti qaçırmayın", "70 faiz" endirim kimi çağırışlar da insanı dərhal nəsə almağa təşviq edir.
(musavat)
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































