Bu ilin birinci yarısında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35,8% artaraq 1851,7 min olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, gecələmələrin ümumi sayının 66,5%-i Bakıda, 5,3%-i Qusarda, 4,4%-i Naftalanda, 3,9%-i Qubada, 3,6%-i Qəbələdə, 3,3%-i Şabranda, 2%-i Lənkəranda, 1,2%-i Xaçmazda, 1%-i Naxçıvan Muxtar Respublikasında və 8,8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı illik müqayisədə 37,1% artaraq 1080,9 min olub ki, bu da ümumi gecələmələrin 58,4%-ni təşkil edir. Gecələmələrin ümumi sayının 21,1%-i Hindistan, 14,6%-i Rusiya Federasiyası, 7,8%-i Türkiyə, 6,6%-i Səudiyyə Ərəbistanı, 5,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,3%-i ABŞ, 2,8%- Küveyt, 2,7%-i Qazaxıstan, 2,4%-i Böyük Britaniya, 2,2%-i Çin, 2,1%-i İsrail, 2,1%-i Özbəkistan, 2,1%-i Pakistan, 1,3%-i Almaniya, 1,1%-i İtaliya, 22,1%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5%-i Bakıda, 5%-i Qusarda, 3,9%-i Qəbələdə, 3,6%-i Naftalanda, 2,9%-i Qubada, 0,5%-i Şabranda, 1,6%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı illik müqayisədə 34% artaraq 770,8 min olub ki, bu da ümumi gecələmələrin 41,6%-ni təşkil edir.
Maraqlıdır, ölkəmizdə hotellərdə istifadə edənlərin sayı artmasını turizm sektorunun inkişafı kimi dəyərləndirmək olar?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cümhuriyət”-ə açıqlamasında deyib ki, otellərdən istifadə edənlərin sayının artmasına bir neçə səbəb var:
“Ölkəmizdə əvvəllər otellərin sayı çox az idi. Lakin son illər hotel və mehmanxana sektorunda rəqabət mühiti formalaşdı. Belə ki, gecəsi 20-30 manata, hətta 15 manata hotel və hostellər təklif olunmağa başladı. Belə bir rəqabət mühitinin yaradılması öncəliklə paytaxtımızda daha sonra bölgələrdə hoteldən istifadə edənlərin sayının artmasına zəmin yaratdı. Nəticədə oteldən istifadə edənlərin sayına və əcnəbi turistlərin çoxalmasına müsbət təkan verdi”.
İqtisadçı bildirib ki, otel sahəsində turist axını ən çox Asiya ölkələrindən təşkil edir:
“Ölkəmizdə son vaxtlar hindistanlı və pakistanlı turistlər çoxluq təşkil edirdi. Lakin Rusiya-Ukrayna savaşı başladıqdan sonra ölkəmizə Rusiya Federasiyasından toplu halda rus vətəndaşları gəlməyə başladı. Bu, otel sahəsinə müsbət təsirini göstərdi. Tək Rusiya deyil, həm də digər əcnəbi vətəndaşların, əsasən də ərəblərin gəlişi turizm sektoruna müsbət təsir etdi”.
O vurğulayıb ki, yerli sakinlər əsasən otellərdən bir neçə saatlıq istifadə edir:
“Paytaxtda otellərdən istifadə edənlər əsasən bölgələrdən gələn vətəndaşlardır. Gecəni keçirənlər isə sayca çox azdır. Çox zaman qohumları və yaxınları ilə birgə qalmağa çalışırlar. Çünki günlük mehmanxana və otellər yerli vətəndaşların büdcəsi üçün nisbətən uyğun deyil. Aylıq kirayə mənzillər isə daha uzunmüddətli qalan vətəndaşlara verilir. O baxımdan, yerli vətəndaşlar bir neçə günü keçirmək üçün ucuz otellər tapır”.
O qeyd edib ki, əvvəllər bir çox otellərdə nikah kağızı tələb olunurdu:
“Otel və mehmanxana sahəsi inkişaf etmədən öncə bir neçə böyük otel vardı. Onların da özünəməxsus daxili tələbləri olurdu. Əgər vətəndaş otelə xanımla gəlirdisə, mütləq qaydada ondan nikah kağızı tələb olunurdu. Bu barədə qanunvericilikdə hər hansısa bir maddə öz əksini tapmayıb. Hətta vətəndaşa otel sırf nikah kağızı olmadığına görə xidmət göstərməsə, vətəndaş məhkəməyə belə müraciət edə bilər. Ancaq otel və mehmanxanalar sahəsində rəqabət mühiti formalaşdıqdan sonra otellərdə nikah kağızı tələbi öz aktuallığını itirdi və otellərdən istifadə edənlərin sayında xeyli artım oldu”.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































