“Ərimin əvəzinə mən həbsə getdim”

“Ərimin əvəzinə mən həbsə getdim”

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilən Şəms Səmədovanın məhkəməsi keçirilib. Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə Ş.Səmədova ifadə verərək özünü təqsirli bilmədiyini deyib:

"Hadisə günü oğlumla evə gedirdik, məhləyə çatanda gördük hamı qaçır. Bu vaxt iki nəfər qoluma girib məni evə gətirdi, çantamı da aldılar. Sonra bizi polisə apardılar, orada hal şahidləri dedilər ki, guya mənim çantamdan narkotik çıxıb, mən də yalan olduğunu dedim.

Mən bundan əvvəl də narkotika görə "yatmışam", amma onda da günahım olmayıb. Ərimin əvəzinə mən həbsə getdim. Ortada heroin var idi, ərim də "lomka"da idi. Dedi tutulsam, türmədə öləcəyəm. Onun əvəzinə mən heroini üzərimə götürdüm və gedib içəridə yatdım.

Kişi qızı kimi də cəzamı çəkib çıxdım. Nə çəkəni olmuşam, nə də satanı olmuşam. Mən Nizamın qızıyam. İçəri getsəm də kişi qızı kimi gedəcəm ki, sabah oğlumu tində görəndə deməsinlər ki, anan necə "srok" yatıb. Mən içəri özümlə heç kimi aparmaram, heç kimi satmaram. Amma bu işdə günahım yoxdur. Alnı açıq, üzüm ağdır. Mən nə vaxtsa burdan çıxanda "Kubinka"ya başı uca gedəcəm".

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç uşaq anası olan Şəms Səmədova həbs edilib. Əməliyyat zamanı S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da saxlanılıb.

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar — 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, "kokos" (kokain), metamfetamin, "spays" qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar.

Ş.Səmədovanın atası "Damdayatan Nizam" ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da "Kubinka" adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar. Qafqazinfo

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az