İlham Əliyev: “500 milyon insan gördü ki, Bakı “Formula-1” yarışını keçirməyə qadirdir”

İlham Əliyev: “500 milyon insan gördü ki, Bakı “Formula-1” yarışını keçirməyə qadirdir”

"Bəzən biz görürük ki, bəzi yarışlarda ədalətsiz qərarlar qəbul edilir, o cümlədən bizim idmançılara qarşı. Əlbəttə ki, bu, bizi çox narahat edir və incidir".

Bunu Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar və onların məşqçiləri ilə görüşü zamanı deyib.

"Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan artıq dəfələrlə müxtəlif beynəlxalq yarışlarda sübut edib ki, biz doğrudan da güclü idman dövlətiyik, bizim güclü idmançılarımız var və idmançılar Azərbaycanın şöhrətini daim yüksəklərdə saxlayırlar", - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür: "Məhz bunun nəticəsidir ki, bu gün biz Avropa, dünya çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr göstəririk. Həm təlim-məşq prosesi düzgün təşkil edilir, həm də idman infrastrukturu yaradılır. Bizim bölgələrimizdə 40-dan çox regional Olimpiya Mərkəzi fəaliyyət göstərir. Bir neçə Olimpiya Mərkəzində tikinti işləri gedir və gələn il bu işlər davam etdiriləcək. 2008-ci ildə paralimpiyaçılar üçün xüsusi Olimpiya İdman Mərkəzi yaradılıb və orada bizim idmançılarımız məşq edirlər. Digər infrastruktur yaradılır. Bakıda ən yüksək beynəlxalq yarışları qəbul edə biləcək idman obyektləri var. Keçən il Avropa Oyunlarının keçirilməsi zamanı bütün dünya bunu gördü. Yeri gəlmişkən, ötən il Avropa Oyunlarının keçirilməsi də bizim idman potensialımızı əks etdirir. Çünki bu qərarın qəbul edilməsində Avropa Olimpiya Komitəsi eyni zamanda bizim idman potensialımızı da nəzərə alıb. Əlbəttə, bizim ölkəmiz də, Bakı şəhəri də bu Oyunların keçirilməsinə hazırlıqlı idi və bütün qonaqlar, Azərbaycana gələn minlərlə idmançı bunu gördülər. Əlbəttə, bu, Azərbaycanda idman sahəsində əldə edilmiş uğurların da nəticəsi idi. Bizim komandamız tarixi qələbə qazanaraq 50 milli olimpiya komandası arasında ikinci yerə layiq görülüb, o cümlədən paralimpiyaçılar da bizi sevindiriblər".

Bütövlükdə ölkəmizin inkişafı ilə bağlı lazımi addımlar atılır. Bu inkişafla bilavasitə bağlı olan əlbəttə ki, ölkəmizin dünyaya tanıdılmasıdır və burada idmanın xüsusi yeri var. Misal üçün, Avropa Oyunları bütün Avropanın diqqətini Azərbaycana cəlb etmişdir. Bu il keçirilmiş "Formula-1" yarışının auditoriyası 500 milyon insandır. Bu 500 milyon insan gördü ki, Bakı şəhəri bu yarışı keçirməyə qadirdir. Eyni zamanda, onlar Bakının gözəlliyini, abadlığını, şəhərimizin, sakinlərimizin həyatını gördü və əlbəttə ki, bu, bir çoxları üçün sürpriz idi. Təsəvvür edə bilmirdilər ki, Azərbaycan bu dərəcədə inkişaf edib, Bakı şəhəri dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilib.

"Bu il, eyni zamanda, Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirildiyini deyən dövlət başçısı qeyd edib ki, iştirakçı komandaların sayına görə bu, rekord nəticə idi. "Beynəlxalq Şahmat Federasiyasının rəhbərlərinin fikrinə görə, bu, ən yaxşı təşkil edilmiş Ümumdünya Şahmat Olimpiadası idi. Yəni, bizim bu sahədə gözəl təcrübəmiz var, bütün təşkilati işlər yüksək səviyyədə həll olunur və bu gün Azərbaycan dünya miqyasında güclü dövlət, güclü idman dövləti kimi tanınır. İdmançılar əldə etdikləri medallarla idman şöhrətimizi ucaldırlar. Bakıda keçirilən beynəlxalq yarışlar bütün dünyaya Azərbaycanı gözəl, inkişaf etmiş, mütərəqqi ölkə kimi təqdim edir. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi davam edir. Gələn il İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əgər keçən il biz Avropa idmançılarını Azərbaycana yığmışdıqsa, gələn il müsəlman idmançılarını Bakıda bir yerə toplayacağıq. Bu, ölkəmizin inkişafını, bizim niyyətimizi göstərir. Mən əminəm ki, idman xalqlararası, dinlərarası əlaqələrin inkişafına çox əhəmiyyətli töhfə verir. Bizim ölkə idman yarışlarının keçirilməsi ilə, eyni zamanda, bu məqsədi də güdür", - deyə o vurğulayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az