379 kq ağırlığı qaldıran ''qızıl oğlan'' nədən Rioda öz bayrağımızı qaldırmadı?

379 kq ağırlığı qaldıran ''qızıl oğlan'' nədən Rioda öz bayrağımızı qaldırmadı?
22 yaşlı idmançını Azərbaycandan didərgin saldılar

Gələcək çempionu göz görə-gərə məhv etmək istəyiblər, amma o, sıyrılıb və dövlətimizin olmasa da, xalqımızın adını uca edib

Iki gündən sonra onun adı günüdür, 22 yaşı tamam olacaq. Bu gün onu artıq bütün dünya tanıyır. 9 milyon azərbaycanlının tanıyıb sevəcəyi Nicatı bu gün 16 milyonluq qazax xalqı da sevir, onunla qürur duyur. Çünki ağır atlet Nicat Rəhimov Rio olimpiadasında qızıl medal qazanaraq, Qazaxıstanın dövlət bayrağını qaldırıb, himnini səsləndirib.

Onun olimpiada kimi mötəbər yarışda Azərbaycanı təmsil etməməsi sırf subyektiv səbəblərdən, kimlərində səhlənkarlığı, məsuliyyətizliyi, qeyri-peşəkarlığı üzündən baş tutmayıb. Yoxsa Nicatı Azərbaycan xalqı öz bağrında yetişdirib. O, Azərbaycan atletika məktəbinin yetirməsidir, dünənə qədər ölkəmizin adından çıxış edib. Ancaq gün gəlib ki, o, məcburiyyət üzündən ölkədən getməli olub. Ona görə ki, özü və atası burada perspektiv görməyib. Nicatın atası Əli Rəhimov 20 yaşlı oğlunun göstəricilərinin getdikcə düşməkdə olduğunu görüb, bunun başlıca səbəbinin məşqçilərdə olduğunu anlayıb və oğlunun bataqlıqdan çıxarıb. Onun nə dərəcədə düzgün hərəkət etdiyini Nicatın bugünkü qələbəsi göstərir.

Image result for nicat rəhimov

Azinforum.az-ın məlumatına görə, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq çəki dərəcəsində nail olub. O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın "Rio-2016″da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul və təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq çəkidə dünya çempionluğu qazandırıb.

Azinforum.az-da dərc olunan yazıda bildirilir ki, Nicat Rəhimov kimi perspektivli idmançıya Azərbaycanda lazımi şəkildə diqqət göstərilmədiyi səbəbindən o, Qazaxıstan bayrağı altında çıxış etməyə məcbur olub.

Tanınmış idman yazarı Natiq Muxtarlı Nicat Rəhimovla bağlı fikirlərini aşağıdakı şəkildə açıqlayıb:

"Nicat Əli oğlu Rəhimovu Azərbaycandan qovdular. Adam deyirdi ki, Bolqarıstandan dəvət olunmuş məşqçi idmançıları dopinq qəbul etməyə məcbur edir. Didərgin saldılar Azərbaycandan, qaçdı Qazaxıstana. O gedəndən sonra, Azərbaycanın bütün ağırlıqqaldıranları narkoman çıxdı. Nicat isə Braziliyada Qazaxıstana 77 kq çəki dərəcəsində olimpiya qızılı qazandırdı. Özü də dünya rekordu vurmaqla. Cəmisi 22 yaşı var".

Azinforum.az bildirir ki, Nicat Rəhimov 2014-cü ilin əvvəlində Azərbaycan mediasına verdiyi müsahibədə Azərbaycan yığmasından imtina etməsinin səbəbini belə izah etmişdi:

"Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir, nəzarət yoxdur. İçki içən də, siqaret çəkən də, qumar oynayan da var".

O bildirib ki, komandamızın düşərgəsini tərk etməsində bolqarıstanlı baş məşqçi Zlatan Vanevin böyük "əməyi" olub: "O, hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə "səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm" deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım".

Rəhimov ağırlıqqaldırma idman növünü seçməsini və qazandığı uğurları atasının adı ilə bağlayıb. O, Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərovun atasına "çörək satan" deməsinə də aydınlıq gətirib: "Mən də İsgəndər müəllimə sual verirəm: atam çörək satandırsa, məni İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşdırırdı və necə qalib olurdum? Siz bundan qorxdunuz. Çünki atam keçmiş SSRİ dövründə Azərbaycanın şərəfini qoruyub və məni uşaqlıqdan bu idman növünə özü cəlb edib. Sinqapur Olimpiadasında və Avropa çempionatında onun rəhbərliyi altında qalib olmuşam. 2002-ci ildə "Spartak" idman cəmiyyətində baş məşqçi işləyib və sonra öz ərizəsi ilə işdən çıxıb. Bəli, hazırda atam çörək sexinin müdiridir, bəs sən kimsən, həndbolçu…".

Nicatın atası Əli Rəhimovun vaxtilə çaldığı həyəcan təbilinə, SOS siqnalına baxan olsaydı, bu gün biz Nicatın qələbəsinə ikiqat sevinərdik.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az